Göy Günbəd türbəsi

Göy Günbəz Türbəsi və ya Göy Günbəd TürbəsiMarağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən və Möminə Xatun Türbəsinin təsiri ilə inşa edilmiş Azərbaycan memarlığının maraqlı nümunələrindən biri.

Göy Günbəz türbəsi
Ölkə
Şəhər Marağa
Yerləşir Şərqi Azərbaycan ostanı[1]
Aidiyyatı Böyük Səlcuq imperiyası
Tikilmə tarixi 1194
Üslubu Səlcuqlu memarlığı
Naxçıvan-Marağa memarlıq məktəbi
Göy Günbəz türbəsi (İran)
Göy Günbəz türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Göy Günbəz türbəsinin fasadında quraşdırılmış naxış sistemi

Göy Günbəz Səlcuq memarlığının səkkizbucaqlı qülləvari türbələrindən biridir[2]. Göy Günbəzin qülləsinin plan-məkan quruluşu Xərrəqan türbələri ilə birtiplidir – səkkizüzlü prizmanın bucaqları bayırda silindrik dayaqlarla möhkəmləndirilmişdir. Ancaq dayaqlararası sivri tağçalarda və karnizdə stalaktitlərdən istifadə etmək baxımından Göy Günbəz Mömünə Xatun Türbəsinin aydın təsirinə məruz qalmışdır. Bununla belə marağalı memar öz böyük naxçıvanlı həmvətənini yamsılamaqdan uzaq olmuşdur.[3] Mömünə Xatun türbəsində incəlik, təntənə klassik ciddiliyə tabe edildiyi halda, Göy Günbəz türbəsində dekorativlik, bədii şuxluğa üstünlük verilmişdir. Hətta Göy Günbəzin üst yazı qurşağı da kufi xəttinin daha dekorativ növü ilə yazılmışdır.

Göy Günbəz türbəsinin memarlıq bəzəyində ikiplanlı relyefi olan kərpic naxışlara tuş gəlinir. Onda daha qabarıq naxış quruluşu xüsusi profilli xırda kərpiclərdən yığılmışdır. Bu ümumi şəbəkənin altından keçən girihlər daha sıx quruluşlu olub, dayaz relyeflidir. Relyefli naxışların ümumi yerliyi isə batıq gəc səthlərdir. Marağalı memar özündən əvvəlki Azərbaycan memarlarının (zəncanlı Məhəmməddən, naxçıvanlı Əcəmiyə kimi) türbə bəzəyində işlətdiyi ənənəvi bir fənddən – türbənin hər üzünü, hətta künc dayaqlarını da başqa-başqa naxış quruluşları ilə bəzəməkdən imtina etmişdir. Onun seçdiyi şəbəkəyəbənzər naxışın çubuqları bütün üzləri və dayaq qülləciklərini bir-birinə sarımışdır. Göy Günbəzin də piramidal bayır günbəzi uçmuşdur.

Türbənin tarixi

[redaktə | mənbəni redaktə et]

El arasında Göy Günbəz Hülakü xanın anasının türbəsi kimi tanınır. Ancaq üstündəki kitabə onun hicri 593–cü ildə (miladi 1194), Hülakü xanın Azərbaycanda Elxanilər dövlətini yaratdığı və Marağanı bu dövlətin paytaxtı elan etdiyi vaxtdan xeyli öncə tikildiyini bildirir. Amma Hülakü xanın özü bütpərəst, anası Suyur Göktən Xatun isə xristian olmuşdur. Türbədə Qurandan çox sayda ayələrin olması bu türbənin Hülakü xanın xristian anasına aid olmadığını sübut edir[4]. Türbənin adındakı “göy” sözünün Göktən Xatunun adının qısaldılması nəticəsində yoxsa türbənin fasad bəzəyinin rənginə görə yarandığı məsələsində isə tədqiqatçılar daha çox ikinci varianta üstünlük verirlər. Həqiqətən də Qırmızı Günbəzdən fərqli olaraq Göy Günbəzin bəzəyində kaşı daha bol işlədilmiş, onun bayır tutumuna, xüsusilə üst hissəsinə göy kolorit vermişdir.

Türbənin müasir dövrdəki vəziyyəti

[redaktə | mənbəni redaktə et]

2018-ci ilin iyun ayında İran Mədəni İrs Təşkilatının məsulları, o cümlədən tarixi binaların qorunub saxlanılması və bərpa edilməsi şöbəsinin rəis müavini Mehrdad Cavadi Göy Günbəz və Dairəvi Türbənin yerləşdiyi yerə baxış keçirib. Yerli əhali fürsəti dəyərləndirərək əraziyə gedib və Azərbaycanın tarixi binalarının məhv edilməsi siyasətinə öz etirazlarını bildirib. Etirazçılar Azərbaycanın tarixi binalarının bərpa olunmamasına etiraz ediblər[5].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
  2. "Göy Günbəz türbəsinin həndəsi naxışları". aqra.az. 7 iyun 2013. 2021-08-04 tarixində arxivləşdirilib.
  3. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 99
  4. "Gunbad-i Kabud" (türk. ). selcuklumirasi.com. 2017-ci il. 2019-03-10 tarixində orijinalından arxivləşdirilib.
  5. "Marağalı soydaşlarımız Azərbaycanın tarixi binalarının sıradan çıxarılmasına etiraz bildiriblər". gunaz.tv. 18 iyun 2018.[ölü keçid]