Pipistrellus kuhlii

Pipistrellus kuhlii (lat. Pipistrellus kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin pipistrellus cinsinə aid heyvan növü. Xırda heyvandır (kütləsi 4,1–11,5 q, bədəninin uzunluğu 38,3–52,0 mm, bazusu 30,0–38,0 mm). Yetkin fərdlərin tükləri bel tərəfdə kürənvari-noxudu, cavanlarda isə boz-noxududur. Omaarası və qanad pərdəsinin kənarı ilə səciyyəvi ağ zolaq uzanır.

Pipistrellus kuhlii
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cənubi Avropada, Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın 1800 m-ə qədər bütün ərazisində yaşayır. Düzənliklərdə və dağətəklərində ən çoxsaylı yarasadır. İl boyu rast gələn oturaq növdür. Xəzin rənginə və pərdənin alt kənarındakı ağ zolağın eninə görə (ortalama 5 mm) Şərqi Zaqafqaziyadan olan fərdlər lat. B.k.lepidus blyth yarımnövünə aiddir.

Yaşayış yeri və sayı

[redaktə | mənbəni redaktə et]

Sinantrop həyat tərzi ilə bağlı olaraq yarımsəhralarda, dağətəyi və 1000 m-ə qədər dağ çölləri qurşaqlarında antropogen landşaftın tipik sakinidir. Onun bütöv məskənləri Samur-Dəvəçi, Lənkəran, Kür-Araz ovalıqları, Abşeron yarımadası, Ceyrançöl və Hacınohur düzləri, Şəki yaylası üçün səciyyəvidir. Burada gönlücələrin məskunlaşma sıxlığı tikililərin sayından asılı olaraq 1 km 2-də 300–500 heyvan təşkil edir. Kiçik Qafqazın dağüstü kserofitlər qurşağında bu göstərici bir qədər az – 100-ə yaxın, Talış Zuvandında isə 10-dan azdır. Növün ən çox sayı Kür ovalığında qeydə alınmışdır. Burada ayrı-ayrı yaşayış məntəqələrində hər km2-ə 1000-dən artıq heyvan düşür. Onların sıxlığı Qızılağac Dövlət Təbiət Qoruğu sahəsində daha yüksəkdir. Bu isə Xəzər körfəzlərinin şirinləşmiş sahillərində ikiqanadlı həşəratların bolluğu ilə bağlıdır. Burada demək olar ki, bütün tikililərdə məskunlaşmışdır. Aran və aşağı dağlıq meşələr vilayətində yerləşmiş qəsəbələrdə bu gönlücənin sıxlığı hər km2-ə 100-dən (Lənkəran təbii vilayəti) 10–20-yə qədər (Quba-Xaçmaz massivi, Alazan-Avtoran vadisi) təşkil edir. 1500 m-dən yüksəklikdə onların sayı kəskin şəkildə azalaraq hər km2-ə heyvandan da az düşür. Bu cür böyük yayılma və saya XX əsrin ikinci yarısından, respublikanın arid vilayətlərinin geniş mənimsənilməsi və urbanizasiyasından sonra çatmışdır. Onlar tikilən binalarda məskunlaşır, çay vadiləri boyunca dağ çöllərinə yayılırlar. Hazırda bu növ şimala (Ön Qafqaz, Kalmıkiya, Aşağı və Orta Volqaboyu) və şərqə doğru (Türkmənistan) xeyli hərəkət etmişdir. Bir çox göstəricilərə onların məskunlaşma ocağı Azərbaycandır.

Sığınacaqları

[redaktə | mənbəni redaktə et]

Sığınacaqları tikililərlə sıx bağlıdır. Burada onlar demək olar ki, bütün divar boşluqlarında, qapı və pəncərə yarıqlarında, çardaqlarda və i.a. yaşayırlar. Erkəklər çox vaxt yarıqşəkilli sığınacaqlarda olurlar. Çoxalan dişilər daha geniş boşluqlara (qamış örtüklər, beton piltələr, tol, şifer, taxta və s. altındakı boşluqlar) üstünlük verir. Qış aylarında hər iki cinsdən olan heyvanların iri yığınları divarların dərin boşluqlarında tapılmışdır. Sığınacaqlarında havanın temperaturu 11–36 °C arasında dəyişərək, yayda 17,5–40, payızda 4–33, qışda 0–15 °C olur. Qış yuxusu dövründə temperatur çox vaxt xarici temperatura bərabər, ya da ondan 0,5–7 C çox, nadir hallarda 1–4o az olur. Heyvanların yığılma yerlərində maksimal temperatur saat 12-dən 18-ə, minimal isə 24-dən 6-ya qədər olur. Sərin vaxtlarda gönlücələr adətən çardaqların, divarların dar yerlərinə yığılırlar. Temperatur 30 C-dən yüksəyə qalxdıqda onlar sürünərək daha geniş havaçəkən sahələrə yayılırlar. Divar boşluqlarında və qamış örtüklərinin altında kəskin temperatur dəyişikləri olmadığından heyvanlar bu cür yerdəyişmələr etmirlər. Sığınacaqlarda gönlücələr özlərini səssiz aparırlar. Balalar doğulduqdan sonra uçuşa 5–10 dəqiqə qalmış, dişilər körpələrdən ayrıldıqda və qayıdarkən balalarını axtardıqda cırıldaşırlar. Narahat edildikdə heyvanlar gizlənir və narahatlıq amili aradan qalxana qədər uçmurlar.

Populyasiyanın tərkibi

[redaktə | mənbəni redaktə et]

Yazdan payıza qədər dişilər erkəklərdən ayrı yaşayırlar. Ancaq cavan erkəklər bəzən az sayda (4,7–3,8%) dişilərin arasında rast gəlinir. Erkəklər çox vaxt tək-tək olaraq oktyabrın ikinci yarısından dişilərə qoşulurlar. Yay yığınlarında yaşlı dişilərin sayı bir neçə fərddən 1000-ə qədər çataraq çox vaxt 20–50 fərd təşkil edir. Yarasaların başqa növləri ilə birlikdə aşkar edilməmişdir.

Cütləşmə payızda baş verir (oktyabrın ortalarından). Qış aylarında tədqiq edilmiş fərdlərin toxumluqlarının böyüməsi müşahidə edilməmişdir. Cütləşmə dövründə fəal heyvanların generativ orqanları və ağızlarının küncü sekretlə sarı-narıncı rəngə boyanır. Erkəklər bu zaman özlərini səs-küylü apararaq özünəməxsus cəhcəhlə dişiləri cəlb edirlər. Dişilər həyatlarının birinci, erkəklər isə payızında cütləşmədə iştirak edirlər. Balalıqda sperma yaza qədər qalır. Mayalanma və rüşeymlərin inkişafı çox vaxt aprelin ortalarında (soyuq yazda daha gec) baş verir. Mayın ikinci yarısında rüşeymlər artıq formalaşmış olur. Balavermə iyun ayında, ən qızğın çağı isə ayın ikinci yarısında baş verir. Bu proses eyni yığınlarda 20–30 gün çəkə bilər. Azərbaycanda yaşayan fərdlər üçün yüksək məhsuldarlıq qabiliyyəti səciyyəvidir. Çoxalmada iştirak etməyən dişilərin sayı az olub 0–10,5% (ortalama 280 tədqiq edilmiş fərd üçün 3,2%) təşkil edir. Bir yaşlı dişiyə 1,6–2 rüşeym və ya bala düşür.

Çılpaq, kor doğulmuş balaların inkişafı sürətlə gedir: ikinci, üçüncü gün gözləri açılır, 10-cu gün bütün bədənlərini tük örtür, əvvəlcə alt (10–15-ci gün), sonra üst (13–20-ci gün) çənələrində dişlər çıxır. 25 gündən sonra cavanların tam inkişaf etmiş dişləri olur və onlar parıldaya bilir. 30 günə yaxın yaşda uçmağa və yem əldə etməyə başlayırlar. Bir aylıq cavanlar yaşlılardan tutqun boz xəzləri və kiçik ölçüləri ilə fərqlənirlər. Bu dövrdə ən yüksək böyümə sürətinə traqus (yaşlılardakının 100%-ə qədəri), qulaq (95,5%), bədəninin uzunluğu (94,6%), bazunun uzunluğu (90,5%) malik olur. Bədəninin kütləsi daha ləng artaraq 65%-ə yaxın (ortalama 4,7±0,08 q) təşkil edir. Balalar böyüdükdən və süddən kəsildikdən sonra heyvanlar tükdəyişməyə başlayır. Yaşlı erkəklər iyulun ortalarında artıq yeni xəz örtüyünə malik olur. Tük dəyişilməsi başdan başlayaraq, sonra beldə, ən axırda isə qarında baş verir. Rüşeymlər və yeni doğulmuşlar arasında cinslərin nisbəti bərabər, qanadlanana qədər cavanların arasında ya bərabər, ya da cüzi fərqli, yarım yaşlıların arasında bərabər və ya dişilərin cüzi üstünlüyü ilədir (1:0,3). Bu sonuncu, balaçıxarma koloniyalarının dağılması ilə bağlı olub erkəklərin köçüb gedərək özlərinəməxsus yalqız həyat keçirməsi ilə bağlıdır. Yaş tərkibinə görə dişilər arasında 1–2 yaşlı fərdlərin sayı 30,0–94,0% (ortalama 73,6%), erkəklər arasında isə 43,7–88,8 % (67,3%) təşkil edir. 5 yaşından böyük heyvaların sayı azdır. Uyğun olaraq 2,87 və 6,0%. Diş kəsiklərinə görə dişilərin maksimal yaşı 8, erkəklərinki 7 ildir.

Əvvəlcə sığınacaqların yaxınlığında yemlənərək, sonra bərabər şəkildə 2–3 km məsafəyə qədər müxtəlif tərəflərə uçuşurlar. Həm yaşayış məntəqələri hüdudlarında, həm də onlardan kənarda (əkinlərin, plantasiyaların üzərində, çöl və yarımsəhrada) ov edirlər. Bu gönlücələrin uçuşu sürətli, səssiz olub yanlara və aşağı kəskin atılmalarla baş verir. Həzm sistemi orqanlarında və ifrazatında ağcaqanadlar, milçəklər, sikadkimilər, xırda kəpənəklər (atəşböcəkləri, qarışçılar) taxtabitilər, böcəklər (stafilinlər, vizilçəklər) hörümçəklər, qarışqalar aşkar edilmişdir. Həmişə cücü komponentləri xırda kəpənəklər, böcəklər üstünlük təşkil edir. Bu növün qidasında 20 dəstədən və fəsilədən həşəratlar qeydə alınmışdır. Məskunlaşma sıxlığı çox yüksək olan aran və dağətəyi rayonlarının ayrı-ayrı qəsəbələrində onlar gecə ərzində 7,5–10 kq cücü yeməlidirlər ki, bu da onların bütün fəal həyat dövrü ərzində (7–8 ay) 1,8–2,4 ton təşkil edir.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0