Kürdhacı

KürdhacıAzərbaycan Respublikasının Laçın rayonunun eyni adlı inzibati ərazi dairəsində kənd və həmin ərazi dairəsinin mərkəzi.[1]

Kənd
Kürdhacı
Maral Rəhimzadə tərəfindən təsvir olunmuş Kürdhacı kəndi.
Maral Rəhimzadə tərəfindən təsvir olunmuş Kürdhacı kəndi.
39°49′35″ şm. e. 46°24′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Əvvəlki adları Qasımuşağı
Qurdqajı
Yaşayış məntəqəsi statuslu İnzibati ərazi dairəsi
Mərkəzin hündürlüyü 1741 m
Saat qurşağı
Əhalisi
Əhalisi 566 nəfər (2009-cu il)
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Nəqliyyat kodu 041
Kürdhacı xəritədə
Kürdhacı
Kürdhacı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oğuz türklərinin tanınmış boylarından, Salur boyunun təkə-türkmən tayfasının bir qolu olan Qasımuşağı tayfasının tarixi və mərkəzi məskənlərindən biridir. Qarabağ xanlığı dövründə Hacısamlı nahiyəsinin Qasımuşağı obasının, Sovet dönəmində 1923-cü ildən 1929-cu ilə qədər ərazidə təşkil edilmiş 6 dairədən biri, SSRİ-nin sonrakı dövründə Kürdhacı kənd sovetliyinin, hazırda Kürdhacı kənd inzibati ərazi dairəsinin mərkəzidir (18 oktyabr 1991-ci ildən). Respublikanın yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 1741 metr) olmasına baxmayaraq, 1920-ci illərin ilk dövrlərindən kənddə məktəb, xəstəxana və digər ictimai və sosial binalar yenidən qurulmuşdur. Həmçinin, toxuculuqda sıx, hündür və yumşaq xovlu xalçalar istehsal edən, yerləşdiyi coğrafi məkanda ən zəngin etnoqrafik dəyərləri özündə yaşadan yaşayış məntəqəsidir.

Azərbaycan Sovetlər birliyinin tərkibində olduğu dövrlərdə rus dili daha çox ünsiyyət vasitəsi olduğundan insanlar əksər hallarda rus dilində danışmış və kargüzarlıqda da rus dildən istifadə etmişlər. Bu səbəbdən də hazırda Kürdhacı adlandırılan yaşayış məntəqəsinin adı hüquqi sənədlərdə rus dilinin qramatik qaydalarına uyğun yazılaraq öz əvvəlki formasını və mənasını dəyişmişdir.

Rəsmi sənədlərdə Kürdhacı adlandırılan bu oykonim yerli əhalinin dilində Qurdqajı kimi tələffüz edilir və "qurd dərəsi", "qurd aşırımı" şəklində izah olunur. Kəndin adının belə dəyişməsi rus dilində olan dəftərxana qeydlərindən və ədəbiyyatdan uğursuz tərcümənin nəticəsidir[2].

Kürdhacı sözünün qruluşu azərbaycan dilinin qramatik qaydalarına uyğun deyil. İnsan və ya millət adından sonra hacı sözünü (titulunu) işlətmək olmaz. Türkhacı, Özbəkhacı ola bilmədiyi kimi Kürd və ya Qurdhacı da ola bilməz. Həmşinin haca gedən şəxsin titulu onun adının əvvəlində işlənir.[3]

Qurdqajı sözü mürəkkəb söz olmaqla iki hissədən ibarət olan qurd və qaj (qac) sözlərindən yaranmışdır. Türkdilli xalqlar arasında qurd sözü bildiyimiz kimi igid, mərd, qoçaq, ərən mənasında işlənir. Bu söz bizim dilimizdə öz mənasını bu günə qədər də saxlamaqdadır. "Filankəs qurd adamdır", "Filankəs köhnə qurddur" ifadələrində olan bu sözlər də yuxarıdakı mənalarda işlənmişdir.[4] Qədim dövrlərdə türkləri qurd adlandırmışlar. Əbülqasım Firdovsi isə türklərin yaşadığı ölkəni "Qurdlar ölkəsi" adlandırmışdır. Beləliklə, lap qədimdən qurd türk millətinin onqonu sayılmışdır.[3]

Sözün ikinci hissəsi olan "qajı" sözü azərbaycan dilində bu günə qədər də işlədilən qac sözünün tələffüz formasıdır. Bu söz hazırda azərbaycanlıların yaşadığı rayon və kəndlərdə arx, lək, çala, xəndək və ya dərə mənasında işlədilir.[5] Beləliklə, Qurdqajı sözünün ikinci hissəsi olan qaj sözü dərə mənasında işlənmişdir. Deməli, Qurdqajı – igidlər (mərdlər, qoçaqlar, ərənlər) dərəsi mənasında işlədilmişdir. İgidlərin yaşadığı məskən mənasını verir.[6].

1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərкibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya aldığı zaman kəndin adını Qurd-Qacı olaraq qeyd etmişdir.[7]

Bu kəndin adının Qurdqajı olduğunu sübut edən sənədlərdən biri Azərbaycan Respublikasının Dövlət Arxivində 123-cü fondun 7 saylı işin 155–169-cu səhifələrində özünü qoruyub saxlayır. Bu qeydiyyat 1848-ci ildə qeydə alınmışdır. Kəndin yerləşdiyi ərazi ümumilikdə Qasımuşağı dərəsi adlandırılırdı.

Azərbaycan SSR (AzNHU) Xalq Təsərrüfatı İdarəsi tərəfindən 1933-cü ildə hazırlanmış “ASSR-in inzibati bölgüsü” adlı nəşrdə də kəndin adı Qurd-Qacı olaraq göstərilmişdir.[8]

Kürdhacı kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının[9], 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin[10], 1867-ci ildə Zəngəzur qəzasının[11] tərkibində mövcud olmuşdur. 1877-ci ildən Hacısamlı bəyliyinin mərkəzi qəbul edilir.[12] 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur[13].

Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur[14]. Qəzanı əhatə edən 6 dairədən biri də Kürdhacı kəndi olmuşdur.[15] 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.[16]

Kürdhacı kəndi XVIII yüzildə boş sahə olub. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Həmin tayfa orda binə bağlayıb.[17]

Kəndin ərazisində Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, müxtəlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbiristanlığının qalıqları qalmışdır. Daşın başı, Daşın altı adlanan ərazilərdə belə qəbiristanlıq qalıqlarına və daş üstü yazılara rast gəlmək olurdu. Ermənilər Kürdhacı kəndi ərazisində olan müxtəlif tipli tarixi Alban abidələrini də müxtəlif yollarla, dəyişikliklər aparmaqla onları özününküləşdirməyə çalışmışdır.

Orta çağlarda

[redaktə | mənbəni redaktə et]

Müasir Kürdhacı (Qurd-Qacı) kəndi orta çağlarda çox abad idi və Mağavuz nahiyəsinə bağlı idi.[18] Həmin dövrlərdə kənd də olan evlər əsasən xərək, potuğa, qara dam, dam, şirvanı dam (yerli şəraitə uyğun yer altı qazmadan düzəldilmiş olan tikililər) adlanan xüsusi tikililərdən tikilmişdir. Evlərin damı palıddan hazırlanmış taxta kirəmit ilə bağlanırdı. Belə tikililərdən bir neçəsi ermənilərin törətdikləri məlum 1992-ci il hadisələrinə qədər qalırdı. Zaman ötdükcə yerli tikinti materiallarından daş evlər inşa edilmişdir.[19]

Kürdhacı kənd ərazisi 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Mağavuz nahiyəsinə daxil olmuşdur.[20]

Kənd də və ətraf ərazilərdə yaşayan tayfanın başbilənlərinin bir hissəsi mərkəzi hakimiyyətə qarşı çıxdıqları üçün I Şah Abbas tərəfindən 1596-cı ildə cəzalandırılmış, məhv edilmiş və qalanları isə başqa ərazilərə köç edirlər.[21]

Qarabağ xanlığı dönəmində

[redaktə | mənbəni redaktə et]

Bəzi mənbələrdə XVIII yüzildə Kürdhacı kənd ərazisinin boş sahə olması, həmin ərazilərin Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən geri dönmüş Hacısamlı camaatının Qasımuşağı tayfasına verdiyi və həmin tayfanın orda binə bağlayıb yaşaması qeyd edilir.[17] Bir başqa mənbədə isə Qasım bu torpağı qohumu, qardaşı oğlu Şirin bəy Hacı Hüsən bəy oğlundan alıb. Şirin bəy Hacı Sam bəyin nəvəsi idi.[22] Əslində tez-tez baş verən savaşlar və başqa bölgələrə köçürmələr nədəniylə Kürdhacı kəndi xaraba qalaraq məzrəyə çevrilmişdir.

XX əsrin əvvəlləri

[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonlarından başlayaraq "Böyük Ermənistan" xülyası ilə yaradılmış erməni terror dəstələri fəallaşmağa başladı. 1918-1920-ci illərdə artıq bu terrorçular Zəngəzuru və Qarabağı işğal etmək üçün orada yaşayan türklərə qarşı kütləvi qırğınlar başlatdı. Həmin dövrdə Qarabağ general-qubernatoru Xosrov bəy SultanovHacısamlı nahiyəsiin bəyləri Paşa bəy Muradov və Sultan bəy Sultanovun rəhbərliyi altında erməni terrorçularından müdafiə olunmaq üçün özünümüdafiə dəstələri yaradıldı və erməni terrorçularına qarşı döyüşlər aparıldı. Bu döyüşlərdə Kürdhacı kənd sakinlərindən Novruzov Müslüm Dadaş oğlu, Şahnəzərov Lələkişi Ağakişi oğlu, Həsənov Rəcəb Cəbrayıl oğlu, Novruzov Əbdülxalıq Dadaş oğlu, Piriyev Astan Piri oğlu (Çalastan), Şahnəzərov Kalbalı Murad oğlu, Bəxtiyarov Cavad Bəxtiyar oğlu fəal iştirak etmişdir.[23] Bu döyüşlər zamanı Novruzov Müslüm Dadaş oğlu və Bəxtiyarov Cavad Bəxtiyar oğlu şəhid olmuşdur.

1905-1906-cı il hadisələri haqqında Zəngəzur qəza polis rəisi Fon-Menzenkampf öz raportunda bu hərakata başçılıq edənlər arasında kənd sakinləri Paşa bəy Sultanov və Sultan bəy Muradovla yanaşı İsgəndər bəy Muradovun adınıda qeyd etmişdir.[24]

Kommunistlərin fitvası ilə kolxozlaşma dövründə aparılan repressiya zamanı Kürdhacı kənd sakinləri də bir çox çətinliklərlə üzləşdi. Kənd əhalisi nə qədər fəallıq göstərsədə repressiya dövrü qurbansız ötmədi: 55 yaşlı Şahnəzərov Salman Muradxan oğlu (1883–18.3.1938) günahsız olduğu halda həbs olundu və güllələndi.[25]

İkinci Dünya müharibəsi dövründə

[redaktə | mənbəni redaktə et]

Böyük Vətən Müharibəsinin acı nəticələri nəticəsində Kürdhacı kəndinin əhalisi də böyük itkilərlə üzləşdi və kənddən müharibəyə yollanan bəzi sakinlər Almaniya üzərində qələbədən sonra cəbhədən qələbə ilə dönsədə bir çox sakinlər geri qayıtmadı.

Böyük Vətən Müharibəsinin ilk günlərindən Kürdhacı kənd sakinlərindən bu müharibədə iştirak etmişdir: Ağakişiyev Bulud Atakişi oğlu, Ağakişiyev Ağakişi Lələ oğlu, Bəxtiyarov Bəxtiyar Uğurlu oğlu, Bəxtiyarov Həsən Cavad oğlu, Cabbarov Həsən Firuddun oğlu, Cabbarov Hüseyn Firuddun oğlu, Cabbarov İsrəfil Firuddin oğlu, Cabbarov Qaçay Firuddun oğlu, Cabbarov Umud Abdulla oğlu, Hüseynov Əli Həsənalı oğlu, Hüseynov Nemət Niftalı oğlu, Qəhrəmanov Murtuza İbrahim oğlu, Quliyev Misir İbadulla oğlu, Quliyev Nəsir İbadulla oğlu, Quliyev Müsləddin İbadulla oğlu, Quliyev Sədrəddin İbadulla oğlu, Mayılov Mayıl Zeynalabdın oğlu, Muradov Əliş Abduləzim oğlu, Muradov Fərman İsbəndiyar oğlu, Muradov Məhəmməd İsbəndiyar oğlu, Musayev Qara Allahverdi oğlu, Novruzov Bəylər Ələkbər oğlu, Novruzov Əkbər Ələkbər oğlu, Novruzov Xanlar Ələkbər oğlu, Novruzov Niyaz Əsgər oğlu, Priyev Əhəd Aslan oğlu, Şahnəzərov Bəylər Kalbalı oğlu, Tapdıq Fətulla oğlu və digərləri.[26].

Müharibədə taxıl qıtlığı bütün dünyada olduğu kimi Kürdhacı kəndinə də öz təsirini göstərmişdi. Artıq un sakinlərə rayon mərkəzində talonla verilirdi. Kənd qadınları (hətta orta yaşlı uşaqlarda) dəstə-dəstə vaxtaşırı ərazidə olan meşələrin əlçatmaz yerlərinə yollanar, xəzəlin altında olan palıd qozalarını toplayardılar. Axşamçağı topladıqları palıd qozalardan şələ tutub kəndə dönərdilər.

Tədarük edilmiş palıd qozaları sacda qovrulur, qabığı təmizlənərdi. Daha sonra kirkirədə (həcmi çox olduqda dəyirmanda) üyüdülərdi. Bir az un əlavə edilməklə çörək bişirilərdi. Beləliklə də yaranmış çətinlikdən, aclıqdan yaxa qutarardılar. Bu məqsədlə palıd qozaları ilə yanaşı boranı, şəkər çuğunduru, armud qurusu (qax) və digər ərzaqlardan da istifadə edilirdi. Bundan əlavə qovrulmuş palıd qozası çörək əvəzi istifadə edilərək pendir və ya şor ilə birlikdə yeyilərdi.[27].

Ön cəbhəyə yardım məqsədi ilə qadınlar zinyət əşyalarını toplayıb təhvil verir, qış aylarında isti paltar, yun əlcək və corablar toxuyub əsgərlərə göndərirdilər. Sakinlər arxa cəbhədə gecə-gündüz çalışırdılar.

İşğal dövrü

[redaktə | mənbəni redaktə et]

Torpaq iddiası ilə 1988-ci ilin əvvəllərindən ermənilər müharibəyə başladı. Nəhayət, 1992-ci il 18 may tarixdə Laçın şəhəri və şəhərə yaxın ərazilər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bununla da kəndin ərazisi döyüş meydanına çevrildi. Kənd 29 may 1992-ci il tarixə qədər müdafiə olunsada, sonda Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilərək yaşayış evlərinin əksəriyyəti yandırıldı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən kənddə yaşayış yenidən bərpa edilsə də, 02 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonunun işğalından sonra mühasirədə qalan kənd sakinləri məcburən kəndi tərk etdilər[28].

12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 8 iyun 1977-ci il tarixli Əlavə Protokollar[29] və digər beynəlxalq sənədlərə Ermənistan Respublikası 1993-cü ilin iyununda qoşulub və bu sənədlərin tələblərinə riayət olunması üzrə qeyd-şərtsiz öhdəlik götürmüşdür.

Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalisinin qeyri-qanuni məskunlaşdırılma prosesi aparılırdı.[30] 1995-ci ildə Laçın rayonunun şimalında olan kəndlərdə məskunlaşma aparan Ermənistan Respublikası Kürdhacı kəndi ilə birlikdə 8 kənddə məskunlaşma aparmışdır. Kənd ərazisində salamat qalan evlər və tövlələr onların istifadəsinə verilmişdir.[31] Kəndin adı dəyişdirilərək Ermənistanın Milli Qəhrəmanı Qorqisyan Movses Gevorkoviçin xatirəsinə Movsesaşen adlandırılmışdır. Qorqisyan Movses 3 dekabr 1961-ci ildə İrəvanda Misirdən köçürülərək gətirilmiş erməni ailəsində anadan olmuş. 19 yanvar 1990-cı ildə Naxçıvanla Ermənistan sərhəddində döyüş zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.[32]

1997-ci ilin oktyabrında kənddə məskunlaşdırılan ermənilər üçün 1990-cı ildə azərbaycanlılar tərəfindən inşa edilmiş yeni ATS binasında məktəb açılır. Ətraf kəndlərdə yaşayan erməni əsilli uşaqlarda burada təhsi almağa cəlb edilir. 2017-2018-ci tədris ilində məktəbdə cəmi 13 şagird vardı.[31]

10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli müqaviləsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunub. Hal-hazırda Azərbaycan Silahlı qüvvələrinin nəzarətindədir.[33]

Kənddə orta məktəb, bağça, klub, kitabxana, rabitə şöbəsi, xəstəxana var fəaliyyət göstərirdi.[34]

Kəndin iqtisadi-ictimai həyatındakı müəyyən yüksəlişlər keçən əsrin əvvəlində ətraf kəndlərə nisbətən daha yaxşı hiss olunurdu. Kənddə kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması çox-çox əvvələrə təsadüf edir. Demək olar ki, bir çox ailələrdə toxucu dəzgah (hana və yer hanası) var idi. Onlar hazırladıqları yun, pambıq iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə, yun şal (parşa) və digər məmulatlar toxumağı bacarırdılar. Palıddan və vələsdən xarratlar müxtəlif məişət əşyaları hazırlayırdılar. Qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, daraq (yun daramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün), çəllək belə əşyalara misal ola bilər.

Kənd vaxtı ilə saxsı borularla su ilə təmin edilmişdir. Torpaq uçuntusu və qazma işləri aparılarkən bu boruların qalıqlarına rast gəlinirdi. Bundan əlavə kəndin bağ və bostanları arx vasitəsilə suvarılırdı. Son dövrlərdə dəmir və plasmas borularla kəndə su çəkilmişdir.

Kəndin ərazisində daşdan və taxtadan tikilmiş su dəyirmanları mövcud olmuşdur. Onlardan biri işlək vəziyyətdə 1992-ci ilədək qalırdı. Kənd qəbristanlığında daşdan yonulmuş iki qoç və at fiquru var idi. Sultan bəy Sultanovun atası Əlipaşa bəy Sultanovun məzarı da bu qəbristanlıqdadır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qədim zamanlardan insanlar yaşayış yerlərini su, qida, istilik, eləcə də təhlükəsiz (əsasən təbii fəlakət zonalarından uzaq) olan sahələrə salırdılar. Kürdhacı kəndi də belə bir ərazidə salınmışdır. Kənd Respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 503 km qərbdə, rayon mərkəzindən şose yolla 53 km şimal-qərbdə, Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşir.[2] Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 113 km-dir. Şərqdən Çorman, cənub-şərqdən və cənubdan Xaçınyalı, cənub-qərbdən Hacısamlı, şimal-qərbdən Muncuqlu, şimaldan və şimal-şərqdən Ərikli kəndlərinin ərazisi ilə həmsərhəd olan kənd meşə və çay kənarında, uca dağlar qoynunda yerləşmişdir.

Meşələrində adı Qırmızı Kitaba düşmüş qırmızı palıd, közü gec sönən, həmişəyaşıl ardıc, çoxlu dərman bitkiləri bitir. Kəndin meşələrində meşə əmələ gətirən əsas ağac cinslərindən ən geniş yayılanı palıdvələsdir. Bu ağaclar ən qədim dövrlərdən son zamanlara qədər bütün tikinti işlərində, müxtəlif alət və avadanlıqların düzəldilməsində istifadə edilirdi. Cır alma, armud, alça, yemişan, qaragilə, giviş, əzgil, qarağat, moruq, həmərsin (itburnu və yaxud dərgil), zirinc, dovşan alması və s. meyvə ağac və kolları meşələrin bəzəyidir. Meşələrin heyvanlar aləmi də çox rəngarəngdir. Ayı, canavar, çöl pişiyi, çaqqal, tülkü, porsuq, gəlincik, əlik, donuz, dovşan, kirpi və digər heyvanlar bu meşələrin daimi sakinləridir. Quşlardan qaratoyuq, bülbül, ağacdələn, şanapipik, sərçə, qartal, quzğun, qızılquş, qırğı, çobanaldadan, bildirçin, alacəhrə, alabaxta, göyərçin, qaranquş, arıquşu, qarğa, alaqarğa, cur-cur, zığ-zığ və başqa quşlar yaşayır.

Qozlu çayı kəndin şimaldan Muncuqlu kəndi ilə olan sərhədlərini, Şəlvə çayı isə qərbdən Hacısamlı ilə olan sərhədləri tamamlayır. Ərazidə olan Kürdhacıçay və Tükəzban paltaryuyan çayları kəndin ərazisindəki dağlardan, yüksəkliklərdən başlayır, Şəlvə çayına qoşularaq Həkəri çayı istiqamətində axır. İqlim şəraitindən asılı olaraq çayların suyunun həcmi fəsillər üzrə artıb azalır. Yaz və payız aylarında kəndin ərazisində olan Quru göl, Göl adlanan ərazidəki, Böyük göl (Camış göl), Orta göl, Kiçik göl gölləri də yağıntının miqdarından asılı olaraq öz ərazilərini genişləndirir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bütün amillərə öz təsirini göstərir.

Bəzi mənbələrdə Kürdhacı kənd əhalisinin kürd əsilli olması qeyd edilsə də [35][36] aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır[8] [34] [37][38] [39] Kənd sakinlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi[40]. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycan türkləri olmuşdur[41].

Kənd əhalisinin az olmasına, ümumilikdə Qasımuşağı tayfası adlandırılmasına baxmayaraq onlar bir neçə tayfalara ayrılmışdır. Son zamanlar kənddə olan tayfalar – Nəbiuşağı tayfası (tirələri: Bayramlı, Şəvəndələr, Elyaslar), Mollahəsənli tayfası, Əhməduşağı tayfası, İbrahimuşağı tayfası idi.

XVIII yüzilliyin sonu XIX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda baş vermiş təkmillətli Ermənistan Respublikası yaratmaq məqsədi ilə oradan deportasiya edilmiş bir neçə ailə Kürdhacı kəndində məskunlaşmış, burada yaşayan əhali ilə qaynayıb qarışmışlar.

1981-ci ildə kənd əhalisinin sayı 386 nəfər olmuşdur. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 500 nəfər olmuşdur.[34] 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 566 nəfərdir (117 ailə).[42].

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]
  1. Paşa bəy SultanovZəngəzurda böyük mülkləri olan bəy, bölgədə müdrik kəlamları və öz qoçaqlığı ilə tanınmış şəxs[43].
  2. Xosrov bəy Sultanov — dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri[44][45].
  3. Sultan bəy Sultanov — xalq qəhrəmanı[46][47].[48].
  4. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası[48][49].
  5. Kamal bəy PaşayevAzərbaycanın qədim soylarından biri olan Sultanovlar soyunun bir üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı[50].
  6. Ələsgər NovruzovAzərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.
  7. Xəqani AxundovQarabağ müharibəsi iştirakçısı, "İgidliyə görə" medalı ilə təltif edilmiş, Qarabağ müharibəsi şəhidi[51].

Kürdhacı kəndində hələ XVIII əsrin ortalarında təhsilə maraq yetərincə idi. Kənd sakinləri (kişilər) Gəncə Kişi Gimnaziyasında, Şuşa qəza məktəbində, Şuşa real məktəbiində təhsillərini davam etdirməklə yanaşı İstanbulda, Təbrizdə, Səmərqənddə, Sankt-Peterburqda ali təhsil alırdılar.[52]

XIX əsrin ortalarından başlayaraq ilk təhsil ocağının yaradılmasında dövrünün savadlı, mütərəqqi fikirli adamlarından, Qasımuşağı tayfasının mollahəsənli tirəsindən olan Molla Xudaverdi Tanrıverdi oğlunun (1835 - ?) müstəsna xidmətləri olmuşdur. O, Kürdhacı kəndində və ətraf kəndlərdən olan uşaq və yeniyetmələrə “əlifbeyi”, “yazı-pozunu” öyrədər, dini təhsil verərdi. Hər il onlarla uşaq Molla Xudaverdinin yanında oxuyub, mədrəsə təhsili alardı. Molla Xudaverdi yaşadığı dövrün tələblərinə uyğun olaraq əsasən ruhani təhsili verməklə yanaşı dünyəvi elmlərə də müsbət münasibət bəsləmişdir. Ona görə də təhsilini burada başa vuran şagirdlər Gəncə gimnaziyasında və yaxud Şuşa şəhər qəza məktəbində öz təhsillərini davam etdirirdilər.[53][54]

Çar Rusiyası dövründə Zəngəzur qəzasına aid edilən və sonradan Azərbaycan SSR-in tərkibində Şuşa qəzasının, sonda isə inzibati-ərazi vahidi kimi formalaşan Laçın rayonunun Kürdhacı kəndin də 1923-cü ildə yeni orta məktəb binası tikilib istifadəyə verildi.[53]

Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı Müseyib İlyasov Zəngəzur Qəza Xalq Maarif Şöbəsinə rəhbərlik etdiyi illərdə onun göstərişi ilə digər məktəblərlə yanaşı Kürdhacı kənd orta məktəbinə də diqqət artırılmış, məktəbdə ki, şərait yaxşılaşdırılmışdır.[55]

XX əsrin 30-cu illərindən başlayaraq məktəbdən 20–25 kilometr aralıda yerləşən ətraf kəndlərdə – Şəlvə, Daşlı, Qoşasu, Qorçu, Qarabəyli, Şamkənd, Çorman, Arduşlu və digər kənd sovetliklərinə (indiki inzibati ərazi dairəsinə) tabe olan kəndlərdə ibtidai və natamam orta təhsili başa vuran şagirdlər öz təhsillərini (tam orta təhsil) davam etdirmək üçün Kürdhacı kənd orta məktəbinə qəbul edilirdi.

Evi olmayan, digər bölgələrdən gələn müəllimlər üçün kənddə “Müəllim evi” fəaliyyət göstərirdi. Qeyd edək ki, bütün bunlar 1980-ci illərin əvvəlinə qədər, həmin kəndlərdə olan natamam orta məktəblərə vaxtaşırı tam orta məktəb statusu verilənə qədər davam etmişdir.[56]

1960-cı illərin əvvəllərində şagird artımını nəzərə alaraq Laçın Rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışan Abbasov Fazilin təşəbbüsü ilə Kürdhacı kənd orta məktəbinin həyətində ikinci məktəb binası tikildi.[56]

1950-ci illərin əvvəllərindən başlayaraq məktəbdə fənlər üzrə kabinetlər yaradılmağa başlandı. 1970-ci ilə qədər artıq məktəb o dövrün müasir kimyəvi, fiziki, texniki və mexaniki avadanlıqları (TTV, laboratoriya cihazları, hərbi hazırlıq vəsaitləri və s.) ilə tam təchiz edilmişdir. Bütün fənnlər kabinet üsulu ilə tədris edilirdi. Məktəb emalatxanasında demək olar ki, tam yeni dəzgahlar quraşdırılmışdır.

Dövlət xadimi, Qarabağın general-qubernatoru, ilk müstəqil Şərq dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov, xalq qəhrəmanı Sultan bəy Sultanov, Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzov kimi yüzlərlə görkəmli xadimlər ilk təhsillərini Kürdhacı kəndində almışlar.

Laçın rayonunun digər təhsil ocaqları kimi Kürdhacı kənd orta məktəbi də 1992-ci ilin 18 may tarixindən sonra öz fəaliyyətini məcburi köçkünlük şəraitində davam etdirməyə başladı. Həmin dövrdən indiyə kimi Kürdhacı kənd sakinlərinin bir hissəsinin məskunlaşdığı Bərdə rayonunun Mollalı kəndində 5 sinif otağında, iki növbədə fəaliyyət göstərir.[57].

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Respublikanın təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərarına əsasən Kürdhacı kənd orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Xanlar oğlu Novruzovun adı verilmişdir.[58]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıqəkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir, darı və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Qarapalçıq adlanan sahədə susuz (dəmyə) kartof becərilmişdir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir.

Bunlardan əlavə toxuculuq, arıçılıq, taxta-şalban istehsalı, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindəndir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 Azərbaycan toponimlərinin ensklopediyası lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.422.
  3. 1 2 Əli Əliyev. Laçın-Qədim Oğuz yurdu. Bakı: Avropa. 2009. səh. 31. ISBN 4702060103.
  4. Azərbaycanın Milli Elmlər Akademiyası. Azərbaycan dilinin izahlı lüğəti. IV cilddə. III cild. Bakı: Şərq-Qərb. 2006. səh. 215. ISBN 978-9952-34-025-9..
  5. Azərbaycanın Milli Elmlər Akademiyası. Azərbaycan dilinin izahlı lüğəti. IV cilddə. III cild. Bakı: Şərq-Qərb. 2006. səh. 12. ISBN 978-9952-34-025-9..
  6. Sultan Hümbətov. "Kürdhacı kəndi". "Laçın yurdu". №3(6) ("Bəxtiyar-4" nəşriyyatı). 28.09.2012: səh. 7. (#accessdate_missing_url)
  7. Hüsaməddin Qaramanlının tərcümə və qeydləri ilə. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı: Şuşa. 2000. səh. 355.
  8. 1 2 АзУНХУ. Административное деление АССР. Баку: Издание АзУНХУ. 1933. səh. 47.
  9. Milman A. Politiçeskiy stroy Azerbaydjana v XIX-naçale XX vekov (adminstrativnıy apparat I sud, formı I metodıkolonialnoqo upravleniya). Baku. 1966. səh. 44.
  10. Полное собрание законов Российской империи, собрание 2-е, т. XV, ст. 13368
  11. Полное собрание законов Российской империи, собрание 2-е, т. XLII, ч. 2, ст. 45259
  12. Əli Umud oğlu Əliyev. Laçın-Qədim Oğuz yurdu. Bakı: Avropa. 2009. səh. 65. ISBN 4702060103.
  13. "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. Cavid Cabbaroğlu. 11 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  14. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  15. "Территориальное и административное деление Союза ССР на 1 января 1926 года" (PDF). istmat.org. Народный Комиссариат Внутренних дел. Статистический отдел. Москва - 1926. стр. 191. 2023-06-23 tarixində arxivləşdirilib (PDF).
  16. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  17. 1 2 "Ənvər Çingizoğlu. Sultan bəyin izi ilə (www.tezadlar.az)". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-24.
  18. Ənvər Çingizoğlu. Sultanlıq soydan gəlir (100 nüs.). Bakı: Mütərcim. 2012. səh. 37. ISBN 0502000000.
  19. Sultan Hümbətov. "Kürdhacı kəndi". "Laçın yurdu". №3(6) ("Bəxtiyar-4" nəşriyyatı). 28.09.2012: səh. 6. (#accessdate_missing_url)
  20. Ənvər Çingizoğlu, Mağavuz nahiyəsi, "Soy" dərgisi, Bakı, 2009-cu il.
  21. Şikar Qasımov. Xalq Qəhrəmanı Sultan bəy. Bakı: Elm. 2011. səh. 59. ISBN 978-9952-453-26-3.
  22. Ənvər Çingizoğlu. Hacısamlı camaatı, "Soy" dərgisi, Bakı, 2009.
  23. Şikar Qasımov. Xalq Qəhrəmanı Sultan bəy. Bakı: Elm. 2011. səh. 315. ISBN 978-9952-453-26-3.
  24. Ənvər Çingizoğlu. Xosrov bəy Sultanov (100 nüs.). Bakı: Mütərcim. 2012. səh. 9.
  25. .Azərbaycan Respublikası SPİHMDA: f.1,siy.44,iş 251,v.4
  26. Sultan Hümbətov. "Kürdhacı kəndi". "Laçın yurdu". №3(6) ("Bəxtiyar-4" nəşriyyatı). 28.09.2012: səh. 12. (#accessdate_missing_url)
  27. Sultan Hümbətov. ""Qızıl palıd"ın sorağında". "Laçın yurdu". №4(15) ("Bəxtiyar-4" nəşriyyatı). 26.12.2014: səh. 80. (#accessdate_missing_url)
  28. "Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 3 (6), 2012, səh. 14.
  29. "Geneva Convention (II) on Wounded, Sick and Shipwrecked of Armed Forces at Sea, 1949". International Humanitarian Law Databases (ingilis). 12 avqust 1949. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 iyul 2023.
  30. "Ermənistanın işğal olunmuş Qarabağda qeyri-qanuni məskunlaşdırma siyasəti". Story karabakh center (az.). 2023-07-03 tarixində arxivləşdirilib.
  31. 1 2 "Самой отдаленной школе 20 лет". Зохраб ЫРКОЯН (rus). 12 Январь 2018 г. 2023-07-03 tarixində arxivləşdirilib.
  32. "Горгисян Мовсес Геворгович". ru.hayazg.info (rus). 2023-07-03 tarixində arxivləşdirilib.
  33. "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  34. 1 2 3 Əli Umud oğlu Əliyev. Laçın-Qədim Oğuz yurdu. Bakı: Avropa. 2009. səh. 31. ISBN 4702060103.
  35. https://library.virtualkarabakh.az/uploaded_files/pdf/03c2b8345993-Топонимия%20Азербайджана.pdf Arxivləşdirilib 2023-05-26 at the Wayback Machine Г. Гейбуллаев. Топонимия Азербайджана. Баку — Элм — 1986. səh.58
  36. Аламдар Шахвердиев. Азербайджанские курды (PDF) // Международный Азербайджанский Журнал IRS-Наследие (rus). 2010. 40—41.
  37. Лятиф Керимов. Азербайджанский ковёр. Том III. III. Тип Карабах. Баку: «Гянджлик». 1983. səh. 221.
  38. Sultan Hümbətov. "Qasımuşağı tayfası". "Laçın yurdu". №3(6) ("Bəxtiyar-4" nəşriyyatı). 28.06.2013: səh. 11. (#accessdate_missing_url)
  39. Ənvər Çingizoğlu. Sultanlıq soydan gəlir (100 nüs.). Bakı: Mütərcim. 2012. səh. 40. ISBN 0502000000.
  40. "Курдистанский уезд (перепись 1926 года)" Ethno-Caucasus, Этнодемография Кавказа :Курдистанский уезд (перепись 1926 года) Arxivləşdirilib 2022-06-19 at the Wayback Machine
  41. Sultan Hümbətov. "Qasımuşağı tayfası". "Laçın yurdu". №3(10) ("Bəxtiyar-4" nəşriyyatı). 28.06.2013: səh. 31. (#accessdate_missing_url)
  42. Sultan Hümbətov. "Kürdhacı kəndi". "Laçın yurdu". №3(6) ("Bəxtiyar-4" nəşriyyatı). 28.09.2012: səh. 11. (#accessdate_missing_url)
  43. "Adları tarixə həkk olunmuş Sultanov qardaşları". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.
  44. "Azərbaycan Respublikası Müdafiə Nazirliyi". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.
  45. "Qarabağın qalib generalı". 2018-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.
  46. Sultan bəyin anadan olmasının 140-cı ili [ölü keçid]
  47. "Xalq qəhrəmanı Sultan bəyin 140 illiyi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.
  48. 1 2 Ənvər Çingizoğlu, Bir şəcərənin şaxı, "Soy" dərgisi, 1 (1), 2003, səh.41–44.
  49. Əli Əliyev, Laçın — Qədim Oğuz yurdu. Bakı-2009. "Avropa" nəşriyyatı. səh.72–73.
  50. Əli Əliyev, "Laçın-Qədim Oğuz yurdu". Bakı-2009. "Avropa nəşriyyatı". səh.87.
  51. "Azərbaycan Respublikası Prezidentinin sərəncamı". 2011-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.
  52. Ənvər Çingizoğlu. Sultanlıq soydan gəlir (100 nüs.). Bakı: Mütərcim. 2012. səh. 48. ISBN 0502000000.
  53. 1 2 Sultan Hümbətov. "Qocaman təhsil ocağı". "Laçın yurdu". №2(5) ("Bəxtiyar-4" nəşriyyatı). 2012: səh.16. (#accessdate_missing_url)
  54. Professor Şikar Qasımov. Tarixi keçmişimizdən // Xalq qəzeti. 18 dekabr 2010. səh. 6.
  55. Oğuldərədən başlayıb, Karaqandada bitən ömür… Arxivləşdirilib 2018-05-20 at the Wayback Machine
  56. 1 2 Sultan Hümbətov. "Qocaman təhsil ocağı". "Laçın yurdu". №2(5) ("Bəxtiyar-4" nəşriyyatı). 2012: səh.17. (#accessdate_missing_url)
  57. "Ə.X.Novruzov adına Kürdhacı kənd ümumi orta məktəbi". 2023-07-02 tarixində arxivləşdirilib.
  58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərarı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]