Niyaz Adil (Ədil) oğlu Hacıyev (7 noyabr 1941, Hoğa, Qaryagin rayonu – 31 avqust 2023) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi (1980–1988).
Niyaz Hacıyev | |
---|---|
15 yanvar 1980 – 31 avqust 1988 | |
Əvvəlki | Əhəd Kərimov |
Sonrakı | Vaqif Cəfərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 2023 (81 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Niyaz Ədil oğlu Hacıyev 1941-ci ildə hazırkı Füzuli rayonunun Üçbulaq kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirmiş və Şuşa rayonuna işləməyə təyinat almışdır. Bir ilə yaxın rayonun Malıbəyli kənd baytarlıq məntəqəsinin müdiri işləmiş, 1971–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsində şöbə müdiri, 1973–1978-ci illərdə isə rayon və Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) partiya komitələrində təlimatçı vəzifələrində çalışmışdır.[1]
Niyaz Hacıyev 1978-ci ildə Azərbaycan KP Mardakert Rayon Komitəsinin ikinci katibi, 1980-ci ildə isə Şuşa Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1981–1985-ci illərdə qiyabi olaraq Ali Partiya Məktəbində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir.[1]
Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin büro üzvlüyünə namizəd olan Niyaz Hacıyev Qarabağ hadisələri zamanı fəal çalışmışdır. 1988-ci ilin iyun ayında o, bir qrup azərbaycanlı deputatdan imza toplayaraq DQMV-nin ləğv edilməsi məsələsini ilk dəfə rəsmən Azərbaycan SSR Ali Soveti qarşısında qaldırmışdır. Həmin il Ermənistandan deportasiya edilmiş azərbaycanlıları Şuşa rayonunda yerləşdirdiyinə görə DQMV Partiya Komitəsi bürosunda onun məsələsinə baxılmış, Arkadi Volskinin tələbi ilə 1988-ci ilin avqust ayında Əbdürrəhman Vəzirov tərəfindən Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir.[2]
Şuşa rayonunun rəhbəri vəzifəsindən azad edilərək Bakıya göndərildikdən sonra Niyaz Hacıyev uzun illər Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışmışdır.[2] 1991-ci ildə Azərbaycan Respublikası Proqnozçular İttifaqını təsis etmiş və rəhbəri olmuşdur.[1]
Niyaz Hacıyev Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 20 Yanvar faciəsindən sonra partiyanı tərk etmiş ilk azərbaycanlılardan olmuşdur.[2]
Niyaz Hacıyev 31 avqust 2023-cü ildə vəfat etmişdir.[3]