Saburo İenaqa

Saburo İenaqa (家永 三郎, İenaqa Saburo?, 3 sentyabr 1913[1][2], Naqoya29 noyabr 2002[2] və ya 1 dekabr 2002[3])Yaponiya tarixçisi, Yaponiya imperializminin tənqidçisi. İenaqa Yaponiyanı İkinci Dünya müharibəsindəki aqressiyası üçün məsuliyyət götürməyə səsləmişdir. 1960–1970-ci illərdə Yaponiya Təhsil Nazirliyi tərəfindən nəzarət olunan dərslik təsdiqi sisteminə qarşı gəlməsinə görə tanınmışdır.[4] 1999-cu ildə sülh üzrə Nobel mükafatına namizəd göstərilmişdir.[5]

Saburo İenaqa
yap. 家永三郎
Doğum tarixi 3 sentyabr 1913(1913-09-03)[1][2]
Doğum yeri
Vəfat tarixi 29 noyabr 2002(2002-11-29)[2] (89 yaşında) və ya 1 dekabr 2002(2002-12-01)[3] (89 yaşında)
Təhsili
Fəaliyyəti tarixçi

3 sentyabr 1913-cü ildə Yaponiyanın Ayçi prefekturasında doğulmuşdur. 1937-ci ildə Tokio Universitetinin ədəbiyyat fakültəsindən məzun olmuşdur. 1941-ci ildə Niiqatada lisey müəllimi kimi işləmişdir. Müharibəyə qarşı olsa da, müxalifət sıxışdırıldığı üçün hökumətə qarşı gəlməkdən çəkinmişdir.[5] 1949–1977-ci ilərdə Tokio Təhsil Universitetinin professoru olmuşdur.[4]

İenaqa İkinci Dünya müharibəsindən sonra Nankin qətliamı731-ci dəstə haqqında ətraflı məlumatlar yazmağa başlamışdır. 1952-ci ildə təqdim etdiyi Yaponiya tarixi dərsliyi Təhsil Nazirliyi tərəfindən senzuraya məruz qalmışdır. Nazirlik dərslikdə 200-dən çox dəyişiklik aparmış, 731-ci dəstənin varlığının sübut edilmədiyini əsas gətirərək 731-ci dəstə haqqındakı bütün məlumatları çıxarmışdır.[5]

İenaqa 1965 və 1967-ci illərdə onun yüzlərlə dəyişiklik apardığı "Yaponiyanın yeni tarixi" (Şin Nihonşi) lisey dərsliyini təsdiqləməkdən imtina etdiyi üçün Təhsil Nazirliyini məhkəməyə vermişdir. O, bildirmişdir ki, nazirliyin təsdiqi olmadan dərsliklərin nəşr oluna bilməməsi konstitusiyada göstərilmiş fikir azadlığına ziddir və təhsil prosesində qəbuledilməz kontrola səbəb olmuşdur. Tokio Rayon Məhkəməsi 1970-ci ildə İenaqanın xeyrinə qərar çıxarsa da, Ali Məhkəmə hökmü geri qaytarmışdır.[4]

İenaqanın 30 ildən çox davam edən mübarizəsi yapon militarizmi və dərsliklərin təsdiqi sistemi haqqında ictimai şüurun yaranmasına səbəb olmuşdur. Yaponiyada 25.000-dən çox şəxs ona dəstək olmaq üçün imza atmışdır. 1990-cı ildə Təhsil Nazirliyi dərsliklərdə Nankin qətliamı və seks köləsi kimi istifadə olunmuş koreyalı qadınlar haqqında məlumatların əlavə olunmasına razı olmuşdur. 1997-ci ildə Ali Məhkəmə İenaqanın 731-ci dəstə haqqında haqlı olduğunu qəbul etmiş və 300.000 yen təzminat ödəmək barədə qərar qəbul etmişdir.[5]

50-dən çox akademik kitabın müəllifidir. 1968-ci ildə "Sakit okean müharibəsi" (Tayheyyo senso) kitabını nəşr etdirmişdir.[4]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Saburo Ienaga // Saburo Ienaga (ing.).
  3. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  4. 1 2 3 4 Huffman. səh. 87
  5. 1 2 3 4 "Saburo Ienaga". The Guardian (ingiliscə). 2 dekabr 2002. 21 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2024.