Nabukko (boru kəməri)

Nabukko Vest qaz kəməri

Nabukko Vest qaz kəməri — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, TürkmənistanMisirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir.[1]

Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.

1 329 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), FGSZ (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Həmçinin, Fransa şirkəti olan Engie (GSZ) SA də 28 may 2013-cü ildə bu layihəyə qoşulmaq istəyini bildirmişdir.

Layihənin icrası üçün yaradılmış konsorsiuma daxil olan şirkətlər aşağıdakılardır:

Nabukko layihəsi Avropa Birliyi və ABŞ tərəfindən dəstəklənir. Trans Avropa Şəbəkəsi Enerji proqramında layihəsi strateji əhəmiyyətli layihə kimi göstərilib. Nabukkonun əsas məqsədi Avropa Birliyi ölkələrini Xəzər hövzəsi və Yaxın Şərqin təbii qaz ehtiyatları ilə daha yaxşı birləşdirməkdir. Bununla da, Avropa ölkələri öz təbii qaz üzrə təchizat mənbələrini təkmilləşdirmək və Avropanın əsas təbii qaz tədarükçüsü Rusiyadan təbii qaz alınmasında asılılğını azaltmaqdır. RusiyaUkrayna arasında tez-tez baş verən qaz mübahisələri və nəticədə Avropanın qazsız qalması təhlükəsi Avropa ölkələrinin alternativ enerji mənbələri və marşrutları axtarmasına səbəb olub. Bundan başqa, Avropa Komissiyasının verdiyi məlumata görə, Avropanın qaz istehlakı 2005-ci ildəki 502 milyard m³-dən 2030-cu ildə 815 milyard m³-ə kimi yüksələcək, bu qədər tələbi isə Rusiyanın təkbaşına qarşılaması inandırıcı görünmür. Beynəlxalq Enerji Agentliyinin keçmiş rəhbəri Nabuo Tanakanın sözlərinə görə, Nabukko qaz kəməri təchizatçıların sayını artırdığına görə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Cənub axını layihəsindən daha effektiv olacaq.

Nabukko boru kəməri təşəbbüsü Mərkəzi Asiya dövlətlərindən, yəni Türkmənistan, Qazaxıstan və həmçinin Özbəkistandan təbii qazın nəqli üçün irəli sürülüb. Bu dövlətlərdən hasil olan qaz ilk öncə Ərzuruma qədər nəql edilməlidir. Bakıdan qərb istiqamətində Cənubi Qafqaz boru kəməri mövcuddur və əlavə qazı nəql etmək üçün boru kəmərinin buraxılış qabiliyyətinin artırılması planlaşdırılır. Lakin Bakıya qədər Xəzər dənizi altından digər bir boru xətti (Transxəzər boru kəməri) salınmalıdır. Transxəzər boru kəmərinin çəkilməsi yeni fikir deyildir. O, ilk dəfə 1996-cı ildə ABŞ tərəfindən təklif edilmişdir. 1999-cu ilin sonunda ABŞ layihənin texniki-iqtisadi əsaslandırılması sənədinin hazırlanması məqsədilə General Electric və "Bechtel Study Group" şirkətləri ilə müqavilə bağlamaq üçün Türkmənistan hökumətinə 750.000 dollar vəsait ayırdı. Qeyd etmək lazımdır ki, o vaxt Transxəzər boru kəməri dedikdə, onun nəinki Xəzərdə iki limanı (Türkmənbaşı və Bakını) birləşdirəcəyi, habelə Ərzurumadək uzanacağı güman edilirdi. İddialı başlanğıca baxmayaraq, layihə bir neçə səbəbdən ləngidildi. Birinci səbəb Türkmənistanın qazını nəql edən iki dövlətin (Rusiya və İranın) mövqeyi idi: onlar Xəzər dənizinin hüquqi statusunun həll olunmamasına və ekoloji təhlükələrə istinad edərək boru kəmərinin çəkilməsinə etiraz etdiklərini bildirdilər. Digər səbəb Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən mübahisəli neft yatağı üstündə iki dövlət arasında münasibətlərin pisləşməsi idi. Üçüncü səbəb Xəzər dənizinin Azərbaycan sahəsində Şahdəniz qaz yatağının kəşf edilməsi oldu. Boru kəmərinin ildə nəql edəcəyi 30 milyard kubmetr qazın 5 milyard kubmetrini Şahdəniz yatağından hasil olunacaq qaza ayırması barədə Azərbaycanın xahişi Türkmənistan tərəfindən qəbul edilmədi. Şahdəniz qazının nəqli üçün Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) boru kəməri inşa edildi. Digər tərəfdən, Türkmənistan Rusiya, İran və Çin ilə uzunmüddətli müqavilələr əsasında bu dövlətləri böyük həcmdə qazla təchiz etməyi öhdəsinə götürdü. Beləliklə, Türkmənistanın qazı qərb istiqamətində ixrac etməsi üçün sadəcə yetərincə hasilatı qalmamışdı.

Nabukko boru kəmərinin çəkilməsi barədə ilk müzakirələr 2002-ci ilin fevral ayında Avstriyanın OMW və Türkiyənin BOTAŞ şirkətləri arasında aparılmışdır. Sonradan daha üç şirkət: Macarıstanın MOL, Rumıniyanın TRANSGAZ və Bolqarıstanın BULGARGAZ şirkətləri Nabukko boru kəmərinin inşası təklifinə tərəfdar çıxmışlar. Həmin ilin oktyabrında adı çəkilən beş şirkət əməkdaşlıq müqaviləsi imzaladı. Müqavilənin əsas məqsədi Nabukko boru kəməri üzrə texniki-iqtisadi əsaslandırmanın aparılması idi. Layihənin əvvəlində aparılan danışıqlar və atılan addımlar çox iddialı idi. Əməkdaşlıq müqaviləsinin imzalanmasından bir il keçdikdən sonra "Nabukko beşliyi" 2003-cü ilin dekabr ayında Avropa Komissiyası ilə razılaşma əldə etdi. Avropa Komissiyası texniki-iqtisadi əsaslandırmanın (o cümlədən bazar təhlilinin, texniki, iqtisadi və maliyyə tədqiqatlarının) təxmini ümumi xərclərinin 50%-ni ödəmək üçün qrant ayırmağa razılaşdı. 19 oktyabr 2007-ci ildə Almaniyanın iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlas açıqladı ki, Almaniyanın ən iri enerji istehsalçısı olan RWE şirkəti Nabukko boru kəməri ilə nəql olunacaq Azərbaycan qazının ildə 5 milyard kubmetrini satın almağa hazırdır. Bu niyyətin nəticəsində RWE 2008-ci ilin fevral ayında "Nabukko" konsorsiumuna qoşuldu. Növbəti ildə (13 iyul 2009-cu il tarixində) konsorsium tərəfdaşları Ankarada Hökumətlərarası Müqavilə imzaladılar və bütün tranzit ölkələr üçün vahid hüquqi çərçivə yaratdılar. Ankara danışıqlarında Nabukko konsorsiumunun tərəfdaşları boru kəmərinin iş qaydasını və nəql tariflərini müəyyən etdilər. 2012-ci ilin May ayında Nabukko konsorsiumu Şah Dəniz korsorsiumuna Nabukko Vest təklifini təqdim etmişdi.[2] 10 yanvar 2013-cü il Şah Dəniz II və NABUCCO arasında Əməkdaşlıq, Maliyyələşdirmə və Sahiblik haqqında Saziş imzalanmışdı. Sazişə əsasən Nabukko layihəsi seçilərsə Şah Dəniz II Konsorsiumunun 50% səhmlərinə sahib olacaq.[3] Boru kəməri seçmək haqqında qərar 30 iyun 2013-cü ildə gözlənilir.[4] 3 mat 2013-cü ildə Nabucco və TANAP konsorsiumları arasında anlaşma memorandiumu imzalanmışdı. Şah Dəniz və TANAP konsorsiumları eyni sazişi TAP layihəsi ilə imzalamışdılar.[5]

3.893 km uzunluğunda olan ilkin boru kəməri Türkiyənin Ankara şəhəri yaxınlığındakı Ahiboz kəndindən başlayaraq Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Avstriyadakı təbii qaz qovşağı olan Baumqarten un der Març qəsəbəsinə qədər çəkiləcəkdir. Ahibozda Nabukko iki qaz təchizatı kəməri ilə birləşdiriləcək. Bunlardan biri Gürcüstandan gələn Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum kəməri), digəri isə İraqdan gələn və tikilməsi nəzərdə tutulan qaz boru kəməridir. Bundan başqa, Nabukkoya İrandan gələn Təbriz-Ankara boru kəməri də qoşula bilər. Borunun 2.730 km-lik hissəsi Türkiyədə, 412 km-i Bolqarıstanda, 469 km-i Rumıniyada, 384 km-i Macarıstanda və 47 km-i Avstriyada çəkiləcək. Polşanın təbii qaz şirkəti olan PGNiG (Polşa Neft və Qaz İstehsalı) şirkəti Nabukkonun davamı kimi Polşaya boru kəməri çəkilməsi layihəsini müzakirə edir.

Yenilənmiş Nabukko Vest Turkiyə-Bolqarıstan sərhədlərində başlayir və sonra öz marşruu ilə davam edir. Nabukko Vest-in ümumi uzunluğu 1.329 km-dir, hər ölkə üzrə məsafə aşağıdakı kimidir[6]:

Texniki göstəricilər

[redaktə | mənbəni redaktə et]
  • Uzunluğu: 1 329 km (825.80 miles)
  • Maksimum ötürücülük qabiliyyəti: 10 to 23 mkm/ildə
  • Diametri: 48 düym
  1. "NABUKKO"DA ƏSAS TƏDARÜKÇÜ İRAN YOX, İRAQ OLACAQ [ölü keçid]
  2. Nabukko qaz kəmərinin modifikasiya olunmuş variantı təklif olunmuşdur
  3. ""Nabucco" konsorsiumu "Şahdəniz" konsorsiumuna "Nabucco West" qaz kəməri layihəsində 50%-lik iştirak payı verib". 2013-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.
  4. "Natiq Əliyev: Azərbaycan qazının Avropaya nəqli üçün daha gəlirli marşrut seçiləcək". 2013-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.
  5. ""Nabucco" ilə TANAP arasında anlaşma memorandumu imzalanıb". 2013-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.
  6. "Route". 2011-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]