Məhəmməd Əbdüh tam adıyla Məhəmməd Əbdüh bin Həsən Xeyrullâh ət-Türkmânî əl-Misrî (1849[1][2][…] – 11 iyul 1905[3][2][…], İsgəndəriyyə, Misir xidivliyi, Osmanlı imperiyası) — XIX-XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim.
Məhəmməd Əbdüh | |
---|---|
ərəb. محمد عبده | |
Doğum tarixi | 1849[1][2][…] |
Vəfat tarixi | 11 iyul 1905[3][2][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək xərçəngi[d] |
Elm sahələri | fiqh, siyasət |
İş yeri | |
Təhsili | |
Tanınmış yetirmələri | Məhəmməd Rəşid Riza |
Vikianbarda əlaqəli mediafayllar |
Misirdə ictimai-siyasi həyatın dirçəlməsində böyük rol oynamış mütəfəkkir Məhəmməd Əbdüh 1849-cu ildə əkinçi ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarında yazıb-oxumağı öyrənən Əbdüh valideynlərin təkidilə iki il hafizlik məktəbində oxuduqdan sonra təhsilini Tanta şəhərindəki Əhməd məscidi məktəbində davam etdirmişdir. Onu oxutmaqda israrlı olan atasının istəyilə təhsilini davam etdirmək üçün yenidən kənddən ayrılan Əbdüh məktəbə deyil, qohumlarının yanına getmişdir.
Qohumu Şeyx Dərvişin fikirlərilə tanışlıqdan sonra elmə, təsəvvüfə maraq oyandığından o, 1865-ci ildə Abduh təhsilini yarımçıq qoyduğu Tantadakı məktəbə qayıtmış, oranı müvəffəqiyyətlə bitirərək 1866-cı ildə əl-Əzhər Universitetinə qəbul olunmuşdur[4]. Tələbəlik illərində günün əksər hissəsini ibadətə həsr edərək zahid həyat tərzi keçirmişdir. Lakin 1871-ci ildə tanınmış islahatçı mütəfəkkir Cəmaləddin Əfqanilə tanış olduqdan sonra onun həyatında mühüm dəyişikliklər baş vermişdir[5]. Bundan sonra o, Əfqaninin təhrikilə Avropa fəlsəfəsini və dünyəvi elmləri öyrənmişdir.
Əbdüh də müəllimi Əfqani kimi müsəlman ölkələrində islahatların aparılmasının tərəfdarı olmuş, tərəqqinin, təkamülün əsasını elmdə görmüşdür. Lakin o, bir sıra cəhətlərinə görə, Əfqanindən fərqlənmişdir. Əfqani inqilabçı idi və güc vasitəsilə çevriliş etmək istəyirdi. Əbdüh isə tam əksinə, siyasi inqilaba qarşı çıxaraq tədrici mənəvi tranformasiyanın tərəfdarı idi[4].
Əbdüh Əfqaninin siyasi fəaliyyətinə qarşı çıxmamış və heç vaxt bu barədə danışmamışdır. O özünü daim müəlliminin sədaqətli tələbəsi kimi göstərmişdir. Siyasi baxışlarına görə Əfqaniyə qarşı yönəldilmiş repressiyalar Əbdühdən də yan keçməmişdir. Həmin vaxt əl-Əzhərdə dərs keçən Əbdüh siyasi baxışlarına görə universitetdən kənarlaşdırılaraq kəndə getməyə məcbur edilmişdir. Təxminən bir il kənddə qaldıqdan sonra yenidən Qahirəyə qayıdaraq fəal təbliğata başlamış, qısa müddətdə imperializmə qarşı kəskin çıxışları ilə böyük şöhrət qazanmış və ətrafına xeyli tərəfdar toplamışdır. Lakin 1882-ci ildə ingilis və fransızlara qarşı məğlubiyyətlə nəticələnən milli üsyanda iştirakda şübhəli bilinərək ölkədən sürgün edilmişdir.
Müəyyən müddət Beyrutda yaşayan Əbdüh 1883-cü ildə Əfqaninin dəvətilə Parisə getmiş və onunla birgə “əl-Urvətul-Vusqa” adlı ictimai-siyasi publisistik jurnal nəşr etdirmişdir. Lakin panislamizmi təbliğ edən jurnal qısa müddətdən sonra bağlandığında, o, Beyruta qayıdaraq panislamist təbliğatını davam etdirmişdir.
Əbdüh 1888-ci ildə hakimiyyətlə razılaşaraq Misirə qayıtmışdır. Razılaşmaya görə, ona siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilmişdir. Əl-Əzhər Universitetində ilk dəfə cəbr, həndəsə, tarix, coğrafiya və s. kimi fənlərin tədrisinə nail olmuşdur. Lakin mühafizəkar qüvvələr Universitetdə yeni islahatların aparılmasına qarşı çıxmışlar.
Əbdühün sosial-islahatçı fəaliyyəti onun bir sıra fətvalarında da öz əksini tapmışdır. O, 1898-ci ildən başlayaraq 6 il Misirin baş müftisi olmuşdur. Əbdüh bu müddət də İslam hüququnu zamanın tələbinə uyğun şərh etmişdir.
Onun verdiyi fətvalardan ikisi çox məşhurdur. O, müsəlmanların yəhudi və xristianlar tərəfindən kəsilən heyvanların ətinin yeyə biləcəyini bildirmişdir. Digər fətvasında isə Quranın bir kişinin dörd qadınla evlənməsinə icazə verdiyinə baxmayaraq, bunu qəbul etmədiyini ifadə etmişdir.
Gənc yaşlarında qəzet və jurnallara məqalələr yazmağa başlayan Əbdüh 1876-cı ildə iki kitabını nəşr etdirməyə nail olmuşdur. O, əsasən, məqalələrində İslam alimlərininin kəlam və fiqh mövzularındakı üsulpərəst və ehkamçılığını tənqid etmiş, müasir elmlərin tədrisinə və Qərbin inkişaf səbəblərini xalqa aşılamağa çalışmışdır. Bəzi müasir İslam alimləri kimi Əbdüh da müsəlman aləminin geriləməsinin əsas səbəblərindən biri kimi ictihad qapısının bağlanmasını göstərmiş, müsəlmanları təqliddən çəkindirmək üçün mübarizə aparmışdır.
Əfqani kimi Əbdüh də mədrəsə tipli tədris üsuluna qarşı çıxaraq dərin təhlilə, düşünməyə, problemlərin anlaşılması üçün məntiq yürütməyə təşviq etmişdir. Yalnız İslam elmlərinin öyrənilməsinə qarşı çıxan Əbdüh müsəlmanları müasir elmləri öyrənməyə sövq edərək Qərbin elmi-texniki nailiyyətlərindən də bəhrələnməyin vacibliyini vurğulamışdır.
Məhəmməd Əbdüh 1905-ci ildə 56 yaşında İsgəndəriyyədə dünyasını dəyişmişdir.