Qazaxıstan tarixi günümüzdəki Qazaxıstanın sərhədləri içində qalan bölgələrin tarix öncəsi zamanlardan günümüzə qədər davam edən tarixidir.
Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir.[1] 1400-cü illərdə müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaranmışdır. Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfaları Noqay xan ətrafında birləşərək Noqay Xanlığını qurdular. Bu xanlıq sonradan Qazax xanlığına çevrildi. Qazax xanlığı üç hissədən ibarət idi: Ulu juz, Kiçik juz və Orta juz. 1771-ci ildən etibarən onlar bir-birindən asılı olmayan siyasət yeritməyə başladılar. 1770-ci ilin sonlarında qazax juzları Rusiya və Çin arasında mübarizə meydanına çevrildi. Bu mübarizə rusların qələbəsi ilə başa çatdı. Bundan sonra ruslar işğal etdikləri qazaxların ölkəsində müstəmləkəçilik siyasəti yeritməyə başladılar. Bu torpaqların bütün imkanlarını mənimsədilər. Yerli qazaxları köçə məcbur etdilər. Qazaxların dilinə, dininə və yaşayışına müxtəlif qadağalar qoyulmuşdur. Aclıq və siyasi səbəblərlə 1912–17-ci illər arasında rus hökumətinə qarşı etiraz başladı. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar olaraq Mərkəzi Asiya bir müddət müstəqil oldu. 1917–20-ci illər arasında keçmiş qazax juzları birləşərək "Alaş Orda" dövlətini qurdular. Bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar hakimiyyəti ələ keçirdilər və bu tarixdən sonra SSRİ dövrü başladı.[2] Rus hökuməti qazaxların milli şüurunu itirməsi üçün müxtəlif yollara əl atdı. Stalinin vaxtında qazaxcadan ərəb və farsca sözlər çıxarılaraq bunların yerinə rusca kəlmələr qoyuldu. Günümüzdə də qazaxcada olan bəzi kəlmələr üçün rus sözləri işlədilir. Sovet hakimiyyəti altında olan dövrdə 1933-cü ildə süni aclıq, 1937–38-ci illərdə soyqırım, 1954-cü ildə 6 milyon 300 min hektar yerin zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rus köçləri yerləşdirmə planlarının həyata keçirilməsi, 1986-cı ildə məşhur "Celtoksan" hadisəsini söyləmək mümkündür.[3]