Naxçıvan sancağı - Liva-i Naxçıvan (Naxçıvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi.
Naxçıvan sancağı (Naxçıvan hakimliyi) | |
---|---|
Naxçıvan sancağı (Naxçıvan ölkəsi) | |
Ölkə | Osmanlı dövləti Azərbaycan |
Daxildir |
1. Ağcaqala 2. Məvaziyi-xatın 3. Mülki-Arslanlı, 4. Qarabağ, 5. Dərəşam, 6. Dərəşahbuz, 7. Bazarçayı, 8. Şərur, 9. Zar, 10. Zəbil, 11. Əlincə, 12. Sisyan, 13. Azadciran, 14. Ordubad, 15. Şorlut 16. Dərənürgüt |
İnzibati mərkəz | Naxçıvan[q 1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 15881724 |
Ləğv edilib | 16031736 |
Müasir dövrdə |
Azərbaycan Ermənistan |
|
1590 Osmanlı dövlətində inzibati ərazi vahidi olmuşdur. Sancaq əyalətin və ya digər iri inzibati vahidin, nahiyə isə sancağın bölündüyü inzibati ərazi bölgüsü olmuşdur. Osmanlı-Səfəvi müharibələri nəticəsində iki dəfə 1588-1603 və 1724-1736-cı illərdə Səfəvi torpaqları Osmanlı dövləti tərəfindən tutularaq idarə edilmişdir. Bu illərdə tarixi Naxçıvan bölgəsinin ərazisi iki dəfə Osmanlı idarəçəliyində Naxçıvan sancağı inzibati vahidində birləşmişdir.[1]
Naxçıvan sancağının XVI-XVIII əsrlərdəki ərazisi və eyni zamanda inzibati bölgüsü haqqında dəqiq məlumatlar Osmanlı təhrir dəftərlərindən əldə edilmişdir.
Osmanlı dövləti tərəfindən 1590-1595-ci illər arasında təsdiq edilmiş [2][3] “İrəvan əyalətinin icmal dəftəri” [4] (həmin vaxt Naxçıvan sancağı bu əyalətin tabeçiliyində idi) və 1727-ci il "Naxçıvan sancağının müfəssəl dəftəri" [1] həmin təhrir dəftərlərindəndir. Akademik Z.Büyadov və H.Məmmədov tərəfindən işlənmiş bu mənbələrdə [5] Naxçıvan sancağının hüdudları haqqında verilən məlumatlar bu diyarın ərazicə böyüklüyü ilə yanaşı, eyni zamanda inzibati bölgüsü, ərazi-inzibati vahidlərinin sərhədləri, yaşayış məskənlərinin tipləri və sayları barədə tam məlumatı əhatə edir.
XVI əsrin sonlarında Naxçıvan sancağı Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt adlı 16 nahiyədən, Naxçıvan və Ordubad adlı 2 qəzadan və ibarət olmuşdur [6]. XVIII əsrin 20-ci illərində isə osmanlılar Naxçıvan sancağı ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancağını da yaratmışdılar. Lakin bu sancaq müvəqqəti olaraq 1724-1726-cı illərdə mövcud olmuş [7] və Naxçıvanın “müfəssəl dəftər”inin tərtibinin başa çatması ərəfəsində Ordubad sancağının saxlanılması məqsədəuyğun hesab edilməmiş, onun əhatə etdiyi ərazi isə Naxçıvan sancağının tərkibinə qatılmışdır. Bundan əlavə osmanlılar Naxçıvan sancağı üçün ayrıca bir “müfəssəl dəftər” tərtib edərkən Zar, Zəbil və Şərur nahiyələri Naxçıvan sancağının tərkibindən çıxarılmış və İrəvan əyalətinə birləşdirilmişdir. Bununla bərabər, Ordubad, Bazarçayı və Ağcaqala nahiyələri ləğv olunmuş, Sair Məvazi, Qışlağat və Dərələyəz adlı yeni nahiyələr yaradılmışdır. Beləliklə, osmanlıların Naxçıvan sancağının ərazisi və inzibati bölgüsündə apardıqları dəyişikliklər nəticəsində bu diyarın inzibati bölgüsündə 14 nahiyə (Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərələyəz) qalmışdır.
Naxçıvan sancağının ərazisi XVI-XVIII əsrlərdə müasir Naxçıvan MR-in ərazisindən xeyli böyük olmuş, indiki Ermənistan Respublikasının Ararat rayonunun cənub-şərq hissəsi, Yexeqnadzor rayonu bütünlüklə, Cermuk rayonunun yarısı, Sisyan rayonunun böyük bir hissəsi və Mehri daxil olmaqla rayonun bir neçə yaşayış mən¬təqəsinin ərazisini əhatə etmişdir. Bu zaman Naxçıvan şərqdə Ordubad nahiyəsi, qərbdə Şərur nahiyəsi, şimalda Dərələyəz, Zar, Zəbil nahiyələri, şimal-şərqdə Sisyan nahiyəsi, cənubda və cənub qərbdə Araz çayı, müəyyən vaxtlarda isə Arazın sağ sahilindəki torpaqların bir qismini özündə birləşdirən Qışlağat nahiyəsi daxil olmaqla böyük tarixi bir əraziyə malik olmuşdur. Səfəvi hökmdarları və Osmanlı hakim dairələri tərəfindən bölgənin tutulması zamanı bəzi vaxtlarda dövlətin inzibati ərazi bölgüsünə edilən müəyyən dəyişikliklər Naxçıvan sancağının sərhədlərinə də təsir etmişdir. Belə ki, Şərur, Dərələyəz, Zar, Zəbil və Qışlağat kimi nahiyələr bəzi hallarda bölgənin tərkibindən müəyyən müddətə çıxarıl¬dığından və ya daxil edildiyindən onun sərhədləri dəyişməli olmuşdur.
Osmanlı-Səfəvi müharibələri nəticəsində yaranmış məcburi köçlər bu dövrün ən ağır problemlərindən biri olmuşdur. XVI əsr boyunca davam etmiş müharibələr Naxçıvan diyarının demoqrafik vəziyyətinə mənfi təsir göstərmişdir. Hətta məcburi köçlər elə böyük miqyasda bas vermişdir ki, 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə, Naxçıvan sancağının tərkib hissəsi olmuş Bazarçayı, Zar və Zəbil nahiyələrinin əhalisi öz yurdlarını tərk etmiş və “müfəssəl dəftəri” tərtib edən məmurlar boş qalmış kəndlərin adını dəftərə qeyd etdikdən sonra, onlar üçün “heç kim yaşamır” deyə yazmışdılar. Təkcə yuxarıda göstərdiyimiz nahiyələr üzrə 74 kənd və 1 məzrəə (sakinləri olmayan kəndlərin əkin sahələri) kimsəsiz qalmışdır. Digər nahiyələrdə də xeyli sayda boşalmış kəndlər var idi.
Məcburi köçlərdən sonra tərtib olunmuş 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”nə əsasən Naxçıvan sancağı üzrə 6.037 nəfər vergi mükəlləfiyyəti daşıyan şəxsin (20 yaşdan yuxarı kişilərin) adı qeydə alınmışdır. Bunların da 28.6 %-i (1.728 nəfər) şəhərlərdə, 71,4 %-i (4.309) kəndlərdə yaşayanlar olmuşdular. 1727-ci ildə isə Naxçıvan sancağında 9.788 vergi mükəlləfiyyəti daşıyan şəxs (20 yaşdan yuxarı kişilər) qeydə alınmışdır. Əgər Şərur və yeni yaradılmış Sədərək nahiyəsindəki vergi mükəlləfiyyəti daşıyanlar da (müvafiq olaraq 204 və 1.800-2.004 nəfər) buraya əlavə edilsə, XVIII əsrdə Naxçıvan sancağının öz tarixi hüdudları daxilində 11.792 nəfər vergi mükəlləfiyyəti daşıyanların olduğunu görərik. Bu isə, qeyri-təbi ölüm və məcburi köç hallarını nəzərə almasaq, Naxçıvan sancağının əhalisinin sayında təqribən iki dəfə artım olduğunu göstərir. Eyni zamanda XVI əsrin sonlarından fərqli olaraq, XVIII əsrin 20-ci illərində Naxçıvan sancağının əhalisinin tərkibində şəhər əhalisinin nisbəti xeyli aşağı düşmüş və 10,2 % (1.196 nəfər) olmuşdur [8].
“Müfəssəl dəftər”lərin vergi mükəlləfiyyəti daşıyanlarla bağlı verdiyi məlumatlar bir qayda olaraq statik xarakter daşıyır və məhz tərtib edildiyi qısa dövrün vəziyyətini əks etdirir.
Osmanlıların Naxçıvan sancağı uğrunda apardıqları döyüşlər vaxtı yerli dinc əhali kütləvi şəkildə öz kəndlərini tərk edərək, osmanlılar ələ keçirmədikləri qonşu əyalətlərə köç etmişdilər. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri” kütləvi köçlərin əsasən Naxçıvan sancağından olduğunu göstərir. Bu dövrdə Naxçıvan sancağının 16 nahiyəsində olan 393 yaşayış məskənindən 269-nun əhalisi (yəni 68,5 %) öz yerlərini tərk etmişdi. Bəzi nahiyələrdə (Bazarçayı, Şərabxana, Zar, Zəbil) isə ümumiyyətlə heç bir adam belə qalmamışdır. Digər nahiyələrdə də vəziyyət buna bənzər idi. Misal üçün, Mülki-Arslanlı nahiyəsinin 7 kəndindən 6-nın, Ağçaqala nahiyəsinin 64 kəndindən 60-nın, Sisyan nahiyəsinin 34 kəndindən 28-nin, Məvaziyi-Xatun nahiyəsinin 20 kəndindən 8-nin, Qarabağ nahiyəsinin 8 kəndindən 5-nin, Dərəşahbuz nahiyəsinin 30 kəndindən 22-nin, Əlincə nahiyəsinin 42 kəndindən 25-nin əhalisi köç etməyə məcbur olmuşdur.
1727-ci ildəki vəziyyət isə XVI əsrin sonundakı vəziyyətdən xeyli fərqlənirdi. Doğrudur, bu dövrdə də kənd əhalisi məcburi köçlərə məruz qalsa da, bu proses XVI əsrin sonunda olduğu kimi kütləvi şəkildə baş verməmişdir. “Naxçıvan sancağının müfəssəl dəftəri” üzrə Naxçıvan sancağının bu dövrdə olan 331 yaşayış məskənindən yalnız 95-nin əhalisi öz yerlərini tərk etmişdi [9].
XVI əsrdə Naxçıvan sancağındakı kəndlərin 68,5 %-nin əhalisi öz yerlərini tərk etməklə yanaşı, "İrəvan əyələtinin müfəssəl dəftəri"nə görə, bu köçlərin istiqaməti əyalət daxilinə deyil, qonşu əyalətlərə tərəf yönəlmişdir. Əhalisi köç etmiş 269 kəndin, demək olar ki, hamısı adlarına görə (məsələn, İtqıran, Almalıq, Qızılca, Hacı Laləli, Qaraquş, Biçənək, Qaraboyalıq, Tülkütəpəsi və yüzlərlə başqaları) müsəlmanların yaşadığı kəndlər olmuşdur.
Yerli müsəlman əhalinin məcburən köçməsi ilə yanaşı Naxçıvan sancağı osmanlılar tərəlindən tam ələ keçirilənə qədər buralarda gedən döyüşlərdə xeyli sayda insanın əsir aparılması da demoqrafik dəyişikliyin səbəblərindən biri olmuşdur. Aparılan araşdırmalardan məlum olmuşdur ki, təkcə 1579-cu ildə osmanlılar tərəfindən Naxçıvan şəhəri və onun ətraf yerlərindən 40 mindən artıq əsir aparılmışdır [10]. Əsir götürmələri sünni osmanlıların icra etdiyini, əsas hədəfin də qeyri-müsəlmanlar deyil (sultan fərmanına görə onlara toxunulmaması buyurulurdu) [11], şiə əhalisinin oldıığunu nəzərə alsaq, əsir aparılanların (şiə) müsəlman əhalisi olduğu anlaşılacaqdır. Bu isə öz növbəsində Naxçıvan sancağının əhalisinin etnik tərkibinə də təsir etməyə bilməzdi.
İstər 1590-cı və 1727-ci illərin "müfəssəl dəftər"lərinin, istərsə də dövrün narrativ mənbələrinin məlumatlarından aydın olmuşdur ki, XVI-XVIII əsrlər boyunca Naxçıvan sancağında müsəlmanlar əhalinin əksər hissəsini təşkil etmişdir [12].
Baxmayaraq ki, bəhs edilən dövrdə Naxçıvan böl¬gəsinin ərazisində Naxçıvan, Culfa, Əylis, Qarabağlar, Azadabad, Ordubad və s. şəhərlər olmuşdur Naxçıvan sancağı üzrə yalnız Naxçıvan və Ordubadın adı sancağın şəhərləri sırasında göstərilmişdir [13].
1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə Naxçıvan şəhərində bu dövrdə 848 nəfər vergi mükəlləfiyyəti daşıyan şəxsin adı qeyd olunmuşdur. Vergi mükəlləfiyyəti daşıyanların ailə vəziyyəti nəzərə alınaraq, aparılmış hesablamalara görə, Naxçıvan şəhərində 4.208 nəfər, hərbçilərin və idarəçilərin sayını da bura əlavə etsək, şəhər əhalisinin sayının 5.000-dən çox olduğu aydın olur [13]. Bu isə Naxçıvan şəhərinin əhalisinin sayının hətta İrəvan əyalətinin mərkəzi şəhəri olan İrəvan şəhərinin əhalisindən təqribən iki dəfə çox olduğunu göstərir.
1727-ci ildə isə Naxçıvan şəhərində əhalinin sayının 4.000-ə yaxın оlması müəyyən edilmişdir. Bu isə qeyri-təbii ölüm və məcburi köçlərin də nəzərə alınması ilə şəhər əhalisinin sayında və ümumiyyətlə şəhərin demoqrafik inkişafında ciddi geriləmənin bas verdiyini göstərir. Naxçıvan sancağının “icmal” və “müfəssəl”dəftərlərinin məlumatlarına görə, Ordubad şəhərində 1590-cı ildə 281 nəfər, 1727-ci ildə isə 598 nəfər vergi mükəlləfiyyəti daşıyan şəxs olmuşdur. Aparılan hesablamalara görə Ordubad şəhərində XVI əsrin sonunda təqribən 1.500 adamın, XVIII əsrin əvvəllərində isə təqribən 3.000 adamın yaşadığını söyləyə bilərik.
“Müfəssəl dəftər”lərdə Naxçıvan şəhərinin məhəllələri barədə də dolğun məlumat vardır. 11 məhəlləsi (Qaziyi-cahan /başqa adı Xacə Mirixan, Seyid Hüseyn, Molla Əhməd, Mirzəbəy, Şahab, Günbəz başqa adı Nuri-Kamanlar, Bala, Hacıbəy, Xuzəmərək, Tizxiran, Qala, məhəlleyi-gebran) olan Naxçıvan şəhəri XVIII əsrin 20-ci illərində artıq iki məhəlləli (Aşağı və Yuxarı məhəllələr) şəhər olmusdur. XVI əsrin sonunda 5 məhəlləli (Mingis, Anbaras, Sərşəhər, Kürdətal /başqa adı Meydan idi və müsəlmanlarla qeyri-müsəlmanların birgə yaşadıqları məhəlleyi-əraminə) şəhər olan Ordubadda 1727-ci ildə 4 məhəllənin (Mingis, Anbaras, Sərsəhər və İçtərəngə) olduğu qeyd edilir. XVI-XVIII əsrlərdə Naxçıvan şəhəri tipik bir müsəlman şəhəri, hərbi-inzibati, ticarət, sənətkarlıq mərkəzi olmuşdur. Bu dövrdə Naxçıvan şəhərində 3 came (cameyi-Qızıl Arslan, cameyi-Məhmad kətxuda, cameyi-şərif (bu came sultan III Muradın şərəfinə ucaldılmışdı) və 10 məscid (Ağa məscidi, Hacı Xəlil məscidi, Keçəçi məscidi, Molla Əhməd məhəlləsinin məscidi, Sultan Mahmud məscidi, Hacı Sani məscidi, Bəsri məscidi, Şeyx Əminəddin məscidi, Ətməlik (?) məscidi, İsmayilan məscidi) var idi. 1727-ci ilə olan məlumata görə isə Naxçıvan şəhərində sultan Murad camesi və Həzrətpaşa camesi adlı iki came olmuşdur. XVI əsrin sonunda Ordubad şəhərində olan came və məscidlər haqqında məlumatlar olmasa da, 1727-ci ildə burada sultan Murad camesinin fəaliyyət göstərməsi dəftərdə qeyd edilir [14]
İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin 20-ci illərində Naxçıvan şəhəri hərbi-inzibati funksiyanı yerinə yetirən mərkəz kimi sancaqbəyinin iqamətgahının yerləşdiyi şəhər idi. Sancaqbəyi həbi işlərlə yanaşı, inzibati işləri təşkil edir və onların yerinə yetirilməsinə nəzarət edirdi. O, şəhərlərdə və eyni zamanda bütün Naxçıvan sancağında siyasi sabitliyə, onun əmin-amanlığın qorunub saxlanılmasına cavabdeh idi [15]. Məhkəmə işləri, eyni zamanda ticarət və sənətkarlıq sahəsində qaydalara əməl olunması, bazarlarda qiymətlərin və rüsumların müəyyənləşdirilməsi işini qazı və onun aparatı həyata keçirirdi (bu barədə İravan əyalətinin 1590-cı il tarixli qanunnaməsində ətraflı məlumat verilmişdir) [16]. Sənətkarlıq və ticarət barədə “müfəssəl dəftər”lərdə məlumat az olsa da, Naxçıvan və Ordubad şəhərlərinin ticarət mərkəzı olmasını söyləməyə kifayət qədər əsas vardır. XVI əsrin sonunda Naxçıvan və Ordubadda boyaxana, sabunxana, şamxana və qəssabxanalar olmuş, böyük bazarlar fəaliyyət göstərmişdir. Şəhər sakinləri eyni zamanda əkinçilik, üzümçülük və arıçılıqla da məşğul olmuşdur. XVIII əsrin 20-ci illərində Naxçıvan və Ordubad şəhərlərinin ticarət həyatında böyük canlanma nəzərə çarpırdı. "Müfəssəl dəftər"ə görə, bu dövrdə Naxçıvan şəhərində 5 bazar (Xətib bazarı, Şeytanbazar, Çanaq, Türangi, Meydan çarşıları), 191 dükan, 21 dəyirman olmuşdur. Sabunxana və boyaxanaların da fəaliyyət göstərməsi 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə yazılmışdır. Buna bənzər vəziyyət Ordubad şəhərində də olmuşdur. Bir böyük bazarı olan Ordubadda 210 dükan, 2 bəzirxana, 2 sabunxana, 5 dəyirman, 5 karvansara və Araz çayında bir iskələ fəaliyyət göstərmişdir [17]. İstər XVI əsrin sonlarında, istərsə də XVIII əsrin 20-ci illərində Naxçıvan sancağının şəhərlərinin ınkişafina müsbət təsir edən amillərdən biri də şəhərlərdə vəqflərin fəaliyyət göstərməsi olmuşdur [18].
1590-cı il “İrəvan əyalətinin icmal dəftəri” və 1727-ci il "Naxçıvan sancağının müfəssəl dəftəri" Naxçıvan sancağının XVI-XVIII əsrlərdə kənd təsərrüfatının vəziyyətinin öyrənilməsi baxımından da çox qiymətli mənbələrdir. Naxçıvan sancağında kənd təsərrüfatının ən geniş yayılmış sahəsi taxılçılıq olmuşdur. İstət XVI əsrin sonunda, istərsə də XVIII əsrin 20-ci illərində Naxçıvan sancağının elə bir nahiyəsi olmamışdır ki, orada taxılçılıqla məşğul olunmasın. Buğda, arpa, darı, demək olar ki, bütün kəndlərdə əkilmişdir. Dənli bitkilərdən düyü, mərcimək, maş və noxudun əkilib-becərilməsinə də xüsusi fikir verilmişdir.
Arıçılıq, pambıqçılıq və qoyunçuluğun da çox inkişaf etmiş sahələr olduğunu göstərə bilərik. Bağçılıq və üzümçülük isə bütün Naxçıvan sancağında, о cümlədən Naxçıvan və Ordubad şəhər əhalisinin də məşğuliyyət sahəsi olmuşdur. Naxçıvan sancağında əkin üçün yararlı torpaqların və eyni zamanda digər obyektlərin gəlirləri, illik gəlirinin həcmindən asılı olaraq "xass", "zəamət" və "timar" şəklində sultan, bəylərbəyilər, sancaqbəyilər, hərbçilər və digər əyalət məmurları arasında bölüşdürülmüşdür [15]. 1590-cı il "İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə о dövrün sultanı III Muradın xasslarına Naxçıvan, Əlincə, Ordubad, Şərur və digər nahiyələrin 21 kəndi, eyni zamanda şəhərlərdə olan boyaxana və şamxanaların, Naxçıvan duz mədənlərinin gəliri, bazar rüsumları və b. aid edilmişdir. Bəylərbəyi xaslarına İrəvan, Naxçıvan və Şərur nahiyələrinin 6 kəndinin və 3 məzrəəsinin gəlirinin verildiyi aydın olur. Gəliri baxımından geri qalan, lakin sayı baxımından çox olan zəamat və timarlar idi. Bu dövrdə Naxçıvan sancağında 135 zəamət və 543 timar qeydə alınmışdır.
Tamamilə başqa vəziyyətlə XVIII əsrin 20-ci illərində qarşılaşırıq. Zəamət olmayan Naxçıvan sancağında 30 timar təşkil edilmişdir. Naxçıvan nahiyəsinin Xaçaparaq kəndinin gəlirinin bəylərbəyi xassına aid edilməsi faktını çıxmaq şərti ilə Naxçıvan sancağının gəlirlərinin hamısı sultan III Əhmədin xassının gəliri kimi müəyyən edilmişdir [19].
Naxçıvan sancağında vergi mükəlləfiyyəti daşıyanlardan vergilər iki şəkildə - nəqd pulla və natural məhsul şəklində alınırdı. Dənli bitkilərdən natural şəkildə məhsulun 1/10-i ("üşr"), məhsulun toplanıb xırmana yığılmasından sonra ödənilirdi. Pambıq üçün vergi də eyni qayda ilə ödənilirdi. Ümumiyyətlə, "müfəssəl dəftər"də göstərilən vergilər ilin eyni fəslində deyil, əvvəlcədən müəyyənləşdirilmiş dövrlərdə ödənilirdi. Bu isə əkinçilərin müəyyən dərəcədə işini asanlaşdırırdı. Nəqd ödənən vergilər bir qayda olaraq torpaqdan istifadə ilə bağlı idi. Əkinçinin əkin yerinin sahəsi və ailə vəziyyətindən asılı olaraq, onu müəyyən kateqoriyaya aid edir və о əkin yeri üçün vergisini də kateqoriyası üçün müəyyən edilmiş həcmdə ödəyirdi. Qoyun vergisi, gəlinlik vergisi, dəyirman vergisi, badi-hava qrupuna daxil olan vergilər də nəqd ödənilirdi.
Bundan əlavə, əgər kənd və ya şəhər sakini öz həyətyanı sahəsində satış üçün deyil, özünün istifadəsi üçün meyvə, bostan məhsulları əkib-becərirdisə, о bunlar üçün vergi ödəmirdi.