Oskar İvanoviç Şmerlinq (rus. Оскар Иванович Шмерлинг; 1 (13) iyul 1863[1][2][…], Stavropol, Stavropol quberniyası[d], Rusiya imperiyası[3] – 2 yanvar 1938[1][2][…], Tbilisi, Gürcüstan SSR, SSRİ[3]) — alman mənşəli rus və gürcü rəssamı, karikaturaçı, "Molla Nəsrəddin" jurnalının əməkdaşı.
Oskar İvanoviç Şmerlinq | |
---|---|
rus. Оскар Иванович Шмерлинг | |
Doğum tarixi | 1 (13) iyul 1863[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 yanvar 1938[1][2][…] (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, maarifçi, karikaturçu |
Təhsili | |
Janr | karikatur |
Vikianbarda əlaqəli mediafayllar |
Oskar Şmerlinq 1863-cü ildə Stavropolda hərbi qulluqçu ailəsində anadan olub. Tbilisi realnı məktəbində oxuyub. 1880–1881-ci illərdə özünün müstəqil "Ağcaqanad" (gürc. კოღო) jurnalını çıxarır, lakin bu jurnal maddi imkanlar baxımından yetərli olmur. Həmin illərdə "Falanj" (gürc. ფალანგა) jurnalına qoşulur, lakin karikatura barəsində təcrübəli olmadığı üçün 1884-cü ildə peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. 1889-cu ildə akademiyanı gümüş medalla bitirir. Oranı bitiridikdən sonra 1 il ərzində Qarabağda atasının evində, Xankəndində yaşayır və Şuşada təşkil olunmuş teatr tamaşalarına teatr truppası yığır.[4] Onun əsərləri Almaniyanın "Papifaks", Rusiyanın "Səmimi söz" (rus. Задушевное слово) jurnallarında yayımlanır.
Şmerlinq Rusiyada bir müddət xəstə olaraq yaşayır. Daha sonra Almaniyadakı Münhen Rəssamlıq Akademiyasında təhsilini davam etdirir. 2 il burada rəssam Frans Rubonun sinfində təhsil alır. Bir müddət alman "Radfar Humor" jurnalında işləyir. 1893-cü ildə Tiflisə qayıdır və ailəsi ilə Zubalaşvili küçəsində yaşamağa davam edir. 1901-ci ildə Gürcüstanın "Tsnobis Purtseli" qəzeti (gürc. ცნობის ფურცელი) onun şəkillərini yayımlamağa başlayır. "Eşmaxis Matraxi" (Şeytanın qamçısı), "Şurduli" (Sapand), "Bziki" (Eşşək arısı), "İblis" və "Kənd qarışıqlığı" adlı gürcü jurnallarında, "Molla Nəsrəddin" jurnalı, erməni "Xatabala" jurnalında işləmişdir.
Şmerlinq 1898-ci ildə Tiflis öz incəsənət məktəbini açıb, daha sonra "Qafqaz Sənətkarlarına Dəstək Cəmiyyəti"ndə "Rəsm, heykəltaraşlıq və arxitektura institutu"nun əsasını qoyaraq 1902-ci ildən 1916-cı ilə qədər rəhbərlik edib. 1922-ci ildə institut akademiyaya çevrilib. O həmçinin ilk Klassik Gimnaziyada da dərs deyib. Gürcüstanda Menşevik hakimiyyəti qurulandan sonra Gəncədə, Azərbaycan Xalq Cumhuriyyətinin dövlət litoqrafiya idarəsinin rəhbəri işləmiş, Sovet hakimiyyəti qurulandan sonra Azərbaycan SSR Xalq Maarifi Nazirliyinin Gəncə bürosunda və Rusiya İnformasiya Agentliyinin Qafqaz bürosunda işləyib.[5]
Oskar Şmerlinq görkəmli karikatura ustası kimi Qafqazda tanınmış, şöhrət qazanmışdı. İ. Həbibbəyli belə bir fikirdədir ki, ilk karikaturalarından etibarən Şmerlinq cəmiyyət həyatının müxtəlif sahələrinə özünün obyektiv tənqidi münasibətini ifadə etməyə çalışıb: "Çox maraqlıdır ki, Cəlil Məmmdquluzadə "Molla Nəsrəddin" jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. Oskar Şmerlinq 1906–1917-ci illərdə "Molla Nəsrəddin" jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib[6]. "Molla Nəsrəddin" jurnalının aparıcı ideyalarını əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yəni üz qabığında özünə layiqli yer tapıb. Milliyyətcə alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənib. Şmerlinqin nadir fırçasının məhsulu olan "Sizi deyib gəlmişəm", Qafqazda mədrəseyi-ruhaniyyə", "Niyə məni döyürsünüz?", "Molla Nəsrəddin", "İran sərhəddindən", "Xabi-qəflət", "Müsəlman məclisində rus zabiti", "Məhəmmədəli şahın Təbrizdən çıxması" və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib".
"Molla Nəsrəddin" jurnalının ilk sayının üz qabığındakı məşhur karikaturanın müəllifi kimi Oskar Şmerlinq həm də "Molla Nəsrəddin"in bədii obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda deyil, bütün Şərq aləmində qəbul edilməsinə nail olur. Bu cəhəti xüsusilə nəzərə çarpdıran İ. Həbibbəyli yazır ki, "Molla Nəsrəddin"in bədii obrazını ilk dəfə və çox mükəmməl şəkildə Oskar Şmerlinq yaradıb:
"Şmerlinqin çəkdiyi Molla Nəsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə "Molla Nəsrəddin" jurnalında çap olunub. Şmerlinqin yozumunda Molla Nəsrəddinin müdrikliyi və uzaqgörənliyi, yüksək vətəndaşlıq keyfiyyətləri böyük məharətlə canlandırılıb. Onun rəsmlərində Molla Nəsrəddinin daxili aləmi ilə yanaşı zahiri əlamətləri də milli kaloritə, Şərq adətlərinə uyğun şəkildə təsvir edilib. Bir sözlə, Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Nəsrəddinin portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir".
Şmerlinqin 40 illiyi 1933-cü ildə Tbilisidə keçirilmişdir. 1929-cu ildə solo sərgisi, 1964 və 2000-ci illərdə təkrar sərgiləri keçirilmişdir.
Əsərləri Gürcüstan muzeylərində saxlanılır.
İvan Şmerlinq və Matilda Şmerlinqin (memar Albert Salzmanın bacısı) oğludur. İncəsənət tarixçisi Rene Şmerlinqin atasıdır.