Azərbaycan Dəmiryol Muzeyi — Azərbaycanda dəmir yolu tarixinə həsr olunmuş muzey.[1] Bakı şəhərində tarixi Sabunçu Vağzalının binasında yerləşir. Muzey 2019-cu ildən fəaliyyət göstərir.[2][3]
Azərbaycan Dəmiryol Muzeyi | |
---|---|
Əsası qoyulub | 2019 |
Mövzu | Azərbaycanda dəmiryolu tarixi |
Ölkə | |
Yerləşir | Sabunçu Vağzalının tarixi binası, Cəfər Cabbarlı meydanı |
Muzeyə yetişmək | M 1 28 May metrostansiyası |
40°22′46″ şm. e. 49°50′52″ ş. u. | |
muzey.ady.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəmiryol Muzeyinin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.[4]
Muzeydə Azərbaycanın dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif eksponatlar sərgilənir. Muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır. Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri nümayiş olunur. Burada, eyni zamanda, bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulur. Zaqafqaziya dəmiryolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.
Muzey köhnə Sabunçu Vağzalının binasında yerləşir. Bu bina 6 iyul 1926-cı il tarixində, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günündə istifadəyə verilib. Bakının Sabunçu Vağzalı elektrik qatarlarını qəbul edən ilk vağzal binası olub. Yeni vağzal binası "Tiflis vağzalı" binasından aralı tikilmişdi. O, düzbucaq altında birləşdirilmiş iki korpusdan ibarət idi. Binanın üz tərəfi şəhərə, arxa tərəfi dəmir yollarına baxırdı. Bina Azərbaycan milli memarlığı ənənələrinə uyğun inşa olunmuşdu, zahirən Şirvanşahlar sarayını xatırladırdı. Geniş foye, o dövr üçün müasir olan bilet satışı məntəqələri növbələri aradan qaldırmış, bilet satışı zamanı vaxt itkisinin qarşısı alınmışdı.
Muzeyin 3 sərgi zalı var.[5] Birinci sərgi zalında XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto və video materiallar, maraqlı eksponatlar, dəmir yolu və qatar modelləri yer alır. İkinci zalda XX əsrdə dəmir yolunda gedən inkişaf prosesini görmək mümkündür. Üçüncü zalda isə dəmir yolu qatarlarının modelləri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur.
Perronda hazırlanan zalda qatara çıxış şüşə ilə bağlanıb.[5] Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modeli görünür. Zalda dəmir yolu nəqliyyatına aid 2 maket, 2 film zalı var. Bu film zallarından biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub. Birinci mərtəbədə yerləşən kinozalda sənədli filmlər, tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən mühəndislər və insanlar barəsində bioqrafik filmlər nümayiş olunur. İkinci mərtəbədə yerləşən kinozalda dəmir yollarının, qatarların və dəmir yolu vağzallarının estetikası ilə bağlı bədii filmlər nümayiş edilir.
Muzeydə suvenirlərin satışını həyata keçirən mağaza da mövcuddur. Həmçinin, məkanda dəmiryolu tarixini mühüm məqamlarını əks etdirən foto və yazılı materiallar təqdim olunur. Burada Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsində dəmiryolunun rolu ilə bağlı faktlar və məlumatlarla tanış olmaq mümkündür.[6]