Sərab xanlığı [qeyd 1] — XVIII əsrin sonu - XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan xanlıqlarından biri.
Xanlıq | |
Sərab xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Sərab |
Rəsmi dilləri |
Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
Ərazisi | Şimaldan Savalan dağı,Ərdəbil və Qaradağ xanlıqları,qərbdən Təbriz xanlığı,cənubdan İran İraqı (İraq-i Əcəm) və şərqdən Ərdəbil xanlığı ilə həmsərhədd idi.[2] |
Əhalisi | azərbaycanlılar, kürdlər |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Şəqaqi eli |
Xan | |
• (1747-1786) | Əli xan (ilk) |
• (1786-1800) | Sadıq xan Şəqaqi |
• (1820-1822) | Cahangir xan Şəqaqi (son) |
Ərazisi Şimaldan Savalan dağı,Ərdəbil və Qaradağ xanlıqları, qərbdən Təbriz xanlığı, cənubdan İran İraqı (İraq-i Əcəm) və şərqdən Ərdəbil xanlığı ilə həmsərhədd idi.[3]
Xanlığın banisi kürd əsilli Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) olmuşdur.[qeyd 2] O vilayətdə istiqlaliyyət qazandıqdan sonra,onun daxili vəziyyətini nizama saldı. Əli xan Şəqaqi eyni zamanda dağılmaqda olan şəhər qala divarlarını bərpa etdi və möhkəmləndirdi. Xanlığı daxilən möhkəmləndirdikdən sonra,o,öz torpaqlarını qonşu vilayətlər hesabına genişləndirmək qərarına gəldi. Lakin Məhəmmədhəsən xan Qacarın tarix səhnəsində görünməsi və onun Azərbaycanı özünə tabe etmək məqsədilə gördüyü hərbi tədbirlər Əli xan Şəqaqiyə öz planını həyata keçirməyə imkan vermədi.[4]
Əli xan Şəqaqi xanlığı müdafiə etmək məqsədilə dörd minlik Şəqaqi atlısı ilə Məhəmmədhəsən xanın qarşısına çıxdı. İki qoşun arasında gedən qanlı mübarizə Məhəmmədhəsən xanın məğlubiyyəti ilə nəticələndi. O,üç yüz nəfərdən artıq tələfatdan sonra Sərabdan geri çəkilməyə məcbur oldu.[5] Bu hadisə Sərab xanlığının möhkəmlənməsinə və Əli xanın daha da şöhrətlənməsinə səbəb oldu. O,xanlığın sərhədlərini möhkəmləndirdikdən sonra ərazisini genişləndirmək məqsədilə hətta demək olar ki,başsız qalan İran dövlətinin ərazisinə qoşun çəkməyə başladı.[6]
Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.
XVIII əsrin ortalarında zorakılıqla Nadir şahın hakimiyyəti altında birləşdirilmiş ölkələr iri feodallar tərəfindən idarə olunan ayrı-ayrı xanlıqlara (feodal dövlətlərinə) parçalandı.[qeyd 3] İran və ona daxil olan vilayətlərdə feodal pərakəndəliyi özünün yüksək zirvəsinə çatdı. Ara müharibələri və mərkəzi şah hakimiyyəti uğrunda gedən müharibələr bir-birinə qarışdı.
XVIII əsrin ikinci yarısında İran hakimiyyəti uğrunda gedən müharibələr paytaxtın 6 dəfə dəyişilməsinə və mərkəzi hakimiyyətin 14 dəfə biri digəri ilə düşmənçilik edən müxtəlif feodalların və sülalələrin əlinə keçməsinə səbəb oldu.[7] Bu dövrdə İran taxt-tacı uğrunda bir-birilə qarşıya duran iyirmiyə yaxın nüfuzlu sərkərdə mübarizə aparırdı.[8]
İranda belə vəziyyyətin davam etməsi,mərkəzi dövlət aparatının tamamilə dağılması ayrı-ayrı vilayətlərdə irsən iqtisadi və siyasi hakimlər olan yerli iri feodallara müstəqil hökmranlıq etmək imkanı verdi.[9]
Beləliklə tarixən əmələ gələn obyektiv şəraitlə əlaqədar olaraq,İran,Gürcüstan,Əfqanıstan,Dağıstan və başqa yerlərdə olduğu kimi,Azərbaycanda da müstəqil dövlətlərdən ibarət yerli xanlıqlar yaranmış oldu.
Sərab xanlığı Gərməli,Həştəri və Sərab mahalından ibarətdir:
Həştəri mahalı — Səhənd dağının şərq ətəklərində yerləşirdi. Mahalı idarə edən bəylərin iqamətgahı sərəz kəndi idi.[qeyd 4]
Gərməli mahalı — bu mahal,Azərbaycanın cənub sərhəddində yerləşirdi.[10] Mahalın iri kəndlərindən biri Türkmənçay idi.[qeyd 5]
Gərməli mahalının mərkəzi Miyana [qeyd 6] adlı kiçik şəhər idi. Miyananın iqlimi yaşayış üçün o qədər də əlverişli deyildir. Burada yay Azərbaycanın başqa yerlərinə nisbətən daha isti olurdu. Havanın istilik dərəcəsini yüksək,şəhər və onun ətrafında geniş bataqlıqların mövcud olması qızdırma xəstəliyinin yayılmasına səbəb olurdu.[11] Miyananın iqlimi xüsusilə yeni köçənlər və oradan keçib gedən müsafirlər üçün daha qorxulu idi. Görkəmli fransız səyyahı Taverniye 1668-ci ildəməhz burada xəstələnərək vəfat etmişdir.[12]
Sərab mahalı — xanlığın mərkəzində və Gərməlinin şimalında yerləşmişdir. Buraya Sərab şəhəri və şəhərətrafı kəndlər daxil idi.[13] Başqa mahallarda olduğu kimi,buranı da xan tərəfindən təyin olunmuş naib idarə edirdi.
Xanlığın əhalisi maldarlıq və əkinçiliklə məşğul olurdu. Maldarlar yayı Buzgüş və Savalan dağlarının ətəklərində,qışı isə Sərab düzənliyində keçirirdilər.[14]
Xanlıqda istehsal edilən çoxlu miqdarda yağ,pendir və başqa süd məmulatı öz keyfiyyətinə görə şöhrət qazanmışdı.[15]
Sərabın iqlimini yerli şəraitə görə iki hissəyə bölmək olar. Ovalıq və düzənliklərin havası mötədil,dağlıq sahələrinin isə sərtdir.[16] Onun şimalında yerləşən Savalan dağı dəniz səviyyəsindən 4200 gəz hündürlükdədir. Xanlığın Əndərab adlı kəndində çoxlu duz istehsal edilirdi. Bu duz həm daxili ehtiyac,həm də qonşu vilayətlərə aparılmaq üçün istehsal edilirdi.[17]
Sərabda bir neçə gön,saxsı qablar hazırlayan və bəzək yağı çıxaran müəssisələr var idi.[18]
Azərbaycan xanlıqlarında ipəkçiliyin,pambıqçılığın inkişafı və onların qonşu ölkələrə ixrac edilməsi inkişaf etməkdə olan pul-mal tədavülünə müəyyən qədər müsbət təsir göstərirdi. Xanlıqlarda,xüsusilə Təbriz,Marağa,Sərab və Urmiyada tut ağacları sahələri var idi,bu da həmin vilayətdə ipəkçiliyin inkişafına əlverişli şərait yaradırdı.[19]
Sənətkarlar əsasən xanlıqların paytaxtları Təbriz,Ərdəbil,Urmiya,Xoy,Marağa,Əhər,Sərab kimi böyük şəhərlərdə,Xalxal,Səlmas,Mərənd,Dehxarqan,Nəmin və sairə ikinci dərəcəli şəhərlərdə,qismən mahal mərkəzlərində (qəsəbələrdə və böyük kəndlərdə) toplanmışdılar. Böyük şəhərlərdən fərqli olaraq,kiçik şəhərlərdə hər bir sənət sahəsi ayrıca əsnaf ətrafında deyil,bir neçə sənət bir əsnaf ətrafında birləşirdi. Sərab,Mərənd,Xalxal və başqa bu kimi kiçik şəhərlərdə oxşar sənət sahələrini birləşdirən bir və ya iki əsnaf təşkil edilmişdi. Çox vaxt ustabaşılar xan divanxanasına lazım olan sənətkarları göndərirdilər. Qısa müddətli işlərdə çalışan bu sənətkarlar əmək haqqı almadan biyar,yaxud əvariz mükəlləfiyyəti adı ilə işləyirdilər.[20][21] İşin həcmi geniş və əmək sərfetmə müddəti uzun olduğu təqdirdə onlara bəzən əmək haqqı verilirdi.
Xanlıqlarda bazarların idarə edilməsi işi və buradakı hüquqi məsələlərin həlli darğalara[qeyd 7] tapşırılmışdı.[22] Kiçik şəhərlərdə onların hüququ Ərdəbil və Sərab şəhərindən daha da artıq idi. bu şəhərlərdə darğalar həm də şəhərin daxili nizam-intizamına nəzarət edirdilər.[23]
Ərdəbildə bazar əhalisi arasında baş verən kiçik məsələləri darğa aydınlaşdırıb hökm çıxarmalı idi. Onlar xırda məsələlərə dair münaqişələri bilavasitə və dərhal həll edirdilər. Lakin mühüm məsələlərlə ruhani məhkəmələri məşğul olurdular. Sərab şəhərində isə bütün inzibati işlər darğanın əlində idi. Bu işləri vaxtında həll etmək üçün onun ixtiyarında müəyyən miqdarda silahlı adam olurdu.
Xanlığın paytaxtı Sərab şəhəri idi. O,şərqdən Büzgüş dağı,Gərməli mahalı,şimaldan Savalan dağı,qərbdən Mehrana rud və Ələm bəraquş,cənubdan Sayın gədiyi ilə həmsərhədd idi.[24] Qarlı dağlarla əhatə olunan bu şəhər yaşıllıqlar içində qərq olmuşdur.[25] Şəhərin yerləşdiyi düzənlik dalan kimi Savalan (şimaldan) və Büzgüş (cənubdan) silsilə dağları arasında uzanmışdır.[26]
Sərab dəniz səthindən təxminən 1669 metr hündürlükdü yerləşir.[24] Onun gözəl iqlimi,münbit torpağı və bol suyu vardır. Şəhərin ətrafında çox da möhkəm olmayan möhrə qala divarlar çəkilmiş və bir sıra az əhəmiyyətli şəhərətrafı istehkamlar salınmışdır.
Sərab şəhəri əsasən altı məhəllədən ibarət idi: Kəllə,Xəlfə (Xəlfəbəyi),Əhərrə,Məvalı,Araxil və Hacı Mirağa.[27]
Sərabda bir neçə məscid,dörd hamam,iki bəzərək yağı çıxaran dəyirman,bir neçə boyaqxana və sairə bu kimi sənətkarlıq məhsulları istehsal edən müəssisələr var idi.[28] Buradakı məscidlərin ən məşhuru: Hacı Əbdülkərim,Cümə,Xəlfəbəyi,Mirsədrəddin,Qardaş,Hacı Əzim,Mirzə Əbdulla,Üç gözlü,Murtuzaoğlu,Mövliya,Hacı Mir Hüseyn,Meydan,Dərvaza və Əhərri adlı məscidlərdən ibarətdir.[29]
Xanlıqlar dövründə Sərab şəhərinin keçmiş əzəmətini xatırladan tarixi yerüstü abidələr arasında Cümə və İmamzadə adlı məqbərə daha böyük şöhrətə malik idi. Cümə məscidinin binası Xəlifə Ömərin hökmranlığı dövründə tikilmişdir.[17] Qeyd etdiyimiz məqbərə özünün orijinal və gözəl arxitekturası ilə səyyahların nəzər-diqqətini cəlb edə bilmişdir.
Sərab şəhərinin vəziyyəti haqqında qismən geniş və maraqlı məlumat verən Fransa səyyahı P.A.Joberin yazdığına görə,oradakı evlər əsasən birmərtəbəli idi. Burada ən böyük bina iki mərtəbədən ibarət olan Sərab xanının sarayı idi. Şəqaqi el başçılarına məxsus bu bina bir neçə böyük otaqlara (əndəruni və biruni)[qeyd 8] ayrılırdı. Xanın qəbul otağının (divanxananın) ətrafı üzərinə xalı döşəmələr salınmış daş və taxta səkilərdən ibarət idi. Xanın taxtı yuxarı tərəfdə və həmin səkilərlə üzbəüz qoyulmuşdu.
İlk mənbələrdə şəhər əhalisinin sayı haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin arxiv sənədlərində onun sayı 8000-ə yaxın qeyd edilir.[30] Əhali əsasən sənətkarlıq,ticarət,əkinçilik,maldarlıq və çalvadarlıqla məşğul olurdu.
Şəhərdə istehsalın müxtəlif sahələri ilə məşğul olan adamlarla yanaşı,heç bir işlə məşğul olmayan və tüfeyli həyat keçirən bir qrup imtiyazlı təbəqələr də (xanın qohumları,iri feodallar,bəylər,ruhanilər və başqa bu kimi ailələr) yaşayırdı. Sərabda pulla toplanılan illik vergi əsasən aşağıdakılardan ibarət idi:
Şəhərdən toplanılan natural vergilərin miqdarı haqqında konkret məlumat verən ilk mənbələrə hələlik təsadüf edilməmişdir.
Sərab tacirləri taxıl və mal-qara alverində fəal iştirak edirdilər. Ona görə də onların ixtiyarında çoxlu miqdarda at,buynuzlu heyvan və qoyun var idi. Bir sıra xanlıqlardan Təbrizə gedən karvan Sərabdan keçməli idi. Bununla əlaqədar orada həmişə böyük taxıl ehtiyatı olurdu.[31]
Məlum olduğu kimi,xanlıqlar dövründə İranda Zəndlər,sonra Qacarlar sülaləsi hakimiyyət başına gəlmişdir. Obyektiv amillərlə əlaqədar olaraq,hər sülalə özünəməxsus daxili və xarici siyasətə malik idi. Daxili və beynəlxalq şəraitdə baş verən bütün dəyişikliklər öz əksini xanlıqların siyasi həyatında tapırdı. Onların arasındakı qüvvələrin nisbətinin dəyişməsi də məhz bununla əlaqədar idi.
Xanlıqların xarici əlaqələri arasında yadelli işğalçılara qarşı göstərilən inadlı müqavimət əsas yer tuturdu. Ayrı-ayrı xanlıqlarda yaşayan əhalinin apardığı qəhrəmanlıq mübarizələri Azərbaycan xalqının öz azadlıq və istiqlaliyyəti uğrunda apardığı ümumi tarixi mübarizənin ayrılmaz bir hissəsi idi. Həmin dövrdə İran işğalına qarşı gedən azadlıq müharibəsi Azərbaycanın mübarizə tarixində parlaq və şanlı səhifələr açmışdır.
Xarici əlaqələr sahəsində əsas məsələlərdən biri də xanlıqlar arasındakı ictimai,iqtisadi,mədəni və başqa siyasi münasibətlər idi. Müvafiq dövrün bütün mərhələlərində xanlıqlar arasındakı belə əlaqələr mövcud olsa da,bu,ardıcıl deyildi. Belə ki,tarixi hadisələrdən asılı olaraq bu münasibətlər tez-tez qırılır,zəifləyir,çox nadir hallarda qüvvətlənirdi. Xarixi hücumların güclənməsi,düşmən qüvvələrinin təzyiqi artdığı və qələbə ümidi azaldığı təqdirdə hökmdar xanlar öz mövqelərini saxlamaq xatirinə aralarındakı ittifaqı pozur,Azərbaycan xalqının ümumi mənafeyini öz şəxsi mənafeyinə qurban verir və düşmən tərəfinə keçirdilər. Məhz belə bir vəziyyət xanlıqların xarici hücumlar qarşısında zəifləməsinə və nəhayət asılı vəziyyətə düşməsinə səbəb olmuşdur.[32]
Xanlıqlarda saray çəkişmələri və feodal-ara müharibələri tez-tez baş verirdi. Lakin bu vəziyyət ölkənin hər tərəfində eyni səviyyədə deyildi. Azərbaycanın şimal xanlıqlarına nisbətən onun cənubunda feodal çəkişmələrinə az təsadüf olunurdu. Bu da ondan irəli gəlirdi ki,xanlıqlar arasında qüvvələrin nisbəti demək olar ki,eyni deyildi. Həmin dövrdə Fətəli xan Əfşarın fəaliyyətini istisna etsək,yalnız Sərablı Sadıq xan Şəqaqi bir neçə dəfə qəfildən Təbriz xanlığına əsaslı hücum etmişdir. Qalan toqquşmalat olduqca əhəmiyyətsiz və nəticəsiz idi.
XVIII əsrin II yarısında Azərbaycanın cənub vilayətlərindəki ümumi siyasi vəziyyəti xüsusiyyəti etibarilə iki hissəyə ayırmaq olar. Onlardan biri,Urmiya xanlığının qüvvətlənməsi (1747-1763),bir sıra xanlıqların ondan asılı vəziyyətə düşməsi,digəri isə Urmiya xanlığının zəifləməsindən sonra Xoy xanlığının inkiçaf etməsi (1763-1813) və onun cənub xanlıqları üzərində üstün mövqeyi ilə izah edilir.