Tofiq Səməd Mənsur oğlu Kazımov (14 yanvar 1923, Bakı – 2 avqust 1980, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1974), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Azərbaycan Milli Dram Teatrının baş rejissoru (1964-cü ildən).
Tofiq Kazımov | |
---|---|
| |
Doğum tarixi | 14 yanvar 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 1980 (57 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Atası | Səməd Mənsur |
Fəaliyyəti | aktyor, teatr rejissoru |
Fəaliyyət illəri | 1943-cü ildən |
Mükafatları |
|
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi.
Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939–1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.[1]
Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olub. Bakıda II Fəxri Xiyabanda dəfn olunub.[2]
Tofiq Kazımov 1951–1952-ci illərdə Moskvada ali rejissorluq təhsili almışdır.
Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" və s. əsərləri tamaşaya hazırlayıb.
Tofiq Kazımovun yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən "Sən həmişə mənimləsən" ilə Milli Dram Teatrında lirik-psixoloji janrın bünövrəsi qoyulub "Sən həmişə mənimləsən"dən sonra "Yalan" (1965), "Ölülər" (1966), "Sənsiz" (1967), "Hamlet" (1968) kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirib.
Rejissor işi bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyələnən Mehdi Məmmədovun (1918–1985) Milli Dram Teatrında quruluş verdiyi ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), Mehdi Hüseynin "Alov"(1961) , Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn Cavidin "Xəyyam" (1970) və "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin "Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.
1945–1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb. Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini tamaşaya hazırlayıb.
1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi") pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub.[3]
1958-ci ildə kinostudiyaya işə qəbul olunaraq "Azərbaycanfilm"də çəkilən "Səhər" kinolentində ikinci rejissor kimi çalışıb. Elə həmin il rus dram teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə kinostudiyadan çıxaraq yenidən Akademik teatra quruluşçu rejissor götürülüb.
Tofiq Kazımov 1960-cı ildə Musiqili Komediya Teatrında Tofiq Quliyevin "Qızıl axtaranlar" (dramaturq: Həsən Seyidbəyli) operettasma quruluş verib. Naxçıvan teatrında Məmmədəli Tarverdiyevin "Kölgəli dağ" (1964), Quba teatrında Rza Şahvələdin "Qız qalası" (1961), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (1963), Gəncə teatrında Altay Məmmədovun "Yadındamı" (1969) dramlarına quruluş verib.
Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. "Çağırış", "İşıqlı yollarda", "Şəfəq", "Qoçaq Polad" və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.
Akademik teatrda sıravi rejissor kimi Karlo Haldoninin "Məzəli hadisə" (1952), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Lope de Veqanın "Sevilya ulduzu" (1953), "Dəlilər" (1963), Maksim Qorkinin "Vassa Jeleznova" (1954), Rəsul Rzanın "Qardaşlar", Nazim Hikmətin "Qəribə adam" (1956), Ənvər Məmmədxanlının "Şirvan gözəli" (1957), Şıxəli Qurbanovun "Əcəb işə düşdük", Aleksis Parnisin "Gözıllik və sevgi adası" ("Afrodita adası", 1961), Viktor Hüqonun "Mariya Tüdor" (1962), Sabit Rəhmanın "Sevimli rollar" (1963) pyeslərinə səhnə təfsiri verib. Baş rejissor kimi Akademik teatrda Vilyam Şekspirin "Antoni və Kleopatra" (1964), "Hamlet" (1968), "Fırtına" (1974), İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" (1964), "Unuda bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Bağlardan gələn səs" (1975), Cəlil Məmmədquluzadənin "Ölülər" (1966), Şıxəli Qurbanovun "Sənsiz" (1967), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1969), Branislav Nuşiçin "Nazirin xanımı" (1970), Sabit Rəhmanın "Yalan" (1965), "Küləklər" (1970), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (1971), Yucin O'Nilin "Qızıl" (1971), Cəfər Cabbarlının "Aydın" (1972), İmran Qasımovun "Nağıl başlananda" (1973), Aleksandr Vampilovun "Övlad" (1974), Məmməd Səid Ordubadinin "Qılınc və qələm" 1976, səhnələşdirəni özüdür), Maqsud İbrahimbəyovun "Ümid" (1976), Mirzə İbrahimovun "Bəşərin komediyası və yaxud Don Juan" (1977), Anatoli Safronovun "Daşqın", Dmitri Asenovun "Qızıldan qiymətli" (1977), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1978), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" (1978), "Yastı təpə", Taufiq əl Hakiminin "Karıxmış sultan" (1980) pyeslərini tamaşaya hazırlayıb.