Qırmızı Günbəd türbəsi

Qırmızı Günbəz Türbəsi (az.-əski. قیرمیزی گۆنبز توربهسی‎, fars. گنبد سرخ‎) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir[1].

Qırmızı Günbəz türbəsi
Xəritə
37°22′53″ şm. e. 46°14′25″ ş. u.HGYO
Ölkə  İran
Şəhər Marağa
Aidiyyatı Böyük Səlcuq imperiyası
Memar Bəkir Məhəmməd
Sifarişçi Azərbaycan hakimi Əbüləziz Mahmud oğlu
Tikilmə tarixi 1148
Üslubu Səlcuqlu memarlığı
Qırmızı Günbəz türbəsi (İran)
Qırmızı Günbəz türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türbənin tarixi

[redaktə | mənbəni redaktə et]

12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İranİraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır. Cəmiyyətin zəngin təbəqələrinin artan tələbatından irəli gələn inşaat və memarlıq işləri geniş vüsət alır. Çoxlu mülk və dini tikililər inşa edilir. Bu səbəbdən Azərbaycanda dövrün görkəmli şəxsiyyətləri arasında həm də böyük memarlar yetişir. Türbələrdə üz baştağların klassik örnəklərini yaradan, Atabəy Eldənizlər dövlətinin baş memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani Yusif KüseyirMömünə xatun abidələri ilə qonşu ölkələrə də səsə salmışdı.

Azərbaycan ərazisinin Atabəy EldənizləriŞirvanşahlar dövləti hüdudunda cəmlənməsi 12-ci əsrdə Azərbaycan-türk memarlığının yüksəliş mərhələsini müəyyənləşdirir[2]. 10-cu əsrə qədər müəyyən dövrlərdə Azərbaycan və İran ərazisində böyük türk dövlətlərinin paytaxtı olmuş Marağa şəhəri 12-ci əsrdə artıq həm də ölkənin iri bədii-memarlıq mərkəzlərindən birinə çevrilir. Bu zaman baştağların müxtəlif növləri əmələ gəlir ki, sonralar memarlar onları müəyyən qruplara bölür. Abidəni nəzərə çarpdıran 12, 8 və 4 üzlü türbələrin baştağları üz baştağ qrupuna aiddir ki, bunların ən yaxşı nümunələri Marağada 1148-ci ildə tikilmiş Qırmızı Günbəz, Naxçıvanda 1162-ci ildə ucaldılmış Yusif ibn Küseyr türbəsi və yenə Marağada 1328-ci ildə bina olmuş Qaffariyyə abidələri aiddir[1].

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

1148-ci ildə Marağada tikilmiş Qırmızı Günbəz türbəsi bir neçə cəhətdən dəyərli memarlıq əsəridir. Bu abidə sərdabəsinin ortasında dayaq sütunu olan ən əski abidədir. Azərbaycan memarlıq tarixində kaşı istifadəsinin ilk bəlli örnəyi də bu abidədədir[3]. Həmçinin Azərbaycan memarlıq irsində “memar” ixtisas adına birinci dəfə Qırmızı günbəz türbəsinin tikinti kitabəsində tuş gəlinir. Abidənin müəllifi Bənna Bəndanın oğlu, Memar Möhsünün nəvəsi Bəkr Məhəmməddir. Azərbaycanda tikinti sənətinin yüksək ixtisaslaşma səviyyəsini tutarlı əks etdirən bu fakt XI yüzildə Azərbaycanda memar sülalələrinin olduğunu sübut edir[4][5].

Qırmızı günbəz türbəsi ikiqatlı olub həm sərdabə, həm də üst qülləsi planda kvadrat şəkillidir. Sərdabənin ortasında dördbucaqlı sütun qoyulmuş, sütunla sərdabənin bucaqlı sivri profilli tağla birləşdirilərək möhkəm köbələkvari konstruktiv sistem yaradılmışdır. Şərq tərəfdə daş kürsülükdə açılmış kiçik qapı gözündən sərdabənin içinə düşmək olur. Üst gövdə daş kürsülük üstündə qaldırıldığından sərdabə yarımzirzəmi şəklindədir.

Türbənin yerüstü kərpic gövdəsi kubvari tutumlu olub daş kürsü üzərində ucalır. İri daşlarla üzlənmiş kürsü kərpic gövdəni rütubətdən qorumaqla onun daha monumental görünməsinə səbəb olur. Gövdənin şimal divarı ortasında düzbucaqlı qapı gözü olan iri baştağ şəklində işlənmişdir. Qalan üç divarın isə hər birində (həm içəridə, həm də bayırda) qoşa sivri tağça qurulmuşdur. Belə bölgü türbənin görüm ucalığını gücləndirir. Türbənin bayır künclərini qapayan silindrik qülləciklər – kərpic sütunlar da əsasən bədii kompozisiya rolu oynayır. Bu sütunlar Xərrəqan türbələrinin sütunlarına bənzəyib, onlar kimi naxışla üzlənmişdir[6].

Kərpic gövdənin kubvari biçimi yuxarıda piramidal tutumlarla səkkizüzlü boyuna çevrilir. Vaxtilə bu boyun üzərində piramida biçimli bayır günbəz ucalırmış. Səkkizüzlü boyun tutumunda cəhətlərə yönələn və enişli şəkildə türbənin içinə açılan dörd pəncərə gözü var. Bayır üzlərdəki tağçaların içərisi kərpic hörgü üsulu ilə yaradılan saya naxışlarla doldurulmuşdur. Türbənin şimal baş fasadı daha zəngin bəzədilmişdir. Qapı gözü üstündəki mürəkkəb həndəsi naxış quruluşu gözəl kufi xəttli kitabə zolağı ilə haşiyələnmişdir. Haşiyə kitabədə türbənin sifarişçisi – Azərbaycan hakimi Əbüləziz Mahmud oğlunun adı yazılmışdır. Sivri tağça əyrisinin üstü kərpicdən yığılmış hörmə naxışlarla süslənmişdir. Firuzəyi rəngli kaşılı kərpiclər baş fasadın naxış kopozisiyasını xeyli zənginləşdirmişdir. Ancaq bu türbənin bişmiş kərpicdən ucaldılmış qırmızımtıl koloritinə hiss olunacaq təsir göstərməmişdir. Türbənin adın da məhz inşa zamanı istifadə edilmiş kərpic üzlüyün rəngi müəyyənləşdirmişdir[1][7].

  • Azərbaycan Arxeologiyası Orta Əsrlər , Bakı: Şərq-Qərb nəşriyyatı, 2008. — VI cild. — Səh.: 166.
  • Hatim, G.A., "Mimari-i lslami-i ıran dar dawrah-i Saljuqian", Tehran: 2000, s.193-198.
  • Hoag, J.D., "lslamic Architecture", Nyu York: Rizzoli, 1987.
  • Godard, A., The Art of ıran", Nyu York: Frederick A.Praeger, 1965, s.301-303.
  1. 1 2 3 "Memar adının və kaşının ilk dəfə işləndiyi abidə". trt.net. 14 iyul 2016. 12 fevral 2019 tarixində arxivləşdirilib.
  2. ""Açıq səma altında" muzey". azpress.az. 8 avqust 2014. 2019-02-12 tarixində orijinalından arxivləşdirilib.
  3. Azərbaycan Arxeologiyası Orta Əsrlər (PDF). VI. Bakı: Şərq-Qərb nəşriyyatı. 2008. səh. 166. ISBN 978-9952-448-28-3.
  4. "Azərbaycan milli memarlığı". anl.az. 24 iyun 2011. 12 fevral 2019 tarixində arxivləşdirilib.
  5. Hamid Məlikoğlu (10 yanvar 2021).Marağa şəhərinin tarixi abidələri dağılır Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine
  6. "Red Tomb" (ing. ). selcuklumirasi.com. 12 fevral 2019 tarixində arxivləşdirilib.
  7. "Arazın o tayındakı abidə tariximiz". anl.az. 19 oktyabr 2013. 12 fevral 2019 tarixində arxivləşdirilib.