Mirzə Yusif (tam adı: Yusifov Mirzə Yusif oğlu; d. 15 noyabr, 1954. Qaraqışlaq, Zəngibasar rayonu, Ermənistan SSR) — publisist, şair; Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvü.
Mirzə Yusif | |
---|---|
Yusifov Mirzə Yusif oğlu | |
| |
Doğum adı | Mirzə |
Təxəllüsü | Yusif |
Doğum tarixi | |
Doğum yeri | Qaraqışlaq, Zəngibasar rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 2 |
Atası | Yusif Yusifov |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
İxtisası | jurnalistika |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1981-indi |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | jurnalistika |
Janrlar |
poeziya nəsr |
Mükafatları | "Alı Mustafayev" mükafatı |
Mirzə Yusif 1954-cü il noyabrın 15-də Ermənistanın Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarında xidmət edib. 1975-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. Peşə fəaliyyətinə İrəvan şəhərində Ermənistan KP MK-nın Azərbaycan dilində əsas mətbu orqanı olan "Sovet Ermənistanı" qəzeti redaksiyasında başlayıb. Əvvəlcə baş korrektor, xüsusi müxbir sonra isə “Ədəbiyyat, incəsənət və mədəniyyət” şöbəsinin müdiri vəzifələrində çalışıb (1981-1988). Həmin illərdə müxtəlif dövri mətbuat orqanlarında saysız-hesabsız məqalələrlə çıxış edib, bədii yaradıcılıqla məşğul olub. Çalışdığı qəzetdə ədəbiyyat səhifələrinin hazırlanmasında, "Ədəbi Ermənistan" almanaxının nəşrində fəallıq göstərib, ara-sıra öz şeirlərini də dərc etdirib.
1988-ci ildə məlum Qarabağ hadisələri, erməni şovinistlərinin azərbaycanlı əhaliyə qarşı yürütdükləri etnik təmizləmə siyasəti nəticəsində doğma İrəvan şəhərini tərk etmək məcburiyyətində qalıb. Bakıda məskunlaşdıqdan sonra Аzadlıq hərəkatına qoşulub, eyni zamanda “İttifaqteatr”ın Azərbaycan filialında işə düzəlib, redaksiya- nəşriyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. 1990-1991-ci illərdə “Qafqaz” İnformasiya-Reklam Mərkəzində sədr müavini, eyni zamanda "Ömrün ayları" jurnalının redaktoru olub.
Mirzə Yusif 1992-cü ildən Dövlət Teleradio Verilişləri Şirkətində işə qəbul olunub. “Ekran-Efir” qəzetinin redaktoru, televiziyanın “Uşaq proqramları” redaksiyayasında şöbə müdiri, eyni zamanda "Məktəb kamera qarşısında", "Yeniyetmələr" verilişlərinin ssenari müəllifi və aparıcısı vəzifələrində işləyib. 1995-1997-ci illərdə AzTV-nin göndərişi ilə Nazirlər Kabinetinin və Gömrük Komitəsinin mətbuat xidməti qurumlarında məsul vəzifələrdə çalışıb.
1998-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-ndə Dövri Nəşrlər və Sosioloji Sorğular Departamentinin rəis müavinidir. Həmçinin eyni zamanda "Ekran-Efir" qəzeti və "TVplyus" jurnalı baş redaktorunun müavinidir.
Mirzə Yusif 1970-ci illərdən ədəbi yaradıcılıqla məşğuldur, onlarla şeir və hekayənin, yüzlərlə bədii-publisistik yazıların müəllifidir.
1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Mərhum şair-telejurnalis, Azərbaycanın Milli Qəhrəmanı "Alı Mustafayev" mükafatının laureatıdır.
Ailəlidir, iki övladı, iki nəvəsi var. Qızı Lalə sənətşünas, oğlu Pərviz iqtisadçı-kommersantdır. Nəvələri Ləman, Əsmər.