Parusiya

Xristianlıq


Xristianlıq

Parusiya (yun. παρουσία."hüzur", "gəliş") – Əhdi-Cədiddə İsa Məsihin dünyanın sonunda gəlişini bildirən söz. Yunan dilində "parusiya" sözü həm "gəliş, gəlmə", həm də "hüzur, yanında olma" mənasını verməkdədir.[1] Buna görə də parusiya dedikdə İsa Məsihin ikinci gəlişi ilə yanaşı Onun sirli "hüzuru" – möminlərin yanında, arasında olması da nəzərdə tutulurdu. Lakin ilk xristianlar bu sözü əksərən İsanın gələcək zühuru kimi başa düşürdülər. İsa Məsihin Özünün "təyin olunan vaxtları və tarixləri" bildirməməyinə[2] və "o günün və o saatın" (dünyanın sonu nəzərdə tutulur) yalnız Ata Allaha məlum olan bir sirr olduğunu[3] deməyinə baxmayaraq, ilk xristianlar parusiyanın tezliklə baş verəcəyini gözləyirdilər. İsa Məsih Özü "Tezliklə gəlirəm"[4] deyirdi, lakin "Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir"[5] nöqteyi-nəzərindən tezliklə dedikdə əsrlər də nəzərdə tutula bilərdi. İsanın tezliklə gəlməyi, hökm gününün yaxın olmasını eləcə də bununla izah etmək olar ki, hər insanın ömrü qısadır və ondan sonra hər kəs Rəbbin qarşısında cavab verməyə hazırlanmalıdır.

İsanın gözlənilməyən və gözlə görünən ikinci gəlişi

[redaktə | mənbəni redaktə et]

İsa təkrar gələcəyindən dəfələrlə danışmışdır:

Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.[6]

Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.[7]

Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.[8]

İsa görə qalxanda iki mələk şagirdlərinə belə demişdir: "Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq".[9]

Əhdi-Cədidin qalan hissəsi də İsanın təkrar gələcəyini öyrədir:

Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək.[10]

Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.[11]

"Bəli, tezliklə gəlirəm!" Amin. Gəl, ya Rəbb İsa![12]

Əhdi-Cədid İsanın təkrar gəlişinin gözlənilmədən baş verəcəyini və heç bir insandan gizli qalmayacağını öyrədir. Hər kəs İsanın zühurunu görəcəkdir:

Budur, O, buludlarla gəlir!

Hər göz Onu görəcək,
Hətta Onun bədənini deşənlər də
Onu görəcək.
Yer üzünün bütün tayfaları
Onun üçün ah-nalə edəcək.

Bəli, belə olacaq. Amin.[13]

Liberal protestant kilsələrində keçmişdə yayılmış İsanın Özünün deyil, sadəcə olaraq Ruhunun gələcəyi ideyası hal-hazırda əksər ilahiyyatçılar tərəfindən rədd edilmişdir. Buna səbəb, Əhdi-Cədidin açıq şəkildə "Rəbb Özü… göydən enəcək"[10] elan etməsidir. Bibliyaya və xristian kilsəsinin qədimdən bəri saxladığı ənənəyə görə, İsanın gəlişi insanların ürəklərində gizli şəkildə hüzuru deyil, həqiqi, fiziki, şəxsi surətdə yer üzünə enməsi ilə gerçəkləşəcəkdir.

İsanın ikinci gəlişinin nəticələri

[redaktə | mənbəni redaktə et]

Xristianların böyük əksəriyyəti inanır ki, Məsihin ikinci gəlişinin nəticəsində imansız adamlar mühakimə ediləcək, sadiq və mömin olanlar isə mükafat alıb yeni göylərdə və yeni yerdə Məsihlə birlikdə yaşayacaqlar. Ondan sonra Ata, OğulMüqəddəs Ruh olan bir Allah əbədi olaraq dünyada hökm sürəcək və insanlar onlara əbədi olaraq ibadət edəcəklər. Günah, dərd, əzab-əziyyət artıq olmayacaqdır. Bu inanclar Əhdi-Cədidə əsaslanır:

Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.

Taxtdan belə deyən uca bir səs eşitdim: "Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.

Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi".[14]

İsanın gəlişinin yaxınlaşdığını göstərən əlamətlər

[redaktə | mənbəni redaktə et]

İncilə görə, İsa Məsih Öz gəlişinin aşağıdakı əlamətlərindən bəhs etmişdir:

1) Müjdənin bütün dünyada vəz edilməsi.

Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.[15]

2) Böyük əziyyət.

Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır… Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç də olmayacaq. Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.[16]

3) Möcüzələr göstərən yalançı peyğəmbərlər.

Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.[17]

4) Səmadakı əlamətlər.

Amma o günlərdə, o əzab-əziyyətdən sonra günəş tutulacaq, ay nurunu saçmayacaq, ulduzlar göydən töküləcək, səma cisimləri lərzəyə gələcək. O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək.[18]

5) "Qanunsuz adam"ın meydana çıxması. Həvari Pavel öyrədirdi ki, qanunsuz adam meydana çıxmayınca Məsih gəlməyəcək. Məsih Öz qəlişində bu qanunsuz adamı məhv edəcək. Sözügedən qanunsuz adam bir qayda olaraq Vəhy Kitabındakı "vəhşi heyvan" kimi qəbul edilir və "Məsihin Əleyhdarı" yaxud "Antixrist" adlandırılır.

Rəbbimiz İsa Məsihin zühuruna… gəlincə… əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək. O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək… Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz. Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq. Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək. Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın.[19]

  • Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Парусия".
  • Грудэм Уэйн, Систематическое Богословие: Введение в библейское учение. Глава 53. Возвращение Христа: когда и как. СПб, "Мирт", 2004. стр. 1231–1251.
  • Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
  1. Древнегреческо-русский словарь Дворецкого http://lingvowiki.info/w/Древнегреческо-русский_словарь_Дворецкого/98 Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine — παρ-ουσία ἡ 1) присутствие, наличие (ἀγαθῶν Plat.): ὄμμα δόμων δεσπότου παρουσία (sc. ἐστίν) погов. Aesch. присутствие хозяина есть глаз дома; ἡ ἡμετέρα π. Thuc. (все) мы;2) прибытие, приход: παρουσίαν ἔχειν Soph. явиться, прийти; τῇ προτέρᾳ παρουσίᾳ Thuc. в первое же прибытие; 3) пришествие (τοῦ υἱοῦ τοῦ ἀνθρώπου NT); 4) обстоятельства, подходящий или удобный момент: ὅταν π. φράζῃ Soph. когда наступит (досл. укажет) подходящий момент.
  2. Luka Müjdəsi 1:7
  3. Mark Müjdəsi 13:32
  4. Vəhy Kitabı 3:11
  5. 2 Peter 3:8
  6. Matta Müjdəsi 24:44
  7. 1 Saloniklilərə 5:2
  8. Yəhya Müjdəsi 14:3
  9. Həvarilərin İşləri 1:11
  10. 1 2 1 Saloniklilərə 4:16
  11. İbranilərə Məktub 9:28
  12. Vəhy Kitabı 22:20
  13. Vəhya Kitabı 1:7
  14. Vəhy Kitabı 21:1–4
  15. Matta Müjdəsi 24:14
  16. Mark Müjdəsi 13:7–8, 19–20
  17. Mark Müjdəsi 13:22
  18. Mark Müjdəsi 13:24–26
  19. 2 Saloniklilərə Məktub 2:1–10