Sabir Şahtaxtı (tam adı: Hacıyev Sabir Həbib oğlu; 1968, Şahtaxtı, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası) — yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri.[1]
Sabir Şahtaxtı | |
---|---|
azərb. Hacıyev Sabir Həbib oğlu | |
Təxəllüsü | Sabir Şahtaxtı |
Doğum tarixi | |
Doğum yeri | Şahtaxtı, Kəngərli, Naxçıvan Muxtar Respublikası |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
Fəaliyyəti | yazıçı-dramaturq |
Fəaliyyət illəri | 1983-indiyədək |
İstiqamət | bədii, siyasi-publisistik |
Mükafatları |
Sabir Şahtaxtı 1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
Ailəlidir, üç övladı var.
Yaradıcılığa məktəb illərindən başlayan müəllifin ilk bədii (folklor) materialları 1983-cü ildə AzTV-nin məşhur "Ozan" verilişində səsləndirilmişdir. 2007-ci ilin aprelindən 2014-cü ilin fevralınadək Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və AzTV-nin İrandakı rəsmi nümayəndəsi işləmişdir. 2014-cü ilin aprelində AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə nümayəndəsi təyin olunmuşdur.
Müəllifin "Tanrı sevgisi", "Azərbaycan: təqvimdə dörd qara gün" və "Xəzəl oldu Xocalının Xəzangülü" kitabları İranda fars dilində nəşr olunub. Heydər Əliyev Fondunun nəşri olan "Qarabağ həqiqətləri" bukletinin farsca nəşrini təşkil edib, İranın Ərak Universitetində "BMT-nin Dağlıq Qarabağ barədə qətnamələrinin insan haqları aspektindən təhlili" mövzusunda elmi işin yazılıb müdafiə olunmasına hərtərəfli dəstək verib. Bundan başqa, "Azərbaycan ədəbiyyatını tanıdaq!" devizi altında həyata keçirilən layihələr əsasında bir sıra kitabların, o cümlədən dünya şöhrətli ədib Hüseyn Cavidin "Peyğəmbər", "Şeyx Sənan" və "Topal Teymur" əsərlərinin fars dilinə tərcüməsini və İranda ayrı-ayrılıqda və bir yerdə nəşr olunmasını təşkil etmişdir.
İyirmi kitab, çoxsaylı elmi və yüzlərlə publisistik məqalə və oçerkin müəllifidir. Rusiya, Gürcüstan, Ukrayna və İranda fars, ingilis və rus dillərində kitab və məqalələri dərc olunmuşdur.
""Böyük Ermənistan" xülyası: faktlar və sübutlar" (Azərbaycan, türk, ingilis, fars və rus dillərində) elmi əsəri və "Anadolu çırağı" bədii kitabı, "Soyqırımından Xocalıya..." sənədli-tarixi əsərləri müəllifin Türkiyədə nəşr olunan sonuncu elmi əsərləridir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ithaf etdiyi "Azadlıq nəğməsi" siyasi-tarixi və "Susqun aşiq" detektiv romanlarının ardından "Nisgil" və "Yosun ətri" siyasi-tarixi romanları Azərbaycan və Türkiyə türkcələrində nəşrə hazırlanır. İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən yazıçı-dramaturq Sabir Şahtaxtının eyniadlı pyesi əsasında səhnələşdirilən "Ölüm həsrəti" tamaşası televiziya kanallarında nümayiş etdirilib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru[2] olan müəllif Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.