Nelson Qeorqiyeviç Stepanyan (erm. Նելսոն Գևորգի Ստեփանյան; rus. Нельсон Георгиевич Степанян; 15 (28) mart 1913[1], Şuşa[2][1] – 14 dekabr 1944[2][1], Liepaya[1]) — İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, erməni əsilli sovet pilotu. Polkovnik-leytenant rütbəsi daşımış Nelson Stepanyan müharibə dövründə göstərmiş olduğu xidmətlərə görə, iki dəfə SSRİ-nin ali qəhrəmanlıq medalı olan Sovet İttifaqı Qəhrəmanı mükafatına layiq görülmüşdür.[3]
Nelson Stepanyan | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Ləqəbi | Baltik dənizinin fırtınaquşu |
Doğum tarixi | 15 (28) mart 1913[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 1944[2][1] (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm[1] |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet ordusu |
Qoşun növü | Sovet Hərbi Hava Qüvvələri[d] |
Hərbi hissə | SSRİ Hava Qüvvələri |
Xidmət illəri | 1930–1944 |
Rütbəsi | podpolkovnik[d][1] |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
47-ci döyüş diviziyasına komandiri olmuş Nelson Stepanyanın rəhbərlik etdiyi hərbi birləşmə Feodosiya səmalarında göstərmiş olduqları xidmətlərə görə SSRİ rəhbərliyi tərəfindən Feodosiyanın Şərəf Nişanı fəxri medalı ilə mükafatlandırılmışdır.
1944-cü ilin 14 dekabr tarixində Latviya Sovet Sosialist Respublikasının Liepaya şəhəri yaxınlığında aparılan şiddətli döyüş zamanı, idarə etdiyi döyüş təyyarəsinin vurulmasına baxmayaraq, pilot öz təyyarəsini düşmənə məxsus hərbi gəmi ilə toqquşdurmağa nail olmuşdur. Nelson Stepanyana ikinci Sovet İttifaqı Qəhrəmanı mükafatı, ölümündən sonra 1945-ci ilin 6 mart tarixində verilmişdir.
Nelson Stepanyan 1913-cü ilin 28 mart tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasına bağlı olan Şuşa şəhərində anadan olmuşdur. Ailəsi Nelson gənc yaşlarında olarkən İrəvan şəhərində məskunlaşmışdır. Nelsonun atası Qevorq Stepanyan əslən İrəvan şəhərindən olmuş ata evləri Yekmalyan küçəsində yerləşməkdə idi. Nelsonun anası əslən Dağlıq Qarabağın Şuşa şəhərindən idi. Qarabağ ermənilərindən olan anasının ailəsi Şuşa şəhərində yaşamışdır. 1911-ci ildə Nelson Stepanyanın atası Qevorq Stepanyan Şuşa şəhərində yerləşən toxuculuq fabrikində işləmək üçün ailəsi ilə birlikdə buraya yerləşmişdir. Şuşada olduğu müddətdə, Nelson Stepanyan anadan olmuş və ailə yenidən İrəvana qayıtmışdır.
Gənc yaşlarında hərbçi olmaq qərarına gələn Nelson, 1930-cu ildə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini bitirmişdir. Hərbi təhsilini davam etdirmək üçün hal-hazırda Rostov vilayətində yerləşən Bataysk şəhərindəki Hərbi Aviasiya Məktəbinə daxil olmuş və 1935-ci ildən oradan məzun olmuşdur. Nelson, 1938-ci ilə qədər Bataysk şəhərində, məzun olduğu hərbi məktəbdə uçuş mühəndisi kimi fəaliyyət göstərmişdir.[4]
1941-ci ilin iyun ayında Nasist Almaniyasının SSRİ üzərinə hücuma keçdiyi zaman Nelson Stepanyan hərbi aviasiya məktəbində uçuş mühəndisi vəzifəsində çalışırdı. Üçüncü Reyxin hücumu barədə xəbər alan kimi cəhbə bölgəsinə könüllü formada yollanmaqla bağlı ərizə vermişdir və İlyuşin İl-2 qırıcı-bombardmançı təyyarəsi ilə birlikdə onlarla hava döyüşlərinə qatılmışdır. Stepanyan öz təyyarəsi ilə birlikdə Poltava, Zaporojya, Odessa və Nikolayev şəhərlərinin səmalarında onlarla döyüş tapşırığını icra etmişdir. Sayca 20-ci uçuşu zamanı şrapnel şüşəsi ilə yaralanmışdır. Həmin vaxtı pilot Leninqrad səmalarında uçurdu və texniki baxımından 2-ci Eskadra, 8-ci Hava Briqadası, 57-ci şöbəsinin üzvü olmuşdur.
1943-cü ilin əvvəllərində müharibədə göstərmiş olduğu xidmətlərə görə mayor hərbi rütbəsi ilə mükafatlandırılmışdır. Həmin ildə, 47-ci döyüş diviziyasının komandiri vəzifəsinə də təyin olunmuşdur.[4] Rəhbərlik etdiyi diviziya ilə birlikdə Krım Muxtar Respublikasının liman şəhərlərindən olan Sevastopol, Feodosiya və Sudak ətrafında Sovet ordusu tərəfindən təşkil edilmiş hava hücumlarında iştirak etmişdir. Xüsusi ilə Feodosiya səmalarında göstərmiş olduqları fəaliyyətlərə görə SSRİ rəhbərliyi tərəfindən 47-ci döyüş diviziyasına Feodosiyanın Şərəf Nişanı fəxri medalı verilmişdir.[5]
1944-cü ilin mayında Stepanyanın rəhbərliyi etdiyi 47 nömrəli döyüş diviziyası Baltik ölkələrinə göndərilmiş və hava donanması burada alman və fin birləşmələrinə qarşı bir uğurlu döyüşlərdə iştirak etmişdir.[4] 1942-ci ilin 23 oktyabr tarixində Nelson Stepanyana SSRİ Ali Sovetinin qərarına əsasən SSRİ-nin ən ali qəhrəmanlıq medalı sayılan Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Həmin ilin noyabr ayında bombardmancı pilot 57-ci hücum alayının komandiri təyin edilmişdir. Stepanyan sonrakı aylarda Baltik Donanmasının Hava Qüvvələri kurslarında komandir olaraq iştirak etmiş və Yüksək Dəniz Hava Qüvvələrinin zabiti kimi aviasiya üzrə müxtəlif bacarıq təlimlərində iştirak etmişdir.
1942-ci ilin noyabr ayına olan məlumata əsasən təkcə Nelson Stepanyan tərəfindən 78 alman döyüş maşını, 67 tank, 63 hava hücumundan müdafiə sistemi, 19 minaatan, 36 dəmir yolu avtomobili və 20-dən çox döyüş və nəqliyyat gəmiləri dəqiq bombardman zərbələri ilə sıradan çıxarılmışdır.[6] Hava döyüşləri zamanı bir necə dəfə partizanların arxa xəttdən çıxmasına köməklik etdiyi üçün pilot Baltik ölkələrində döyüşmüş partizanların arasında da, məşhurluq qazanmışdır. Nelson Stepanyana partizanlar tərəfindən Baltik dənizinin fırtınaquşu ləqəbi verilmişdir.[4]
1944-cü ilin aprel ayında Krım üzərinə gerçəkləşdirilmiş həlledici döyüş zamanı Stepanyanın rəhbərlik etmiş olduğu 47-ci döyüş diviziyasına Krım və Kuban bölgəsinin havadan müdafiə edilməsi əmri tapşırıldı. Krımın geri alınması zamanı, Sovet ordusunun havadan təşkil edilən hücumlarına, demək olar ki, bu diviziya rəhbərlik etmişdir. Bu hərbi birləşmə təkrar olaraq Sevastopol, Feodosiya və Sudak şəhərləri üzərində düşmən təyyarələrlə döyüşə girmiş və yerdə olan düşmən obyektlərini şiddətli şəkildə bombardmana məruz qoymuşdur. Stepyanın şəxsən iştirak etdiyi hücumların ilk günü zamanı, pilot tərəfdən üç düşmən obyektinin sıradan çıxarıldığı qeyd olunmuşdur.
İdarə etmiş olduğu təyyarə 22 may tarixində ciddi şəkildə zədə almışdır. 47-ci döyüş diviziyasının Krım üzərində aparmış olduğu döyüşlərin nəticəsi olaraq, 3.000 minə yaxın düşmən əsgər və zabitinin öldürüldüyü və 29 ədəd düşmən texnikasının sıradan çıxarıldığı sovet mənbələri tərəfindən raport edilmişdir. Krım bölgəsinin azad edilməsinin ardından, pilotun rəhbərlik etmiş olduğu 47-ci döyüş diviziyası bütün şəxsi heyəti ilə birlikdə Fin körfəzi ərazisində aparılan hərbi əməliyyatlara cəlb olunmuşdur. 1944-cü ilin 22 iyul tarixində pilota "Qırmızı Bayraq" ordeni mükafatı verilmişdir.
Nelson Stepanyanın son döyüşü 1944-cü ilin 14 dekabr tarixində, Latviya Sovet Sosialist Respublikasının Liepaya şəhərinin səmalarında baş tutmuşdur. Pilotun idarə etmiş olduğu İlyuşin İl-2 qırıcı-bombardmançı təyyarəsi, düşmənin hava hücumundan müdafiə qurğusu tərəfindən vurulmasına baxmayaraq, pilot öz təyyarəsini düşmənə məxsus hərbi gəmi ilə toqquşdurmağa nail olmuşdur. Hadisə anında təyyarənin kabin hissəsində olan 47-cü döyüş diviziyasının naviqatoru Aleksandr Rumyantsevdə həlak olmuşdur. Müharibənin bitməsinə az qalmış, 47-ci döyüş diviziyasının komandiri Nelson Stepanyanın ölümü, diviziyanın digər pilot və əsgərlərini dərindən sarsıtmışdır.
47-ci döyüş diviziyası adından pilotun valideynlərinə göndərilmiş məktubda deyilir;
Nelson Stepanyannsadə və təvazökar bir insan idi, O, hamı tərəfindən sevilən və hər kəs üçün bir ata və ya bir müəllim, hər şeydən əvvəl isə bir komandir idi. Nelsonun son uçuş günündə, geri dönmədiyini gördükdə bütün diviziya ağladı. Göz yaşlarımızla rahatlıq tapacağımıza ümüd edirik. Amma bir əsgərin göz yaşları, metalın qırmızı isti damarları kimi, ürəyi yandırır və bizi intiqama səsləyir.[7] |
Krım və Baltik ölkələri səmalarında göstərmiş olduğu xidmətlərə görə SSRİ Ali Sovetinin 1945-ci il 6 mart tarixli qərarı ilə ikinci dəfə SSRİ-nin ən ali qəhrəmanlıq medalı sayılan Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. SSRİ mənbələrindən pilot tərəfindən konkret nə qədər düşmən texnikasının sıradan çıxarılması haqqında dəqiq rəqəm yoxdur. Əsas qəbul edilmiş göstəricilərə əsasən Nelson Stepanyan 239 dəfə riskli döyüş tapşırığı icra etmiş və bu tapşırıqlar zamanı 53 düşmən gəmisini batırmış (13 cəhd təkbaşına icra edilmişdir), 80 düşmən tankını, 600-dən çox müxtəlif təyinatlı texnikasını və 27 qırıcı-bombardmançı təyyarəsini sıradan çıxarmışdır.
Ölümündən sonra Nelson Stepanyanın xatirəsinin əbədiləşdirilməsi üçün Sovet Sosialist Respublikaları İttifaqının dörd şəhərlərində pilotun xatirəsinə büst qoyulmuşdur. Büstlərin ilki Ermənistan Sovet Sosialist Respublikasının paytaxtı İrəvan şəhərində ucaldılmışdır. Sayca ikinci büst isə pilotun son həlledici döyüşünün baş tutduğu Latviya Sovet Sosialist Respublikasının Liepaya şəhərində, üçüncü büst isə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuş Xankəndi şəhərində ucaldılmışdır. Liepayada qoyulmuş büst Latviyanın təkrar müstəqillik əldə etməsindən sonra, millətçilik zəmində hədəf kimi göstərilmiş və sovet nişanəsi olaraq qəbul edilmişdir.[4]
Rus donanmasının müdaxilələrindən sonra büst Liepaya şəhərindəki yerindən götürülmüşdür. 1990-cı illərin ortalarına qədər Liepayada yerində qalan büst, yaranmış söz-söhbətlərdən sonra Kalininqrad şəhərində yerləşən Rusiya ordusuna məxsus Baltik Donanmasının Dəniz Aviasiyası mərkəzinin qərargahına aparılmış və buradakı yeni ərazisinə yerləşdirilmişdir. SSRİ dövründə, pilotun adı bir necə axtarış və xilasetmə gəmisinə verilmişdir. SSRİ və Ermənistan Respublikasının dövründə üzərində Nelson Stepanyanın təsvirləri əks olunmuş poçt markaları çap edilmişdir.
2011-ci ilin 8 may tarixində, Böyük Vətən müharibəsinin qələbə ilə başa çatması münasibətilə Rusiya Federasiyasının Ulyanovsk vilayətinə daxil olan Ulyanovsk şəhərində, müharibədə döyüşmüş və Sovet İttifaqı Qəhrəmanı fəxri adı almış pilotların xatirəsinə həsir edilmiş abidənin açılışı baş tutmuşdur. Abidə də, adı qeyd olunan pilotlardan biri də, iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş Nelson Stepanyan olmuşdur. Pilotun adı ölümündən sonra, Krım Respublikasındakı Sevastopol və Feodosiya şəhərlərində yerləşən mərkəzi küçələrə və İrəvandakı orta məktəbə verilmişdir.