Arxiyepiskop Pargev Martirosyan (erm. Պարգև արքեպիսկոպոս Մարտիրոսյան; 20 mart 1954, Sumqayıt) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ üzrə arxiyepiskopu, erməni siyasi və din xadimi. 1989-cu ildən etibarən Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri. Pargev Martirosyan Dağlıq Qarabağ müharibəsindən əvvəl və dönəmində Qarabağdakı erməni icmasının əsas din xadimi kimi çıxış etmişdir. İqamətgahı Şuşa şəhərində yerləşən Qazançetsots kafedralında yerləşirdi.
Pargev Martirosyan | |
---|---|
erm. Պարգև արքեպիսկոպոս Մարտիրոսյան | |
Digər adı | Qurgen Martirosyan |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
Vətəndaşlığı | Ermənistan |
Milliyyəti | erməni |
Təhsili |
İrəvan Dillər Universiteti Gevorkyan Seminariyası Peterburq Akademiyası |
Fəaliyyət illəri | 1989 - günümüz |
Vikianbarda əlaqəli mediafayllar |
Pargev Martirosyan 1954-cü ilin 20 mart tarixində Azərbaycan SSR-nin Sumqayıt şəhərində Qurgen Martirosyan adı ilə anadan olmuşdur. Ailəsinin əsli Şəmkir rayonunun Çardaxlı kəndindəndir. Ailə 1966-cı ildə İrəvan şəhərinə köçmüşdür. 1976-cı ildə İrəvan Dövlət Dillər Universitetini bitirən Pargev təyinatla Armavir mərzinə bağlı və əsasən yezidi kürdlərin yaşadığı Qamışlı kəndinə rus dili müəllimi göndərilmişdir.
Daha sonra Sovet ordusuna xidmətə yollanmış və tərxis olduqdan sonra 2 il müddətində Ermənistan Sənaye Nazirliyində çalışmışdır. Pargev 1980-ci ildə din xadimi olmağa qərar verir və bu səbəbdən Eçmiədzin şəhərində yerləşən Gevorkyan adına teologiya məktəbinə daxil olur. 1983-cü ildə həmin seminariyadan diakon rütbəsi əldə edir. 1984-cü ildə Gevorkyan Teologiya Seminariyasını bitirərək Sankt-Peterburq Teologiya Akademiyasına yollanır və oranı da 1986-cı ildə bitirir.
Böyük Britaniya Lordlar palatasının üzvü və keçmiş vitse-prezidenti, erməni diasporuna yaxınlığın ilə bilinən Baronessa Karolina Koks, Pargev Martirosyan haqqında danışarkən əhəmiyyətli dərəcədə ağıllı, intellekt sahibi və ən əsası inanclı bir şəxsdir ifadələrini işlətmişdir.[1]
1985-ci ildə Erməni Qriqorian Kilsəsi tərəfindən rahib olaraq qəbul olunmuş və Pargev adı verilmişdir. 1987-ci ilin aprel ayında vardapet seçilmişdir. Gevorkyan Teologiya Seminariyasında müəllim kimi çalışan Martirosyan eyni zamanda Sankt-Peterburq Teologiya Akademiyasında da doktorantura təhsilini tamamlamışdır. Bu tarixdən sonra bir müddət Müqəddəs Ripsime kilsəsində baş rahib kimi çalışmışdır. 1988-ci ilin noyabr ayında Erməni Qriqoryan Kilsəsinin rəhbəri I Vazgen tərəfindən yepiskop rütbəsi verilməklə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdən etibarən eyni vəzifəni icra etməkdədir. 1999-cu ildə I Qaregin tərəfindən Arxiyepiskop ali-dini rütbəsi verilmişdir.
Pargev Martirosyan Qarabağ münaqişəsi başlayandan sonra Qarabağda yaşayan erməni icmasının əsas din xadimi kimi hadisələrin gedişatında aktiv rol almağa başlamışdır. Xüsusi ilə 1992-ci ilin 8 may tarixində Şuşanın işğalı zamanı Martirosyanın fəaliyyəti qeyd olunur. Şuşa şəhərinin işğal əməliyyatı başlamamışdan əvvəl Arxiyepiskop döyüşçülərə xeyir-dua vermiş, şəhər işğal olunduqdan sonra isə əsgərlərlə birlikdə Qazançetsots kafedralında əməliyyat zamanı öldürülmüş erməni əsgərlər üçün dua oxumuşdur.
Kafedralda keçirilmiş bu dini ayin 1920-ci ildə baş vermiş Şuşa qırğınından sonra keçirilmiş ilk dini ritual hesab olunur.[2] Qazançetsots kafedralı işğala qədər Azərbaycan ordusu tərəfindən silah anbarı kimi istifadə olunmuşdur.[3]
Qarabağ müharibəsinin gedişatında Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmənin rəhbəri Karo Kahkeçyan və Monte Melkonyana yaxın olduğu iddia edilməkdədir. Pargev Martirosyan teologiya mövzusunda yazılmış üç kitabın və bir necə məqalənin müəllifidir. Şotakan Karate üzrə I dan qara kəmər sahibi olan Pargev, eyni zamanda Ermənistan Karate Federasiyasının fəxri prezidentidir. Rus və ingilis dillərini sərbəst bilir.