Saleh Tağı oğlu Salahzadə (26 avqust 1953, Laçın – 7 mart 2023, Bakı) — Azərbaycan idman jurnalisti, ssenarist, teatrşünas, rejissor.[1]
Saleh Salahzadə | |
---|---|
Saleh Tağı oğlu Salahzadə | |
Doğum tarixi | 26 avqust 1953 |
Doğum yeri | |
Vəfat tarixi | 7 mart 2023 (69 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti |
jurnalist, ssenarist, teatrşünas, rejissor |
Saleh Tağı oğlu Salahzadə 26 avqust 1953-cü ildə Laçında anadan olub. Orta təhsilini Xocalı və Ağdamda alıb. Hərbi xidmətdə ikən Leninqrad Xüsusi Hərbi Müxbirlər Məktəbini bitirib[2]. 1975-ci ildən Bakı Dəniz Limanında doker-mexanizator[3], "Bakıbaştikinti"də nəqliyyat sxeminin ustası və texniki təchizat şöbəsinin rəisi, "Xəzərdənizneft" İstehsalat Birliyinin "Neft Daşları" DNQÇİ-də qazmaçı köməkçisi, tərbiyəçi müəllim kimi müxtəlif vəzifələrdə çalışıb.
1979–1983-cü illərdə Neft Daşlarında fəaliyyət göstərən "Xəzərfilm" kinostudiyasının rejissoru və bədii rəhbəri olmuşdur[4][5].
1989-cu ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Gənclik", "Tədris-maarifliçilik", "Hərbi vətənpərvərlik", "İctimai-siyasi" proqramlar redaksiyalarında müxbir, redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışıb[3][6]. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin böyük redaktoru olub.
ATƏT-lə və BBC-nin birgə layihəsi olan "Müharibə və seçkilər şəraitində jurnalist işi" xüsusi kursunu bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin İctimai-siyasi proqramlar və Hərbi vətənpərvərlik baş redaksiyalarında[4], eləcə də "Bakinski raboçi" qəzetinin cəbhə bölgəsi üzrə xüsusi müxbiri kimi döyüşlərdən proqramlar, materiallar hazırlayarkən dəfələrlə təhlükə ilə üzləşmiş və xəsarət alıb[3][6].
Azərbaycanda ilk müstəqil teleradio yayımı şirkətlərindən olan İCBC "SARA"-nın baş redaktoru[4][3], "Bakılı" PFK-nın vitse-prezidenti, "AssA-İrada" İnformasiya Agentliyində və "Azernews" qəzetinin redaktoru kimi çalışıb. Azərbaycanda ilk müstəqil idman jurnalı olan "Sportsman"ın baş redaktoru və direktoru vəzifələrində işləyib[4]. "Yeni hakimiyyət" ictimai-siyasi hüquq qəzetinin ictimai əsaslarla baş məsləhətçisi, "Mədinə" ictimai-publisistik jurnalının baş redaktoru olub. Mütəmadi olaraq respublikanın kütləvi informasiya vasitələrində öz aktual yazıları ilə çıxış edib.
"Bakı", "Ədəbiyyat və incəsənət", "Xalq", "Ekran-efir", "Neft Daşları", "Azərbaycan gəncləri", "İlham", "Bakinski raboçi", "Vışka" qəzetlərində, "Açıq söz" , "Нефтянник" (Moskva), "Brend dünyası" jurnallarında , "Adi cinayət işi" , "Ləqəbi Lukaçdır", "Qərib cinlər diyarında", "And dağları üzərində zülmət", "Soyuq divarlar arasında iki saatlıq", "Qodo həsrəti", "Adını mən verdim" kinofilmlərinə resenziya[7], İsmayıl Dağıstanlı, Ağahüseyn Kərimov, Hacıməmməd Qafqazlı, Hamlet Xanızadə, Hacı İsmayılov, Rafiq Əzimov, Akif Əli, İlham Namiq Kamal[8] və digər tanınmış kinoaktyorlar, sənət adamları haqqında portret oçerklərin[9], "Оглянись к истокам своим", "Bu sirli-sehrli qutu", "Мухаммед Физули, как театральный критик", "Охотник, поэт, Гражданин Самед" kimi analitik yazıların müəllifidir. Hal-hazırda "Brend dünyası" jurnalının baş redaktorudur[10].
Rejissor Vasif Babayevlə Amerika Hüquqşünaslar Assosiasiyasının sifarişi ilə çəkilmiş filmin ssenaristidir. Rejissor Yalçın Əfəndiyevlə Azərbaycan–Türkiyə diplomatik münasibətləri tarixindən bəhs edən "Dönüş" filminin[3], eləcə də Neftçilər Xəstəxanasının 50 illiyinə həsr olunmuş kinosalnamənin ssenari müəllifidir. Ssenari müəllifi və rejissoru olduğu "Sahil yaxınlaşır", "Dəniz üzərində bağ", "Müdhiş oyunlar" və "Bioenerji və kainatın sirləri" filmləri müxtəlif vaxtlarda "Kinomarina", UNİKA beynəlxalq festivallarının müxtəlif mükafatlarına layiq görülüb[3][6].
"Azərbaycan Xalq Cümhuriyyətini Yaradanların Varisləri" təşkilatının baş katibidir[3]. Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının[11], Siyasi-Məhbus Problemi üzrə vətəndaş Nəzarəti Şurasının və Azərbaycan "Bilik" cəmiyyətinin[1], 2006-cı ildən Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür[12].
2006, 2007, 2008-ci illərin yekunlarına görə Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən fəxri fərman və diplomlarla təltif edilib[11][13].
2010-cu ildə "İlin ən yaxşı idman jurnalisti" adına layiq görülüb[14][15]. 26 avqust 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.