Tasit Korneli (təq. 56[1] – təq. 120[2][3], Roma imperiyası) — Roma tarixçisi.
Publi Korneli Tasit | |
---|---|
lat. Publius Cornelius Tacitus | |
Doğum tarixi | təq. 56[1] |
Vəfat tarixi | təq. 120[2][3] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir. Tasit Korneli imperatorların çoxunu damğalamış, qaynatası, o zaman Roma imperiyasının Böyük Britaniyada valisi olan Yuli Aqrikolanı isə tərifləmiş, onu özünün ideal dövlət başçısı kimi səciyyələndirmişdir. Tasit ömrünün sonlarına yaxın siyasi həyatdan çəkilib yaradıcılıqla məşğul olmuş, bir-birinin ardınca "Aqrikolanın həyatı", "Germanların mənşəyi və məskəni", "Natiqlər haqqında dialoq", "Tarix" (14 kitab) və "Annallar" (16 kitab) kimi əsərlərini yazmışdır. Sonuncu iki əsərdən yalnız dörd kitab və kiçik fraqmentlər qalmışdır, Amma bu əsərlər Tasiti antik tarixçilərin zirvəsinə yüksəltmişdir. Hər iki əsərin mərkəzində despot imperatorlarla müti senatın münasibətlərinin təsviri durur. Tasit Korneli həm plebeylərə, həm də orduya, xüsusilə sıravi döyüşçülərə yaramaz və alçaq sürü kimi, bütün bəla və fəlakətlərin səbəbi kimi qiyamların daşıyıcısı kimi baxırdı. Onun fikrincə, bütün çevrilişlər guya azadlıq, dinclik və təhlükəsizlik xatirinə edilir, Amma çoxlu insan qırğınına səbəb olan növbəti çevrilişdən sonra məlum azadlıq və firavanlıq şüarları ilə repressiyalar tələb olunur. Bu da öz növbəsində yeni qiyam və çevrilişlərə səbəb olur, beləliklə, tarix adlanan zəncirvari reaksiya aramsız davam edir.