Q.Q.Şpet — rusiyalı filosof, psixoloq, pedaqoq, Rusiya İncəsənət Elmləri Akademiyasının həqiqi üzvü (1921) və vitse-prezidenti(1923—1929).
Q.Q.Şpet | |
---|---|
Qustav Şpet | |
Doğum tarixi | |
Doğum yeri | Kiyev |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | CCCP Rusiya |
Vəfat səbəbi | repressiya |
Elm sahələri | fəlsəfə, Millətlərin psixologiyası |
Elmi dərəcələri |
|
İş yerləri | |
Elmi rəhbərləri | Georgi Çelpanov, Edmund Husserl |
30-cu illərə qədər şəxsiyyətin inkişafının, mədəniyyətinin rolunu inqilabaqədərki ənənələr üzərində davam etdirməyə çalışan istiqamət də var idi. Bu istiqamətin yaradıcısı Q.Q.Şpet (1879- 1937) idi. Onun yaratdığı istiqamət marksizmə alternativ kimi nəzərdə tutulmuşdu. Kiyev Gimnaziyasını bitirdikdən sonra Şpet 1898-ci ildə Kiyev Universitetinin fizika- riyaziyyat fakültəsinə daxil olur. Psixologiyaya olan marağı onu tarix-filologiya fakültəsinə keçməyə sövq edir. O, 1905-ci ildə universitet təhsilini başa vurur və Çelpanovun tələbəsi olur. Çelpanov Moskvaya köçdükdən sonra Şpeti də ora dəvət edir. O, əvvəlcə Ali Qadın kurslarında, Şanyav Universitetində, 1910-cu ildən sonra Moskva Universitetində dərs deyir. 1907-ci ildə Çelpanov və Trubetskoyun zəmanəti ilə Moskva Psixoloqlar Cəmiyyətinə həqiqi üzv seçilir.[1] 1910-1913-cü illərdə xarici ezamiyyətlərdə olan Şpet bir neçə universitetdə – Berlin, Edinburq, Paris, Qettinqens universitetlərində təcrübə keçir. İnqilabdan sonra üç il Şpet aktiv və məhsuldar şəkildə çalışır. 1921-ci ildə onu və bir neçə digər məşhur psixoloqları marksizmi qəbul etmədiklərinə görə işdən çıxarırlar. Lakin Şpet Moskva Universitetinin nəzdində etnoqrafiya kabineti yarada bilir. Bununla da Rusiyada psixoldogiya elminin yeni bir sahəsinin – etnopsixologiyanın yaranmasının əsası qoyuldu. Şpet 1921-ci ildə Rusiya İncəsənət Elmləri Akademiyasının həqiqi üzvü seçilir. Bununla bərabər, fəlsəfə şöbəsinin sədri, akademiyanın vitse-prezidenti olan Şpet, demək olar ki, həmin dövrdə elmi fəaliyyətin mərkəzində olub.
Şpet bu illərdə özünün məşhur əsərlərini: «Etnik psixologiyaya giriş» (1927), «Sözün daxili forması» (1927) kimi əsərlərini yazır. Həmin dövrdə psixologiya elminin vəziyyətini təhlili edən Şpet Vedenski, Qrot, Çelpanov və başqalarının mövqeyini müdafiə edərək göstərir ki, eksperimental psixologiyanın inkişafı zəruridir. Lakin onların psixologiyanın fəlsəfəsiz inkişaf edə bilər fikrini kəskin tənqid edir. Göstərir ki, psixologiyanın əldə etdiyi faktlar fəlsəfi baxımdan təhlil edilməlidir.
Vundt göstərirdi ki, mənəvi-mədəni məhsul psixolojidir. Şpet isə onunla polemikaya girərək bildirirdi ki, xalqın mədəni tarixi həyatı psixoloji ola bilməz. Psixoloji olan mədəniyyətə, mədəniyyət məhsullarına münasibətdir. Şpetə görə, dil, miflər, adət, din, elm – bütün bunlar hamısı onların daşıyıcıları olan insanlarda mədəni hisslər formalaşdırır. Insanlar nə qədər fərqli olsalar da onların hamısı üçün ümumi olanlar da var.Mədəniyyət məhsullarını təhlil edərkən etnik psixologiya ilk növbədə, kollektiv hisslərə cavab tapmalıdır. Yəni xalq nəyi sevir? Nədən qorxuq? Nəyə etiqad göstərir? Şpetə görə insanın hansısa xalqa mənsub olması bioloji amillərə görə deyil, şüurlu mənsub olmadır. Fərd mədəniyyət məhsullarını, mənəvi dəyərləri mənimsəməklə ümumi hisslərə, xalqa mənsub olur.Xalq termini dedikdə, tarixən müəyyən ərazidə yaşayan, ümumi, əsasən sabit adət-ənənə, mədəniyyət və psixi xüsusiyyətləri olan, eyni zamanda özlərinin oxşar şüur daşıyıcıları olduğunu dərk və qəbul edən, digər insan birliklərindən fərqli olmalarını anlayan insan birliyi başa düşülür. Son vaxtlar isə müxtəlif elm sahələrində, o cümlədən, psixologiya elmində də “etnos” termini daha çox işlədilir. Etnosun formalaşması uzun tarixi birliyin, mürəkkəb ierarxiyanın, sistemin nəticəsi olmaqla öz əksini etnik şüurun birliyində tapır. Etnos dedikdə, eyni ərazidə yaşayan insanların etnik birliyindən başqa həmin ərazidə yaşamayan, lakin oxşar adət-ənənə, dil, mədəniyyət daşıyıcıları olan insanlar birliyi də başa düşülür. Etnik sistem və ya etnik çoxluq dedikdə eyni mədəniyyətə, ümumi dilə, psixikanın səciyyəvi əlamətlərinə, vahid ərazi və mənlik şüuruna malik olan, tarixi proses nəticəsində yaranmış insanlar çoxluğu başa düşülür. Belə bir çoxluğun üzvü, yəni etnik xassələrin daşıyıcısı etnofor adlanır. Etnik çoxluğun psixi xüsusiyyətləri onun mədəniyyətində təzahür edir, onu formalaşdırır və mədəniyyətlə qarşılıqlı təsirdə təşəkkül tapır. Bu zaman mədəni inkişafın məhsulları şəxsiyyətin sosializasiyasına əsas yaradır. Bu isə milli özünüdərkin vacib elementidir. Şpetin bu yanaşması etnopsixologiyanın inkişafına yeni bir yol açdı. Şpet hesab edirdi ki, dil yalnız milli şüurun deyil, həm də elmin inkişafında mühüm rol oynayır. Sosial, tarixi amilləri o, Rusiya ziyalılarının özünəməxsus keyfiyyətləri baxımından şərh edirdi.
1929-cu ildə Dövlət İncəsənət Elmləri Akademiyası bağlanır. Şpet işsiz qalır. 1935-ci ildə onu həbs edir, əvvəlcə Yeniseyə, sonra Tomsk şəhərinə sürgün edirlər. 1937-ci ildə onu yenidən həbs edir və güllələyirlər. Həmin il bir sıra görkəmli alimlər – Petrovski, Qabriçevski, Şapoşnikov və başqaları da güllələnir. Beləliklə, yeni bir psixologiya məktəbinin yaradılması cəhdi də uğursuzluğa düçar olur. Şpet öz elmi ideyalarının çoxunu həyata yeçirə bilməsə də, XX əsrin əvvəllərində kifayət qədər nüfuz sahibi olan bir psixoloq kimi qəbul olunurdu.
Yaş psixologiyası və pedologiya problemlərinə həsr olunmuş I Pedoloji Qurultayda (1928- 1929-cu ilin başlanğıcı) sovet psixologiya və pedologiya elminin inkişafı ilə bağlı ümumi mövqe qəbul olunur. Yeni istiqamət isə əsasən M.Y.Basov, L.S.Vıqotski və başqaları tərəfindən irəli sürülmüşdü. Bu konsepsiyaların təzahürü sübut edirdi ki, sovet psixologiya elmi özünün çiçəklənməsi dövrünü yaşayır.
Lakin 30-cu illərdən sonra pedologiya və psixotexnikaya hücumlar başlayır. Əlbəttə, həmin dövrdə bu elmlərin özləri də müəyyən qədər səhvlər buraxmışdı. Doğrudan da, həmin dövrdə kifayət qədər yüksək ixtisaslı praktik psixoloq yox idi, nəzəriyyə ilə praktika arasında kəskin fərq meydana çıxmışdı. Əgər həmin dövrdə nəzəriyyə və praktika arasındakı fərq obyektiv səbəblərdən yaranmışdısa, sonrakı dövrlərdə buna cəmiyyətdə gedən proseslər, ideologiya imkan vermirdi. Dəyişmiş sosial şərait psixoloqları məcbur etdi ki, nəzəri mövqelərinə yenidən nəzər salsınlar. 30-cu illərdə artıq elmi diskussiyalar deyil, kimin haqlı, kimin haqsız olması müzakirə olunurdu. Bu müzakirələrin nəticəsində qəzet və jurnal səhifələrində öz səhvlərini, günahlarını etiraf edən alimlərin yazıları üstünlük təşkil edirdi. Sovet psixoloqları faktiki olaraq on il müddətində elmin inkişafı ilə deyil, özlərini qorumaqla məşğul oldular.