Urmiya əfşarları

Urmiya əfşarlarıİran Azərbaycanı və ya Cənubi Azərbaycanın Urmiya bölgəsində yaşayan/yaşamış əfşarlar nəzərdə tutulur. Bu bölgəyə ilk əfşarların XIV əsrin sonlarında gəldikləri düşünülür. Əsas köçlər isə Səfəvi imperiyası dövründə olmuşdur. Burada yaşayan əfşarın bir hissəsi İmanlı tirəsinə məxsus olmaqla birlikdə, sonradan onların içindən Qasımlı tirəsi də ayrılmışdır. Əfşarlar Urmiyanı idarə edən 39 hakim yetişdirmiş və onların çoxu bəylərbəyi titulunu daşımışdır. Urmiyanın ən məşhur Əfşar hakimlərindən biri Fətəli xan Ərəşli olmuşdur.

Nadır şahın dövründə minlərlə Əfşar Sayınqalaya köçürülmüşdür. Buradakı əfşarlar Səfəvi dövründən etibarən sərhəd döyüşçüləri hesab edilirdilər və təkcə Osmanlı hücumlarına qarşı yox, eyni zamanda kürd tayfalarının hücumlarına qarşı da mübarizə aparırdılar. Urmiyanın Əfşar hakimlərinin çoxu yüksək rütbələrdən biri olan bəylərbəyi tituluna sahib idilər.[1] Bu titul əyalətin hakiminə verilirdi.[2]

Hal-hazırda, Urmiya əfşarları oturaq yaşamaqdadırlar və onların tirələri/oymaqları bunlardır: Göylü, Gündüzlü, Qasımlı, Bekeşli Ustaclı, İmanlu, Araslı və Şaribəyli. Onların sayını dəqiq olaraq müəyyən etmək çətin olsa da, təxminən 30 min olduqları təxmin edilir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Qərbi Azərbaycan ostanının Urmiya bölgəsində xeyli sayda Əfşar yaşamaqdadır. Əfsanəyə görə, əfşarların buraya gələn ilk dalğası 1399-1400-cü ildə bölgədə məskunlaşmışdır. Əfsanə bu tarixdə Əmir Teymurun Qorgin bəy Usalunu Urmiya hakimi təyin etmişdir. Lakin tarixçi Pierre Oberling bu əfsanənin heç bir tarixi qaynaqda əks etdirilmədiyini bildirir və yazılmış qaynaqlara əsasən Urmiyaya ən qədim Əfşar köçünün Səfəvi dövründə olduğunu yazmışdır. O, buradakı ilk Əfşar xanının Qasım Soltan İmanlu Əfşar olduğunu yazmışdır.[1]

Urmiya gölünün qərbində Salmas ilə Usnu (Üşniyyə) arasında olan Urmiya şəhəri və bölgəsi əfşarların kütləvi şəkildə yaşadıqları yerlərdən biri idi. Burada ilk dəfə İmanlı əfşarları məskunlaşmış, bu oymağın bir qolu sonralar Qasımlı adını daşımışdır. Bu adı Şah Abbas dönəmində bu oymağın başında dayanan Qasım Soltanın adı ilə bağlıdır. Şah Abbasın hakimiyyətinin əvvəllərində Qasım Soltan Əfşar Kermanşaha doğru edilə biləcək hücumların qarşısın almaqdan cavabdeh Əfşar döyüşçülərinin komandanı oldu. O, Osmanlı imperiyası ilə döyüşdə fərqlənmiş və buna görə də, Abbas tərəfindən 1622-ci ildə Mosul hakimliyi ilə mükafatlandırılmışdır. Lakin bundan qısa müddət sonra, orada yoluxucu xəstəlik yayılmış və Qasım SOltan Cənubi Azərbaycanın qərbinə doğru geri çəkilməyə başlamışdır. Onun oğlu Kəlbəli bəy 1627-ci ildə Urmiya hakimi təyin edilmiş və onun varisləri Qasımlı tirəsinin əsasını qoymuşdur. Əfşarlar Urmiyanı idarə edən 39 hakim yetişdirmiş və onların çoxu bəylərbəyi titulunu daşımışdır. Urmiyanın ən məşhur Əfşar hakimlərindən biri Fətəli xan Araslı olmuşdur. O, Kərim xan Zəndin hakimiyyətə qalxma prosesi zamanı ortaya çıxmış qarışıqlıqdan istifadə edərək öz hakimiyyətini Təbriz və Marağa da daxil olmaqla, Cənubi Azərbaycanın çox hissəsinə yaymağı bacarmışdır.[1]

Urmiya əfşarları sərhəd döyüşçüləri idilər və onlar burada təkcə Osmanlı hücumları ilə deyil, həm də müxtəlif kürd tayfalarının hücumları ilə də mübarizə aparırdılar.[3] Hal-hazırda, Urmiya əfşarları oturaq yaşamaqdadırlar və onların tirələri/oymaqları bunlardır: Göylü, Gündüzlü, Qasımlı, Bekeşli Ustaclı, İmanlu, Araslı və Şaribəyli. Onların sayını dəqiq olaraq müəyyən etmək çətin olsa da, təxminən 30 min olduqları təxmin edilir.[4]

Nadir şah Urmiya əfşarlarından təxminnə 3 min nəfəri özünün sevimli məkanlarından biri olan Sayınqalaya köçürmüşdür. Bu yer Cənubi Azərbaycanın Cığatu çayı kənarında yerləşir. XIX əsrin əvvəllərində Cığatu çayı vadisində 300 kənddə 3500 Əfşar ailəsi yaşamaqda idi. Onlarla birlikdə burada qaçqın MükriMüqəddəm tayfası da məskunlaşmışdı. Lakin Çahardövlə türklərinin gəlişi ilə birlikdə vadinin iqtisadiyyatı pisləşdi. Ağa Məhəmməd xan Qacar onları Fars vilayətindən Qəzvin ətrafına, daha sonra Abbas Mirzənin istəyindən sonra Fətəli şah Qacar da Cənubi Azərbaycana köçürmüşdü. Çahardövlələr vadiyə gəldikləri zaman 4 min ailədən ibarət idilər və Sayınqaladan Qoşaçaya qədərki ərazilərdə yerləşdirilmişdilər. Bunun qarşılığında onlar Qacar ordusunu süvari ilə təmin etməli idilər. Yeni gələnlərə torpaq verə bilmək üçün bölgədəki bir çox Əfşar geri Urmiyaya getməyə məcbur edildi. Çahardövlələr kənd təsərrüfatı ilə maraqlanmadıqları üçün bölgənin inkişaf tempi aşağı düşdü. 1826-1828-ci illərdə Rusiya ilə müharibə zamanı Çahardövlələrin çoxu bölgəni tərk etdi və Həmədanda məskunlaşdı. Müharibədən sonra vadidə yalnız min Əfşar və Çahardövlə ailəsi qalmışdı. Zəifləmiş bu iki türk toplumu kürdlərin ovuna çevrildi. 1960-cı ildə Sayınqalada 150 kənddə - Mahmud Cıqdan Takaba qədərki ərazidə - əfşarlar yaşamaqda idi. Onların çoxu yayları öz sürüləri ilə birlikdə yaxınlıqdakı dağların ətəklərində keçirirdi. Onlar QAsımlı, Qılıncxani və Gerekli tirələrinə bölünmüşdülər.[1]

Urmiya əfşarlarının digər oymaqları gündüzlülər və araslılar idi. Bunlar da buraya Kuhgiluyədən gəlmişdilər. Yenə bu əfşarlardan bir oymağın adı Mahmudlu idi ki, onların da araslılardan formalaşdığı güman edilir. Urmiya əfşarlarının tarixi XIX əsrin ikinci yarısında əfşarların Mahmudlu oymağının Boybəyi ailəsinin üzvü Mirzə Rəşid tərəfindən yazılmışdır.[5]

Əfşarların Urmiyaya köçü[redaktə | mənbəni redaktə et]

Səfəvi imperiyasının erkən dönəmlərində Qızılbaş birliyinin mühüm hirssəsi olan əfşarlar dövlətin idarə edilməsində rol oynayırdılar. Qorçubaşı və Kirmanın hakimliyi kimi mühüm vəzifələr onların əllərində idi. Lakin Şah Abbasın islahatları dövründə onlar bu vəzifələrini tədricən itirməyə başladılar.[6][a]

Nobuaki Kondonun Mirzə Rəşid Ədib əl-Şücaranın yazdığı Tarix-e Əfşar kitabına istinadən yazdığına görə, əfşarlar 1625-ci ildə Urmiyaya köç etməyə başlamışdırlar. Əfşar sərkərdələrindən biri olan Kəlbəli Soltan Bağdadın Osmanlı ordusuna qarşı müdafiəsi zamanı fərqləndiyinə görə Abbas tərəfindən Urmiya ona iqta olaraq verildi. Onun rəhbərliyi altında 8 min çadırlıq Əfşar eli Çırağ-i Əcəmdən, Farsdan, Kirmandan və Xorasandan Urmiyaya köçdü.

Mirzə Rəşidin verdiyi bu məlumatlar müasir qaynaqlarla da təstiqlənməkdədir. Şah Abbasın vəzifəli şəxslərinin siyahısında da Kəlbəli Soltan Urmiya hakimi kimi göstərilməkdədir. Lakin Kəlbəli Soltan imperiyadakı bütün əfşarların lideri deyildi. O, sadəcə əfşarların bir tirəsi olan İmanlı tirəsinin rəhbəri idi. Bir başqa qaynağın bildirdiyinə görə, Kəlbəlinin atası Qasım SOltan Xuzistanda kiçik bir şəhər olan Saymarənin hakimi idi. O, 1622-1623-cü illərdə Mosulu qat-qat güclü Osmanlı ordusuna qarşı müdafiə edərkən cəmi 3 yüz döyüşçüyə sahib idi.[7] Əhməd Kəsrəviyə görə, Qasım Soltan Urmiyaya şəhərin süqutundan sonra köç etmişdir. Kəsrəvi bu məlumatı verərkən istinad etdiyi qaynağı göstərməməkdədir, lakin Köprülü, Oberling və Təkəş onunla razılaşmaqdadırlar.[8][9][10]

Bunlara əsaslanaraq, Kondo Kəlbəli və atası Qasımın bütün əfşarların lideri ola bilməyəcəyini bildirir və Mirzə Rəşidin kitabına gedən məlumatın səhv olduğunu iddia edir. Lakin o, əlavə edir ki, onların bütün əfşarların lideri olmamasına baxmayaraq, gümanki onlarla xeyli Əfşar Urmiyaya köç etmişdir. Çünki XIX əsrdə Urmiyada böyük Əfşar sayı mövcud idi.[7]{{efn|Journatian tərəfindən verilmiş tayfa siyahılarına görə, ən böyük Əfşar məskunlaşması Urmiyada idi - 25 min nəfər və ümumi Əfşar əhalisinin sayı olan 88 min nəfərin 28.5 faizi.[11]

Əfşarlar Səfəvi imperiyası boyunca təxminən yüz il Urmiya hakimi postunu özlərində saxladılar. 1624-1722-ci illər ərzində ümumilikdə 12 Əfşar bu bölgəyə hakimlik etdi. XVIII əsrin əvvəllərinə aid SƏfəvi idarəetməsinə dair əsər olan Təzkirət əl-Mülükdə Urmiya hakimləri həm də Əfşar elinin hakimi kimi göstərilir. Bu dönəmdə Urmiyanın Əfşar hakiminin 7.5000 tümən gəliri və 2 min nəfərlik ordusu var idi.[12]

Şah Abbasın Əfşar Kəlbəli Soltanın Urmiyaya hakim təyin edilməsini tarixçi Kondo bölgənin Osmanlı sərhədi olması ilə birlikdə, onun ümumi Qızılbaş siyasəti ilə əlaqələndirir. Qeyd etmək lazımdır ki, Kəlbəli Soltan və qardaşı eyni dönəmdə müasir Əfqanıstan ərazisinə düşən Fərəh bölgəsinin də hakimi təyin edilmişdilər. Buradan anlaşılana görə, onların yurisdiksiyası təkcə Urmiya ilə sərhədlənmiş olmamışdır.[13]

Urmiyada əfşarlar[redaktə | mənbəni redaktə et]

Urmiyanın ilk Əfşar hakimi (bəzi qaynaqlarda ilk hakim kimi Qasım Soltan da göstərilir) özünə mərkəz kimi Torpaqqalanı seçdi. Bura Urmiya şəhərindən 1.6 km şimalda yerləşməkdə idi. 1655-ci ildə buranı ziyarət etmiş Övliya Çələbi bölgənin Əfşar hakimi Gəncəli xanla görüşmüşdür. Onun yazdıqlarına görə, Torpaqqalada möhtəşəm qala olmuş, və bu qalada 310 top, 4 min döyüşçü, QAzan xan Elxani tərəfindən ucaldılmış məscud varmış. Lakin müəllif bölgədə karvansara və hamam kimi ticari obyektlərin azlığını qeyd edir. Qalanın qərb tərəfdə olan bir qapısı olmuş və kənarında heç bir tikili tikilməmişdir. Mirzə Rəşid kitabında əfşarların bölgəyə gəlişindən sonra gözəl binalar və bağlar saldırdıqlarını qeyd etsə də, başqa heç bir qaynaqda bu barədə məlumat yoxdur. Övliya Çələbi kələntərin, şeyxin və darğanın adına adlandırılmış binaların adını çəkir və onlardan heç biri Əfşar boyuna mənsub deyil. Kondo bunu əfşarların bölgəyə sərhədi qorumaq üçün köçürüldüklərini, buna görə də, yerli əhali ilə əlaqələrinin məhdud olması ilə əlaqələndirir.[13]

Səfəvi dövründə Urmiya əfşarlarının tarixinə dair bir digər qaynaq Marağadakı Sarıkurqan bölgəsindəki Əyyun-i Ənsari məbədində saxlanılan sənədlərdir. Sənədlərdə Urmiya bölgəsindəki bir vəqfin idarəçiləri Şah Süleymana bölgədəki əfşarların vəqfə hücum etmələrini, 4 nəfəri yaralamasını, inəkləri, qoyunları və qılıncları özləri ilə aparmalarını şikayət edir. Şah onların xahişlərini rədd etmiş, nəticədə vəqd idarəçiləri bölgəni tərk edərək Ərdəlana getməyə məcbur olmuşdurlar.[13]

XVIII əsrdə[redaktə | mənbəni redaktə et]

Siyasi tarix[redaktə | mənbəni redaktə et]

Səfəvi sülaləsinin devrilməsindən sonra belə Əfşar boyunun nümayəndələri Urmiya hakimliyi vəzifəsini əllərində saxlaya bildilər, halbuki bu zaman ölkənin hökmdarı tez-tez dəyişməkdə idi. 1707-1708-ci ildən sonra Urmiyada hakimlik edənlərin çoxu Qasımlılardan olan Xudadad xan Əfşar ailəsinə mənsub idi. Osmanlı qaynaqları əfşarların Osmanlı hakimiyyətinə etiraz etmədiklərini, buna görə də qısamüddətli Osmanlı hakimiyyəti zamanı hakimliklərini qoruya bildiklərini yazır. Lakin Mirzə Rəşid Urmiyanın hakimi Məhəmmədqasım xan Qasımlının Osmanlı ordusu ilə döyüşdə öldürüldüyünü qeyd edir.[14]

Əfşarlılar dövrünə aid bəzi qaynaqlar iddia edir ki, Əfşar imperiyasını quran sülalə ya Şah İsmayılın, ya da Şah Abbasın dövründə Azərbaycandan köçmüşdürlər və ortaq əcdada sahibdirlər. 1730-cu ildə Nadir xan Əfşar Osmanlı ordusu üzərinə ilk böyük hücumuna keçərkən Urmiya əfşarlarına da müraciət etmişdi. Nadir bir neçə gün Marağada qaldı və Təhmasib xan Cəlayirə də əmr göndərdi ki, qoşunların düşərgəsini ora köçürsün. Elə burada istirahətdə olarkən Urmiyada yaşayan əfşarlara məktub göndərdi. Nadir bu məktubunda özünün də əfşarlara mənsubluğunu xatırlamaqla bölgəyə gəlməsi barədə onlara məlumat verdi. Lakin Bisütun xan onun Nadirlə əlaqədə olmasının Osmanlı tərəfindən bilinməsinin əhalisi üçün ağır nəticələnəciyini güman edərək bu məlumatı əhalidən gizli saxladı. Əyanlarla məsləhətləşmədən belə qərar verildi ki, bir qədər səbir edilsin və əgər döyüşdə Nadir qələbə qazanarsa əfşarlar onun ordusuna qatılsın.[15] Nadirin qələbəsindən sonra Bisütun xan Əfşar özünün ordusu ilə birlikdə Nadir xanın ordusuna birləşdi. Nadir xanın (1736-dan sonra şah) hakimiyyəti altında Urmiya əfşarları mühüm vəzifələrə təyin edildilər. Onların nümayəndələri Kaşan və Şirvan hakimləri, eyni zamanda da şahənşahlıq qvardiyasının (sərkeçikçibaşı) komandanı təyin edildi. Nadir şah eyni zamanda Urmiya əfşarlarının bir hissəsini özünün mərkəzi olan Xorasana köçürdü və taxtla onları daha da yaxınlaşdırmağa çalışdı.[16]

Lakin onların arasında konfliktdə mövcud idi. Məsələn, Bisütun xan Nadirlə Səfəvi şahı II Təhmasib qarşı-qarşıya gəldiyində Təhmasibi dəstəkləməyi seçdiyi üçün edam edildi. Daha sonralar Nadir Urmiya əfşarlarının əsas 18 əmirini kor etdirdi. Eyni zamanda Nadirin qatilləri arasında Urmiya əfşarlarından olan şəxslər də var idi. Kondo Xorasan və Urmiya əfşarları arasındakı münasibətləri ideologi olaraq ortaq keçmişin fərqin olmaqla birlikdə, tez-tez də rəqib olaraq səciyyələndirir.[16]

Nadir şahın 1747-ci ildəki ölümündən sonra Urmiya əfşarları yaranmış qarışıqlıq vəziyyətində mühüm rol oynamağa başladılar. Mehdi xan, Fətəli xan və İmamqulu xan yalnız Urmiyanı idarə etməklə kifayətlənmədilər, eyni zamanda Arazın cənubundakı bütün Azərbaycan torpaqları üzərində öz nüfuzlarını yaydılar. Urmiya əfşarları 1754-cü ildə özünü yeni hökmdar elan etmiş Azad xan Əfqana ordu təmin edirdilər. Fətəli xan 1747-1748 və yenidən 1757-1762-ci illərdə Urmiyada hakimlik etmişdi. O, birinci dövründə İbrahim şah tərəfindən hakim təyin edilmiş Mehdi xan Əfşar tərəfindən devrilmiş, lakin onun da Azad xan Əfqan tərəfindən devrilməsindən sonra onun müavini olmuşdu. Mehdi xan Fətəli xanı Urmiya hakimliyi vəzifəsindən devirmiş və Nadir şahın taxtı uğrunda mübarizə aparanlardan biri olan İbrahim xan (daha sonradan İbrahim şah) tərəfindən Təbrizin hakimi təyin edilmişdi. Azad xan Əfqanın süqutundan sonra Təbriz əhalisi Fətəli xanı şəhərə dəvət etdilər və onu hakim etdilər.[16] O, həmçinin Qarabağ xanlığı üzərinə uuğrlu yürüş də etmişdi. 1759-cu ildə Fətəli xan Qarabağ xanlığına hücum etdi və 6 aylıq mühasirədən sonra QArabağ xanı Pənahəli xan tabe olduğunu bildirdi. Pənahəli xanın oğlu İbrahimxəlil xan Fətəli xana girov olaraq verildi.[17] 1761-ci ildə Kərim xan Zənd və Pənahəli xanın birləşmiş ordusu Urmiyaya hücum etdi və Fətəli xan Urmiya şəhərinə geri çəkilməyə məcbur oldu. 1762-ci ilin may ayında yenidən hücum edən Kərim xan Zənd Marağa şəhərini ələ keçirdi və 9 ay müddətində Urmiya şəhərini mühasirəyə aldı. Mühasirə nəticəsində Urmiya şəhəri ələ keçirildi və Fətəli xan 1763-cü ildə Şiraz şəhərində asıldı.[18]

Kərim xan Zəndin ölümündən sonra Urmiya hakimi olan İmamqulu xanın hakimiyyətini genişləndirdiyi, Marağadan, Xoydan, Soyuqbulaqdan, Sənəndəcdən və Təbrizdən xərac topladığı qeyd edilməkdədir. Zəndlər və Qacarlar Urmiya əfşarlarını tabe edə bilsələr də, Urmiyanı idarə edə bilmədilər. Əlimurad xan Zənd qoşun toplayaraq Urmiya üzərinə yürüşə çıxmasına və İmamqulu xanı döyüşdə öldürməsinə baxmayaraq, onun Urmiyaya təyin etdiyi hakim bir neçə ay sonra Əfşar üsyançılar tərəfindən devrildi və edam edildi. Bundan sonra İmamqulu xanın qardaşı Məhəmmədqulu xan Urmiya əfşarları rəislərinin razılığı ilə yeni hakim elan edildi.[19]

Hərbi və mülki dəstəkləri[redaktə | mənbəni redaktə et]

Komdo Nadir şah sonrası qarışıqlıq dövründən əfşarların siyasi hakimiyyət baxımından güclü ayrılmasının səbəblərini onların Cənubi Azərbaycan ərazisində ən çox saylı tayfa olması ilə əlaqələndirir. Dövrün qaynaqlarına istinad edərək müəllif bildirir ki, Əfşar ordusunun içindəki komandırlərin siyahısından bəlli olur ki, orduda Əfşar olmayan və onun subqrupu hesab edilən birləşmələr də olmuşdur. Onlar bunlardır:[20]

a) Kəlbəli xanla Urmiyaya köçən qruplar (Əfşar qrupları) - Qasımlılar, Gündüzlülər, Kuhgiluyəlilər, Qırxlılar, Arazlılar (və ya Ərəşlilər) və İmanlılar

b) Qeyri-əfşar olan, amma məşhur olan qruplar - Ustaclılar və Xələclər. Onların da köç zamanı əfşarlara qatıldıqları güman edilir.

c) Qarahəsənlilər, Quzbundlular, Yuğanlılar və Qatlular. Bu qrupların mənşəyi, yəni haradan gəldikləri və s. tam olaraq bəlli deyil.

Subqruplar əfşarların siyasi, eləcə də hərbi birliklərinin əsasını təşkil edirdilər. Hər qrupun və ya tirənin bir və ya iki rəisi olurdu. Müharibə zamanı bu rəislər öz tirələrinin komandiri olurdular və öz qruplarından olan döyüşçüləri müharibəyə hazırlayırdılar. Buna əlavə olaraq, Əfşar rəisləri ordu üçün qeyri-əfşar tayfaların ordularını da toplamalı idilər. Belə birliklərə "sərhəd bölgələri tayfaları" deyilməkdə idi.[21]

Dövrün qaynaqlarından bəlli olur ki, Urmiya bölgəsindəki əksər vəzifələr əfşarların və ya onların müttəfiqlərinin əlində idi. Əfşarlar yalnız əmiraxur (silah paylayan) kimi hərbi vəzifələri deyil, eyni zamanda vəkil (maliyyə bölməsinin rəhbəri), nazir (hakimin təsərrüfatının rəhbəri), mustavfi (maliyyə məmuru) və dini vəzifələri (imam cümə kimi) də ələ keçirmişdilər. Bu vəzifələrdən bəziləri irsi olaraq ötürülürdü. İmanlı tirəsindən olan Mirzə Cəfər vəkil vəzifəsini tutmaqda idi və onun oğlu Mirzə Əbülhəsən, nəvələri Mirzə Məhəmməd Nəbi, Mirzə Abdullah bir əsr boyunca bu vəzifəni əldə saxlamışdılar. Mirzə Cəfər eyni zamanda Əfşar tayfasının İmanlı tirəsinin də rəisi idi. Onun digər iki oğlu Əsgər xan və Əbdülsəmd xan hərbi vəzifəyə sahib idilər. Qazi Musa əl-Rza Əfşarın ailəsi isə imam cümə kimi dini vəzifəni əllərində saxlamaqda idilər. Onun oğlu Mola Məhəmmədhüseyn və iki nəvəsi onu bu vəzifədə əvəz etmişdilər. Müdərrisi Təbətabayi Qazi Musa əl-Rza Əfşarın nəvəsi Molla Musa əl-Rzanın təqaüd sənədlərini redaktə və çap etdirmişdir. Bu sənədlərdən bəlli olur ki, onun ailəsinin əksər üzvü üləma sinfinə mənsub olmuşdur. Tayfa üzvlərinin ümumi xarakterinə zidd olsa da, əfşarların şəhərdə yaşayanlarınınçoxu maliyyə, dini və hüquqi məsələlər üzrə yaxşı təhsilli olurdular.[21]

XVIII əsrdə əfşarların rəhbərlərinin yaşam tərzində də müəyyən dəyişikliklər baş verdi. Bu əsrdə Əfşar hakimləri özlərinin qərərgahı olan Torpaqalanı tərk etdilər və öz binalarını Urmiya şəhərində tikdirməyə başladılar. Rüstəm xanın hökumət binası şəhərin meydanına və bazarına yaxın bir yerdə inşa edilmişdi. Hüseynqulu xan şəhərin daxilində ikinci divanxananı da inşa etdirmişdi. Bu qərərgahın dəyişdirilməsi gümanki əfşarlar üçün böyük əhəmiyyət daşıyırdı. Bununla onlar Osmanlıya qarşı sərhəd qoruyucularından bütün əyalətin hakimlərinə çevrilirdilər. Səfəvi dövründən fərqli olaraq, XVIII əsr boyunca Əfşar hakimləri xeyli sayda binanı, sarayı, hamamı, məscidi təmir etdirmişdirlər. Kondu bunlara əsaslanaraq, onların artıq şəhər cəmiyyəti ilə əlaqələrinin artmasını bildirir.[22]

Qacar sülaləsi hakimiyyətində Urmiya əfşarları[redaktə | mənbəni redaktə et]

1823-cü ildə Urmiya hakimliyi vəzifəsi hələ də Əfşar boyunun əlində idi. Qacar sülaləsi hakimiyyətinin zəif olduğu bildirilsə də, ən azından Urmiyada onlar öz iradələrini həyata keçirə bilmə bacarığına sahib idilər. Urmiyadakı Əfşar hakimliyinin sülalə tərəfindən tanınması müqabilində onlar vergi və lazım olduqda döyüşçü göndərməli idilər. Məsələn, Məhəmmədqulu xan Ağa Məhəmməd şah Qacara 4 min tümən, Hüseynqulu xan isə Fətəli şaha 8 min tümən vergi verirdilər və bunun qarşılığında şahlar onların hakimliklərini tanıyırdı. Qacarlar öz vergi sistemlərini tədricən təkmilləşdirərək Təbrizdən Urmiyaya öz vergi dəyərləndirməçilərini və vergi məmurlarını göndərdilər. Vergilər ağır olduğu zaman isə hakim ya şahdan, ya da vəliəhd şahzadədən kömək istəyirdilər. 1807-ci ildə şəhər əyanları hakimə vergilərin ağırlığından şikayət etdilər və o da, vəliəhd Abbas Mirzədən yardım istədi. Nəticədə şəhərə yeni vergi məmurları göndərildi və onlara vergilərin miqdarını yenidən müəyyənləşdirmə tapşırıldı. 1817-ci ildə Abbas Mirzənin göndərdiyi vergi məmuru şəhərin yerli məsələlərinə müdaxilə etmiş və şəhərin hakimi Hüseynqulu xan Əfşar Fətəli şahdan məsələyə müdaxilə etməyi, məmuru işdən çıxarmağı xahiş etmişdir. 1823-cü ildən etibarən əfşarlar şəhər hakimliyi vəzifəsini itirdilər və o zamandan etibarən hakimlər ya Təbrizdəki vəliəhd, ya da Tehrandakı şah tərəfindən göndərildi. Buna baxmayaraq, əfşarlar hələ də öz qüvvələrini saxlamağa davam edirdilər. Məsələn, Təbrizdən göndərilən ilk vali Məlik Qasım Mirzənin anası Urmiya əfşarlarının əsas tirələrindən olan Qasımlı tirəsindən gəlməkdə idi. Məlik Qasımın hakimliyi dövründə onun qohumu Nəcəfqulu xan Bəylərbəyi əslində siyasi məsələləri həll edən şəxs idi. Buna bənzər şəkildə, Cahangir Mirzənin, Məlik Qasım Mirzənin ikinci hakimlik, Əkbər Mirzənin və Məlik Mansur Mirzənin dövrlərində əfşarlar siyasətə çox müdaxilə edirdilər. Buna görə də, bəzi hakimlər Əfşar təsirinə görə yenidən təyin edilirdilər. Məsələn, İbrahim xan Sərdar 1844-cü ildə Urmiyaya hakim təyin edilmiş və Azərbaycan vəliəhdinə 10 min tümən vergi verməyə başlamışdır. Buna etiraz olaraq, əfşarlar bölgədəki azsaylı kürdləri üsyana qaldırmış, nəticədə hakim başqa yerə təyin edilmişdir. MəlikQasım Mirzə, Məhəmməd Şərif xan və Sultan Əhməd Mirzə kimi hakimlər də əfşarlarla olan münaqişəyə görə başqa yerə təyin edilmişdirlər.[23]

Kondo şəhər hakimliyi vəzifəsini itirmələrinə baxmayaraq, əfşarların güclərini əllərində saxlamalarını onların sayları ilə əlaqələndirir. Onlar tədirəcən yerli vəzifələrini itirsələr də, İran ordusunun modernləşdirilməsi prosesi əsasında mərkəzi hakimiyyətlə yeni əlaqə mexanizması qurmuşdular. Belə şəxslərdən biri də Əsgər xan İmanlı Əfşardır. O, 1790-cı ildə Qacar ordusuna qatılmış, Kerman və Gürcüstan yürüşlərində iştirak etmiş, Rusiya ilə müharibə zamanı igidliyi ilə seçilmişdir. O, Əfşar süvarilərinin komandanı olmaqla birlikdə, Fətəli şah Qacar dövründə Napoleon Fransasına göndərilən səfirliyin də tərkibində olmuşdur. O, həyatı boyunca Əfşar hakimlərinin lehinə şahdan xahişlər etmiş, gərginlikləri sakitləşdirmişdir.[24]

1807-ci ildə başlayan Abbas Mirzənin hərbi islahatları əfşarların mərkəzi hakimiyyətlə əlaqələrini daha da gücləndirməsinə səbəb olmuşsur. İslahatlar nəticəsində Əfşar rəisləri tərəfindən iki ayrıca Əfşar piyada alayı təşkil edilmişdir. XIX əsrin ikinci yarısında bir digər alay da yaradılmışdır. Bu alaylardan xeyli sayda polkovnik və general olan Əfşar çıxmışdır. Əfşar alayından xidmətə başlayan Əliqulu xan Qasımlı rütbələri tədricən əldə etmiş, Rusiya və Herat müharibəsinə qatılmış, sonda isə bütün Qacar ordusunda ikinci vəzifəyə yüksəlmişdir. Belə nümunələrdən biri Yusif xan idi. O, 1869-cu ildə Urmiya hakimi olmuş və daha sonra Əfşar alayında general rütbəsinə yüksəlmişdir. Əfşarlar yüksək rütbəli zabit yetişdirməyi ən azından Birinci Dünya müharibəsi sonlarına qədər davam etdirmiş, eyni zamanda da yerli məsələlərdə əsas söz sahibi olmuşdurlar. Məsələn, Cəmşid xan Qasımlı Məcd əl-Səltənə Azərbaycanın qubernatoru olmuş, Məşrutə inqilabı və I Dünya müharibəsi zamanı Osmanlı ordusuna qarşı döyüşmüşdür. Əbdülsəməd Xan İmanlı Əzim əl-Səltənə Əfşar alayında xidmət etmiş və Urmiyanın hakimi təyin edilmişdir. O, I Dünya müharibəsi zamanı Urmiyada baş vermiş Assur üsyanını yatırmışdır. [25]

1624/25-1879/80-ci illərdə Urmiya hakimlərinin siyahısı[redaktə | mənbəni redaktə et]

1624/25-1879/80-ci illər aralığında Urmiyanın hakimləri (əksəriyyəti Əfşar boyundandır) bunlardır:

Tarix Hakim Kökəni Hökmdarı
1624/25 Kəlbəli xan Əfşar Əfşarların İmanlı tirəsi I Şah Abbas (1588-1629)
1633/34 Gəncəli xan Əfşar Əfşarların İmanlı tirəsi Şah Səfi (1629-1642)
? Məhəmmədisa xan Əfşar Əfşarların İmanlı tirəsi I Şah Abbas (1588-1629)
? Məhəmmədəli xan Əfşar Əfşar tayfası. Ehtimal ki, İmanlı tirəsi. I Şah Abbas (1588-1629)
? Şahverdi xan Əfşar Əfşarların İmanlı tirəsi I Şah Abbas (1588-1629)
? II Gəncəli xan Əfşar Əfşarların İmanlı tirəsi II Şah Abbas (1642-1666)
? II Məhəmmədisa xan Əfşar Əfşar tayfası. Ehtimal ki, İmanlı tirəsi. Bəlli deyil
1656 Silspur xan Cəlali Osmanlı imperiyasından olan mühacir Bəlli deyil
1677/78 İmamverdi xan ƏfşarImam Virdi Khan Əfşar tayfası Şah Süleyman (1666-1694)
? Fəzləli xan Əfşar Əfşarların İmanlı tirəsi Şah Süleyman (1666-1694)
? Sübhanverdi xan Əfşar Əfşar tayfasl Şah Süleyman (1666-1694)
? Canı xan Bəlli deyil Şah Süleyman (1666-1694)
1695 Ağzıvar xan Şamlı Şamlı tayfasl Şah Sultan Hüseyn (1694-1722)
1696 Fəzləli xan Bəlli deyil Şah Sultan Hüseyn (1694-1722)
1707/08 Xudadad xan Qasımlı Əfşar tayfasının Qasımlı tirəsi Şah Sultan Hüseyn (1694-1722)
1722 Məhəmmədqasım xan Qasımlı Əfşar tayfasının Qasımlı tirəsi Şah Sultan Hüseyn (1694-1722)
1725 Yusif Paşa Bəlli deyil III Əhməd (1703-1730)
? Fərrux Paşa Bəlli deyil III Əhməd (1703-1730)
1730 Paru xan Əfşar Əfşar tayfası II Təhmasib
1734 Aşur xan Əfşar Əfşar tayfasının Xorasanda olanQırxlı tirəsindən II Təhmasib
? Bektaş xan Əfşar tayfasının Xorasanda olanQırxlı tirəsindən II Təhmasib
1735/36 Məhəmmədisa xan Əfşar Əfşar tayfasının Qasımlı tirəsinin Xudadad xan ailəsinin nümayəndəsi. II Təhmasib
? Məhəmmədqasım xan Əfşar tayfası II Təhmasib
1736 Məhəmmədkərim xan Qasımlı Əfşar Əfşar tayfasının Qasımlı tirəsi Nadir şah Əfşar (1736-1747)
1745/46 Fətəli xan Əfşar Əfşar tayfasının Ərəşli tirəsi Nadir şah Əfşar (1736-1747)
təq. 1747 Mehdi xan Əfşar Əfşar tayfasının Qasımlı tirəsi Heç kim
? Fətəli xan Əfşar Əfşar tayfasının Ərəşli tirəsi Mehdi xan Əfşar
? Nağı xan Əfşar tayfasının Qasımlı tirəsi Mehdi xan Əfşar
1750 Azad xan Əfqan Pəştun Heç kim
1759 Fətəli xan Əfşar Əfşar tayfasının Ərəşli tirəsi Heç kim
1763 Rüstəm xan Əfşar tayfasının Qasımlı tirəsi Kərim xan Zənd (1751-1779)
1768/69 Rzaqulu xan Əfşar tayfasının Qasımlı tirəsi Kərim xan Zənd (1751-1779)
1772/73 İmamqulu xan Əfşar tayfasının Qasımlı tirəsi Kərim xan Zənd (1751-1779)
1783 Əmiraslan xan Əfşar tayfasının Sayınqala tirəsi Əlimurad xan Zənd (1781-1785)
1784 Məhəmmədqulu xan Əfşar tayfasının Qasımlı tirəsi Əlimurad xan Zənd (1781-1785)
1790 Qasım xan Əfşar tayfasının Qasımlı tirəsinin Xudadad xan ailəsi Ağa Məhəmməd şah Qacar (1789-1797)
1792/93 Məhəmmədqulu xan Əfşar tayfasının Qasımlı tirəsinin Xudadad xan ailəsi Ağa Məhəmməd şah Qacar (1789-1797)
1798 Hüseynqulu xan Əfşar tayfasının Qasımlı tirəsinin Xudadad xan ailəsi Fətəli şah Qacar (1797-1834)
1820/21 Nəcəfqulu xan Əfşar tayfasının Qasımlı tirəsinin Xudadad xan ailəsi Abbas Mirzə
1823/24 Məlik Qasım Mirzə Qacar sülaləsi şahzadəsi Abbas Mirzə
1828 İbrahim xan Sərdar Qacar tayfası Abbas Mirzə
1832 Cahangir Mirzə Qacar Qacar sülaləsi şahzadəsi Abbas Mirzə
1834 Heydərəli xan Şirazlı Məhəmməd şah Qacar (1834-1848)

Yerli cəmiyyət[redaktə | mənbəni redaktə et]

Avropalı səyyahların yazdıqlarında Əfşar boyunun fərqli tərəfləri haqqında məlumatlar vardır. XIX əsrin ortalarına aid qaynaqlardan bəlli olur ki, onlar oturaq həyata keçmiş və evlərdə yaşamağa başlamışdırlar.[25] Sheil hesab edir ki, onların sayı 7 min ailədən ibarətdir.[26] O, onları Tat, yəni oturaq yaşayan kimi qeyd edir. Vaqnerə görə, Urmiya şəhərinin qərbindəki dağlarda bir neçə kasıb Əfşar kəndləri mövcud olmuşdur.[27] K.E. Abbott 1864-cü ildə Urmiyanı ziyarət etmiş, əfşarların digərləri ilə qarışıq şəkildə yaşadıqlarını, onların rəislərinin böyük torpaq sahələrinə malik olduğunu, lakin həm müsəlmanlara, həm də xristianlara qarşı qəddar münasibətinə görə sevilmədiyini bildirir.[25][28]

Urmiya əfşarları tayfa qrupu kimi Urmiyada artıq mövcud deyillər, buna əsaslanaraq, Kondo onların XIX əsrdən etibarən oturaq həyata keçdiklərini bildirir. O, eyni zamanda Əfşarların ümumi Urmiya əhalisinin nə qədərlik hissəsini təşkil etdiyini hesablamağın çətin olduğunu bildirir. XIX əsrin əvvəllərində yazılmış qaynaqlara görə, əfşarlar Urmiya şəhərinin tamamını əllərində saxlayırdılar. Kurzon 1890-cı illərin əvvəllərində yazırdı ki, əfşarlar əhalinin əsas hissəsini təşkil edir.[29] Bunun əksinə, Vaqner[30] və Cekson[31] əhalinin çox hissəsinin qeyri-əfşar olduğunu yazır. Kondo bunun onunla əsaslandırır ki, əfşarların çoxu bu zaman artıq təhsil almış məmur kimi çalışmaqda idilər və buna görə də, xaricilər onları şəhər əhalisindən fərqləndirə bilmirdilər. Hər bir halda, XX əsrin əvvəllərində hələ də Urmiyada əfşarlardan tafa kimi bəhs edilən qaynaqlar vardır.[32] qeyd edir ki, "Urmiya küçələri tez-tez qanlı döyüşlərə səhnə olub və çox zaman kürd nizəsi Əfşar yatağanı ilə toqquşub".[33] Sheil bunu belə təsvir edirdi:

Şaqaqilər vəhşi tayfa adlandırılır, lakin Urmiya əfşarları onlardan on dəfə daha çox vəhşi və coşqundurlar,...bu türklər paradlardan azad edildikdən sonra sanki özlərini münaqişələrə həsr edirdilər, və onlar heç bir zaamn qışqır-bağırsız mübahisə etmədikləri üçün bütün bölgədə və ya ən azından onnu bir hissəsində, onların döyüşləri və bir-birlərinə qarşı ən nalayiq təhqirləri eşidilirdi...Onların həmişə hazır olan qəmələri - zəhmli kəsici-deşiçi xəncərləri - onu sözə və zərbəyə çevirmək üçün həmişə yanlarında idi...Onların işlərindən biri də gündüz vaxtı bazarda qarət edib quldurluq etmək idi; ət, tərəvəz və digər yeməklər onların əlindən təhlükəsiz deyildi; lakin hər şeydən əvvəl yaxşı bir quzu dərisindən hazırlanmış papaq onların gözlərində qarşısıalınmaz cazibədarlığa malik idi, abstraksiya adətən ilk növbədə arzulanan qənimətin sahibini yıxmaqla həyata keçirilirdi.[34]

Əfşarlar Urmiya bögləsində Heydəri-Neməti münaqişələrində, şəhərə gəlmiş vergi məmiurlarının qovulmasında damühüm rol oynayırdılar. Acamir, ovbaş, əlvət, cuhhal (və ya cahıl) adlandırılan və əfşarlardan təşkil edilən qruplaşmalar vəzifə sahibi və ya üləmə olan əfşarlar tərəfindən istifadə edilirdi. Lakin əsrlər keçdikcə buradakı əfşarların xarakterləri də dəyişdi. Bunun ən birinci səbəbi vaxtilə buraya sərhədi Osmanlı ordusuna qarşı qorumaq üçün köçürülmüş .Qızıl tayfasının indi artıq əyaləti idarə etməsi ilə bağlı idi. Səfəvi və Əfşar sülalələrinin devrilməsindən sonra ortaya çıxmış qarışıqlıqdan özlərinin tayfa güclərinə görə sağ çıxmağı bacarmış əfşarlar indi əyalətdəki təkcə hərbi vəzifələri yox, eyni zamanda mülki vəzifələri də əllərinə keçirmişdilər. Lakin XIX əsrdə onlar əyalətə hakimlik vəzifisini itirdilər, buna baxmayaraq Qacarların ordunu modernləşdirmə cəhdlərindən yararlanaraq yeni elitada öz yerlərini yenidən qorudular. XIX əsrin avropalı səyyahlar əfşarları həm oturaq kənd təsərrüfatı ilə məşğul olan şəxslər, həm də şəhərdəki qruplaşma nümayəndələri kimi bəsh edir.[35]

Kondo Urmiya əfşarlarının tarixini Qızılbaş tayfalarının yalnız birinin nümunəsi kimi təqdim edir və ortada başqa nümunələrin də olduğunu bildirir. Məsələn, erkən Səfəvilər dönəmində İranın cənubunu idarə etmiş Zülqədər eli soyundan gələnlər Fars əyaləyində Cahrumun hakimləri olmuş, bu vəzifələrini XIX əsrin sonlarına qədər qoruyub saxlamışdırlar. Kazerunun hakimliyi isə 250 ildən çox əfşarların əlində olmuş, XIX əsrdən etibarən buranın Əfşar hakimləri özlərinin tayfa adlarını atmış, Cahrumu və ya Kazeruni kimi adlar götürmüşdülər. Qızılbaş tayfalarından olmayan Marağa müqəddəmləri də Səfəvi dövründən etibarən XIX əsrin sonlarına qədər hakimlik vəzifəsini əllərində saxladılar. Əfşarlar kimi digər keçmiş Qızılbaş tayfaları da özlərinin tayfa alaylarını yaradaraq Qacar ordusunun ayrılmaz bir parçasına çevrildilər.[35]

Kondo Urmiya əfşarlarında baş verən dəyişiklikləri nəzərə alaraq, bu tayfaların zamanla təkamül yolu ilə təmsil olunma yollarını yenidən nəzərdən keçirməli olduğumuzu və Qızılbaş tayfa qruplarının nəsillərinin izlədiyi heç bir peşə və ya sosial trayektoriya görünmədiyini bildirir. O, Əfşar nümənəsində onların bəzilərinin məmur və üləma nümunəsində əyalət elitlərini, eləcə də hərbi liderlər kimi milli elit təbəqəyə daxil olduqlarını yazır. Onların yerdə qalanları isə fəaliyyətlərini kənd təsərrüfatı üzrə davam etdirdilər, bir qismi isə şəhər lümpenproletariatını formalaşdırdılar. Kondo XVIII əsr Qacar imperiyası fonunda tayfa üsyançılığı problemini nümunə göstərərək, Urmiya əfşarlarının tayfa qrupundansa, əyalət elitləri kimi qəbul edilməsinin daha yaxşı olduğunu vurğulayır. Urmiya əfşarlarının aşağı təbəqələri köçəri və ya yarımköçəri həyat tərzindən tədricən oturaq kənd təsərrüfatına keçid etdiyi halda, yuxarı təbəqə nəinki XVIII əsrdə əyalətin əsas vəzifələrini ələ almış, eyni zamanda ölkənin mərkəzləşdirilməsi, modernləşdirilməsi fonunda da yerli hakimiyyəti əllərində saxlamağı bacarmışdılar.[36]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Bu vəzifələrə daxil idi: Kirman hakimliyi (1592), Şüştər hakimliyi (1594), Kuhgiluyə hakimliyi (1596)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Oberling, 1984
  2. Bournoutian, 2021. səh. 4
  3. Oberling, 1964. səh. 68-70
  4. Oberling, 1964. səh. 70
  5. Sümer, 1991
  6. Kondo, 1999. səh. 538-539
  7. 1 2 Kondo, 1999. səh. 539
  8. Kasravi, 1301. səh. 601
  9. Köprülü, 1942
  10. Takash, 1942. səh. 262
  11. Dupre, 1819. səh. 457
  12. Kondo, 1999. səh. 539-540
  13. 1 2 3 Kondo, 1999. səh. 540
  14. Kondo, 1999. səh. 541
  15. Süleymanov, 2001. səh. 182
  16. 1 2 3 Kondo, 1999. səh. 542
  17. Perry, 2015. səh. 86
  18. Perry, 2015. səh. 89
  19. Kondo, 1999. səh. 542-543
  20. Kondo, 1999. səh. 543
  21. 1 2 Kondo, 1999. səh. 544
  22. Kondo, 1999. səh. 545
  23. Kondo, 1999. səh. 545-546
  24. Kondo, 1999. səh. 546
  25. 1 2 3 Kondo, 1999. səh. 547
  26. Sheil, 1856. səh. 396
  27. Wagner, 1856. səh. 242
  28. Amanat, 1983. səh. 230
  29. Curzon, 1892. səh. 536
  30. Wagner, 1856. səh. 234
  31. Jackson, 1906. səh. 104-105
  32. Fraser, 1840. səh. 57
  33. Kondo, 1999. səh. 548
  34. Sheil, 1856. səh. 334-335
  35. 1 2 Kondo, 1999. səh. 549
  36. Kondo, 1999. səh. 550

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Pierre Oberling. The Turkic Peoples of Iranian Azerbayjan. New York. 1964.
  • Pierre Oberling. AFŠĀR. London and New York: Encyclopædia Iranica - Routledge & Kegan Paul. 1984. 582–586. ISBN 978-0-71009-095-9.
  • Faruk Sümer. AVŞAR - Türkiye Türkleri’nin ataları olan Oğuz elinin en tanınmış boylarından biri. TDV İslâm Ansiklopedisi. 1991.
  • Ahmad Aqa Tabrizi (Kasravi). II-i Afshar. Ayandah. 1306.
  • Nobuaki Kondo. [file:///Users/qulamhuseyn/Downloads/Qizilbash_urmiya_Afshars_from_the_Sevent.pdf Qizilbash Mterwards: The Mshars in Urmiya from the Seventeenth to the Nineteenth Century] (#bad_url) (PDF). Iranian Studies, volume 32(4). 1999.
  • Fuad Köprülü. AV$AR. İslam Ansiklopedisi. 1942.
  • Əlaəddin Təkəş. Qasim Khan dar ra"s-i il-i Afshar. Armaghiin 27: 4/5. 1942.
  • Adrien Dupre. Voyage en Persefait dans les annees 1807, 1808 et 1809. Paris: Kessinger Publishing, LLC. 1819.
  • Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
  • Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856.
  • M. Wagner. Travels in Persia, Georgia and Koordistan. London. 1856.
  • Abbas Amanat. Cities & Trade: Consul Abbott on the Economy and Society of Iran 1847-1866. London. 1983.
  • J. B. Fraser. Travels in Koordistan, Mesopotamia, etc. London: 1840.
  • G. N. Curzon. Persia and the Persian Question. London. 1892.
  • A.V.W. Jackson. Persia,Past and Present. London. 1906.
  • John R. Perry. Karim Khan Zand: A History of Iran, 1747-1777. 2015. ISBN 9780226661025.
  • George Bournoutian. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. Brill. 2021. ISBN 978-9004445154.