Nəzrin Mir-Həmzə qızı Əfəndiyeva (d. 1 yanvar 1979, Bakı) — Azərbaycan pianoçusu,[1] bəstəkar.[2]
Nəzrin Əfəndiyeva | |
---|---|
Nəzrin Mir-Həmzə qızı Əfəndiyeva | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1979 (44 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Mir-Həmzə Əfəndiyev |
Anası | Sevil Əmirova |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, bəstəkar |
Təhsili | Royal Conservatory of Brussels |
Mükafatları | "Crystal Note Award", "Audience Winner Award" və "Best of the festival showcase" |
Nəzrin Mir-Həmzə qızı Əfəndiyeva 1979-cu ilin 1 yanvar tarixində Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. Atası Mir-Həmzə Əfəndiyev, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, anası - Sevil Əmirova, ictimai xadim və musiqiçidir. Uşaq yaşlarından musiqiyə olan həvəsini babası, bəstəkar Fikrət Əmirovla əlaqələndirilir. Musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində piano üzrə mütəxəssis Aliyə Əliyevanın sinfində alıb. 15 yaşında Bakı səhərində kecirilən gənc pianocuların 1-ci Festivalının fəxri diplomuna layiq görülüb. 1995-ci ildə Brüssel Kral Konservatoriyasına qəbul olaraq professor Evqeni Mogilevskinin sinfində təhsil alıb. 2001-ci ildə Konservatoriyanı ilk Azərbaycanlı tələbə olaraq piano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı illərdə Azərbaycan bəstəkarlarının əsərlərini coxsaylı tədbirlərdə öz ifası ılə yanaşı Brüssel Kral Konservatoriyasının simfonik orkestrinin ifasında da səsləndirilməsinə nail olub. 2002-ci ildə Türkiyədə İzmir Simfonik orkestrinin müşaiyətilə Fikrət Əmirovun "Fortepiano və kaman ücün ikili Konsert"ini 54 illik fasilədən sonra ifa edib (əsər bəstəkar tərəfindən 26 yaşında olarkən yazılıb və 1948-ci ildə ilk və son dəfə səsləndirilib). 2003-cü ildə İspaniyanın Ueska Beynəlxalq Piano müsabiqəsində 3-cü yerə layiq görülərək müsabiqənin laureatı adını qazanıb.[3] Gənc yaşlarından Barok musiqi janrına xüsusi rəğbət bəslədiyi səbəbindən 2004-cü ildə Brüssel Konservatoriyasında, Barok janrının görkəmli simalarından biri, Frederik Haasın sinfində təhsilini davam etdirdikdən sonra bir qrup musiqici ilə "l’estro Barocco" ansamblını yaradaraq klavesində ifa etməklə Vivaldiyə həsr olunmuş konsert proqramları ilə çıxış edib.
Yaradıcılığında müxtəlif musiqi janrında 20-dən cox mahnı, bir cox kompozisiya və aranjmanın, həm müəllifi, həm də ifaçısı kimi iştirak edib. O, vokal ifacılıq sənətini Amerikalı metso-soprano Gayle Gow ilə əməkdaşlıq edərək təkmilləşdirib. 19 iyul 2011-ci ildə Bakı Caz Mərkəzində konserti keçirilmişdir.[4] Konsertdə müəllifi olduğu mahnı və kompozisiyaları belçikalı musiqicilərdən ibarət cazz qrupunun müşayiəti ilə, bir sıra musiqi nömrələrini isə consertə qatılan dayısı cazmen bəstəkar Cəmil Əmirov ilə birlikdə ifa edib. 2012-ci ilin iyul-noyabr aylarında Qəbələ Musiqi Festivalıda, Heydər Əliyev Sarayında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri"nin müşaiyəti ilə konsert proqramları ilə cıxış edib. 17 dekabr 2013-cü ildə Benelüx Azərbaycan Kongresi tərəfindən Avropada Azərbaycan musiqisinin təbliğinə yönəlmiş fəaliyyətinə görə "Crystal Note Award" mükafatına layiq görülüb. 2013-cü ildə Belçikanın Mons Kral Konservatoriyasının kino musiqisi bəstəkarlığı fakultəsinə daxil olub. 2017-ci ildə təhsilini kino musiqi bəstəkarlığı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək master dərəcəsi alıb. Kino musiqisi janrında onun ilk addımları uğurlu olub. Rejissor Mariya İbrahimovanın, musiqisi Nezrin Əfəndiyevanın Tanrıya məktub "Letter to God" qısametrajlı filmi "Waşinqton D.C. Short Film Festival"ında iki mükafata "Audience Winner Award" və "Best of the festival showcase" mükafatlarına layiq görülüb . CNN, Euronews televiziya kanallarında Bakı 2015 1-ci Avropa Oyunlarına həsr olunmuş "Make history with us" və 8 parcadan ibarət "On the Road to Baku" sənədli-reklam video carxlarının musiqi tərtibatının müəllifidir. Eyni zamanda klassik musiqi ifacılıqında da işini davam etdirməkdədir. 2017-ci ildə Mariya Carmen Suarez (kaman), Nezrin Əfəndiyeva (fortepiano) və Astrid Galles (fleyta) tərəfindən yaradılmış "Manestri"adlı trionun 2018-ci ilin may ayında "Esprit nomades" adlı kompakt-diski buraxılıb.