Sumqayıtda idman

1949-cu ildə şəhər statusu alan Sumqayıta keçmiş SSRİ-nin və Respublikamızın müxtəlif bölgələrindən insanların axını başlandı.

Qısa müddət ərzində sənaye müəssisələrinin, müxtəlif idarə və təşkilatların tikintisinə start verildi, digər sahələrlə yanaşı bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində tədbirlərin görülməsi üçün şəhərə gənc mütəxəssislər cəlb olundu.

SSRİ dövründə

[redaktə | mənbəni redaktə et]

İlk məşqlər yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, 1; 2; 4 (indiki 38) və 8 saylı orta məktəblərin idman zallarında və açıq tipli idman qurğularında aparılmışdır.

Şəhərdə ilk idman qurğuları olan İnşaatçı stadionu 1956-cı ildə, Metallurq klubu (indiki Polad İK) 1959-cu ildə, "Əlvanmetal" istehsalat birliyinin idman zalı (indiki "Alüminiumçu" idman evi) 1962-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə tikilərək idmançıların istifadəsinə verildi. Bu işlər məqsədyönlü şəkildə davam etdirilmiş, hazırda İdman Komplekslərinin və qurğularının (açıq və örtülü tipli) sayı 211-ə çatdırılmışdır.

1960-cı illərdə Rauf Əfəndiyev tərəfindən gimnastika Oktay Hüseynov, Xəlil Səfiyev tərəfindən boks; Ramiz İbrahimov, Elman Tahirov tərəfindən yunan-roma güləşi; Kamal Abbasov, İsmayıl Məmmədov tərəfindən sərbəst güləş; İsmayıl Əhmədov, Əlipənah Həşimov tərəfindən sambo; Stanislav Kuvayev, İsay Abramaşvili tərəfindən futbol; Mariya Podsuk, Aleksey Mazin, Faiq Babayev tərəfindən atletika; Əziz və Kamal Nurməmmədov qardaşları, Nəsir Zeynalov tərəfindən ağır atletika; Alik Cəfərov, Sergey Koçkin tərəfindən basketbol; Nikolay Əliyev, Şamil Həsənov, Sahib Əliyev, Anzor Kusov tərəfindən voleybol; Yuri Oparin tərəfindən stolüstü tennis; Viktor Françuk, Sergey Şevçuk tərəfindən velosiped; Çingiz Orucov tərəfindən qılıncoynatma; Vladimir Korotkiy tərəfindən həndbol; Yuriy Abdullayev, Hamlet Rzayev tərəfindən şahmat; Abram Yelizarov tərəfindən dama idman növlərinin, 1970-ci illərdən İsa Qasımov, Əhməd Rəcəbli və Ənvər İsgəndərov tərəfindən müvafiq olaraq otüstü hokkey və cüdo, 1980-ci ilin sonu 90-cı ilin əvvələrindən Əzizağa Verdiyev, Ələkbər İmaməliyev tərəfindən müvafiq olaraq karate və taekvan-do idman növlərinin təməli qoyulmuş və inkişaf etdirilməyə başlanılmışdır. Qısa müddət ərzində Sumqayıt nəinki Respublikada, eləcədə keçmiş Sovetlər birliyində özünün idman ənənələri ilə tanındı.

Müstəqillik dövründə

[redaktə | mənbəni redaktə et]

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra Ölkə idmançıları tezliklə dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, Dünya birincilikləri, çempionatları və Olimpiya Oyunlarında Respublikamızı layiqincə təmsil edərək üç rəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişlər. Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Sumqayıt idmançılarının da özünə məxsus payı vardır. Fəaliyyətə başladığı 1995-ci ildən şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyinin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində coxsaylı tədbirlər keçirilmişdir. 1995-2008-ci illərdə şəhərdə fəaliyyət göstərən aidiyyatı təşkilatlarla birgə 1800-ə yaxın kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil edilmiş, bu tədbirlərə 135000-dən artıq iştirakçı, 100 minlərlə tamaşaçı cəlb olunmuşdur.

1995-2008-ci illər ərzində əldə edilmiş bəzi nailiyyətlər şəhərin tarixində ilk dəfə olmuşdur. Bunlardan – taekvan-do üzrə Niyaməddin Paşayevin Dünya və ikiqat Avropa çempionu, şahmat üzrə Zeynəb MəmmədyarovaŞəhriyar Məmmədyarovun Dünya, Avropa birinciliklərinin qalibi olaraq Beynəlxalq qrosmeyster adı almalarını, boks üzrə Şahin İmranovun Avropa çempionatının gümüş, cüdo üzrə Elxan Rəcəblinin Dünya çempionatının bürünc medal qazanmalarını xüsusilə qeyd etmək olar.

Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu vaxtdan Sumqayıt idmançıları milli yığma komandanın tərkibində Yay Olimpiya Oyunlarında təmsil olunmuşlar. 1996-cı ildə Atlantada ağır atletika üzrə Asif Məlikov, 2000-ci ildə Sidneydə ağır atletika üzrə Elxan Süleymanov, 2004-cü ildə Afinada sərbəst güləş üzrə Elnur Aslanov, taekvan-do üzrə Niyaməddin Paşayev, atletika üzrə Dadaş İbrahimov, boks üzrə Şahin İmranovFuad Aslanov, cüdo üzrə İlham Zəkiyev (Paralimpiya) iştirak etmişlər. Fuad Aslanov bürünc, İlham Zəkiyev isə qızıl medal əldə edərək Sumqayıta ilk Olimpiya medallarını gətirmişlər.

2008-ci ildə Pekində keçiilmiş XXIX Yay Olimpiya Oyunlarına şəhərin 1 idmançısı – boks üzrə Şahin İmranov, XIII Paralimpiya Oyunlarına İlham Zəkiyev, Tofiq Məmmədov, Ramin Əliyev, İlkin Alışov, Kərim Sərdarov (cüdo) və Elşən Hüseynov (pauerliftinq) iştirak etmiş, Şahin İmranov Oyunların bürünc, İlham Zəkiyev qızıl, K.Sərdarov və T.Məmmədov gümüş medal qazanmışdır. 2002-ci ildə Niyaməddin Paşayev, 2004-cü ildə Fuad Aslanov, 2008-ci ildə cüdo üzrə Respublikanın Paralimpiya yığmasının baş məşqçisi Əhməddin Rəcəbli və Şahin İmranov idmanda əldə etdikləri yüksək nailiyyətlərə görə "Tərəqqi" medalı ilə təltif olunmuşlar.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Firdovsi Ömərov və Vaqif Əliyevə "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi" adı verilmiş, Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyev (cüdo) isə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüşdür.

Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov tərəfindən Faiq Babayev, İsa Qasımova və Vaqif Zeynalova "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", Qismət Novruzov, Aydın Süleymanov, Elbrus Rzayevə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" adı verilməsi, Azərbaycan Voleybol Federasiyası tərəfindən Azərbaycanda voleybol idman növünün inkişafıında böyük xidmətləri olmuş Şamil Şamxalovun adına təsis edilmiş təqaüdün Respublikanın veteran voleybolçusu, şəhərin qadınlardan ibarət yığma komandasının baş məşqçisi Elmira Ağakişiyevaya təqdim edilməsi əlamətdar hadisələr olmuşdur. Gənclər və İdman Nazirliyi, ayrı-ayrı idman Federasiyaları tərəfindən keçirilən ilin Ən yaxşı idmançısı (paralimpiyaçısı), məşqçisi, hakimi nominasiyası üzrə Fərhad Rəcəbli, Təvəkkül Bayramov, Şəhriyar Məmmədyarov, Rəfael Ağayev, İlham Zəkiyev "İlin Ən yaxşı idmançısı", Əhməddin Rəcəbli "İlin Ən yaxşı paralimiyaçı məşqçisi", Qərib Əliyev "İlin Ən yaxşı hakimi" elan olunmuş, İlham Əliyev, Yengibar Əliyev, Mail Hümbətov və Soltan Adıgözəlova "Respublika dərəcəli hakim" dərəcəsi verilmişdir. 1998-ci ildə sabiq prezident Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hər iki ildən bir keçirilən Yeniyetmələrin I, II, III IV və V Respublika Oyunlarında Sumqayıt komandası müvəffəqiyyətlə çıxış edərək ümumkomanda hesabında II yeri tutmuşdur.

1997, 1999 və 2003-cü illərdə keçirilmiş Respublika Zəhmətkeşlərinin Spartakiadalarının hər üçündə şəhərin yığma komandası uğurla çıxış etmiş və ümumkomanda hesabında I yeri tutmuşdur.

Yüksək nailiyyətlər əldə etmiş idmançılar və onların məşqçiləri daim Ölkə rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də şəhər rəhbərliyinin diqqət mərkəzində olmuş, mütamadi olaraq mükafatlandırılmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhərin 5 idmançısına-Fuad Aslanova, Niyaməddin Paşayevə, Zeynəb Məmmədyarovaya, Şahin İmranova, Aleksandr Rındinə Bakı şəhərində, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyev tərəfindən Fuad Aslanov, İlham Zəkiyev və onun məşqçisi Əhməddin Rəcəbliyə Sumqayıt şəhərində mənzillər verilmişdir.

Sumqayıtın idman potensialını yüksək qiymətləndirən Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhərin 47-ci məhəlləsi ərazisində əlillər üçün İdman-Sağlamlıq Kompleksi tikilmiş, 17-ci mikrorayonu ərazisində isə müasir tipli Olimpiya İdman Kompleksinin inşasına başlanılmışdır.

Hazırda şəhərdə mövcud olan "Təhsil" Respublika İdman Mərkəzi Sumqayıt Filialında, "Zenit", "Spartak" İdman Cəmiyyətlərinin Sumqayıt şəhər şuralarında, "Kimyaçı" Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətində 1; 2; 3 saylı Uşaq-Gənclər İdman Məktəblərində, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində, müstəqil İdman Klublarında və s. təşkilatlarda müntəzəm olaraq 10648 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur. 2005-ci ilin yekununa əsasən bu rəqəm 9834 olmuşdur. Son illər şəhərdə inkişaf etdirilən idman növlərinin sayı 22-dən 27-ə çatdırılmışdır ki, bunlardan 14-ü Olimpiya (atletika, ağır atletika, boks, taekvan-do, sərbəst və yunan roma güləşi, cüdo, voleybol, basketbol, otüstü hokkey, futbol, stolüstü tennis, idman gimnastikası və bədii gimnastika), 13-ü qeyri-olimpiya (şahmat, dama, sambo, karate-do, kikboksinq, poverliftinq, atletizm, armsport, aşihara, mini-futbol, kyokşinkaykan, idman rəqsləri, motosiklet) növlərinə daxildir.

Təkcə 2005-ci ilin I yarımilindən 2008-ci ilin II yarımilinədək Baş İdarə tərəfindən 339 müxtəlif Respublika və Beynəlxalq səviyyəli yarışlarda şəhərin 5163 idmançı, məşqçi, nümayəndə və hakimlərin iştirakı təmin olunmuşdur.

Yarışlardan Sumqayıt idmançıları 1876 medal əldə etmişlər, ki bunlardan 601-i qızıl, 527-i gümüş, 748-i bürünc medaldır. Şəhər idmançıları Respublikanın idman növləri üzrə yığma komandaları heyətində çoxsaylı Beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edərək dəfələrlə üç rəngli bayrağımızı yüksəklərə qaldırmışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq 2004-2008-ci il Dövlət Proqramının həyata keçirilməsi istiqamətində şəhərin məhəllə və mikrorayonunlarında uşaqların istifadəsinə verilmiş 50-dən artıq uşaq-idman şəhərciyində, eləcədə məktəblərin ərazisində yerləşən açıq tipli idman qurğularında Baş İdarə Təhsil şöbəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi və Şimal Regional Futbol Federasiyası ilə birgə hesabat dövrü ərzində 300-dən artıq müxtəlif idman növləri üzrə yarış və tamaşa xarakterli tədbirlər keçirmişdir. 2005-ci ildən başlayaraq M.Hüseynzadə adına şəhər stadionunda UEFA, Kopenhagendə kəsişən Mədəniyyətlər Assosiasiyası layihəsi, Danimarka və Norveçin Futbol Federasiyalarının birgə layihəsi çərçivəsində "Həvəskarlar Uşaq Açıq Futbol Məktəbləri"nin fəaliyyətini genişləndirmək məqsədi ilə həmin təşkilatın "Uşaq Əyləncə Futbol Məktəbi" təsis edilmişdir. Layihəyə əsasən digər dövlətlərin şəhərlərində məktəb ildə bir dəfə fəaliyyət göstərdiyi halda yüksək təşkilatçılığı nəzərə alaraq Uşaq Açıq Futbol Məktəbləri Sumqayıt şəhərində hər il fəaliyyət göstərmiş, 900-ə yaxın uşaq müxtəlif futbol avadanlığı ilə təmin olunmuşdur. Bütün sahələrdə olduğu kimi idman sahəsi də daim şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyevin diqqət mərkəzində olmuşdur.

Qeyd olunan illərdə Avropa və Dünya birincilik, çempionatlarında (kubok yarışlarında) yüksək idman nailiyyəti əldə etmiş 100-dən artıq idmançılar və onların məşqçiləri, şəhərin bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olmuş idman ictimaiyyəti nümayəndələri mütamadi olaraq şəhər icra hakimiyyəti, Bələdiyyəsi və Baş İdarənin rəhbərliyi tərəfindən qəbul edilmiş və mükafatlandırılmışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 11 fevral 2004-cü il tarixli 24 saylı Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2004-cü il tarixli 181S saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı" haqqında Dövlət Proqramlarının həyata keçirilməsi istiqamətində qeyd olunan illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən şəhərin 17-ci mikrorayonu ərazisində Olimpiya Kompleksinin inşasına başlanılmışdır. 47-ci məhəllə ərazisində inşa edilən Paralimpiya Kompleksinin Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirakı ilə təntənəli açılışı olmuş, Kompleks paralimpiyaçıların istifadəsinə verilmişdir.