27 may çevrilişi və ya 27 may hərbi müdaxiləsi — 27 may 1960-cı ildə Türkiyədə baş verən və ölkənin tarixinə ilk dövlət çevrilişi kimi keçən hərbi müdaxilə.
27 may hərbi müdaxiləsi | |||
---|---|---|---|
Tarix | 27 may 1960 | ||
Yeri | Türkiyə | ||
Səbəbi | Demokrat Partiyanın ölkədaxili və ölkəxarici siyasəti, DP və TSQ arasındakı münasibət | ||
Nəticəsi |
Hökumətin devrilməsi; Parlamentin buraxılması; DP-lilərin həbs edilməsi; Baş nazir Adnan Menderes, xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyə naziri Hasan Polatkanın edam edilməsi; Yeni konstitusiyanın qəbulu. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Çevriliş Türkiyə Silahlı Qüvvələri daxilində 37 aşağı rütbəli hərbçi tərəfindən planlaşdırılmış və həyata keçirilmişdir. 27 maydan etibarən iqtidarda olan Demokrat Partiya bağlanmış, prezident və baş nazir başda olmaqla hökumət üzvlərinə qarşı məhkəmə işləri qaldırılmış, 235-i general olmaqla təxminən 3500-ə hərbçi təqaüdə göndərilmişdir. 147 universitet müəllimi, 520 hakim və vəkil işindən azad edilmişdir. 37 hərbçi və rəhbər olaraq başlarına gətirdikləri təqaüddə olan general Camal Gürsəlin yaratdığı Milli Birlik Komitəsi (MBK) çevrilişdən sonrakı Türkiyənin idarəsini öz üzərinə götürmüşdür.
Türkiyənin ilk partiyasının yaradılması ideası hələ istiqlal müharibəsi dövründə yaranmışdı. 1919-cu il 4-11da keçirilən Sivas Konqresində ölkənin müxtəlif yerlərində işğalçılarla mübarizə aparmaq üçün yaradılan təşkilatlar bir cəmiyyətdə birləşdirildilər. 1920-ci il 23 apreldə bu cəmiyyət əsasında TBMM quruldu. Konqresin fəaliyyətdə olduğu günlərdə, daha dəqiq desək 9 sentyabrda Mustafa Kamal Paşa tərəfdarları ilə birlikdə Xalq Firqəsini yaratdı (partiyanın yaradılış günü 11 sentyabr qəbul edilir). Türkiyə müstəqilliyinin ilk illərindən etibarən iqtisadi böhran içərisində idi. İstiqlalın əldə edilməsinə baxmayaraq Osmanlı dövründə olan problemlər qalırdı. Əhalinin böyük bir qismi yoxsulluq və səfalət içərisində yaşayırdı. Həmçinin məclisdə millətvəkilləri arasında yaranan fikir ayrılığı prosesi daha da sürətləndirdi.
1924-cü ildə aralarında Kazım Qarabəkir, Rauf Orbay, Bəkir Sami, Adnan Adıvar kimi istiqlal müharibəsinin komandirlərinin olduğu bir qrup TBMM üzvü Tərəqqipərvər Cümhuriyyət Partiyasını yaratdı. Partiya 1925-ci ildə hakimiyyətə qarşı yönəlmiş, xilafət tərəfdarlarının Şeyx Seyid üsyanının baş verməsinə səbəb olduqları iddiası ilə bağlanmışdır. 1926-cı ildə Mustafa Kamal Atatürkə edilən uğursuz sui-qəsddən sonra edam cəzasına məhkum edilənlər arasında TCP üzvləridə var idi. Lakin Mustafa Kamal Kazım Qarabəkir başda olmaqla istiqlal müharibəsində fəal iştirak etmiş bəzi hərbçilərə əfv vermiş və edamdan azad etmişdir. Çoxpartiyalı, demokratik sistemə keçid üçün növbəti cəhd 1930-cu ildə edilir. Fəthi Okyarın rəhbərliyi ilə avqustun 12-si Sərbəst Cümhuriyyət Firqəsi (Partiyası) yaradılır. SCF-nin üzvlərindən biri Aydınlı Adnan Menderes idi. Partiyanın yaradılmasını Okyardan Atatürk xahiş etmişdi. Ancaq bu partiyada uzun yaşamır və 17 dekabrda bağlanır. SCF CHP-dən fərqli olaraq mərkəz sağ siyasi pozisiyasını və iqtisadi liberalizm, cümhuriyyətçilik, milliyətçilik idealarını müdafiə edir, Atatürk idealogiyasına qarşı çıxmırdı. Lakin buna baxmayaraq tez bir zamanda yeni partiyada Atatürkçülüyə qarşı çıxan qüvvələr meydana gəlməyə, çoxalmağa başladı. Belə bir vəziyyətdə Fəthi Okyar Mustafa Kamalla məsləhətləşərək partiyanı buraxdı. Beləliklə antidemokratik, avtoritar bir sistem sayılan tək partiyalı sistem daha 16 il mövcud oldu.
10 noyabr 1938-ci ildə Atatürkün vəfatından sonra Məclisin müştərək səs çoxluğu ilə keçmiş baş nazir, istiqlal müharibəsinin öncül liderlərindən İsmət İnönü prezident seçilir.[1] Elə həmin ayda CXP qurultayında İnönü "ömürlük başqan" seçilir və ona "Milli Şef" titulu verilir. Bu titul demokratik qüvvələrin ürəyincə deyildi. Daha sonradan pul əskinaslarına İnönünün rəsminin çap edilməsi tənqidləri daha da artır. Belə ki yuxarıda qeyd edilənlər yalnız Atatürk kultuna uyğun elementlər idi və başqa birisinin şərəfinə bu elementlərin istifadəsi diktatorluq kimi başa düşülürdü. Belə olan halda demokratik sistemə keçid də mümkünsüz hala gəlirdi. Bundan başqa həm ikinci dünya müharibəsində həm də ondan sonrakı dövrdə Türkiyə dünya arenasında təklənmə təhlükəsində qalmışdı. Bələ olan halda müttəfiq lazım idi ki, hökumətin fikrincə ABŞ-la dostluq və NATO-ya üzv olmaq ən uyğun variant idi. Bu ittifaqla həmçinin ölkənin iqtisadi və sosial durumunda yüksəlişin əldə edilməsi planlaşdırılırdı. ABŞ isə Türkiyənin NATO-ya daxil olması üçün şərtlərdən biri kimi demokratik seçkilərin keçirilməsini göstərmişdi. Digər şərtlər "Milli Şef" titulunun, 5 illik inkişaf planının və kənd instutlarının aradan qaldırılması idi. İnönü və hökumət bu şərtlərlə razılaşmalı oldu.
Demokrat Partiyanın qurucuları, soldan-sağa: Adnan Menderes — Türkiyə Cümhuriyyətinin baş naziri (1950-1960), Cəlal Bayar — Türkiyə Cümhuriyyətinin III prezidenti (1950-1960), Fuad Köprülü — Türkiyənin Xarici Işlər Naziri, Baş Nazir Müavini (1950-1955), Refik Koraltan — TBMM başqanı (1950-1960)
|
İsmət İnönünün rəhbərlik etdiyi hakimiyyət də razılıq verdikdən sonra yeni bir partiyanın yaradılması artıq zaman məsələsinə çevrilmişdi. Məclisdə hökumət tərəfindən aparılan siyasətə qarşı olan qüvvə formalaşmışdı.
Müxalif qüvvələrinin rəhbəri İnönünün siyasi rəqibi, 1937–1939 illərdə baş nazir olmuş Cəlal Bayar idi. Eyni partiyadan olmalarına baxmayaraq hələ Atatürkün dövründən onlar arasında rəqabət var idi. Artıq Bayar yaranmış əlverişli mühitdən istifadə edərək öz fikirlərini mûdafiə edən təşkilat yarada bilərdi. Beləliklə Bayarın rəhbərlik etdiyi Adnan Menderes, Fuad Köprülü və Refik Koraltandan (hər üçü CXP millətvəkili) ibarət qrup partiyanın yaradılması üçün çalışmalara başladı.
Bu 4 nəfər 1945-ci il 7 iyun tarixində parlamentə çoxpartiyalı tək dərəcəli sistemə keçid, azad seçkilərin keçirilməsi kimi tələblər olan imzalı sənədi təqdim etdi. Menderes və Köprülünün "Vətən" qəzetində yazdıqları iqtidar əleyhinə olan yazılar onların partiyadan qovulmasına səbəb oldu. Bu qərara etiraz edən Koraltan isə könüllü olaraq CXP-dən ayrıldı. Bayar isə partiyadan ayrılmaqla kifayət etməyib deputatlıqdan da imtina etdi. Dekabrın ilk günü yeni partiyanın yardılacağı rəsmi olaraq bəyan edildi. Bayar Çankaya prezident sarayında İnönünün razılığını aldıqdan sonra artıq heç bir maneə qalmamışdı. Beləliklə 7 yanvar 1946-cı ildə Demokrat Partiya yaradıldı.
DP-nin yaranması ilə ölkə ilk çoxpartiyalı seçkilərə hazırlaşmağa başladı. Belə bir vaxtda hökumət seçkiləri 21 iyula çəkdi. Bununla DP seçkilərə tam hazır olmur və CXP böyük üstünlük qazanırdı. DP-çilər 21 iyul Parlament seçkilərindən narazı qaldı. Belə ki iddialara görə seçkilər şəffaf keçirilməmiş və bir çox yerdə kobud qanun pozuntularına yol verilmiş, seçki qutuları dəyişdirilmişdi. Sonralar hətta CXP üzvləri bəzi səhvlərə yol verildiyini etiraf etmişdilər. Gözlənildiyi kimi CXP böyük fərqlə qələbə qazandı. Seçkidə qələbəyə baxmayaraq uzunmüddətli CXP xalq arasındakı nüfuzunu getdikcə itirirməkdə idi. İqtisadi böhran, inflasiya, yoxsulluq xalqın günü-gündən DP-yə daha da yaxınlaşmasına səbəb oldu. Belə bir əlverişli mühitdə DP 1950-ci il seçkiləri ərəfəsi zamanı böyük gücə çevridi. Demokrat Partiya 1950-ci ildə kifayət qədər səs toplayaraq böyük üstünlüklə tək başına iqtidara gəldi. Adnan Menderesin baş nazir, Cəlal Bayarın isə prezident postuna, İsmət İnönünün əvəzinə seçildi. Xalq ilk vaxtlarda yeni hökuməti rəğbətlə qarşılayırdı. CHP-nin uzunmüddətli təkpartiyalı hakimiyyətindən narazı olan sadə əhali DP-çilərə bir yenilikçi kimi baxır, onların millətə rifah gətirəcəyinə inanırdı.
DP-nin onillik iqtidarını iki yerə bölmək olar. İlk dövrdə hökumət tərəfindən sosial, iqtisadi və s. digər sahələrdə aparılan islahatlar ölkədə müəyyən canlanmaya səbəb olur və xalqın vəziyyətini azda olsa yaxşılaşdırır. Lakin 1954-cü il seçkilərindən sonra hakimiyyət və xalq arasında münasibət kəskin şəkildə pisləşməyə başladı. Ölkədə onilliyin ortalarında yenidən yüksəlməyə başlayan iqtisadi böhran, infilasiya xalqın müxtəlif təbəqələrində etirazlara artırırdı. Hökumət barədə mənfi düşüncələri çoxaldan digər amil mətbuatın mövcud hakimiyyət əleyhinə hər hansı məlumat yaymasının qarşısı alınması, əleyhidarların sıxışdırılmalara məruz qalması idi[2].1957-ci il seçkilərində müxalifət qüvvələrin birləşməsinə qanunlarda dəyişikliklər etməklə mane olan DP hökuməti CXP-nin iddiasına əsasən səslərin dəyişdirilməsi kimi seçki pozuntularına yol vermişdir. Bu hadisələr Kayseri, Çanaqqala, Samsun və Giresun kimi şəhərlərdə baş verən mitinqlərdə özünü büruzə verdi. Bundan başqa Qaziantep (o dövrdə Antep) şəhəri mətbuat orqanları və radiosu ilk olaraq CXP-nin qələbəsini yayımlasa da, sonradan Demokrat Partiyanın qələbə qazandığını bildirmişdi. Hökumətin təzyiqi ilə Antepdə olan bu hadisələr mətbuat vasitəsi ilə xalqa çatdırılmadı. Bu haldan narazı olan CXP-nin istəyi ilə seçki qutuları şəhərin ədliyə binasına gətirilsədə bu binada baş verən qəfil yanğın onların məhv olmasına səbəb oldu.[3][4]
17 fevral 1959-cu ildə Londondan Kiprlə bağlı danışıqlardan gələn və Menderesində olduğu təyyarə qəzaya uğradı. Baş nazirin qəzadan sağ-salamat çıxması müxalifətlə, əsasəndə İnönü ilə münasibətləri bir anlıq yumşaltsa da bu ara dövr uzun çəkmir və yerini qarşılıqlı tənqidlərə və çəkişmələrə buraxır. İqtidar və müxalif qüvvələr arasında olan bu uçurum xalqdan da yan ötüşmür. Bir çox şəhərlərin küçələri siyasi idealogiyaların qarşıdurma meydanına çevrilir, toqquşmalar baş verir.[5]
1959-un aprelindən İnönü Şərqi Anadolu şəhərlərini əhatə edin gəzintiyə çıxdı. Bu gəzintilərdə CXP lideri güclü təzyiqə məruz qalmışdı. İnönü aprelin 29-u Uşak şəhərində daşlı hücum nəticəsində xəsarət aldı.[6] Hadisənin şahidləri daşla hücum edənlər arasında çadra geyinmiş kişilərin olduğunu bildirmişlər. Bundan başqa Uşak valisi İlhan Engin müxalifət qüvvələrinin mitinq keçirmələrinə mane olurdu. 4 mayda İstanbula qayıdan İnönü Topqapıya doğru irəliləyərkən ondan narazı əhalinin mühasirəsi ilə üzləşir. Yalnız minbaşı Kənan Bayraktarın köməyi ilə İnönünün ordan uzaqlaşdırılması mümkün oldu.[7]
1960-cı il aprelində "dövlət və qanunlara" qarşı çıxan mətbuat orqanlarının işini yoxlamaq üçün yaradılan Tədqiqat Komitəsi ölkənin demokratik bünövrəsinə vurulan ağır zərbə kimi qiymətləndirilir. 1960-cı ilin 28-29 aprelində Istanbulda tələbə mitinqlərinin polis qüvvələri tərəfindən yatırılması zamanı baş verən toqquşmalarda 40 tələbə yaralanmış, Istanbul Universitetində təhsil alan Turan Əməksiz ölmüşdür. Gəncin ölümü xalqda Menderes hökumətinə olan inamı daha da azaldır. 1960-cı il 5 mayda Ankara Qızılay meydanında DP əleyhdarlarının 555K (555Q) kimi adlandırılan (5-ci ayın 5-ci günü saat 5-də Kızılayda (Qızılayda)) mitinqi baş verir.[8]. Bu mitinq Türkiyə tarixində "ilk itaətsizlik mitinqi" adlandırılır. Elə həmin günlərdə DP mitinqi üçün Qızılaya gələn Mendres burda narazı əhali ilə əhatələnir. Menderesin "Nə istəyirsiniz?" sualına gənclərdən biri baş nazirin yaxasından yapışaraq "Hürriyət istəyirik" deyir. Cavab olaraq Mendres "Baş nazirin yaxasından yapışırsan. Bundan böyük hürriyət olar!?" söyləyir.[9][10] Hökumətin universitet və tələbələrlə yaranan bu münaqişələrdən sonra Mendres daha bir çıxışında universitet müəllimlərini gəncləri dövlətə qarşı yönəltməkdə günahlandıraraq "qara cübbəlilər" adlandırmışdır. Bu ifadə gələcəkdə Menderesə qarşı ittihamlarda, propaqanlarda istifadə ediləcəkdi.[11]
50-ci illərin ikinci yarısından etibarən ordu tərkibində hökumətə qarşı olan müxtəlif xuntalar formalaşmağa başlayır. Bu xuntaların əsasını aşağı rütbəli hərbçilər təşkil idi. Ordunun başında duran generallar iqtidar meyilli idilər.
Çevrilişdən sonra hərbəçilər Adnan Menderesə qarşı onun ordu ilə bağlı dediyi iddia olunan "mən bu ordunu ehtiyat zabitlərlə idarə edərəm" ifadəsini propaqanda kimi istifadə etmişlər. Öz növbəsində Menderes isə "əfəndim mən dövləti idarə etdim, ehtiyat zabit oldum, öz gücümü bilirəm. Bu ordu ehtiyat zabitlərlə necə idarə edilə bilər?"[12] deyə bildirdi. Çevrilişə haqq qazandırmaq istəyən hərbçilər Menderesi ölkəni avtoritar rejimə və vətəndaş müharibəsinə sürükləməkdə, dünyəviləyə, Atatürkçülüyə qarşı çıxmaqda günahlandırmışdılar. Beləki hələ Mustafa Kamal Atatürkün prezidentliyi dövründə onun idealoji fikirlərinə görə qəbul edilmiş azanın türkcə oxunması qaydasının Menderes hökuməti tərəfindən ləğvi və yenidən ərəbcə oxunuşa keçilməsi həm Atatürkün ideyalarına qarşı çıxmaq həm də laisizmə qarşı edilən bir əməl kimi qiymətləndirilirdi. Xunta hökuməti (MBK) həmdə xalqı bu çətin iqtisadi vəziyyətdən qurtarmaq və hakimiyyəti daha demokratik bir qrupa vermək istəyi ilə çevriliş etdiyini ifadə etmişdir.
1954-cü ildə Istanbulda Dündar Seyhan, Orxan Kabibay, Fərrux Güvəntürk, Əhməd Yıldız, Sübhi Gürsoytrak, Orxan Ərkanlı və Necati Ünsalan kimi gənc hərbçilər iqtidar əleyhinə komitə qurmuşlar. Eyni ideaya malik təşkilat Ankarada Tələt Aydəmir, Adnan Çəlikoğlu, Sezai Okan, Osman Köksalın yaratdıqları komitə idi. 1957-ci ildə bu komitələr vahid təşkilatda birləşdilər. Komitə həmin il keçirilən 27 oktyabr seçkilərində DP-nin məğlub olacağını güman edir və bundan istifadə edib ayın 29-u Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə DP-liləri həbs etməyi düşünürdü. Lakin DP seçkilərdə qələbə qazandığından çevriliş tarixi 1958-ci il fevral ayına keçirildi. 1958-ci il 16 yanvarda komitə üzvlərindən Səməd Quşçu təşkilatın bütün planlarını ifşa etdi. Nəticədə hərbçilər Camal Yıldırım, Naci Aşkun, İlhami Barut, Fərrux Güvəntürk, Ata Tan, Əhməd Dalkılıç, Kazım Özfırat, Həsən Sabuncu və Quşçunun özü həbs edildi. Məhkəmə 8 hərbçiyə bəraət vermiş, Quşçu isə "böhtan" atdığı iddiası ilə həbs cəzasına məhkum edilmişdir.[13]
Hakimiyyətinin ikinci yarısında Menderes müxtəlif sənayə layihələrinin həyata keçirilməsi üçün ABŞdan Marşal Planı əsasında lazımı qədər kredit almadığına görə SSRİ ilə yaxınlaşmaya başlamışdır. Hökumət bu yaxınlaşma ilə ittifaqdan yeni kreditlərin alınmasını planlaşdırırdı. Lakin məlum hadisələrlə bağlı bu planlar baş tutmadı.
Bir çox mənbələr məhz Türkiyənin SSRİ ilə geniş əlaqələr saxlamaq istəyinin hərbi müdaxiləyə səbəb olduğu və çevrilişin ABŞ tərəfindən planlaşdırıldığını iddia edir.
Artıq 1960-cı il 23 mayda müdaxilənin 25 mayda keçiriləcəyi planlaşdırılmış və parollar müəyyənləşdirilmişdi. Əgər çevriliş zamanında başlayarsa "Dündar Seyhanın oğlu sinfi keçdi" parolu xuntalara çatmalıydı. 27 may 1960-cı il sabah saat 3:15-də piyada birlikləri və süvari alayı, 3:30-da tanklar hərəkətə keçdi. Saat 4:36-da Polkovnik Alparslan Türkeş radioya daxil olaraq Türkiyə Silahlı Qüvvələrinin hakimiyətə əl qoyduğunu xalqa bəyan etdi:
Sevgili vətəndaşlar! Dünən gecə yarısından etibarən, bütün Türkiyədə, dəniz,hava,quru Türk Silahlı Qüvvələri əl-ələ verərək, məmləkətin idarəsini ələ almışdır. Bu hərəkət, Silahlı Qüvvələrimizin müştərək iş birliyi sayəsində, qansız həyata keçirilmişdir! Sevgili vətəndaşlarımızın sükut içində qalmalarını və kimliyindən aslı olmayaraq heç kimin küçəyə çıxmamalarını xahiş edirik.[14] |
3-cü ordu komandiri general Raqıp Gümüşpala bildirmişdir ki, əgər çevrilişçilərin rəhbəri ondan aşağı rütbəli olarsa Ankaraya hücum edib hərəkatı yatıracaq. Belə olan halda müdaxilənin rəhbərlərindən ən rütbəlisi Camal Madanoğlu Gümüşpalaya zəng edərək rəhbərlərinin keçmiş quru qoşunları komandiri Camal Gürsəl olduğunu bildirmiş və onu razı salmışdır. Beləliklə İzmirdəki evində qalan Camal Gürsəl Ankaraya gətirilmiş və radio vasitəsi ilə xalqa müraciət etmişdi. 27 mayda yaradılan Milli Birlik Komitəsi ölkə idarəsini demokratik hakimiyyətə qayıdışa qədər öz üzərinə götürdü[15]. MBK-nin verdiyi qərarlarla ölkədə siyasi partiyaların və onların mətbuat orqanlarının fəaliyyəti, istənilən mitinq və görüşlərin keçirilməsi qadağan olunurdu. MBK ordunun funksiyasının ölkəni böhrandan və xalqı fəlakətə sürükləyən siyasətçilərdən qurtarmaqdan ibarət olduğunu və demokratik seçkilərdən sonra silahlı qüvvələrin yenidən ûstünə düşən əsas vəzifəni yerinə yetirəcəyini bildirdi.
Mövcud hökumət devrildikdən sonra yeni birinin yaradılması vacib idi. Çevrilişin əsas lideri Camal Madanoğlu İstanbul Universitetindən Sadıq Sami Onar, Hifzi Vəlidədəoğlu, Naci Şensoy, Raqıp Sarıca, Tarıq Zəfər Tunaya, Hüseyn Kubalı, İsmət Qiritli kimi görkəmli professorları Ankaraya gətizdirdi. Madanoğlu alimlərdən ibarət kabinet yaratmaq istəyirdi. Lakin professorlar bunun əvəzində hökuməti karyerası problemli olmayan siyasətçilərdən kabinet qurmağı, yeni konatitusiyanın hazırlanmasını isə onların məsuliyyətinə verilməsi məsləhət gördülər. Beləliklə ölkənin əsas qanunnaməsinin hazırlanmasını "Onar komisiyası"nın səlahiyyətinə verdilər.
MBK DP-lilər haqqında sonradan doğru olmadığı ortaya çıxan propaqanda xarakterli məlumatlar yaymağa başladı. Belə məlumatlara DP üzvlərinin bir hissəsinin pul və qızılla dolu təyyarə ilə xaricə qaçması, hökumətin əmri ilə aprel-may aylarında onlarla gəncin öldürülməsi, cəsədlərinin gizli şəkildə dəfn edilməsi, yem maşınlarında toz halına çevrilməsi kimi dezinformasiyalar daxil idi.
Qurluşundan etibarən komitə daxilində qruplaşmalar yaranmışdı. Beləki Alparslan Türkeşin də daxilində olan qrup hakimiyyətin tez bir zamanda sivil siyasətçilərə verilməsinə qarşı idilər. Onlar bu proses nəticəsində çevrilişin əsas məqsədinə çata bilməyəcəyini düşünürdülər. Digər qrup isə hərbçilərin siyasətlə məşğul olmamalarını və demokratik sistemə keçidin tezləşdirilməsi fikrini müdafiə edirdilər. Bu qrupun lideri Camal Madanoğlu idi. Nəhayət 13 noyabr 1960-cı ildə bu probləm öz həllini tapdı. Komitədə böyük nüfuza malik Madanoğlunun qərarı ilə 14 nəfər hərbçi təşkilatdan ixrac edilərək müxtəlif ölkələrə səfirliyə göndərildilər. Sonrakı aylarda Silahlı Qüvvələrdə baş verən təşkilatlanmalar, MBK-nin ölkədə təsirinin zəifləməsi Madanoğlunun da komitədən uzaqlaşmasına səbəb oldu.
# | MBK üzvü | Doğum və ölüm tarixi | Çevrilişdən əvvəlki statusu | Çevrilişdən sonrakı statusu |
---|---|---|---|---|
1 | Camal Gürsəl | 1895–1966 | təqaüddə olan general,keçmiş TSQ Quru qoşunları komandanı |
|
2 | Camal Madanoğlu | 1907–1993 | Türkiyə Quru Qoşunları Logistika şöbəsinin rəisi | Respublika Senatorluğunun üzvlüyü təklif edilsədə qəbul etmədi |
3 | Irfan Baştuğ | 1908–1960 | Baş Qərargah Personalı Rəhbəri | 12 sentyabr 1960-cı ildə avtomobil qəzasında vəfat etdi |
4 | Sıtkı Ulay | 1907–1997 | Hərb Məktəbi komandiri | Respublika Senatorluğu üzvü |
5 | Əkrəm Acunər | 1916–2003 | Türkiyə Quru Qoşunları Hərəkat şöbəsi müdiri | Respublika Senatorluğu üzvü |
6 | Refet Aksoyoğlu | 1920–2003 | Türkiyə Quru Qoşunları Hərəkat şöbəsi | Respublika Senatorluğu üzvü |
7 | Mucip Ataklı | 1919–1984 | Quru Hərb Akademiyasının müəllimi | Respublika Senatorluğu üzvü |
8 | Emanullah Çələbi | 1926–2014 | Hava Hərb Akademiyası müəllimi | Respublika Senatorluğu üzvü |
9 | Vehbi Ersü | 1918–1982 | Süvari Alayı II Qrup komandiri | Respublika Senatorluğu üzvü |
10 | Sübhi Gürsoytrak | 1925–2011 | I Ordu Topçu komandanlığı | Respublika Senatorluğu üzvü |
11 | Sübhi Qaraman | 1920–2004 | Türk Quru Qoşunları Personalı Rəhbərliyi Baş Qərargah şöbə müdiri | Respublika Senatorluğu üzvü |
12 | Kadri Kaplan | 1922-2019 | Müdafiə Nazirliyi Baş Katibliyi Hərəkat üzvü | Respublika Senatorluğu üzvü |
13 | Kamil Qaravəlioğlu | 1927–2012 | Quru Hərb Akademiyası tələbəsi | Respublika Senatorluğu üzvü |
14 | Osman Köksal | 1916–1982 | Prezident Mühafizə Alayı komandiri | Respublika Senatorluğu üzvü |
15 | Fikrət Kuytak | 1915–1962 | Türkiyə Quru Qoşunları Hərəkat şöbə müdiri | Respublika Senatorluğu üzvü |
16 | Sami Kiçik | 1916–2011 | Baş Qərargah V. Şöbəsi | Respublika Senatorluğu üzvü |
17 | Sezai Okan | 1919–1991 | Baş Qərargah PI. Prens. şöbəsi | Respublika Senatorluğu üzvü |
18 | Fahri Özdilək | 1898–1989 | I Ordu komandiri | Respublika Senatorluğu üzvü |
19 | Mehmet Özgünəş | 1921–1992 | 61-ci tümən topçu komandirliyi | Respublika Senatorluğu üzvü |
20 | Səlahəddin Özgür | 1925–2007 | Dəniz Hərb Akademiyası tələbəsi | Respublika Senatorluğu üzvü |
21 | Şükran Özqaya | 1925–2014 | 3-cü Zirehli Briqada Piyada Tabor Komandiri | Respublika Senatorluğu üzvü |
22 | Heydər Tuncqanad | 1921–2002 | Hava Hərb Akademiyasının müəllimi | Respublika Senatorluğu üzvü |
23 | Əhməd Ulduz | 1921–2009 | 4-cü Tümən 13 Topçu Toburu Komandiri | Respublika Senatorluğu üzvü |
24 | Müzəffər Yurdakuler | 1915–1995 | Respublika Senatorluğu üzvü | |
25 | Alparslan Türkeş | 1917–1997 | Quru Qüvvələri Komandirliyi NATO Şöbəsi müdiri | 1960-cı il 13 noyabrdan sonra Dehli hökumət müşaviri |
26 | Orxan Kabibay | 1918–2002 | 1960-cı il 13 noyabrdan sonra Brüssel hökumət müşaviri | |
27 | Orkan Ərkanlı | 1924–1995 | 1960-cı il 13 noyabrdan sonra Mexiko hökumət müşaviri | |
28 | Münir Kösəoğlu | 1922–2002 | 1960-cı il 13 noyabrdan sonra Stokholm hökumət müşaviri | |
29 | Mustafa Kaplan | 1923–2017 | 1960-cı il 13 noyabrdan sonra Lissabon hökumət müşaviri | |
30 | Müzəffər Karan | 1916–2006 | Tank Taboru Hərəkat və Təhsil Zabiti | 1960-cı il 13 noyabrdan sonra Oslo hökumət müşaviri |
31 | Şefik Soyuyücə | 1924- | 1960-cı il 13 noyabrdan sonra Kopenhagen hökumət müşaviri | |
32 | Fazil Ağqoyunlu | 1911–1976 | Baş Qərargah Rəisliyi Mühafizə Taboru Komandiri | 1960-cı il 13 noyabrdan sonra Kabil hökumət müşaviri |
33 | Rüfət Baykal | 1922–2000 | 1960-cı il 13 noyabrdan sonra Təl-Əviv hökumət müşaviri | |
34 | Dündar Taşər | 1925–1972 | 1960-cı il 13 noyabrdan sonra Rabat hökumət müşaviri | |
35 | Numan Əsin | 1929-2020 | I Ordu Qərargahı Hərəkat Başqanlığı | 1960-cı il 13 noyabrdan sonra Madrid hökumət müşaviri |
36 | İrfan Solmazər | 1925–2008 | 1960-cı il 13 noyabrdan sonra Haaqa hökumət müşaviri | |
37 | Müzəffər Özdağ | 1933–2002 | 1960-cı il 13 noyabrdan sonra Tokyo hökumət müşaviri | |
38 | Əhməd Ər | 1927–2017 | 1960-cı il 13 noyabrdan sonra Liviya hökumət müşaviri |
Bundan sonra çevriliş qüvvələri bir-bir hökumət üzvləri və iqtidar meyilli hərbçiləri Ankara Hərbi Məktəbinə gətirildilər. General Yusif Dəmirdağ, 2-ci Ordu komandiri Suat Koyaş və siyasətçi Refik Koraltan həbsə alındı. Hərbiçilər Bürhanəddin Uluç, Abdullah Tardu və Sami Küçük Çankaya Köşkündə prezident Cəlal Bayarı nəzarətə götürdülər. Ölkə daxili səfərdə olan Adnan Menderes isə Kütahyada Aqasi Şən və Muhsin Batur tərəfindən saxlanılmış və təyyarə ilə paytaxta gətirilmişdir. Ümumilikdə bir çox hökumət üzvü çevrilişin ilk günündə Hərbi Məktəbdə həbs edilmişdir.
Şahidlərin dediyinə görə məktəbdə bir çox DP-li siyasətçi təhqirlərə və fiziki zorakılığa məruz qalmışdır. Bu açaldıcı hərəkətlərə dözə bilməyən Namiq Gədik məktəbin pəncərəsindən özünü ataraq intihar etmişdir. Bəzi iddialara görə o əsgərlər tərəfindən atılaraq öldürülmüşdü. Həbs dövründə 10-a qədər DP-li siyasətçi vəfat etmişdi.
MBK rəhbəri Camal Gürsəl çevrilişin ilk günlərində DP-lilərin mühakimə olunmayacağını desədə həm MBK-nin bəzi üzvlərinin həm də professorların məsləhəti və təzyiqi ilə prezident,baş nazir, nazirlər və millətvəkillərindən ibarət bütün bir iqtidar Yassıadaya aparıldılar və burda onlara qarşı məhkəmə prosesləri başladı.
Yassıada məhkəmələri
|
Məhkəmə prosesini aparmaq üçün Yüksək Ədalət Divanı yaradıldı. Bu qurumun ölüm hökmündən başqa bütün qərarları müzakirə edilmədən yerinə yetirilməli idi. Ölüm cəzaları isə MBK-nin üzvləri tərəfindən təsdiq edildikdən sonra icra ediləcəkdi.
Keçmiş iqtidar sahiblərinin Yassıadadakı həbs müddəti zamanı baş verən hadisələrdən biri təbliğat filminin çəkilməsi oldu. Bu filmdə DP-lilərə "vətən xaini" damğası vurulur və onlara adada yaxşı rəftar edildiyi göstərilirdi.
Məhkəmə prosesləri 14 oktyabr 1960-cı ildə böyük idman zalında yaradılmış salonda başladı. İlk günlər müttəhimlərin əleyhinə material azlığından gələcəkdə gülünc qarşılanaraq tənqid ediləcək iddialar qaldırıldı. Bunlar "köpək işi", "körpə işi", "Barbara işi" kimi iddialar idi. Lakin vaxt keçdikcə təqsirləndirilən şəxslər daha ciddi işlərlə günahlandırılmağa başladılar. Korrupsiya qalmaqalları, Kayseri, Topqapı, Çanaqqala iğtişaşları, universitet hadisələri və s. Bunlardan ən önəmlisi isə "konstitusiyanın pozulması"[16] işi idi.
Yassıada məhkəmələrinə 1961-ci il 15 sentyabrda yekun vuruldu. Menderes son məhkəmədən əvvəl intahara cəhd etdi. Xəstəliyi ilə bağlı ona verilən dərmanları günlərlə dilinin altında gizlədən Menderes onları udaraq komaya düşdü. Eks-baş nazirsiz keçirilən məhkəmədə yekun qərar olaraq 15 nəfərə ölüm, 31 nəfərə ömürlük, 418 nəfərə isə 4–20 il arası cəzalar verildi. 123 nəfər bəraət aldı.
Ölüm cəzaları MBK təsdiqinə göndərildi. Bu zaman komitə üzvləri arasında fikir ayrılığı yarandı. 9 hərbçi edamların tam ləğvini, 13 nəfər isə hamısının təsdiq edilməsini istəyirdi. MBK ölüm cəzalarından yalnız 4-nü təsdiqlədi. Bunlar Bayar, Menderes, Polatkan və Zorlu idi. 78 yaşında olan Cəlal Bayarın cəzası yaş limitinə dair qanununa əsasən ömürlük həbslə əvəz olundu. Digərləri isə İmralı adasına aparıldılar. 16 sentyabrda Zorlu və Polatkanın edam cəzaları icra edildi. Uğursuz ölüm cəhtindən sonra sağalan Menderes 17 sentyabrda edam olundu. Ömürlük və digər həbs cəzalarını alan siyasətçilər isə Kayseri tədricxanasına göndərildilər.
Bütün cəzalar tətbiq edildikdən sonra Türkiyə siyasi vəziyyətində sakitlik yarandı. 27 may çevrilişindən sonra yeni yaranmış mühit cəmiyyətdə "ikinci respublika" adlanmağa başladı. İlk dəfə bu ifadəni Türkiyə dövlət başqanı statusunu daşıyan Gürsəl işlətmişdi.
1961-ci 9 iyunda yeni konstitusiya qəbul edildi. Bu qanunnamə hərbi çevrilişin legitimliyini müdafiə edir və Atatürkçülük idealarına sadiq qalırdı. Ən əsas yenilik insanlara, əsasən də işçilərə və tələbələrə çox geniş azadlıqlar verilməsi oldu. Bu qanunlar sonrakı illərdə sağ və sol görüşlü təşkilatlanmaya təkan verdi. Milliyətçi və islamçı fikirlər gücləndi.
27 may çevrilişi hökumətin orduda nəzarətini zəiflətdi və gələcək hərbi inqilablara şərait yaratdı. Camal Gürsəldən başlayan adət 1989-cu ilə qədər davam etdi. Belə ki, bu ilə qədər prezident postuna adəti olaraq keçmiş hərbçi seçilirdi.
Kayseridə həbs həyatı yaşayan DP-lilərin haqları uğrunda mübarizəni partiyanın idea sələfi olan Ədalət Partiyası aparırdı. ƏP-nin sədrliyinə Süleyman Dəmirəl gəldikdən sonra bu mübarizə daha da intensivləşdi. Nəhayət Dəmirəl iqtidara gəldikdən sonra Yassıada məhkumları 1966-cı il 8 avqustda əfv fərmanı ilə azadlıqlarına qovuşdular. Lakin onlar siyasətlə məşğul ola bilməzdilər. DP-lilərin siyasi qadağasının ləğvi uzun müddət gündəmdə qaldı. 1973-cü ildə hakimiyyətə gələn CXP-MSP koalisiyası 2 aprel 1974-cü ildə DP-lilərə siyasi əfvin verilməsi qanununu parlamentdə səsə çıxardı və qəbul edildi.
22 may 1987-ci ildə Menderes, Polatkan və Zorlunun məzarlarının İmralıdan köçürülməsini təmin edəcək qanun məclisdən keçdi. Lakin ailələrinin onlar üçün dövlət səviyyəsində vida mərasiminin keçirilməsinin rəd edilməsi bu prosesi dondurdu. Yalnız 1990-cı ilin 17 sentyabrında keçmiş nazirlərin məzarları dövrün prezidenti Turqut Özalın da qatıldığı böyük bir mərasimlə İstanbulda dəfn edildi.