Mehmet Osman Kavala (türk. Mehmet Osman Kavala; 2 oktyabr 1957, Paris[1]) — Türkiyənin ictimai xadimi, hüquq müdafiəçisi, iş adamı və xeyriyyəçi. O, Türkiyədə bir sıra insan haqları layihələrini maliyyələşdirmiş və bu layihələrdə də fəal iştirak edib.[2]
Osman Kavala | |
---|---|
türk. Mehmet Osman Kavala | |
Doğum tarixi | 2 oktyabr 1957 (67 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | iş adamı, mesenat[d], insan hüquqları fəalı, sahibkar, xeyriyyəçi |
Mükafatları |
European Archaeological Heritage Prize (4 sentyabr 2019) Vatslav Havel adına mükafat (2023) |
Vikianbarda əlaqəli mediafayllar |
Osman Kavala Türkiyədə insan haqları təşkilatlarının işinin inkişafına böyük töhfə verib. O, bu sahədə aktiv fəaliyyətinə 1990-cı illərdən başlayıb.[3]
2002-ci ildə Kavala Türkiyənin müasir mədəniyyət və incəsənətinə həsr olunmuş Anadolu Kültür layihəsini təsis edib. Bu layihənin məqsədi türk sənətinin ölkə hüdudlarından kənarda təbliği, həmçinin türk sənət və mədəniyyət xadimlərinə dəstək olmaq olub. 2019-cu ildə Türkiyədə təhlükə altında olan mədəni irsin əhəmiyyətli nümunələrinin qorunması və qorunub saxlanmasında göstərdiyi səylərə görə Avropa Arxeoloqlar Assosiasiyasının Avropa Arxeoloji İrs Mükafatını[4] və İnsan Hüquqları Dərnəyinin İstanbul filialı tərəfindən Ayşenur Zarakolu Fikir və İfadə Azadlığı Mükafatını alıb. Onun Türkiyədəki həbsi Avropa İnsan Hüquqları Məhkəməsinin və on Qərb ölkəsinin səfirlərinin onun azadlığa buraxılmasını tələb etməsinə səbəb olub. Bu tələblər Türkiyə məhkəmələri və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rədd edilib.[5]
25 aprel 2022-ci ildə məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.[6]
2023-cü ilin oktyabrında Kavala İnsan Hüquqları üzrə Vatslav Havel mükafatına layiq görülüb.[7]
Osman Kavala tütün ticarətçisi ailəsindəndir. Ailəsi 1923-cü ildə Yunan-Türkiyə əhali mübadiləsi çərçivəsində Şimali Yunanıstandan Türkiyəyə köçüb.[8]
Osman Kavala İstanbulda Robert Kollecində təhsil alıb. O, Ankarada Orta Doğu Texniki Universitetində menecment, Böyük Britaniyanın Mançester Universitetində iqtisadiyyat üzrə təhsil alıb. Bundan əlavə, o, Nyu Yorkdakı "New School for Social Research"də doktorluq təhsilinə başlamış, lakin 1982-ci ildə atası vəfat etdikdən sonra İstanbula qayıtmışdır.[8]
Atasının ölümündən sonra o, Kavala Şirkətləri adlı ailə biznesinin başına keçib.[9]
1984-cü ildə o, gender və ətraf mühitlə bağlı müzakirələri təşviq edən BILSAK (Elm İncəsənət Mədəniyyəti Xidmətləri Cəmiyyəti) təşkilatının həmtəsisçisi olmuşdur.[10] O, 1990-cı illərdə fəaliyyətə başlayan bir neçə QHT-nin yaradılmasında iştirak edib. Bunlara TEMA (Türkiyə Meşələrin Bərpası və Təbii Yaşayış Yerlərinin Qorunması üzrə Torpaq Eroziya Fondu), Helsinki Vətəndaş Assambleyası və Cənub-Şərqi Avropada Demokratiya və Barışıq Mərkəzi daxildir. Türk Film və Audiovizual Mədəniyyət Vəqfi (TÜRSAK), Türkiyə İqtisadi və Sosial Araşdırmalar Vəqfi (TESEV), Mədəni İrsin Qorunması Dərnəyi (KMKD), Həqiqət və Ədalət Yaddaş Mərkəzinin idarə heyətində və Türk Tarixi Vəqfində çalışıb.
Osman Kavala Amnesty International təşkilatının sponsoru kimi də tanınır. O, İzmir, Diyarbəkir və Qaziantepdə mədəni fəaliyyətlərin təşviqi və dəstəklənməsi məqsədi daşıyan "Mədəniyyət məkanları" layihəsinin hazırlanmasında fəal iştirak edib. Layihə Höte İnstitutu, İsveçin İstanbuldakı Baş Konsulluğu, Hollandiya Səfirliyi və Türkiyənin Fransa İnstitutu tərəfindən "Anadolu Kültür" və İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) ilə birgə təşəbbüsü ilə baş tutub.[3]
2002-ci ildən Osman Kavala vaxtının çox hissəsini qurucusu və hazırkı sədri olduğu "Anadolu Kültür" xeyriyyə fondunda işləməyə həsr edib. "Anadolu Kültür" Türkiyənin inkişaf etməmiş bölgələrində mədəniyyət mərkəzləri fəaliyyət göstərir, Qafqaz və Balkan regionları, eləcə də Avropa İttifaqı ölkələri ilə mədəni əməkdaşlığı təşviq edir. Təşkilat incəsənət və mədəniyyət sahəsində yerli, regional və beynəlxalq əməkdaşlığı dəstəkləyir, mədəni irsin qorunması və qorunub saxlanmasına yardım edir. Onun məqsədi plüralist və demokratik cəmiyyəti təşviq etməkdir. Onun təşəbbüsləri arasında Diyarbakır İncəsənət Mərkəzi (2002-dən indiyədək), Qars İncəsənət Mərkəzi (2005–2009) və sərgilər, diskusiyalar, nümayişlər və seminarlar təşkil edən İstanbul Deposu daxildir.[11]
Osman Kavala amerikalı-macar milyarder Corc Sorosun yaratdığı beynəlxalq qrantlar şəbəkəsi olan Türkiyədə Açıq Cəmiyyət Fondunun təsisçilərindən biri olub.[3] 2018-ci ildə bu fond Türkiyədə fəaliyyətini dayandırıb.[12]
Osman Kavala 2013-cü ildə Taksim meydanının yanında yerləşən Gəzi parkının ərazisində tikintiyə qarşı aktiv etiraz aksiyalarına başlayıb. Ekoloji aksiya kimi başlayan etirazlar siyasi etirazlara və iğtişaşlara çevrilib. Etirazlar nəticəsində Türkiyə hakimiyyəti parkın ərazisində tikintidən imtina edib.[13] Həmin vaxt Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan bu etirazların təşkilatçılarının terror təşkilatları ilə əlaqəli olduğunu, lakin o zaman həbs edilmədiyini bildirmişdi.[13]
2016-cı ildə Türkiyədə hökumət əleyhinə silsilə etiraz aksiyaları keçirilib və Kavala da təşkilatçılıq da ittiham edilib. 2017-ci ildə Kavala bu ittihamla saxlanılıb.[13][14]
Kavala Taksim meydanında etiraz aksiyaları təşkil etməkdə ittiham olunub. O, 2020-ci ilin fevralında bu ittihamdan bəraət alıb, lakin dərhal 2016-cı ilin yayında dövlət çevrilişinə cəhdin təşkilində iştirakda ittiham olunub, nəticədə Kavala həbsdə qalıb.[13][14]
2021-ci ilin oktyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətindən Kavalanı azad etməyi tələb etdikdən sonra on ölkənin səfirlərini persona non qrata elan etdi.[2][15]
Türkiyənin geniş ictimaiyyəti səfirlərin bu demarşını pisləyib və bunu Türkiyə qanunvericiliyinə və məhkəmə sisteminin ədalətliliyinə hörmətsizlik kimi qiymətləndirib. Bu on ölkənin səfirləri beynəlxalq hüquqa sadiq olduqlarını bəyan etdikdən sonra münaqişə həll olundu.[16]
Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları uzun sürən araşdırma nəticəsində belə qənaətə gəliblər ki, Osman Kavala 2016-cı ildə Türkiyədə baş vermiş uğursuz çevriliş cəhdinin təşkilatçılarından biri olub.
2022-ci ilin aprelində məhkəmə Osman Kavalanı ömürlük həbsə məhkum etdi.[17]
2019-cu ildə Kavala Türkiyədə təhlükə altında olan mədəni irsin əhəmiyyətli nümunələrini qorumaq və mühafizə etmək səylərinə görə Avropa Arxeoloqlar Assosiasiyasından 21-ci Avropa Arxeoloji İrs Mükafatını alıb.[18]
2019-cu ildə İnsan Haqları Dərnəyinin İstanbul şöbəsindən 17-ci Ayşenur Zarakolu Fikir və İfadə Azadlığı Mükafatına layiq görülüb.[19]
2020-ci ildə Kavala insan hüquqları sahəsinə verdiyi töhfələrə görə verilən 12-ci Beynəlxalq Hrant Dink Mükafatını alıb.[20]
2023-cü ildə Vatslav Havel adına mükafatının laureatı olub.[21]