Tofiq İbrahim oğlu Mirzəyev (16 iyun 1932, Gədəbəy) — Azərbaycan aktyoru, rejissor və ssenarist. Bəzi filmlərdə səs operatoru və səs rejissoru kimi də iştirak edib. Azərbaycan SSR əməkdar artisti (1976), Azərbaycan Respublikasının xalq artisti (2022).
Tofiq Mirzəyev | |
---|---|
Doğum tarixi | 16 iyun 1932 (92 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Mükafatları |
|
Tofiq Mirzəyev 16 iyun[1] 1932-ci ildə Gədəbəydə anadan olub. Anası Bella İlyinşina əslən yəhudi idi.[2] Qardaşı Teymur Mirzəyev də musiqiçi idi.
T.Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır.[3] Amma Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb. Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.[4]
Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir. Ardından Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir. O, Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlamağa başlayır. Rejissor, həmçinin burada bir neçə film-konsert ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) nümayiş etdirib. Həmin dövrdə AzTV-nin baş rejissoru olan Arif Babayev ona televiziyada ilk addımlarında, sonra isə kinoda kömək edib. Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar. Aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib.[5]
Hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğul olur. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür.[6] Yazıçı Anar ilə bacanaqdır. Teymur adlı oğlu var.