Mikayıl Gözəlov

Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu11 dekabr 1991, Şuşa, DQMV) — Şuşa Rayon İcra Hakimiyyətinin başçısı (1991).

Mikayıl Gözəlov
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı
7 noyabr 1991 – 11 dekabr 1991
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1948(1948-04-05)
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1991(1991-12-11) (43 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sui-qəsd

Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. 1988-ci ildə Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1989-cu ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.

1990-cı ildə 360 saylı Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə deputatlığa namizədliyi qeydə alınmışdır. Seçki gününə bir gün qalmış, adı çəkilən dairədən seçkilərin keçirilməsi dayandırılmışdır.

7 noyabr 1991-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Mikayıl Gözəlov Azərbaycan Respublikası Milli Ordusunun ilk rəsmi hərbi hisələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olmuşdur. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik etmişdir. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olmuşdur.

İş başında ikən, 11 dekabr 1991-ci ildə əslən Şuşalı olan təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilmişdir.[1] Qətlin səbəbləri indiyədək müəmmalı qalır. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat etmişdir.[2]

Ölümündən sonra Şuşa rayonu kolxozlarından birinə, Şuşa şəhərində küçəyə adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.

Qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur.[3]

  1. "Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  2. "Arxivlənmiş surət". 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  3. "Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO". Oxu.Az (az.). 2024-05-11. 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]