Rusiya imperiyası IV Dövlət Duması

IV Dövlət Dumasının çağrılması

[redaktə | mənbəni redaktə et]

IV Dövlət Duması 1912-ci ildə noyabrın 15-dən çağırıldı. Azərbaycanda seçkiqabağı kampaniya genişlənir, deputatlığa namizədlərə tapşırıqlar verilirdi.

IV Dövlət Dumasına seçkilər 1912-ci ilin sentyabr və oktyabrında keçirildi. III Dumaya seçkilərdə olduğu kimi, kuriyalar üzrə seçilmiş seçicilər öz içərilərindən iki deputat (quberniyaların müsəlman və erməni əhalisinin hər birindən bir deputat) seçdilər. 1912-ci il oktyabrın 20-də Məmməd Yusif Cəfərov və M.İ.Papacanov IV Dövlət dumasının deputatı oldular. Rus əhalisinin Tiflisdə seçilmiş deputatı L.İ.Skobelev kimi onların da hər ikisi Bakı şəhərində yaşayırdı.

Bakı şəhərinin sakini Məmməd Yusif Cəfərovun 27 yaşı var idi. Bakı Aleksandr gimnaziyasını, 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi, andlı vəkilin köməkçisi işləyirdi.

IV Dövlət Dumasında Məmməd Yusif Cəfərovun fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

IV Dövlət Duması 1912-ci il noyabrın 15-də fəaliyyətə başladı. M.V.Rodzyanko Dumanın sədri seçildi. O, oktyabrist-kadet çoxluğunun təmsilçisi olduğu üçün dərhal özünü konstitusiyalı quruluşun tərəfdarı elan etdi.

Məmməd Yusif Cəfərov IV Dumanın büdcə və köçürmə komissiyasına üzv seçildi və 7 deputatdan ibarət müsəlman fraksiyasına daxil oldu. "Kaspi" qəzeti onların partiya mənsubiyyətini səciyyələndirərək qeyd edirdi ki, fraksiyanın ilk beş üzvü mütərəqqi inamları rəhbər tutur, tərəqqipərvərlər partiyasına qoşulurlar; Samaranın nümayəndəsi sağçı, Dağıstanın nümayəndəsi isə oktyabristdir.[1]

IV Dövlət Dumasının fəaliyyəti, müsəlman ucqarları deputatlarının burada iştirakı, tərkibinə Məmməd Yusif Cəfərov da daxil olduğu müsəlman fraksiyasının iclasları Azərbaycan dövri mətbuatında geniş əks etdirilirdi. Cəmiyyətin siyasi mədəniyyətinin yüksəlişinə dair, Rusiyanın parlament həyatında baş verən hadisələr barəsində mətbuata geniş məlumatlar çatdırılmasına şərait yaradan, həmin dövrdə Peterburq Universitetində təhsil alan Ceyhun Hacıbəyli özü müntəzəm olaraq Dumanın iclaslarında iştirak edir, Bakıya ətraflı və yüksək peşəkarlıqla informasiya verirdi. Sonralar məşhur ictimai-siyasi xadim kimi tanınan Ceyhun Hacıbəyli "Kaspi" qəzetində çıxmış yazıları içərisində "Dağıstani" ləqəbi ilə imzalanmış "Peterburq məktubları", "Müsəlman fraksiyasında", "Müsəlmanın qeydləri" silsilə yazıları xüsusi yer tutur. O, oxucuları Tavriya sarayında hökm sürən ab-hava ilə tanış edir, müsəlman fraksiyasının uğur və müvəffəqiyyətsizliklərini, təhlil edir, onun üzvlərini kifayət qədər dəqiq səciyyələndirirdi.

Məmməd Yusif Cəfərov həm Dumanın, həm də fraksiyanın işində yaxından iştirak edir, seçicilərlə görüşərək, verilən tapşırıqlar və onların yerinə yetirilməsi sahəsində görülmüş işlər barəsində onlara məlumat verir, səmimi şəkildə fraksiyanın ağır maddi və mənəvi vəziyyətindən danışırdı. O, əksər Duma deputatlarının, xüsusilə sağların fraksiyaya yekəxana, təkəbbürlü münasibətini, onun haqq səsinə heç kəsin qulaq asmadığını, müsəlmanlara hüquqlar verilməməsindən danışan natiqlərə hər cür maneçilik törədildiyini qeyd edirdi. Müxtəlif çətinliklərə baxmayaraq, müsəlman fraksiyasının az-saylı üzvləri, o cümlədən də Məmməd Yusif Cəfərov vaxtı çatmış problemlərin həlli üçün Dumanın tribunasından, onun çoxsaylı komissiya və yarımkomissiyalarından istifadə edirdi. O, seçicilərinin və öz diyarının mənafeyini müdafiə etməklə yanaşı, IV Dövlət Dumasında təmsilçi olmayan ucqarların müsəlman əhalisinin də mövqeyini müdafiə etməyi öz üzərinə götürmüşdü. Məsələn, qırğızlar onları seçki hüquqlarından məhrum etmiş 1907-ci il 3 iyun qanununun ləğvini xahiş edir, ən yaxşı torpaqlarını köçürülən gəlmələrin tutmalarından narazılıqlarını bildirir, təhsillə bağlı bir sıra vacib məsələləri qaldırırdılar.

1912-ci il dekabrın 10-da Məmməd Yusif Cəfərov fraksiyanın adından hökumət bəyannaməsinə cavab nitqi ilə çıxış etdi. O, Qafqaz müsəlmanlarını maraqlandıran məsələlər (zemstvo özünüidarəsi; bəyannamədə bu məsələdən söhbət getməsə də, zemstvo əsasnamələrinin yenidən nəzərdən keçiriləcəyi bölgələr sadalanırdı) barədə müsəlman fraksiyasının tələblərini konkretləşdirdi. O, maarif məsələləri üzərində də dayandı: "Biz xalq maarifinə, ilk baxışda siyasətə heç bir yer olmadığı bu müqəddəs işə hökumətin qərəzli müsibətini acı təəssüflə qeyd edirik. İndiyədək hökumət müsəlmanların maarifləndirilməsi adı altında onların ruslaşdırılmasına yönələn tədbirləri həyata keçirməyə çalışmışdır". Məmməd Yusif Cəfərov xeyriyyəçilik və maarifçilik cəmiyyətlərinin, onların yanındakı məktəblərin bağlanması hallarının mövcud olduğunu qeyd edərək, bunları "rus həyatına, rus mədəniyyətinə qovuşdurmaq cəhdlərinin" hökumət tərəfindən təqib olunması, xalqa qarşı inamsızlığın təzahürü kimi qiymətləndirirdi.[2]

1916-cı ilin martında o, Dumanın iclasında maarif nazirliyinin smetasına aid çıxışında müsəlman fraksiyasının proqramını elan etdi. Bu proqrama maarif sahəsində müsəlmanların hüquqlarını məhdudlaşdıran qanıınvericilik aktları və inzibati normaların ləğvi, şagirdlərin ana dilində təhsilinin tətbiqi (bu zaman ibtidai məktəb proqramında rus dilinin öyrənilməsinə müəyyən yer ayrılırdı), ayrı-ayrı şəxslər və cəmiyyətlərə ana dilində məktəblər açmaq hüququ verilməsi arzusu daxil idi. Proqram həmçinin ana dilli məktəblərin müvafiq pedaqoji heyətini hazırlamaq üçün zəruri tədbirləri, müsəlmanlara son dərəcə vacib olan bu işdən ötrü büdcədən zəruri vəsait ayrılmasını nəzərdə tuturdu. Duma, fraksiyanın razılığı ilə, bu məsələnin iclasda çətin həll ediləcəyini nəzərə alaraq, onu xalq təhsili komissiyasına verməyi qərara aldı.

1916-cı il noyabrın 3-də IV Dumanın iclasında bir sıra deputatlar hökumətə etimadsızlıq elan etdilər. Məmməd Yusif Cəfərov fraksiyanın adından müxalifət tərəfindən hökumətin işinə verilmiş bu qiymətlə razılaşmadığını bildirərək dedi ki, "nifrətamiz milli zülm təcrübəsi heç vaxt belə miqyas almamışdır. Heç vaxt mərkəzləşdirilmiş qəlbsiz bürokratik aparat Rusiyanın digər xalqlarının milli hisslərinə belə ələ salmamışdır və onların məişət və mənəvi xüsusiyyətlərini, hazırkı dövrdə olduğu kimi, şikəst etməmişdir".[3]

Fraksiyanın sədri K.B.Tevkelov və Məmməd Yusif Cəfərov Nazirlər Şurasının sədrinə məktubla müraciət edərək, qeyri-rus xalqlarının orduya çağırılması işinin qaydaya salınmasını xahiş etmişdilər.

Bununla birlikdə onlar belə hesab edirdilər ki, tarla işlərinin qızğın çağında kəndlilərin məşğulluğu mütləq nəzərə alınmalı, onların ailələri də orduya çağırılmışların ailələri kimi dövlət payları ilə təmin olunmalı, tibbi və yaş yoxlanılması diqqətlə aparılmalı, fəhlə drujinalarına rəislər təyin edilərkən rəislərin yerli dili bilməsi nəzərə alınmalıdır.[4] Fraksiya və onun bürosunun səyi nəticəsində qeyri-rus əhalinin səfərbər edilməsi sentyabrın 15-dək təxirə salındı. "Açıq söz" qəzeti bu xidməti qeyd edərək yazırdı ki, "Qafqaz müsəlmanları fraksiyanın və büronun xeyrini gördülər, hərçənd ki, bizdən onlara bir xeyir yoxdur".

IV Dövlət Dumasının buraxılması

[redaktə | mənbəni redaktə et]

Ölkədə ümummilli böhran güclənirdi. Dumada təmsil olunmuş bütün siyasi qüvvələr dumadan narazı olduqlarını gizlətmirdilər. Çarizmə olan bütün ümidlər özünü doğrultmadı, vəd olunmuş islahatlar kağız üzərində qaldı. Tədricən aydınlaşdı ki, islahatlar keçirilməyəcək. Ümid məyusluqla əvəz olundu, bu da, demək olar ki, bütün Dumanı bürüyən əsəbiliyə çevrildi. Əsəbi Duma çar üçün də əlverişli oldu. 1917-ci il martın 1-də senata veriləcək çar fərmanları dərc olundu. Bu fərmanlara görə, Dumanın iclasları fevralın 26-da dayandırılmalı və 1917-ci ilin aprelindən gec olmayaraq başlamalı idi. Lakin nə hökumət fərmanını, nə də çarın yeni duma çağırmaq ümidlərini həyata keçirmək nəsib olmadı. Fevralın 26-da Dövlət Dumasının ağsaqqallar şurası dumanın buraxılması haqqında fərmanla tanış olaraq qərara aldı ki,"Dövlət Duması dağılmır, bütün deputatlar öz yerlərində qalsınlar".

  1. Государственная Дума//Стенографические отчеты. IV созыв. I сессия
  2. Государственная Дума//Стенографические отчеты. IV созыв. I сессия
  3. "Каспий", 11 февраля 1909 г.
  4. .Государственная Дума. //Стенографические отчеты. Сессия III, ч.III, səh.886.