Osuqi Sakae (大杉 栄?, 17 yanvar 1885[1], Maruqame, Kaqava prefekturası – 16 sentyabr 1923, Tokio[d]) – Yaponiya anarxisti. Tayşo dövrünün ən tanınmış radikal anarxisti və solçu lideri olmuşdur.[2]
Osuqi Sakae | |
---|---|
yap. 大杉栄 | |
Doğum tarixi | 17 yanvar 1885[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 sentyabr 1923 (38 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, esperantoçu, jurnalist, tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Osuqi Sakae 17 yanvar 1885-ci ildə Kaqava prefekturasının Maruqame şəhərində doğulmuşdur. O, orduda xidmət edən bir zabitin ilk uşağı idi. 14 yaşında Naqoya Hərbi Akademiyasına daxil olsa da, 1901-ci ildə əmrə itaətsizlik səbəbilə uzaqlaşdırılmışdır. Psixoloji müalicə aldıqdan sonra təhsilinə Tokioda davam etdirməyə başlamış və Hərbi Heyət Kollecində fransız dili təlimçisi olmuşdur. Bu dövrdə Kotoku Şusui və Sakay Toşihikonun solçu ideyaları ilə tanış olmuşdur. Onun diqqətini anarxizm yox, cəmiyyətin təbiət kimi daim dəyişdiyini iddia edən təkamülçü nəzəriyyələr cəlb etmişdi.[2]
Osuqi 1906-cı ilə qədər Yaponiya radikalizminin passiv iştirakçısı olmuşdur. 1906-cı ildə Tokio tramvaylarında gediş haqqının qaldırılması səbəbilə başlamış etiraz aksiyalarına qoşulmuş və həbs edilmişdir. Osuqi 1906–1910-cu illərdə həyatının çoxunu məhbusluqda keçirmişdir. Bu dövrdə anarxizm haqqında əsərlər oxumuş, Mixail Bakunin və Pyotr Kropotkinin fikirləri ilə tanış olmuşdur. 1908-ci ildə baş vermiş Qırmızı bayraq insidentinə görə həbs olunmuş, 1910-cu ildə baş vermiş Vətənə xəyanət insidentində isə bəraət qazanmışdır.[2]
1912-ci ildə Osuqi və solçu dostu Kanson Arahata "Kinday şiso" (azərb. "Müasir fikir") adlı anarxist jurnal nəşr etməyə başlamışdırlar. 1917-ci ildə işçilərin həmkarlar ittifaqının lideri və aktiv esseçi olmuşdur.[2] 1920-ci ildə Komintern tərəfindən Şanxayda Asiya sosialistləri üçün təşkil olunmuş konfransa dəvət olunmuş, orada marksist-leninistlər və anarxistlər tərəfindən birgə redaktə olunacaq jurnal üçün vəsait almışdır, lakin iki qrup arasında yaranan ziddiyyətlər anarxist fikirlərin 1920-ci illərdə zəifləməsinə səbəb olmuşdur.[3]
Osuqi 1922-ci ilin dekabrında Berlində baş tutması planlaşdırılan anarxistlər konfransına qatılmaq və SSRİ haqqında məlumat toplamaq üçün Fransaya səyahət etmişdir, lakin Fransaya tutularaq Yaponiyaya deportasiya edilmişdir. 1923-cü ildəki Böyük Kanto zəlzələsindən sonra yaranmış qarışıqlıqdan istifadə edən hökumət bir çox solçu və koreyalını təqib etməyə başlamışdır. 16 sentyabr 1923-cü ildə Osuqi həyat yoldaşı İto Noe və bacıoğlusu ilə bacısının evindən qayıdarkən hərbi polis kapitanı Masahiko Amakasu tərəfindən saxlanılmışdır. Onların üçü də Amasaku və adamları tərəfindən döyülərək öldürülmüşdür. Bu hadisə tarixə Amakasu insidenti adı ilə düşmüşdür.[3]
Osuqi Yaponiyada esperanto hərəkatının qabaqcıllarından biri olmuşdur. O, 1906-cı ildə həbsxanada olarkən esperanto dili ilə tanış olmuş və dili öyrənməyə başlamışdır. O, azadlığa çıxandan sonra esperanto hərəkatının aktiv iştirakçısı olmuş, yapon dilindən esperanto dilinə ilk tərcümə işinin ("Momotaro" nağılının bir versiyası) müəllifi olmuş və esperanto məktəbi qurmuşdur. Onun esperanto dili öyrətdiyi çinli tələbələr Çində esperanto hərəkatının əsasını qoymuşdurlar.[4]
Osuqinin fikirlərinə Pyotr Kropotkin, Anri Berqson, Fridrix Nitsşe, Maks Ştirner və Jorj Sorel kimi şəxslər təsir etmişdir. O, bəşəriyyət tarixini siniflərin istismarı üçün qeyd kimi təsvir etmişdir. Fərdin öz mənliyini iradə gücü ilə inkişaf etdirə biləcəyinə inanmış, lakin həm özünü inkişaf etdirib, həm də başqaları üzərində üstünlük qurmaqdan qaçınmağın yolunu izah edə bilməmişdir. O, heç vaxt anarxist cəmiyyəti ətraflı təsvir etməmiş və bu cəmiyyətin necə təşkil oluna biləcəyini izah etməmişdir.[2]
1917-ci ildən sonra işçilərin gələcəyin cəmiyyətini qurduqlarını, lakin spontan proseslərin nəticələrinin qaranlıq olduğunu deməyə başlamışdır. Osuqinin maraq dairəsi işçilər olsa da, diqqətini intellektualların potensialına çevirmişdir. O, intellektualların tarixən əzilən sinifdən yüksəldiklərini, lakin hakimiyyət tərəfindən əməkdaşlıq üçün cəzb edildiklərini iddia etmişdir.[2] Osuqi 1921-ci ildən etibarən SSRİ-ni anarixstləri sıxışdırmaqda və proletar diktatorluqla hakimiyyət qurmaqda ittiham etməyə başlamışdır.[3]
Osuqi 1915–1916-cı illərdə Hori Yasuko ilə evli olarkən feminizm hərəkatının iştirakçıları olan İçiko Kamiçika və İto Noe ilə münasibət yaşamağa başlamışdır. Üçü ilə eyni anda münasibət yaşamağının səbəbini azad sevgi həyatı ilə bağlı nəzəriyyətini sınaqdan keçirməklə əlaqələndirsə də, üç qadın da bu nəzəriyyəni rədd etmişdir. Kamiçika onu bıçaqlamış, Hori ondan boşanmış, İto isə onunla evlənmişdir. Şəxsi həyatında yaşadığı bu skandaldan sonra bəzi həmkarları ondan uzaqlaşmışdırlar.[2]