Safsafi Əhməd əl Qaturi (ərəb. الصفصافي أحمد المرسي القطوري) — görkəmli ərəb türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor[1]
Əl-Safsafi Əhməd əl-Mursi əl-Qaturi | |
---|---|
Təxəllüsü | Safsafi Əhməd Qaturi |
Doğum tarixi | |
Doğum yeri | Bilqas şəhəri, Dəqahliyyə valiliyi, Misir Ərəb Respublikası |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Qahirə şəhəri |
Dəfn yeri | Dəqahliyyə valiliyi, Bilqas şəhər məzarlığı |
Vətəndaşlığı | Misir Ərəb Respublikası |
Milliyyəti | ərəb |
Təhsili | Eyn əş Şəms Universiteti (Qahirə) |
Fəaliyyəti | ədəbiyyatşünas,dilçi,lüğətçi,tərcüməçi |
Fəaliyyət illəri | 1974–2015 |
Əsərlərinin dili | ərəbcə, türkcə |
Janrlar | monoqrafiya, problem məqalə |
Safsafi Əhməd əl Qaturi 2 fevral 1940-cı ildə Misirin Bilqas bölgəsinin Dəqahliyyə kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır.
Safsafi Əhməd əl Qaturi Sənaa Əbdulhafiz ilə ailə həyatı qurmuş, bu evlilikdən üç övladı dünyaya gəlmişdir. Böyük qızı Rihab Safsahi atasının yolunu davam etdirərək türkologiya ixtisasını seçmiş, hazırda Qahirədəki Hilvan Universitetininin Türk dili və ədəbiyyatı kafedrasında müəllim işləyir. Digər övladları özəl bölmədə çalışır.
1963-cü ildə Eyn əş Şəms Universitetinin Ədəbiyyat fakültəsində Şərq dilləri kafedrasına bağlı Türk dili və ədəbiyyatı bölməsininin bakalavr, 1974-cü ildə isə magistr pilləsini bitirmişdir. "Əbdülhəq Hamid dramaturgiyası və onun Türk teatrına təsiri" adlı magistr dissertsiyası müdafiə etmişdir. Daha sonra həmin universitetdə doktorantura təhsilini davam etdirmiş, 1976-cı ildə "Əbdül Həmid, Ziya Paşa, Namiq Kamal və Əli Siavi əsərlərində ərəb təsiri" adlı dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır. 1967–1973-cü illərdə Türk dili və ədəbiyyatı üzrə ixtisas almaq üçün İstanbul Universitetində ezamiyyətdə olmuşdur .
1963–1973-cü illərdə Bakalavr təhsilini bitirdikdən sonra Eyn əş Şəms Universiteti Ədəbiyyat fakültəsinin Şərq dilləri və ədəbiyyatı kafedrasında assistent , 1974–1975-ci illərdə yardımçı müəllim , 1976–1980-ci illərdə Türk dili və ədəbiyyatı müəllimi , 1981–1987-ci illərdə dosent, 1988-ci ildən professor vəzifələrində çalışmışdır. 1988-ci ilin fevralından Eyn əş Şəms Universiteinin Türk dili və ədəbiyyatı kafedrası müdiri kimi fəaliyyət göstərmişdir. 1992–1997-ci illərdə Səudiyyə Ərəbistanı Krallığı, Əl-Riyad, Kral Səud Universiteti, Dillər və Tərcümə fakültəsi, Asiya dilləri və tərcümə kafedrasında Türk dili müəllimi və koordinatoru olmuşdur. Bir müddət Misir radiosunda Türk dili proqramına rəhbərlik etmişdir. 1990-cı ildən başlayaraq Eyn əş Şəms Universitetinin Şərq dilləri kafedrasında Azərbaycan dilinin tədrisi üzrə nəzarətçi kimi fəaliyyət göstərmişdir. Ömrünün son illərində Eyn əş Şəms Universitetində Orta Şərq məxəzləri və Gələcək Tədqiqatlar Mərkəzi Türk Araşdırmaları şöbəsinin müdiri vəzifəsini tutmuşdur. O, Türkiyə, Azərbaycan, Türkmənistan, Amerika, Tunis və başqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir.
Safsafi Əhməd əl Qaturi 18 iyun 2015-ci ildə Qahirədə vəfat etmiş, Dəqahliyyə valiliyi, Bilqas şəhər məzarlığında dəfn olunmuşdur.
Safsafi Əhməd əl Qaturinin elmi fəaliyyəti Türkiyə və Türk dünyası ilə bağlı araşdırmalara söykənməkdədir. O, ən qədim dönəmlərdən XXI yüzilin ilk onilliklərinədək olan dövrdə ümumtürk ədəbiyyatı və mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yaradıcılıq irsini araşdırmışdır. Onun araşdırmalarında Yunus Əmrə, Məhtimqulu Fəraqi, Nazim Hikmət, Yaşar Kamal, Orxan Kamal və başqa ədiblərin ədəbi-bədii yaradıcılıq irsi mühüm yer tutur.
Safsafi Əhməd əl Qaturi türk ədəbiyyatının görkəmli nümayəndələri Övliya Çələbi, Yaşar Kamal, Məhtimquli Fəraği və digər müəlliflərin əsərlərini ərəb dilinə çevirərək nəşr etdirmişdir. Ömrünün son illərində Stenford Şounun "Osmanlı dövləti və Türkiyə Cumhuriyyəti yəhidiləri" əsərini ingilis dilindən, "İslam Memarlığı" və "Nazim Hikmətin pyeslərindən seçmələr" adı ilə hazırladığı kitabları türk dilindən ərəbcəyə çevirmiş, lakin bu kitablar müəllifin sağlığında yayınlanmamışdır.
Safsafi Əhməd əl Qaturi Misir-Azərbaycan ədəbi-mədəni əlaqələri ilə bağlı araşdırmalar aparmışdır. O, müxtəlif dönəmlərdə Azərbaycanda keçirilən, yaxud Azərbaycanla bağlı bir çox simpozium, konfrans və forumlara qatılmışdır. Onun tədqiqatlarında Dağlıq Qarabağ problemi ilə bağlı erməni yalanlarını ifşa edən məqamlar diqqəti çəkir. Həmçinin Eyn əş Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatının tədrisi, tədqiqi istiqamətində mühüm xidmətlər göstərmişdir.