Şahdəniz qaz yatağı

Şahdəniz
azərb. Şahdəniz
39°58′ şm. e. 50°13′ ş. u.HGYO
Ölkə  Azərbaycan
RegionXəzər dənizi
İstismarı1990
Ehtiyatı1,200×109
İllik hasilat:8,6 mlrd m³/il
Hasilatçılar:BP (operator – 25,5%)

Statoyl (25,5%) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ – 10%) LUKOyl (10%) NICO (10%) Total (10%)

TPAO (9%).
Şahdəniz (Azərbaycan)
Şahdəniz (Xəzər dənizi)

Şahdəniz[1] — dünyada ən iri qaz-kondensat yataqlarından biri.

Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün "Şahdəniz" yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti "Şahdəniz" yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə "Britiş Petroleum" və "Statoyl" şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar.[2] Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.

Saziş sahəsi təxminən 859,8 km²-dir. 2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Hazırda platformada 4 istismar quyusu qazılmış və onlardan biri fəaliyyət göstərir.[3] 2018-ci ilin dekabr ayına kimi Şahdəniz yatağından ümumilikdə 100 milyard kub metr təbii qaz hasil olunub.[4]

Şahdəniz-1 və Şahdəniz-2 layihələrində nəzərdə tutulan illik təbii qaz istehsalı cədvəli

Şahdəniz yatağını Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişindəki tərəfdaşları adından BP şirkəti işlədir. Şahdəniz Hasilatın pay bölgüsü sazişinin (HPBS) tərəfləri bu şirkətlərdir:

Şahdəniz üzrə HPBS 17 oktyabr 1996-cı il tarixində ratifikasiya olunmuşdur.[5] Şahdəniz layihəsində işlər iki mərhələdən ibarətdir. Şahdəniz Mərhələ 1 əməliyyatlara 2006-cı ildə başladı. Mərhələ 1-dən maksimum hasilatın ildə 8,6 milyard kub metr qaz (mlrd.km/il) və gündə 50.000 barrel kondensat olacağı gözlənilir. Quyuların qazılmasında çətinliklərə, platformanın inşa edilməsinə, sahil terminalının tikintisinə və Türkiyəyə 500 km uzunluğunda boru kəmərinin çəkilməsinə baxmayaraq, Şahdəniz Mərhələ 1 işlənməsinə cəmi yeddi ildə nail olundu. 2006-cı ildən bəri, o, Azərbaycanı, GürcüstanıTürkiyəni təhlükəsiz və etibarlı qazla təchiz edir.

Şahdəniz-2 Layihəsinin Xülasəsi
Şahdəniz-2 Layihəsinin əhatə dairəsi

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını AvropayaTürkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Layihə nəticəsində ŞD Mərhələ 1 layihəsindən hazırda hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qazın hasil ediləcəyi gözlənilir. Bu, dunyanın ən böyük qaz işlənməsi layihəsindən biridir. Layihə ilə bağlı planlara körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi, iki yarımdalma qurğusu ilə 26 sualtı quyunun qazılması, 550 m suyun dərinliyində 500 km uzunluğu olan sualtı kəmərin tikilməsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü və Səngəçal terminalının genişlənməsi daxildir. İkinci mərhələyə aid olan bu işlərin ümumi qiymətinin ən azı 40 milyard ABŞ dolları olması gözlənilir. Bu, hazırda dünyada ən iri layihələrdən biri və BP-nin ən iri layihəsidir.[6]

Quruda tikinti meydançalarında və Terminalda həyata keçirilən işlərin böyük hissəsi, eləcə də boru kəmərinin və platformanın quraşdırılması işləri 2014-cü ildən başlayaraq 2017-ci ilin sonuna qədər davam edəcək. Bu dövrdə Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platforması tikiləcək. Hal-hazırda proqnozlaşdırılır ki, ilkin qaz Müqavilə Sahəsinin şimal cinahında (ŞC) quraşdırma və işəsalma işləri tamamlandıqdan sonra 2018-ci ildə təmin olunacaq. Bundan sonra 2027-ci ilə qədər qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında olan quyular (QC, CŞ, CQ və ŞŞ) mərhələlərlə tamamlanacaq və istismara veriləcək.[7]

Şahdəniz konsorsiumu 28 iyun 2013-cü ildə etdi ki, Şahdəniz Mərhələ 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir. 13 fevral 2013-də Yunanıstan, İtaliya və Albaniya hökumətləri Trans-Adriatik Boru Kəməri (TAP) üzrə hökumətlərarası saziş imazalayıb. Şahdəniz qazının Xəzər dənizindən götürülərək 4000 km məsafə boyunca nəql edilib Avropaya çatdırılması üçün bəzi mövcud infrastrukturun genişləndirilməsi və bir sıra yeni boru kəmərlərinin inşa edilməsi tələb olunur.

  • Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni parallel boru kəməri vasitəsi ilə genişləndiriləcək.
  • Türkiyədə Şahdəniz qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə nəql olunacaq.
  • Avropada qazı Yunanıstan və Albaniya ərazisindən İtaliyaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) tikiləcək.

“Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir. 2018-ci ildə hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq. Lakin artıq 2019-cu il üçün bu yataqdan əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub.[8]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şahdəniz video Arxivləşdirilib 2013-07-28 at the Wayback Machine

  1. "BP: Şahdəniz". 2012-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-25.
  2. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının birgə işlənməsi haqqında sazişin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi[ölü keçid] 4 iyun 1996-cı il
  3. "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti". 2011-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  4. "Shah Deniz celebrates 100 bcm of total gas production". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-14.
  5. Azərbaycanın Şahdəniz yatağında böyük həcmdə qaz ehtiyatları kəşf edilmişdir Arxivləşdirilib 2010-11-23 at the Wayback Machine Bp.com
  6. "BP "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-3" layihəsi barədə düşünür". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  7. Şahdəniz 2 Layihəsi, Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsi[ölü keçid]
  8. "Sentyabrda "Şahdəniz-2" üzrə qaz hasilatına başlanacaq". 2018-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.