Mahmud bəy Səfikürdski

Mahmud bəy Bala bəy oğlu Səfikürdski, daha sonralar Mahmut İskender Safyurtlu (15 sentyabr 1898, Səfikürd, Yelizavetpol qəzası14 iyul 1972, İstanbul) — azərbaycanlı siyasətçi, tacir, hüquqşünas.

Mahmud Səfikürdski
Mahmud bəy Bala bəy oğlu Səfikürdski
Mahmud Səfikürdski, 1945
Mahmud Səfikürdski, 1945
19 noyabr 1919 – 6 mart 1920
ƏvvəlkiMir Fəttah Musəvi
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1898(1898-09-15)
Doğum yeri
Vəfat tarixi 14 iyul 1972(1972-07-14) (73 yaşında)
Vəfat yeri
Partiya Hümmət
Atası Bala bəy Səfikürdski
Anası İsmət xanım Cəmillinskaya
Həyat yoldaşı Gülnar Safyurtlu
Uşaqları Əli Safyurdlu, Mələk xanım, Bilqeys xanım və Leyla xanım

Səfikürdskilər nəslinin nümayəndəsi Mahmud bəy 15 sentyabr 1898-ci ildə Səfikürd kəndində dünyaya gəlmişdi. Atası Bala bəy (1857–1918) Yelizavetpol quberniya idarəsinin tərcüməçisi idi.[1] Anası Əsmət xanım (1869–?) Məhəmməd ağa Cəmillinskinin (1822–1885) qızı idi.[2] Özündən böyük Bəhram və Həmid adlı iki qardaşı, Cahangir adlı kiçik qardaşı, Səriyə (Sara) və Ziba adlı bacıları vardı.[1] Aslan bəy Səfikürdskinin əmisioğlu idi.[3]

1909-cu ildə Gəncə gimnaziyasına daxil olmuşdu. Gimnaziyanı bitirmədən, 1917-ci ilin mayında orduya çağrılmışdı.[3] Rus qoşunlarının tərkibində may-iyun Rumın cəbhəsində döyüşlərdə iştirak etmiş, iyul ayında Gəncəyə qayıtmışdı. Gəncənin müsəlman-türk əhalisinin rusların himayəsi ilə ermənilər tərəfindən kütləvi şəkildə qırılmasının qarşısının alınması üçün Hüseynqulu xan Xoyskinin yaratdığı[4] "Yaşıl qvardiya" adlı özünümüdafiə dəstəsinin tərkibində çıxış etmişdi. "Yaşıl qvardiya" əsasən gənclərdən, tələbələrdən ibarət idi. Mahmud bəy Səfikürdski qvardiyanının sədr müavini təyin edilmişdi. O, burada 1918-ci ilin fevralınadək fəaliyyət göstərmişdir.

Gimnaziyanı 1919-cu ildə başa vurduqdan sonra 1,5 ay Gəncə Dairə məhkəməsində müstəntiqliyə namizəd kimi hüquq elminin incəliklərini öyrənməyə çalışmışdı. Elə həmin il o, Bakıda Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdu. Ailə vəziyyəti və maliyyə çətinlikləri ilə əlaqədar olaraq işləmək fikrinə düşmüş və "Əksinqilabla Mübarizə Təşkilatı"nın rəisi Nağı bəy Şeyxzamanlıya iş üçün müraciət etmişdir. Arxiv materiallarından məlum olur ki, o 19 noyabr 1919-cu ildə rəis müavini kimi işləməyə başlamışdır. Böyük ehtimal o, bu vəzifədə hümmətçiləri təmsil edirdi. Çünki razılığa əsasən, ƏMT rəhbərliyi iki partiyadan təmsil olunmalı idi. ƏMT-nın rəis müavini vəzifəsi də hümmətçilərin payına düşürdü.[3]

Sovet işğalından sonra bir qrup hümmətçi kadr çatışmazlığından Azərbaycan Fövqəladə Komissiyasında işə qəbul edildi. Onlardan biri də Mahmud bəy idi, 9 noyabr 1920-ci ildə Gəncə qəzasında işləməyə göndərilsə də, bu elə çox uzun çəkmədi. Həmin gün onun haqqında keçmiş fəaliyyətini əks etdirən raport hökumətə təqdim edildi. 13 gün sonra isə onun həbs edilməsi barədə 1096 saylı order imzalandı. 23 noyabrda onu Quba şəhərində həbs edib Bakıya göndərdilər. Onu kommunistlərə qarşı çıxış etməkdə günahlandırırdılar, lakin bəziləri onun lehinə ifadə verdilər. Ziddiyyətli ifadələrin nəticəsində Mahmud bəy Səfikürdski haqqında 14 yanvar 1921-ci ildə çıxarılan xəbərə o işindən azad edildi, lakin həbs də edilmədi.[3]

1921-ci ildən sonra Mahmud bəy qardaşları Həmid (1892–1960) və Cahangir bəy (1907–1954) ilə Türkiyəyə mühacirətə gedib, soyadını Safyurtlu olaraq dəyişərək ticarətə atılıb. Britaniya arxivlərində verilən məlumata görə pambıq, jüt, mal-qara və hind malları ticarəti ilə məşğul idi.[5] Türkiyədən Yuqoslaviyaya köçən Mahmud bəy burada rusiyalı Tamara Vitaliyevna ilə evlənmişdi. Bu evlilikdən Mələk adlı qızı doğulmuşdu.[6] Həmin dövrdə Macarıstanla əlaqələr quran Safyurdlu qardaşları "Türk-Macar Ticaret" şirkətini qurmuşdular.[7] 10000 lirə kapital ilə qurulan şirkətin 45%-i Cahangir Safyurdlunun idi.[8] Lakin Britaniya kəşfiyyatı MI-6in sənədlərinə əsasən Mahmud bəy də şirkətdə önəmli söz sahibi idi və doktor Csiky Ferenc ilə güclü əlaqələr saxlayırdı.[9]

1941-ci ildə Hindistandan 1000 ton jüt satın alaraq Belqradın Mladenovats kəndinə idxal etmək istəyən Safyurtlu qardaşlarının karqosu Böyük Britaniya hökuməti tərəfindən saxlanılmış, Nasist Almaniyasının işğalı təhlükəsi altında olan Yuqoslaviyadansa yükün İstanbula yönəldilməsi tapşırılmışdı. Safyurtlu qardaşları isə yükü İsveçrəyə 2,8 milyon frank məbləğinə satmış, Yuqoslaviya fabriki bunu öyrənəndən sonra onları məhkəməyə versə də, pulun ancaq 800000 frankını ala bilmişdi.[9] Həmin vaxt Mahmud bəy artıq Berlinə getmişdi. Britaniya mənbələrinə görə burada almanlarla müəyyən kontaktlarda olmuş, "Azərbaycanın azadlığı" barədə müzakirə aparmışdı.[5] Mahmud bəy sonralar Vyanada 2 noyabr 1942-ci ildə Gestapo tərəfindən həbs edilmişdi. Gestapo qeydlərində Mahmud bəyin daha əvvəl İnsbrukda "xəyanət" maddəsi ilə həbs edildiyi, daha sonra oradan qaçdığı məlum olur.[10] Britaniya arxivlərində qeyd edilən məlumatlara görə o və qardaşı Cahangirin viza müraciətlərinə müsbət cavab verilmədiyi, səbəb olaraq isə keçmişdə ƏMT və Nasist Almaniyası ilə bağlı şübhəli əlaqələri göstərilirdi.[9] Ona hətta Sovet dövründə qısa müddət NKVD ilə işlədiyi üçün şübhəli yanaşılırdı.[5]

Mahmud bəy 1947-ci ildə Nyu Yorka köçdü və burada "Atlantic Commerce Corp." şirkətinin əsasını qoydu, həmçinin Əli, Leyla və Belkıs adlı övladları oldu. Mahmud bəy 1949-cu ildə ABŞ-dən Yunanıstana qatır ixracı ilə məşğul olmağa başladı.[11] Mahmud bəy 1951-ci ilin iyulunda türk gəmisi Mardin və onun sahibi Haşim Mardinə qarşı 50.000 dollarlıq borc üçün Ali Məhkəməyə müraciət etmişdi.

1954-cü ildə isə qardaşı Cahangirin təyyarə qəzasındakı ölümündən sonra[6] İstanbula geri köçdü.[12] 14 iyul 1972-ci ildə vəfat edib.

Yuqoslaviyada yaşadığı dövrdə Tamara Vitaliyevna ilə evlənmişdi. Bu evlilikdən doğulan qızı Mələk xanım Cenevrə Universitetində tərcüməçilik fakültəsini bitirmiş[13], 1965-ci ildən Beynəlxalq Əmək Təşkilatında tərcüməçi kimi işləməyə başlamışdı.[14] Mahmud bəy sonralar İstanbulda Gülnar Əsədullah (1924–2007) ilə evlənib. Gülnar Əsədullahın anası Leyla Əsədullah (1896–1948, Hacı Zeynalabdin Tağıyevin qızı), atası isə Əli Əsədullah (Şəmsi Əsədullayevin oğlu) idi. Bu evlilikdən Leyla Aru (d. 1950), Əli Nadir Safyurtlu (d. 1952), Belkız Hazera (d. 1954) adlı övladları olub.

  1. 1 2 Hacıyev, Qasım; Çingizoğlu, Ənvər. Qarabağlı hərbiçilər: çar və AXC ordusunun zabitləri (PDF) (az.). Bakı: Təknur. 2011. 266. ISBN 978-9952-445-02-5. 2021-10-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-10.
  2. Mustafayev, A.F. "Джамиллинские и их потомки". Azərbaycan Tarixi Şəcərə Cəmiyyət Xəbərləri (rus). Bakı: Nurlar. 2018: 5–58. ISBN 978-9952-508-77-2. 2023-06-29 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 Qasımov, Cəlal. Mahmud Səfikürdskiyə qarşı ittihamlar // Cümhuriyyətin təhlükəsizlik orqanları (1918–1920) (az.). Bakı: Vanur Poliqraf. 2018. 107–112. ISBN 978-9952-4540-9-3.
  4. Nəzirli, Şəmistan; Arxivlərin sirri açılır, Bakı: Elm, 1999, səh. 157
  5. 1 2 3 Yolaçan, Serkan. "Azeri networks through thick and thin: West Asian politics from a diasporic eye". Journal of Eurasian Studies (ingilis). 10 (1): 36–47. doi:10.1177/1879366518814936.
  6. 1 2 "Qalxandan 12 dəqiqə sonra partlayan təyyarə - Kəşfiyyatçılıqdan ticarətə bir ailənin taleyi". Teleqraf.com (az.). 2022-01-17. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-09.
  7. Namal, Yücel. Türk kaynakları ışığında Türk-Macar ilişkileri (1923–1950)[ölü keçid], Ankara, 2013, səh. 306
  8. Türkiyə Respublikasının Rəsmi Qəzeti (PDF). 9 iyun 1940. 14250–14251 https://www.resmigazete.gov.tr/arsiv/4556.pdf (#bare_url_missing_title).
  9. 1 2 3 Catalogue description Mahmut SAFYURTLU: Azerbaijani Turkish. SAFYURTLU made various attempts to obtain visas... 1946 Mar 12 – 1964 Oct 08.
  10. "Holocaust Survivors and Victims Database -- Mahmud Safyurtlu". www.ushmm.org. İstifadə tarixi: 2024-02-10.
  11. "FOREIGN TRADE: Mahmout's Mules". Time (ingilis). 1949-08-01. ISSN 0040-781X. İstifadə tarixi: 2024-02-10.
  12. Bu, bizi qürurlandırdı – Tağıyevin Amerikadakı varisi: "İlham Əliyevə minnətdarıq" Arxivləşdirilib 2021-05-13 at the Wayback Machine — Hafiztimes.com
  13. "Cenevrə Universiteti tərəfindən 1957–1958 universitet ilində verilmiş dərəcələr, diplomlar və sertifikatlar: 1957-ci il 16 iyuldan 1958-ci il 15 iyula qədər" (PDF). 2022-10-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-10.
  14. "Judgment No. 355 (Extracts)". www.ilo.org. 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.