Running Scared (azərb. Ürküb qaçan) — Azərbaycanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldar & Nigar cütlüyünün müsabiqədə ifa etdikləri mahnı. Finalda 221 xalla birinci olmuşdur. Running Scared mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Byurman və İen Farquhansondur. Bu müəlliflər Avroviziya 2010-da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi "Drip Drop" mahnısını bəstələmişdilər[1].
"Running Scared" | |
---|---|
2011 Avroviziya Mahnı Müsabiqəsi mahnısı | |
Ölkə | Azərbaycan |
Müğənni(lər) | Eldar & Nigar |
Dil | İngiliscə |
Bəstəkar(lar) | Stefan Örn, Sandra Bjurman və Iain Farquharson |
Sözləri | Stefan Örn, Sandra Bjurman |
Yarımfinal nəticəsi | |
Yarımfinal | I yarımfinal |
Çıxış sırası | 18 |
Yeri | 2-ci |
Xalı | 122 |
Final nəticəsi | |
Çıxış sırası | 19 |
Yeri | 1-ci |
Xalı | 221 |
Xronologiya | |
◄ Drip Drop (2010) | |
When the Music Dies (2012) ► |
Bu mahnıdan əvvəl ifaçıların heç biri kiminləsə duet ifa etməmişdi.[2] Hər iki ifaçı musiqi alətlərində Eldar pianoda, Nigar isə saksafondar ifa etməyi bacarır.[2] "Bizə duet şəklində çıxış etməyi təklif edəndə hər ikimiz narahat olduq. Hələ bilmirdik ki, bir yerdə işləyə biləcəyik ya yox. Lakin hər şey yaxşı oldu. Biz hər ikimiz sadəcə olaraq Avroviziyada çıxış etməyi çox istəyirdik. Sonra nə olacaq demək çətin idi. Baş verənləri dərk etmək lazım idi. Heç nəyi inkar etmək olmazdı." deyə Eldar qeyd edir.[2]
Birləşmiş Krallığın "Daily Mail" qəzetinin müxbirinin "Fəaliyyətinizə Eldarla birgə davam etmək istəyirsinizmi?" sualına Nigar Camal "Ola bilər ki, birlikdə bir neçə mahnı yazaq. Lakin sonra solo kariyeramı qurmaq fikrindəyəm." deyə cavab verib.[3]
Mahnının musiqisi isveçli Stefan Örn, Sandra Bjurman, Iain Farquharson, sözləri isə Stefan Örn və Sandra Bjurman tərəfindən yazılmışdır.[4] Eyni müəlliflər (Iain Farquharson istisna olmaqla) 2010-cu ildə Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil etmiş Safuranın ifa etdiyi "Drip Drop" mahnısının da müəllifləri olmuşlar.[5]
Eldar və Nigar duetinin ifa etdiyi "Running Scared" mahnısının harmoniyalı akustik və remix versiyaları hazırlanıb. Mahnının remix versiyasını DJ Ingo Martens aka Azzido Da Bass ərsəyə gətirib.
Mahnının akkustik versiyası isə gitaraçı və prodüser Dmitriy Çetverqovun müşayiəti ilə yazılıb. "Running Scared"-i akustik versiya üçün uyğun olduğunu hiss edən musiqiçi mahnını həqiqətən də ürəyə yatan formada hazılayıb. Onun bu yeni versiyası Beatles qrupunun Yesterday və Extreme qrupunun More than Words mahnılarını xatırladır.
Eldar və Nigar akuktik versiyada əlavə kompüter texnologiyasından istifadə edilmədiyini bildirir:
"Burada bir bizik, bir də musiqimiz. Mahnını ürəkdən oxumuşuq. Bundan böyük həzz aldıq"[6]. |
"Running Scared" mahnısının klipinin rejissoru Tarmo Krimdir. Tarmo Krim 2002-ci ildə Tallində keçirilən Avroviziya Mahnı Müsabiqəsinin prodüseri olub. Müsabiqənin pərəstişkarı Tarmo Krim həmişə Avroviziya mahnısına klip çəkməyi arzuladığını bildirib. Running Scared mahnısının klipi romantik və həssas bir tarixçədən bəhs edir. Gözəl mənzərə və kadrlarla zəngin olan klipin çəkilişləri dəniz sahilində aparılıb. Klip geniş tamaşaçı auditoriyasına aprelin 11-də İctimai Televiziyada təqdim olunub[7]. May ayının on səkkizində mahnıya çəkilmiş klipin YouTube video paylaşım saytında ən çox izlənən video olması açıqlanıb.[8]
"RBK Daily"dən Lüdmila Paşkova Avroviziya 2011 haqqında fikirlərini bildirdikdən sonra qeyd edir ki, "Ell & Nikki dueti müsabiqənin qalibi oldu. Gələn il müsabiqə Bakıda keçiriləcək. Deyəsən hələ heç vaxt Avroviziya bu qədər Şərqə üz tutmamışdı. Və heç vaxt Asiyanın bu qədər dərinliklərinə getməmişdi."[9].
"Deutsche Welle"dən Andrey Brenner qeyd edir ki, ""Running Scared" qısa, lakin güclü məhəbbətin tarxçəsidir. Hansı ki, Azərbaycan bu mahnı vasitəsiylə yarışmanı Xəzərin sahillərinə aparmağa cəhd edirdi."[10].
Ukraynanın "Kommersant" qəzetində yazılır: "Eldarın evdar xanımı Nigar Camal və Nigarın gənc tələbəsi Eldar Qasımov səhnəyə ağ paltarda çıxaraq lirik görüntü yaratdılar və "Running Scared" mahnısını ifa etdilər. Hansı ki, mahnı praktik olaraq onu yaddaqalan edən hansısa xüsusiyyətə malik deyildi."[11].
"Esctoday" qəzeti Azərbaycan nümayəndə heyətinin çıxışını, "Ell və Nikki Almaniyada fırtına qopardı" sözləri ilə ifadə edib.[12]. "The Music Magazine" jurnalında qeyd edilir: ""Running Scared" klassik Avroviziya mahnısıdır. Bir oğlan, bir qız, parlaq ağ paltar və ilk baxışdan məhəbbət."[13].
Musiqi tənqidçisi Katherine St. Laurent qeyd edir ki, "Onların hər ikisinin çox yaxşı səsi var. Mən şəxsən oğlanın səsini daha çox bəyənirəm. Məncə bu daha maraqlı və cəlbedicidir. Xorun ifası da olduqca alımlıdır, lakin mən həmin ifanı bir qədər də uzadar və sonda bir az sürətləndirərdim." Başqa bir tənqidçi — Frank McNamara isə Xorun ifasını çox bəyəndiyini bildiridikdən sonra qeyd edir ki, "mahnının sölərində heç bir çılğınlıq yoxdur. İfa isə müsabiqə gecəsinin ən yaxşı ifalarından biridir." Digər tənqidçi Charlie Rapino isə deyir: "Mən bunu çox bəyənirəm…musiqi səksəninci illərin mahnılarını xatırladır,…yaxşı ifaçılardır,…yaxşı təşkil edilmiş işdir."[14].
Türkiyənin "Cihan" xəbər agentliyinə müsahibə verən məşhur türk sənətçiləri isə Azərbaycanın əvvəlki illərdə göstərdiyi şoulardan sonra 2011-ci il Avroviziya Mahnı Müsabiqəsində qalib gəlməsinin təsadüf olmadığını və çox sevindiklərini bildirimişlər.[15][16] "Günişığı" qəzetinin müxbiri R. Mithat Yılmaz isə Azərbaycanın və Türkiyəni Avroviziya 2011 – də təmsil edən mahnıların ingilis dilində olmasını pisləmiş və həmin mahnıların türk mədəniyyətini yox, ingilis mədəniyyətini təbliğ etdiyini bildirmişdir.[17]
Ermənistan parlamentinin üzvü Qagik Məlikyan Azərbaycanın Avroviziya 2011 — də qalib gəlməsi fonunda, Ermənistan təmsilçisi Emmynin böyük uğursuzluğa düçar olmasından sonra, Ermənistanın Avroviziya təmsilçilərinin Ermənistan İctimai kanalında seçilməsi kriteriyalarının Ermənistan Parlamentində müzakirəyə çıxarılmasını təklif etmişdi.[18][19][20]
Azərbaycanda keçirilən Milli seçim turlarlarına Eldar Qasımov və Nigar Camal ayrılıqda qatılmışdılar.[21] Bəzi mənbələrin verdikləri məlumata görə, Milli Seçim Turlarının yekun nəticələrinə görə Nigar Camal heç də ilk yerlərdə olmamışdır. Lakin müsabiqənin nəticələri elan edilərkən təkcə tamaşaçıların deyil, münsiflər heyətinin də səsləri nəzərə alınmış və Nigar Camal və Eldar Qasımov digər finalçılar İlqarə Kazımova, İlhamə Qasımova və Aynişan Quliyevanı geridə qoyaraq Azərbaycanı 2011-ci ildə Avroviziya Musiqi yarışmasında təmsil etmək hüququ qazanmışdılar.[21]
"Running Scared" mahnısı 70 mahnı arasından ifaçılar və peşəkar münsiflər heyəti tərəfindən seçilmişdir.[22] Eldar Qasımov qeyd edir ki, "biz xeyli mahnı dinləsək də heç biri ürəyimizə yatmırdı. Lakin biz "Running Scared" mahnısının ilk notlarını eşidən kimi hər şey qaydasına düşdü. Biz sadəcə olaraq həmin mahnını sevdik. Bu isə çox vacibdir, nə ifa etdiyini biləsən və hiss edəsən."[23]
2011-ci ilin yanvar ayının 10-dan etibarən bir ay müddətində elan edilmiş mahnı müsabiqəsinə yerli bəstələrlə yanaşı, xarici bəstələr də təqdim olunmuşdu[24].
"Running Scared" 70 mahnı arasından seçilmişdir. Seçimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nurəliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu münsiflər heyəti aparıb.[25]
Eldar Qasımov bildirib ki, "Running Scared" mahnısı duet ortaqlarının səhnə stili, səsi və ruhları ilə çox həmahəngdir:
""Eurovision" auditoriyasının bu mahnını sevəcəyinə ümid edirik" |
Nigar Camal isə
"Bu, dərin mənalı, təsirli və gözəl mahnıdır. Bu bəstəni mənim kiçik qızlarım da çox bəyənir" |
— deyə söyləyib[26].
Eldar və Nigar Running Scared mahnısı ilə I yarımfinalda yarışdı. Səhnəyə 18-ci çıxdılar və 122 xalla Yunanıstandan sonra ikinci oldular. Finalda səhnəyə 19-cu nömrədə çıxdılar və İtalyanı 32 xal qabaqlayaraq 221 xalla birinci olmuşlar.
Azərbaycanın yarışmada qalib gəlməsi aydınlaşdıqdan sonra Bakı sakinləri maşınlarla şəhərin mərkəzi küçə və meydanlarına çıxaraq bu hadsəni qeyd etmişlər.[27]. Rusiyadakı azərbaycanlılar isə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə birgə Moskvanın küçələrində qeyd ediblər.[28]
Eldar və Nigar 3 iyunda MuzTV mükafat 2011 musiqi müsabiqəsində də "Running Scared" mahnısı ilə Azərbaycanı təmsil ediblər.[29]
Çart | Zirvə mövqeyi |
---|---|
Almaniya (Musicload Top 100 Singles)[30] | 7 |
UK Singles (UK Singles Chart)[31] | 61 |
Avstriya (Ö3 Austria Top 40)[32] | 22 |
Almaniya (Media Control Charts) | 33 |
Greek Digital Singles[33] | 8 |
İrlandiya (IRMA)[34] | 41 |
İsveçrə (Media Control Charts)[35] | 11 |
Belçika (Ultratop 50 Wallonia)[36] | 43 |
Belçika (Ultratip Wallonia)[37] | 22 |
Niderland (Mega Single Top 100)[38] | 59 |
İslandiya (Tonlist)[39] | 29 |
Rusiya (TopHit)[40] | 272 |
Slovakiya (IFPI)[41] | 57 |
iTunes Store Top 10 Songs (Almaniya)[42] | 7 |
iTunes Store Top 10 Songs (İsveç)[42] | 5 |
iTunes Store Top 10 Songs (İsveçrə)[42] | 4 |
iTunes Store Top 10 Songs (Lüksemburq)[42] | 6 |
iTunes Store Top 10 Songs (Yunanıstan)[42] | 7 |
Əvvəlki: Drip Drop |
Azərbaycanın Avroviziya mahnısı 2011 |
Sonrakı: When the Music Dies |
Əvvəlki: Satellite |
Avroviziya Mahnı Müsabiqəsi qalib mahnısı 2011 |
Sonrakı: Euphoria |