Tahir Süleymanov (siyasətçi)

Tahir Süleyman oğlu Süleymanov (24 sentyabr 1948, Dəvəçi) — Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V çağırış[1] deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini[2]

Tahir Süleymanov
2000 – 2020
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini
Şəxsi məlumatlar
Doğum adı Tahir Süleyman oğlu Süleymanov
Doğum tarixi 24 sentyabr 1948(1948-09-24) (75 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri
"Şöhrət" ordeni — 2008 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018
1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2023 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tahir Süleymanov 1948-ci il sentyabrın 24-də Dəvəçi (indiki Şabran) rayonunun Sumaqova-Qazma kəndində anadan olmuşdur. 1955–1966-cı illlərdə Dəvəçi rayonunun Pirəbədil kənd orta məktəbində təhsil almışdır. 1966-cı ildə Bakı Sovet Ticarəti Texnikimuna daxil olmuş, 1968-ci ildə isə bu texnikumu "Sənaye malları əmtəəşünaslığı" ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirmək məqsədilə 1975-ci ildə Moskvada Ümumittifaq Yeyinti-Sənaye İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin təhsil müəssisəsini bitirərək iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1968-ci il iyul ayının 1-dən əmək fəaliyyətinə başlayan Tahir Süleymanov Dəvəçi rayonunun bir sıra idarə və müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. Sonra o, 1981-ci ildən "Azərittifaq"ın Dəvəçi tədarük kontorunun direktoru işləmişdir. 1982-ci ildən Pirəbədil xalça fabrikinin iqtisadçısı, direktoru, 1984-cü ildən Xaçmaz Taxıl Məhsulları Kombinatı Dəvəçi filialının anbardarı, Siyəzən şəhərində çörəkbişirmə sexinin ustası, Dəvəçidə mexanikləşdirilmiş çörəkxananın direktoru vəzifələrində çalışmışdır. Tahir Süleymanov 27 iyun 1994-cü il tarixli əmrlə Azərbaycan Taxıl Məhsulları Dövlət Şirkətinin Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsinə təyin edilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 20 il bu qanunvericilik orqanında səmərəli fəaliyyət göstərmişdir. Belə ki, xalq arasında qazandığı nüfuzu və hörməti sayəsində 5 noyabr 2000-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilən Tahir Süleymanovun 2005-ci ildə yenidən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və o, III çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən yenidən namizədliyi irəli sürülən Tahir Süleymanov 54 saylı Dəvəçi-Siyəzən Seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Səmərəli və məhsuldar parlament fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində, həmçinin parlamentlərarası işçi qruplarının və nümayəndə heyətlərinin işində yaxından iştirakı ilə Milli Məclisin uğurlu fəaliyyətinə böyük töhfələr vermişdir. Bəhreyn, Çin, İsrail, İtaliya, Qazaxıstan, Niderland, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olan Tahir Süleymanov MDB-nin Parlamentlərarası Assambleyasında və 2000-2015-ci illərdə NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi də səmərəli fəaliyyətini davam etdirmişdir. O, həmçinin 2005-2015-ci illərdə Azərbaycan – Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupuna uğurla rəhbərlik etmişdir. Hal-hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyətini davam etdirən Tahir Süleymanov təşkilatın işində yaxından iştirak edir, cəmiyyətin, xüsusilə gənclərin milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik ənənələrinə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz əməyini əsirgəmir.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Tahir Süleymanov həyata keçirdiyi xeyriyyə işlərinə görə H. Z. Tağıyev adına mükafata və diploma, 2 dəfə "Qızıl Buta" mükafatına, habelə SSRİ dövründə bir sıra fəxri fərmanlara və yubiley medallarına layiq görülmüşdür.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 24 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[3]

2014-cü ildə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupundakı fəaliyyətinə görə Rusiya Federasiyasının "Dostluq" medalına layiq görülmüşdür. Tahir Süleymanov, həmçinin, Türkiyə-Azərbaycan Dostluq qrupundakı fəaliyyətilə əlaqədar bir sıra medal və mükafatlar almışdır.

2018-ci il 24 sentyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyəti ilə əlaqədar 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisindəki nümunəvi fəaliyyətinə görə döş nişanı, medal və Fəxri fərmanla təltif edilmişdir.

2023-cü ildə Azərbaycan Ağsaqqallar Şurasındakı səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib.[4]

2023-cü il 23 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.[5]

Ailəlidir, 2 övladı var.

  1. II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  2. "Ağsaqqallar Şurasının rəhbər strukturu. 'agsaqqallarsurasi.az". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  3. "Tahir Süleymanov "Şöhrət" ordeni ilə təltif edilib". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  4. "Tahir Süleymanov "Fəxri Ağsaqqal" döş nişanı ilə təltif edilib". 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  5. "Tahir Süleymanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib". 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.