Rekultivasiya (lat. re-yenidən başlama, təzədən təkrar edilmə; cultivo-becərirəm)- torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış işləri zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen relyef əmələgəlir və s. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir.
Torpağın rekultivasiyası adətən iki mərhələdə aparılır:
Rekultivasiya üsulları torpaqların rekultivasiyasında tətbiq olunan, daha doğrusu, pozulmuş və çirklənmiş torpaqların münbitliyinin bərpa olunmasına yönəldilən fəaliyyət və tədbirlər sistemidir. Bura töküntü süxurların yamaclarının bərkidilməsi, neftlə çirklənmiş torpaqlarda texniki və bioloji rekultivasiya, münbit torpaq qatının qazılması, daşınması, bioloji preparatlarla neftli torpaqların qatışdırılması, kanalların, karxanaların doldurulması, aqrotexniki, fitomeliorativ, meliorativ və s. tədbirlərin həyata keçirilməsi kimi işlər daxildir.[1]
Bu üsulda neftlə çirklənmiş torpaq qatı sahədən çıxarılaraq yuma sexinə daşınılır. Sexdə torpağın yuyulması üçün vidroələklərdən, hidrosiklonlardan, buxar qurğusundan, nasoslardan, transportyorlardan istifadə olunur. Bu proses müxtəlif mərhələlərdə gedir. Üç pilləli yuyulma zamanı torpaqdan ayrılan iri fraksiyalar və vibroələkdən keçməyən neftlə çirklənmiş digər dənəvər qrunt hissələri avtonəqliyyat vasitəsilə şlam yığılan sahəyə daşınır. Son mərhələlərdə, təmizlənmiş torpağın tərkibində olan neft məhsullarının miqdarı, müvafiq normaya uyğun, minimuma endirilir.
Təmizlənilmiş torpaq sexdən sahəyə qaytarılır yayılır. Torpaq işlərinin kartoqramması əsasında planlaşdırmanın hündürlük səviyyəsini relyefə uyğunlaşdırmaq üçün, lazım olan əlavə torpaq həcmi yaxın karxanadan rekultivasiya olunan sahəyə daşınılıb buldozerlə yayılaraq ərazinin landşaftı bərpa olunur. Göründüyü kimi mexaniki rekultivasiyada neft və neft məhsulları çirklənmiş torpaqların qazılması avtonəqliyyatla sexə aparılması və təmizlənmiş torpaqların sahəyə gətirilməsi rekultivasiya işlərinin əsasını təşkil edir.Bilavasitə fəaliyyətdə olan yeraltı kommunikasiyaların yaxınlığında torpaq işləri cavabdeh şəxsin nəzarəti və kommunikasiya sahibi olan təşkilatın nümayəndəsinin iştirakı ilə aparılmalıdır. Bu işlərin aparılmasında yalnız beldən istifadə edilməlidir. Zərbə alətlərindən (lingdən, külüngdən, pnevmatik alətlərdən və s.) istifadə etmək qadağandır. Əgər iş prosesində planda göstərilməyən yeraltı kommunikasiyalar (elektrik kabeli, boru xətti, kanalizasiya və s.) aşkar edilərsə, onda iş dayandırılmalı, işin rəhbərinə xəbər verilməli və eyni zamanda onların zədələnməməsi üçün tədbirlər işlənməli və komunikasiya yerləşən yerlər nişanlanmalıdır.
Torpaqda neftlə çirklənmə 5-7%-dən artıq olduqda mexaniki rekultivasiya işlərindən sonra sahədə bioloji rekultivasiya tədbirlərinin həyata keçirilməsi məsləhət görülür (N. Ismayılov, 2007). Bu üsuldan, aşağı çirklənmə dərəcələrində torpaq qatının sağlamlaşdırılmasında sərbəst (fitomeliorasiya), digər rekultivasiya üsulları ilə birlikdə də istifadə oluna bilər.
Bioloji rekultivasiya mərhələsi bir neçə pillədə həyata keçirilir. Onun ilk pilləsində meşə və kənd təsərrüfatı üçün ən çox əlverişli olan bitki növləri müəyyənləşdirilir. Birinci ili yoxlama məqsədilə bir və ya çoxillik yem otları səpilir. Tarla şəraitində həmin sahələrdə səpilmiş toxumların cücərmə vəziyyəti yoxlanılır. Əgər toxumların cücərməsi qənaətbəxş səviyyədə deyilsə, neft məhsullarının parçalanmasının müddəti herik altında bir il də uzadılmalıdır.
Neft məhsullarından sahənin təmizlənməsi prosesi başa çatdıqdan sonra sahələrdə şumlama, yumşaltma tədbirləri həyata keçirilməlidir. Aqrotexniki qaydada hazırlanmış sahələrə paxlalı (əkin qarayoncası, çəmən yoncası) və ya bir sıra çoxillik (taxıllar fəsiləsinə aid) yem otlarının səpilməsi məsləhətdir. Birinci mərhələ başa çatdırıldıqdan sonra, sahəyə mənimsəmə məqsədindən asılı olaraq digər bitkilər əkilir. torpaqda bütün ionlardan daha mütəhərrikdirlər, buna görə onların miqdarı dəyişdikdə, bu mikroorqanizmlərə böyük təsir göstərir. Mikroorqanizmlərin əksəriyyəti, mühitdə pH neytral olduqda, yəni H+ və OH-ionlarının miqdarı təqribən bərabər olduqda daha yaxşı fəaliyyət göstərirlər. Torpaqdakı nefti parçalayan mikroorqanizmlər və torpağa əlavə olunan bioloji dərmanlar üçün torpaq mühitindəki mübadilə yolu ilə müəyyən olunan pH əhəmiyyət kəsb edir. Buna görə də neftlə çirklənmiş torpaqlarda bioloji təmizləmə tədbirləri həyata keçirilərkən torpağın pH–a görə optimallaşdırılması vacibdir.
Bioloji üsul planlaşdırılarkən ərazinin torpaq-iqlim şəraitinə uyğun olan bitkilərin növ tərkibinin seçilməsi, əkilmə sxeminin müəyyənləşdirilməsi, sahədə aparılacaq aqrotexniki və meliorativ tədbirlər və digər məsələlər əvvəlcədən müəyyənləşdirilməlidir.
Neftlə çirklənmiş torpaqların kimyəvi rekultivasiyasına torpağa yüksək aktivli absorventlərin, əhəngin, natrisulfatın, dəmir oksidinin, üzvi və mineral gübrələrin və gipsin verilməsilə əlaqədar aparılan işlər daxil edilir. Bu yolla torpaq qatının neftdən təmizlənilməsi tədbirlərinin səmərəsi reagentlərin və ekotoksikanların reaksiya xüsusiyyətlərindən çox asılıdır. Təmizləmə aparılarkən, reagentin sulu məhlulu torpağa hopdurulur və ya quru halda torpağa səpilib qarışdırır, torpaq mühitində hidrofob ovuntu əmələ gəlir. Nəticədə neft maddələri parçalanaraq, ağır metallar fiksasiya olunur.
Bu üsulda torpağın təmizlənməsinin keyfiyyəti reagentlərin təmizliyindən və torpağa qarışdırılarkən görülən işlərin keyfiyyətindən asılıdır. Bəzən ovuntu torpaq məsamələrinə düşdükdə onun tərkibindəki üzvi maddələr təbii mikroorqanizmlər tərəfindən tədricən parçalanır, nəticədə sahədə təkrar çirklənmə prosesi gedir. Kimyəvi rekultivasiyada oksigen, hava, ozon hidrogenperoksid və kalium permanqanat kimi oksidləşdiricilərdən də istifadə olunur. Bu reagentlərdən 0,2 mkq/kq-dan 12 q/kq-ma qədər hüdudda xlorlaşdırılmış (üçxloretilen, üçxloramin, polixloretilen) torpaq qatını təmizləmək olar.
Yuxarıda şərh olunan neftlə çirklənmiş torpaqların sağlamlaşdırılmasının rekultivasiya üsulları texniki baxımdan mürəkkəb, iqtisadi cəhətdən baha başa gəldiyindən bəzi ərazilərdə (neft boru kəmərləri boyu çirklənmiş sahələrdə, buruq ətrafı qazma şlamları olan yerlərdə və s.) termik üsuldan istifadə edilməsi məqsədəuyğundur. Bu halda çirklənmiş torpaq (süxur) yerində yandırılaraq neftdən azad edilir. Bu üsul asan, iqtisadi cəhətdən ucuz başa gəlsədə, təmizləmə prosesi yalnız torpağın üst qatında gedir, yanğın nəticəsində təbii biosenozlar məhv olur, atmosfer havası yanma maddələri ilə çirklənir.
Termik üsul torpağın tərkibində olan mikroorqanizmləri tamam məhv edir. Bu üsulun nəticəsində təmizlənilmiş sahələrdə torpağın biokimyəvi aktivliyi, fizik ikimyəvi və fizioloji –biokimyəvi funksiyalarının bərpası üçün sonradan üçün müddət tələb edən texniki və aqrotexniki tədbirlərin həyata keçirilməsi tələb edilir. Buna görə termik üsul-lokal ərazilərdə, kiçik sahələrdə tətbiq edilə bilər.
Biotexnoloji rekultivasiya. Bu üsul torpaqdakı çirkləndiriciləri parçalamaq qabiliyyətinə malik olan mikroorqanizmlərdən istifadə etməyi nəzərdə tutur. Məlum olduğu kimi çirklənmiş torpaq (və ya su) mühitində adi halda gedən bioloji proses nəticəsində öz-özümü təmizləmə gedir. Bu proses, mühitdə mövcud olan mikroorqanizmlərin çirkləndiriciləri parçalanma qabiliyyətinə əsaslanır. Torpaq qatı neftlə və neft məhsulları ilə çirkləndikdə öz-özünü təmizləmə prosesi ləng gedir. Bu proses torpağın aerasiya zonasında məsamələrdəki havanın, rütubətin miqdarından, azot, fosfor və d. elementlərin mövcudluğundan asılıdır.
Neftlə çirklənmiş torpaq qatında təbii halda gedən öz- özünü təmizləmə prosesini sürətləndirmək məqsədilə biotexnologiya (bioremediasiya) üsulundan istifadə edilir. Bu üsulun mahiyyətini çirklənmiş torpaqlarda mövcud olan, ancaq mühitdə tam komplekt qida elementləri olmadığından çirkləndirici maddələri səmərəli parçalanmağa qadir olmayan, təbii mikroorqanizmlərin inkişafını intensivləşdirmək və aktiv fəaliyyətini bərpa etmək təşkil edir. Hazırda biotexnologiya üsulu ilə neftlə çirklənmiş torpaqların rekultivasiyasında əsasən aerob bakteriyalardan istifadə edilir.
Aparılan tədqiqatlar bu mikroorqanizmlərin neft karbohidrogenlərini aktiv parçalamağa qadir olduğunu göstərir (N. Ismayılov, 2007). Onların normal inkişafını təmin etmək üçün torpaq mühitində əlverişli şərait yaradılmalıdır. Karbohidrogenləri parçalayan mikroorqanizmlərin siyasına Pseudomonas, Rhodococcus, Bacillus, Arthrobacter, Azotobacter, Alkaligenes, Mucobacterium sinifinə aid bakteriyalar, Candida maye göbələkləri, Steptomyces sinfinə aid aktinomisetlər, Aspergillus və Penicillium sinfinə aid olan göbələklər və s. daxildir.
Torpaq qatında neft maddələrinin parçalanmasının sürətini artırmaq üçün torpağa verilən bioloji maddələr (dərmanlar) ayrılıqda və qarışıq halda tətbiq edilə bilər. Bu məqsədlə dünya ölkələrində Yuni-Rem, Petro trit, Avalon, Destroyl, Roder, Ekoyl, Devozoyl, Ekonadin və d. reagentlərdən istifadə edilir.
Rekultivasiya istiqamətləri rekultivasiya olunmuş torpaqlardan xalq təsərrüfatında istifadə olunma istiqamətləridir. Bu torpaqlardan ən çox kənd, meşə, balıqçılıq təsərrüfatı, eləcə də sanitar-gigiyena və rekreasiya məqsədilə istifadə edilməsi nəzərdə tutulur.
Torpağın rekultivasiyası insan fəaliyyəti nəticəsində (faydalı qazıntıların çıxarılması, su qurğularının yaradılması, meşələrin yox edilməsi, şəhərlərin salınması və s.) yararsız hala düşmüş torpaqların məhsuldarlığının bərpa edilməsidir. Mədənlər açıq üsulla istismar edildikdə yeraltı üsula nisbətən daha çox sahə yararsız hala düşür. Bu səbəbdəb Azərbaycan Respublikasında əkin və otlaq sahələri xeyli azalmışdır (Gədəbəy, Daşkəsən, Abşeron və b. rayonlarda). Mədən tullantılarını rekultivasiya etmək üçün əvvəlcə sahə iri daşlardan (Abşeronda neft qalıqlarından) təmizlənir, tullantının üstü hamarlanır və müxtəlif qalınlıqda torpaqla örtülür. Turşuluğu çox olan tullantılar neytrallaşdırılır və çatışmayan qida elementləri əlavə edilir, yerli şəraitə uyğun bitki növləri (ağac, kol, ot) əkilir və s.