Tofiq Quliyev (iqtisadçı)

Tofiq Quliyev (azərb. Tofiq Əvəz oğlu Quliyev;‎ d. 1935, Ağdam, Paşabəyli kəndi — ö. 23 fevral 2019, Bakı) — Əməkdar elm xadimi (1992), iqtisad elmləri doktoru, professor (1970).[1][2][3][4][5][6][7][8][9]

Tofiq Quliyev
Tofiq Əvəz oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Ağdam rayonu, Paşabəyli kəndi
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi İqtisadiyyat
Elmi dərəcəsi İqtisad elmləri doktoru
İş yeri Azərbaycan Dövlət İqtisad Universiteti
Təhsili
  • Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu (1953-1957); Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutu (1960-1963); Lomonosov adına Moskva Dövlət Universiteti (1966-1968)
Elmi rəhbəri Zülqədər Cahangirov
Tanınır professor

Tofiq Quliyev 1935-ci ildə Ağdamın Paşabəyli kəndində türkçü ziyalı ailəsində anadan olmuşdur.[1][2]O, 9-cu sinifdə oxuyarkən atası Əvəz Muxtar oğlu Quliyev ağır xəstəlikdən dünyasını dəyişmişdir. Onun xəstəliyinə səbəb Bayıl həbsxanasında qalması olmuşdur. Belə ki, Əvəz Quliyev 1918–1920-ci illərdə müstəqil Azərbaycan Demokratik Respublikası dövründəki fəaliyyətinə görə, həmçinin türk pasportuna sahib olması və pantürkist olması səbəbindən Türkiyənin agenti hesab edilərək 1932-ci ildə həbs edilmiş, Stalin repressiyasının ilk qurbanlarından biri olmuşdur. Tofiq Quliyevin atası ruhani məktəbində təhsil almışdı. O, Azərbaycan və türk dili ilə yanaşı, fars və ərəb dillərini də mükəmməl bilirdi. Ona görə də FirdovsiSədinin farsca şeirlərini tərcümə edə bilirdi. Tofiq Quliyevin böyük bacısı Qumru Quliyeva atasının uzun müddət evə gəlmədiyini və bunun səbəbini bildikdən sonra uşaq ikən ürək xəstəliyindən vəfat etmişdir.[3][4][5][6][7][8][9]

Tofiq Quliyevin anası Züleyxa Quliyeva Zəngilan rayonunun Baharlı kəndindən olmuşdur. Qardaşı Yusif Muxtarov aqronom idi. Onun "Haqqa, düzə zaval yoxdur" adlı şeirlər kitabı çapdan çıxmışdır. Digər qardaşı Vahid Muxtarov kibernetika üzrə professor idi. O da şeir və qəzəllər yazırdı. Həmçinin jurnalist olan qardaşı Ülfət Muxtarov da oçerk və hekayələr yazırdı.[3][4][5][6][7][8][9]

Təhsil illəri

[redaktə | mənbəni redaktə et]

Tofiq Quliyev 1953-cü ildə Xındırıstan orta məktəbini bitirmişdir. O, 1953-cü ildə Bakıda Karl Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1957-ci ildə "Sənayenin iqtisadiyyatı" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutda tələbə elmi cəmiyyətinin sədri işləmişdir.[1][2][3][4][5][6][8][9]

Tofiq Quliyev baş inspektor vəzifəsində işlədiyi dövrdə də təhsilini davam etdirmiş və respublikada birinci dəfə olaraq 1960–1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun "Əməyin iqtisadiyyatı" kafedrasının əyani aspirantı olmuşdur. O, Moskvada aspiranturada oxuyarkən Azərbaycan iqtisad elminin tarixində əməyin iqtisadiyyatı üzrə ixtisaslaşan ilk alim olaraq 1963-cü ildə, 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1966-cı ildə isə Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuşdur. Tofiq Quliyevin doktorluq dissertasiyası mənafelər, o cümlədən iqtisadi mənafelər probleminə həsr edilmişdir. Həmin monoqrafiya sovetlər ölkəsində bu problemə həsr edilmiş iri həcmli ilk monoqrafiya idi.[1][2][3][4][5][6][8][9]

Quliyev 1968-ci ildə, 33 yaşında doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun bu problemə həsr etdiyi monoqrafiya 1967-ci ildə o dövrdə Moskvanın ən nüfuzlu, iqtisadi nəzəriyyə üzrə ixtisaslaşan nəşriyyatı olan "Mısl"–da "Sosializm cəmiyyətində mənafelər problemi" adı altında nəşr edilmişdir. Bir neçə ildən sonra — 1974-cü ildə həmin nəşriyyatda müəllifin əməyin reduksiyasına həsr etdiyi "Sosializmdə əməyin reduksiyası" adlı monoqrafiyası çapdan çıxmışdır. Moskvada dərc edilən bu monoqrafiyalar nəşriyyatın o dövrdəki mövcud qaydasına əsasən hərəsi 4–5 nüsxədən ibarət dünyanın 100-dən artıq ölkəsinə göndərilmişdir.[1][2][3][4][5][6][7][8][9]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tofiq Quliyev universiteti bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda sənaye müəssisələrinin layihələndirilməsi üzrə mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı kimi fəaliyyət göstərmişdir. Həmçinin 1964-cü ildə isə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru vəzifəsində çaılşmışdır. Quliyev 1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dosent, 1970-ci ildən etibarən professor və "Əməyin iqtisadiyyatı və sosiologiyası" kafedrasının müdiri vəzifələrini icra etmişdir.[1][2][5][6][7]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tofiq Quliyevin demək olar ki, bütün elmi, bədii yaradıcılığı insan və onun sosial, iqtisadi, etnik problemlərinə həsr olunmuşdur. Harvard Universitetinin Harri Elkins Vaydener adına xatirə kitabxanasında professor Tofiq Quliyevin 3 iri həcmli monoqrafiyası ("Sosializm cəmiyyətində mənafelər problemi", "Sosializmdə əməyin reduksiyası", "Tənzimlənən bazar iqtisadiyyatı") saxlanılır. Direktor Kristian Conson bu barədə qeyd etmişdir:[1][3][4][5][7][9]

" Sizin Tofiq Quliyevin kitabları tez-tez oxunur, bu kitablar ən çox iqtibas, sitat gətirilən kitablar sırasına daxildir. Həmçinin kitabxananın "Xəbərlər" bülletenində və elektron versiyada həmin kitabların ingilis dilində mükəmməl annotasiyası verilmişdir. "

Xaricdə Tofiq Quliyevin əsərlərinə 180-dən artıq istinad qeydə alınmışdır, həmçinin dünyanın 30-dan çox ölkəsində kitabları oxuculara təqdim edilmişdir.[1][2]

Tofiq Quliyevin elmi yaradıclığı çox cəhətlidir. O, fəlsəfə, sosiologiya, ümumi psixologiya, əməyin sosialogiyası və sosial psixologiya elmləri ilə məşğul olmuşdur. Quliyev 1970-ci ildə professor adını qazanmışdır. Alim 1972-ci ildə Zaqafqaziya və Orta Asiya Respublikalari içərisində ilk dəfə milli dildə "Əməyin iqtisadiyyatı" dərsliyini çap etdirmişdir.[8] Moskvanın "Znaniye" nəşriyyatı Tofiq Quliyevin 1990-cı ildə idarəetmədə sosial psixoloji münasibətlərə həsr edilmiş kitabçasını böyük tirajla çap etmişdir. Alim 1972-ci ildə "Əməyin iqtisadiyyatı", 1974-cü ildə "Əməyin elmi təşkili", 1993-cü ildə "İdarəetmənin əsasları", 2001–2006-cı illərdə (ikinci nəşr) "Menecmentin əsasları", 1998-ci ildə "Əməyin sosiologiyası" kimi dərsliklərin, həmçinin "İnflyasiyanın anatomiyası" və "İnsan resurslarını idarə" kimi monoqrafiyaların müəllifidir.[1][2][3][4][5][6][7][9]

Tofiq Quliyevin rus dilində nəşr olunmuş "Tənzimlənən bazar iqtisadiyyatı" adlı kitabı 2000-ci ildə Budapeştdə keçirilən beynəlxalq konfransda internetə daxil edilmişdir. Həmçinin bu kitaba görə professor 2002-ci il yanvar ayının 22-də (rus dilində) Çin Xalq Respublikasının Dövlət Kitabxanası və Çinin Azərbaycandakı səfirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. Fəxri fərmanda belə bir cümlə yazılmışdır:[1][3][5]

" Çin Xalq Respublikasının Dövlət Kitabxansını zənginləşdirdiyinə, əlavə elmi informasiya və yeni elmi idealara görə... "

Moskvanın "Ekonomika" nəşriyyatı Tofiq Quliyevin "İqtisadi məntiq" və "Liberalizmin böhranı" adlı fundamental tədqiqatlarının nəticələrini monoqrafiyalar şəklində çap etmişdir. Bir neçə ixtisaslaşmış dissertasiya şurasının üzvü olan professor Tofiq Quliyevin rəhbərliyilə 56 namizədlik və bir doktorluq işi müdafiə olunmuşdur. İqtisadçı alim Kiyev, Voronej, Tbilisi və başqa şəhərlərdə də doktorluq və namizədlik dissertasiyalarına opponentlik etmişdir.[1]

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tofiq Quliyev SSRİ Ali və orta ixtisas təhsil Nazirliyində iki komissiyanın tədris-metodiki və elmi komissiyalarının 10 il müddətində üzvü olmuşdur. O, bir çox illərdə həmin komissiyalarda Zaqafqaziya Respublikalarının təmsil etmişdir. Habelə Quliyev Beynəlxalq İqtisadçılar İttifaqının (1980–1990), sonralar isə onun İdarə Heyətinin üzvü seçilmişdir.[1][4][8]

Alim SSRİ EA-nın bir sıra iqtisadi komissiyasının üzvü olmuşdur. Moskvada aspiranturada oxuyarkən "Jurnalistlər evinin" nəzdində olan 3 aylıq jurnalistlik kursunu bitirmiş, 28 yaşında SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.[3][4][6][7][8]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Tofiq Quliyev ədəbi yaradıcılıqla da məşğul olmuş, "Tofiq Fərid" imzası ilə şeirlər yazmışdır. "Ədəbiyyatda realizm və modernizm problemləri", "Musiqili incəsənət və böhran" kimi monoqrafiyaların müəllifidir. Alimin "Türkün türküsü", "Dünyanı dəyişə bilsəydim", "Mən kiməm?" (rus dilində), "Haqqın səsi", "Qəzəllər", "Satirik şeirlər", "Yumoristik və satirik hekayələr" kimi kitabları nəşr olunmuşdur. Xalq şairi Nəriman Həsənzadə alim haqqında söyləmişdir:[1][4][9]

" Tofiq Quliyevin şeirlərində etikalılıq prinsipi, insanların mənəvi kamilliyinə doğru təkmilləşməsinin tərbiyəvi meyilləri, onların kreativliyi, harmoniya, insanların sivil davranışları dominantlıq təşkil edir. O, ədəbiyyatda, o cümlədən poeziyada etik və estetik halların bir-birinə qarşı qoyulmasını, bayağılaşdırılmasını, mütləqləşdirilməsini qeyri-normal bir hal hesab edir. "

Tofiq Quliyev "Kimsəsiz oldun, Qarabağ", "Qarabağ marşı", "Qarabağı qaytaraq" "Qəribə-qəribə işlər", "Alçala-alçala ucalanlar", "Lovğa insan", "Qüsurunu bilə-bilə", "Muğamlarda axtar məni", "Yaxşılıq", "Həya", "Ölmək asan, yaşamaq çətin", "Xatirələrlə tək qalmışam", "Dostluğa zəhər qatmazlar", "Taleyinə məni də yaz", "Razı qalmıram özümdən" kimi şeirlərin müəllifidir.[1]

Alimin oğlu Fərid Quliyevin dövlət gəlirləri, vergilər üzrə üç monoqrafiyası, 8 məqaləsi və bir kitabçası çap edilmişdi. Fəriq Quliyev iqtisad elmləri alimlik dərəcəsi aldıqdan sonra ADUY-nin Elmi Şurasının 2002-ci il aprelin 4-ü qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət gəlirlərinin formalaşması və bölüşdürülməsinin makroiqtisadi problemləri" dissertasiyası üzərində çalışırdı. O, gənc yaşında dünyasını dəyişmişdir.[3][4][5][7][9]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Maarifə Hacıyeva. "İstedadlı iqtisadçı alim, nüfuzlu pedaqoq" (azərb. ‎). www.anl.az. 10 fevral 2015. 24 aprel 2019 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 9 ""Əməyin iqtisadiyyatı" kafedrasının müdiri prof. Quliyev Tofiq Əvəz oğlu" (azərb. ‎). unec.edu.az. 12 sentyabr 2016 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 Quliyev T. "Qəzəllər, satirik şeirlər". Bakı: "Nağıl Evi". 2007. 116.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Quliyev T. "İnflasiyanın anatomiyası". Bakı: "Qərənfil". 2006. 277.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 Quliyev T. "Ədəbiyyatda realizm və modernizm problemləri". Bakı: "Nağıl Evi". 2006. 130.
  6. 1 2 3 4 5 6 7 8 9 Quliyev T. "Türkün türküsü". Bakı: "Nağıl Evi". 2005. 306.
  7. 1 2 3 4 5 6 7 8 9 Quliyev T. "Dünyanı dəyişə bilsəydim". Bakı: "Nağıl Evi". 2006. 184.
  8. 1 2 3 4 5 6 7 8 9 Quliyev T. "Menecmentin (idarəetmənin) əsasları". Bakı: "Qərənfil". 2006. 591.
  9. 1 2 3 4 5 6 7 8 9 10 Quliyev T. "Haqqı səsi". Bakı: "Nağıl Evi". 2007. 122.