Qış Bulvarı (Bakı)

Qış parkı və ya Qış bulvarı — Bakıda, Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsiMirzə Ağa Əliyev küçəsi arasında yerləşən park. Basin yaşayış arealının yerində salınan[1] park 10 may 2013-cü ildə istifadəyə verilmişdir.[2] Açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişdir.[3] Uzunluğu 1 km, eni 150 metr olan park, Heydər Əliyev Sarayından başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanır.[2] Parkın sahəsi 7 hektardır.[4]

Qış bulvarı
Heydər Əliyev sarayından arxada görünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanan ərazi Qış bulvarıdır
Heydər Əliyev sarayından arxada görünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanan ərazi Qış bulvarıdır
Məlumatlar
Ölkə
Sahəsi 7 hektar
Yaradılıb 2013
Tabeçiliyi Bakı Şəhər İcra Hakimiyyəti
Ən yaxın ictimai nəqliyyat Nizami metrostansiyası
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Prezident İlham Əliyev Qış parkının açılışında

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri olmuş Cahangir Qocayevə görə "Qış bulvarı" ideyası "küləkdən gizlənməkdən" deməkdir. Bakı küləklər şəhəri olduğu üçün Dənizkənarı bulvarda ilin soyuq vaxtlarında vaxt keçirmək rahat olmur. Lakin yeni bulvarın tikiləcəyi yerdə isə isə adətən külək olmur.[5]

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin qeyd etdiyinə görə, bulvarın salınması ideyası 1924-cü ildə Bakının yeni Baş planı tərtib edilən zaman yaranmış və planda öz əksini tapmışdır. Sonrakı illərdə şəhərin Baş planı bir neçə dəfə yenidən tərtib ediləndə də bu ideya saxlanılıb. Bu ideyada Sabunçu vağzalından (indiki Azərbaycan Dəmiryol Muzeyi) başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər bulvarın salınması nəzərdə tutulub.[6]

1985-ci ildə təsdiqlənmiş köhnə Baş planda da yeni bulvarın eyni yerdə salınması nəzərdə tutulub.[5]

26 yanvar 2009-cu ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Bakıda Qış bulvarının tikiləcəyini bildirib.[5]

Bulvarın salınması nəticəsində başlanan söküntü işləri 1980-ci illərdə Bakı Dövlət Layihə İnstitunun hazırladığı layihəyə əsasən aparılıb. Bu layihədə Səməd Vurğun bağından Azdramaya qədər olan ərazidə park salınması nəzərdə tutulurdu. Lakin daha sonra həmin ərazinin bəzi hissələrində Mərkəzi Bankın binası və digər tikililər inşa olunub.[7] Yeni Müsavat qəzetinin 26 oktyabr 2009-cu il tarixli məqaləsində ayrılan maddi vəsait az olduğuna görə tikinti işlərini aparmaq istəyən şirkətin olmaması qeyd olunub. Şirkətlər və memarlar tərəfindən təqdim olunan layihələr Azərbaycan Arxitektorlar Birliyində müzakirə edilib və təsdiq üçün ölkə başçısına göndərilib. Layihəsi qəbul edilən şirkət ayrılan maddi vəsaitin az olduğunu bildirərək parkı tikməkdən imtina edib. Azadlıq qəzeti Qış bulvarının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəhbəri Arif Qaraşov tərəfindən tikiləcəyini bildirib.[8][9]

Bulvarın tikintisi zamanı ümumilikdə 26[10][11] tarixi abidə sökülüb. "Böyük Bakının Regional İnkişaf Planı" Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlının bildirdiyinə görə söküntü aparılan ərazidəki binaların 80-85%-i pis və uçuq vəziyyətdə olub. 80-ci illərdə hazırlanan layihədə tarixi abidələrin sökülməsi yox saxlanılması əks olunub.[7] Lakin aparılan söküntü işləri zamanı dövlət tərəfindən qorunan tarixi abidələr də sökülüb.[12] Memar Elçin Əliyevin bildirdiyinə görə bu problemi həll etmək üçün 23 may tarixində Nazirlər Kabinetinin qərarında dəyişiklik edib və qeyd olunan ərazidə yerləşən 23 abidə mühafizə edilən abidələr siyahısından çıxarılıb.[13]

Tikinti işləri zamanı Füzuli küçəsi, 39 ünvanında yerləşən bina Niderlandın "Bresser Eurasia BV" şirkəti tərəfindən 10.6 metr arxaya sürüşdürülüb. Ağırlığı 18 min ton, uzunluğu 52, eni 32, hündürlüyü 20 metr olan binanın sürüşdürülməsi 4 gün ərzində tamamlanıb.[14][15] Binanın sürüşdürülməsindən sonra sentyabr ayında binaya qaytarılması planlaşdırılan sakinlər binada yaranan çatlarla bağlı narahatlıqlarını bildiriblər.[16][17]

Tikinti zamanı sökülmüş evlər

Tikinti zamanı məcburi şəkildə sökülən evlərin sahiblərinə qərar verilmiş məbləğdən az ödənilən kompensasiya (hər kvadratmetrə görə 1500 manat[18]) sakinlər arasında narazılıq yaradıb.[18][19] Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri sakinlərə evlərindən çıxmayacaqları təqdirdə qaz, su və işıqlarının kəsiləcəyi ilə bağlı xəbərdarlıq edib.[20] Bununla bağlı Human Rights Watch təşkilatının hazırladığı hesabatda qeyd olunur ki, "bulvarın tikilməsi məqsədilə 2009-cu ildə başlanan sökmələrə görə, Bakının mərkəzindən yüzlərlə, "bəlkə də minlərlə" ailə evini tərk etməli olub." 2012-ci ildə Human Rights Watch təşkilatı ilə görüşdə Azərbaycan hökumət rəsmiləri Bakıdakı qanunsuz məcburi köçürülmələri təkzib ediblər.[21]

Mənzillərindən köçürülən sakinlərdən 52 nəfər Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət ərizəsi göndərib.[22] Məhkəmənin 22 oktyabr 2015-ci ildə çıxardığı qərara əsasən evindən zorla çıxarılmış sakinlərdən biri olan Nuriyyə Xalıqovanın şikayəti təmin edilib və Azərbaycan hökumətinin ona ümumilikdə 62.500 avro təzminat ödəməsi tələb olunub. Qərara görə Xalıqovanın evindən zorla çıxarılması və sökülməsi nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının birinci, beşinci, və səkkizinci maddələrini pozulub.[23]

  1. "Bakının köhnə yerləri - Basin küçəsi - Belarusdan gəlib paytaxtımızda ara qarışdıran YƏHUDİ". modern.az (az.). İstifadə tarixi: 22 aprel 2024.
  2. 1 2 "Qış parkı: Bakının möhtəşəm istirahət guşəsi – FOTO". Day.az (az.). 15 may 2013. 22 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2024.
  3. ""Qış park"ı açıldı". Yeni Müsavat. 10 may 2013. 22 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2024.
  4. Əliyev, Elçin. ""Qış bulvarı"nın göz görə-görə məhvi". 22 sentyabr 2019. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2024.
  5. 1 2 3 "Bakı Qış bulvarının tikintisi bir neçə ildən sonra başlaya bilər – Şəhərsalma Komitəsi". Trend İnformasiya Agentliyi (az.). 26 yanvar 2009. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  6. ""Qış bulvarı"nı uzatmaq vacibdirmi?". Azadlıq qəzeti (az.). 21 fevral 2014. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2024.
  7. 1 2 "Qış bulvarının layihəsi yoxdur?". Azadlıq Radiosu (az.). 7 dekabr 2010. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  8. ""QIŞ BULVARI"nda SÖKÜNTÜ QURTARIB, TİKİNTİ İSƏ GETMİR". Yeni Müsavat (az.). 26 oktyabr 2009. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-23.
  9. "Arif Qaraşov Fərhad Əhmədovun biznes ortağı olub - Onları ancaq biznes maraqlarımı birləşdirirmi?". poliqon.info. 1 oktyabr 2018. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  10. İsmayıllı, Sevda. "Sökülən tarixi abidələrin siyahısı açıqlandı". Azadlıq Radiosu (az.). 18 aprel 2013. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  11. Rivkin, Amanda; İsmayılova, Xədicə; Əsədzadə, Ülviyyə. "Azerbaijan: Baku is Bulldozing its Past" [Azərbaycan: Bakı öz keçmişini buldozerlə dağıdır]. Eurasianet. 27 aprel 2012. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  12. Qeybulla, Arzu. "The New Baku: demolition and "beautification"" [Yeni Bakı: söküntü və “gözəlləşdirmə”]. OBC Transeuropa (italyan). 28 avqust 2011. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  13. "It turned out they are not monuments at all" [Onlar heç də abidə olmadıqları ortaya çıxdı]. Jamnews. 16 iyun 2016. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  14. Rajabova, Sara. "Relocation of historic building in central Baku completed" [Bakının mərkəzindəki tarixi binanın köçürülməsi başa çatıb]. Azernews.Az (ingilis). 2 may 2013. 23 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  15. "Bakıda tarixi binanın sürüşdürülməsi işləri başa çatmışdır". Azərtac. 1 may 2013. İstifadə tarixi: 23 aprel 2024.
  16. "Sürüşdürülən binanın sakinləri narazıdır". Azadlıq Radiosu (az.). 6 dekabr 2013. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  17. "Bakıda sürüşdürülən bina çat verdi". 525-ci qəzet. 6 may 2013. 23 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  18. 1 2 ""Qış bulvarı"nın növbəti dalğası gəlir". musavat.com (az.). 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2024.
  19. "Human Rights Watch: "Qış bulvarı" şənlikdən xeyli uzaqdır". BBC News Azərbaycanca (az.). 7 may 2013. İstifadə tarixi: 22 aprel 2024.
  20. Musayeva, Günay. ""Qış parkı"nın ərazisi fevralın sonunadək boşaldılacaq (fotosessiya)". modern.az (az.). 18 fevral 2010. 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2024.
  21. "Azerbaijan: Stop Forced Evictions, Illegal Demolitions" [Azərbaycan: Məcburi köçürülmələrə, qanunsuz söküntülərə son qoyulsun] (ingilis). Human Rights Watch. 6 may 2013. 22 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2024.
  22. "'Qış bulvarı' Avropa məhkəməsində". Azadlıq Radiosu (az.). 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2024.
  23. "Avropa Məhkəməsi evi sökülən Bakı sakininin xeyrinə qərar çıxarıb". Amerikanın Səsi (az.). 22 oktyabr 2015. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2024.

Xarici istinadlar

[redaktə | mənbəni redaktə et]