Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916[1], Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965).[2]
Maral Rəhmanzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | rəssam |
Təhsili | Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu |
Janr | portret |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur[3]. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.[2]
1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
"Mənim bacılarım"da, "Bizim qızlar"da Azərbaycanın bütün qadınlarının obraz payları var. "Doğma Vətənim", "Azərbaycan" tabloları ölkəmizi ibtidaidən aliyə doğru nüansbanüans vəsf etməkdədir.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur ("Bizim qızlar", "Mənim bacılarım", "Doğma vətənim", "Azərbaycan" və s. (1965–1975)).
Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Rəssam M.S.Ordubadinin "Qılınc və qələm", M. F. Axundzadənin "Aldanmış kəvakib", A.S.Puşkinin "Yevgeni Onegin" və M.Y.Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərlərinə illüstrasiyaların da müəllifidir. Həmçinin bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır ("Çexoslovakiyada", 1959–1960).
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. "Azərbaycan neft ölkəsidir", "Bizim Xəzərdə" və "Avtoportret" tabloları rəssamın ən məşhur əsərləridir.
Maral Rəhmanzadə 2008-ci il mart ayının 16-da vəfat etmiş və Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.[2]