Murad Fərid oğlu Hüseynov (1 dekabr 1973, Bakı) — Azərbaycan pianoçusu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının xalq artisti (2011), Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2023-cü ildən), Beynəlxalq Muğam Mərkəzinin direktoru (2011–2023).
Murad Hüseynov | |
---|---|
Vəzifədədir | |
1 mart 2023-cü ildən | |
Nazir | Adil Kərimli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 dekabr 1973 (50 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | pianoçu, musiqi pedaqoqu, nazir müavini[d] |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Murad Hüseynov 1 dekabr 1973-cü ildə Bakıda anadan olub. O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991–1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib və 1996–1999-cu illərdə bu Bakı Musiqi Akademiyası aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub. M. Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000–2002-ci illərdə A. Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.[1]
Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı (Fransa, 1998) və mükafatçısıdır (Tbilisi, Gürcüstan, 1997). O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir (Fransa, 2002). O həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanmışdır.[1]
Pianoçu dünyanın müxtəlif ölkələrində (Fransa, İngiltərə, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan və s.) Azərbaycanın ifaçılıq mədəniyyətini təmsil etmişdir. O, bir çox klassik musiqi festivallarında iştirak etmişdir: Bax Musiqi Festivalı (İstanbul, 2000), Piano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (Hiroşima, 2002), Musiqili Kreml (Moskva, 2004) və s.[2]
Musiqiçi bir sıra məşhur orkestr və ansambllar — London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri (Fransa), Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, (Azərbaycan), Yeni Rus Kvarteti (Rusiya) və s. ilə konsertlərdə çıxış etmişdir. Onun çıxış etdiyi konsert zalları sırasına P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasındakı Raxmaninov zalı, Dövlət Kreml Sarayı (Moskva), Pleyel, Korto zalları, Fransa Senatı əsas zalı, Beynəlxalq Diplomatik Akademiya (Paris), Auditoriya (Roma), Dunay Sarayı (Budapeşt), Camal Rəşid Rey (İstanbul) və s. daxildir.[2]
Murad Hüseynov Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 2011-ci ilin noyabr ayında Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilmişdir.[3]
Azərbaycan Respublikasının Prezidentinin 1 mart 2023-cü il tarixli sərəncamı ilə Murad Hüseynov Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilmişdir.[4]
Ailədir. İki övladı var. Patomorfoloq, akademik Cəlil Hüseynovun nəvəsidir.