Şəhriyar Həmid oğlu Məmmədyarov (12 aprel 1985[2][3][…], Sumqayıt, Azərbaycan SSR, SSRİ[4][5]) — Azərbaycanın şahmat qrosmeysteri.
Şəhriyar Məmmədyarov | |
---|---|
| |
Ölkə | |
Doğum tarixi | 12 aprel 1985[2][3][…] (39 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Titulu | Qrosmeyster |
Son reytinqi | 2770 (may 2022) |
Maksimal reytinqi | 2820 (sentyabr 2018) |
FİDE nömrəsi | 13401319 |
Mükafatları | |
mamedyarov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.[6]
2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub.[7][8] Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.[7]
Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıtda anadan olub.[9] Sumqayıtda 23 nömrəli məktəbi bitirib.[6] Sinif yoldaşları ilə hər zaman yaxşı münasibəti olub.[6]
1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb.[6]
O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olmuşdur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerin sahibi olmuşdur.
1997-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək, 2-ci yer sahibi oldu.[10]
1998-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Çempionatında 2-ci yerə sahib olaraq, Avstriyada keçirilən Avropa Çempionatlarında iştirak hüququ qazandı. O, həm də Azərbaycanın Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerin sahibi olaraq Azərbaycan Milli Komandası tərkibində iştirak hüququnu qazanmışdı. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olmuş və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd etmişdi.
2000-ci ildə Şəhriyar Məmmədyarov 16–18 yaşadək Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur.[10]
2001-ci ildə Məmmədyarov 16 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur.[10]
2001-ci ildə Məmmədyarov Bakıda keçirilən gənclər arasında Avropa Şahmat Çempionatında gümüş medalın sahibi oldu.[10] O, həmin ildə 18 yaşadək Avropa Şahmat Çempionatında 11 xaldan 10-u udaraq rekord yazmışdır.[10]
2003-cü ildə Məmmədyarov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilən U20 Dünya Çempionatında qızıl medalın sahibi oldu.[10] O, həmin ildə 18 yaşadək Dünya Çempionatında qızıl medal qazanmışdır.[10]
O, 2004-cü ildə Türkiyədə keçirilən Klublar arası Avropa Çempionatında 1-ci lövhədə 1-ci yerin sahibi və "Dubay Open" turnirinin qalibi olmuşdur.
2005-ci ildə Məmmədyarov İstanbulda 20 yaşadək gənclər arasında keçirilən Dünya Çempionatında yenidən çempion titulu qazanaraq, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçı oldu.[10]
2017-ci ildə Məmmədyarov Azərbaycanın şahmat tarixində ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb.[11] O, dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub.[7] Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.[7]
2018-ci il ərzində Şəhriyar Məmmədyarov şəxsi yarışlarda Tata Stil Maters (13 – 28 yanvar, Veyk an Zee, Niderland), FİDE Namizədlər (10 – 28 mart, Berlin, Almaniya), Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkir Şahmat (19 – 28 aprel Şəmkir, Azərbaycan), Altiboks Norveç Şahmat (27 may – 8 iyun, Stavanger, Norveç) turnirləri, Bil Beynəxalq Şahmat Festivalı (22 iyul – 1 avqust, Bil, İsveçrə), Sinquefield Kubokunda (18 – 27 avqust, Sent-Luis, ABŞ), komanda yarışlarında isə Azərbaycan Milli Komandasının tərkibində 43-cü Dünya Şahmat Olipmiyadası (Batumi, Gürcüstan) və Odlar Yurdu klubunun tərkibində 34-cü Avropa Klup Kubokunda (Çaldikidi, Yunanıstan) (ümumilikdə 8 beynəxalq turnir) iştirak etdi[12].
Şəhriyar Tata Still Mastersi 8.5 xalla 4-cü bitirdi. Bu yarışdakı nəticələrindən sonra dünya reytinq sıralamasında 2-ci yerə yüksəldi.[13]
Namizədlər turnirində isə o 3 qələbə (Segey Karyakin (qara fiqurlarla), Vladimir Kramnik (ağ fiqurlarla) və Aleksandr Grişuk (ağ fiqurlarla) üzərində qələbələr), 10 heç-heçə və 1 məğlubiyyətlə (Dinq Liren (ağ fiqurlarla)) turnirin qalibi Amerika şahmatçısı Fabiano Karuanadan 1 xal az toplayaraq 8/14 xalla turniri ikinci yerdə bitirdi. Nəticədə Şəhriyar dünya çempionluğu maçına gedə bilmədi.[14]
Şəmkir Şahmat turnirində 4.5/9 xalla 4-cü oldu.[15]
Şəhriyar Altiboks Norveç Şahmat turnirində 3.5/8 xal toplayaraq 7-ci oldu.[16]
Bil Beynəxalq Şahmat Festivalı Şəhriyarın 2018-ci ildə ən uğurlu yarışı oldu. Burada o 9-cu turda dünya çempionu Maqnus Karlsenə ağ fiqurlarla 57-ci gedişdə qalib gələrək[17] 7.5/10 xalla (ümumlikdə 5 qələbə, 5 heç-heçə) turnirin qalibi oldu həm də şəxsi canlı reytinq rekordunu yenilədi.[18]
Şəhriyar Sinquefield Kubokunda 5/9 xalla 4-cü oldu. Bu turnində Amerika şahmatçısı Uesli So üzərindəki qələbəsi diqqət çəkmişdir.[19]
Şahmat Olimpiyadası da Şəhriyar Məmmədyarov üçün şəxsi baxımdan yaddaqalan oldu. O burada Mixayıl Adams (İngiltərə), Levon Aronyan (Ermənistan), David Navara (Çexiya), üzərində qələbələr qazandı[20]. Levon Aronyana qarşı qara fiqurlarla keçirdiyi oyun isə xüsusilə diqqət çəkdi. Bu oyunda etdiyi "fil g2" gedişi chess24.com şahmat saytında "ŞAH hücumu" başlığı ilə yerləşdirilmişdir[21]. Ardından David Navara üzərindəki qələbə ilə öz canlı ELO reytinqini 2826.2-ə çatdıraraq şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olmuşdur[22].
Avropa Klub Kuboku Şəhriyarın 2018-ci ildə iştirak etdiyi sonuncu klassik şahmat turniri oldu. Odlar Yurdu komandasının tərkibində 5 oyundan 3.5 xal topladı[23]. Odlar Yurdu komandası isə yarışı 9-cu sırada bitirdi.[24]
Şəhriyar Məmmədyarov 2018-ci il ərzində Tal Memorialı (2 – 4 mart, Moskva, Rusiya), Sənin Növbəti Gedişin – Böyük Şahmat Turu 2018 birinci hadisə (Your Next Move Grand Chess Tour) (12 – 16 iyun, Leven, Belkçika), Paris – Böyük Şahmat Turu 2018 ikinci hadisə (20 – 24 iyun, Paris, Fransa), Sent-Luis – Böyük Şahmat Turu 2018 üçüncü hadisə (11 – 15 avqust, Sent-Luis, ABŞ), Tata Stil Hindistan (9 – 14 noyabr, Kolkata, Hindistan) və Dünya Çempionatı (26 – 30 dekabr, Sankt-Peterburq, Rusiya) daxil olmaqla 6 turnirdə iştirak etdi[12].
Şəhriyar Sent-Luis turnirini 21/36 xal toplayaraq üçüncü yerdə tamamaladı[25].
2018-ci ildə iştirak etdiyi turnirlərdən ən uğurlusu Dünya Çempionatı oldu. Belə ki, Dünya Çempinatının rapid yarışarında Şəhriyar 10.5/15 xalla Rusiya şahmatçısı Danil Dubovdan 0.5 xal az toplayaraq dünya ikincisi oldu[26]. Blitz yarışarında isə 13.5/21 xalla 13 oldu[27].
Şəhriyar Məmmədyarov 2018-ci ildə ümumilikdə 272 oyun keçirib: 79 oyun klassik (20 qələbə, 54 heç-heçə, 5 məğlubiyyət), 60 oyun rapid, 133 oyun blitz. Klassik oyunlarda Dinq Liren (Namizədlər Turniri), Veselin Topalov (Şəmkir Şahmat), Levon Aronyan (Altiboks Norveç Şahmat) və Fabiano Karuanaya (Şahmat Olimpiyadası) məğlub olub.
43-cü Şahmat Olmpiyadasındakı nətcələri ilə özünün canlı ELO reytinqini yeniləyərək 2826.2-ə çatdraraq şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olub[22]. Bu nəticələrlə o, o 2018-ci ili dünya reytinq sıralaması 3-cü yerdə bitirib.[28]
Şəhriyar 2018-ci ildə "İlin İdmançısı" nominasiyasına layiq görülüb.[29] O, həmçinin "chess.az" saytının facebook istifadəçiləri arasında keçirdiyi səsvermədə Azərbaycanda "İlin Şahmatçısı" seçilib.[30]
Şəhriyarın 2019-cu ildə ilk turniri "Tata Stil Masters" oldu. Burada çıxışı uğursuz oldu və 5/13 xal toplayaraq turniri 12-ci yerdə bitirdi.[31][32]
17 – 29 may Moskvada keçirilinən Qrand Priks seriyasının ilk etapında birinci turda Radoslav Voytayşekə məğlub olaraq mübarizəni dayandırdı.[33]
12 – 24 iyul Latviyanın paytaxtı Riqada keçirililən Qrand Priks seriyasının ikininci etapında finalda Maksim Vaşer Laqravı armagedon partiyasında məğlub edərək ikinci etapın qalibi oldu.[34][35]
10 – 24 dekabr Yerusəlimdə Qrand Priks seriyasının sonuncu — dördüncü mərhələsində səkkizdə bir finalın tay-brek qarşılaşmasında Dimitri Yakovenkoya məğlub oldu. Bununla da 2020-ci il Namizədlər Turnirində iştirak etmək şansını itirdi.[36]
Şəhriyarın ilk yarışı Cəbəli-Tariq Ustaları açıq turniri oldu. Ancaq xəstəliyi səbəbindən yarışı 8-ci turda tərk etməli oldu.[37]
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən və "Grand Chess Tour"un etaplarından biri olan "Superbet Chess Classic 2021"in 6/9 xalla qalibi olmuşdur.[38]
30 may-10 iyun tarixlərində Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess 2022"ə qatıldı və ilk gündə keçirilən blitz mərhələsini 3-cü yerdə bitirdi.[39] Sonrakı günlərdə keçirilən klassik mərhələni 15.5 xalla 2-ci yerdə başa vurdu.[40]
Şahmat icmasında "Şah" ləqəbi ilə tanınır.[41][42] Futbol həvəskarıdır, Barselona klubunun azarkeşidir.[41]
Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki üç qrosmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı Zeynəb Məmmədyarova və kiçik bacısı Türkan Məmmədyarova.[6]
Şəhriyar Məmmədyarov 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qursa da, cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.[43] 2017-ci ildə ikinci dəfə evlənib.[43] Bu evlilikdən Raul və Həmid adlı iki oğlu var.[44][45]
Şəhriyar Məmmədyarovun oyun tərzi taktiki və aqressiv olduğu üçün, vəzirlə oynamağı daha üstünlük verir.[6][46] Qrosmeyster Qriqori Serper Məmmədyarovun oyunda yaradıcı və klassik hücum tərzi, onun Azərbaycan şahmat üsulu ilə əlaqələndirir.[47]
FİDE-nin may ayının 1-nə olan reytinq sıralamasında 2770 ELO xalı ilə 7-ci sırada qərarlaşıb.[28] Ən yüksək canlı reytinqi 30 sentyabr 2018-ci ildə 2826.2 olub. Bu nəticə ilə o şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olub.[22]