Official U. S. PlayStation Magazine (abr. OPM) — "Ziff Davis Media" tərəfindən nəşr edilmiş keçmiş ABŞ aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnalın hər ay nəşr edilən buraxılışı demo disklər və "PlayStation" videooyunlarının videolarını daşıyırdı. Jurnalın fəaliyyəti demək olar ki, on il davam etmişdir (oktyabr 1997 – yanvar 2007).
Official U.S. PlayStation Magazine | |
---|---|
| |
Baş redaktor | Tom Biron |
İcraedici redaktor | Dana Yonqevaard |
Öncəbaxış redaktoru | Tyerri Nquyen |
Əməkdaşlar | 18 redaktor |
Növ | Videooyun |
Təsisçi | Cim Lauderbek |
Təsis tarixi | 1997 |
İlk buraxılışı | 1 oktyabr 1997 | )
Nəşrini dayandırıb | 1 fevral 2007 ) |
Şirkət | Ziff Davis Media |
Ölkə | ABŞ |
Qərargah | San-Fransisko, Kaliforniya |
Dil | İngilis dili |
opm.1up.com |
"OPM" 2007-ci ilin yanvar ayında fəaliyyətini dayandırandan bir ay sonra müstəqil "PlayStation" jurnalı olan "PSM" adını dəyişdirərək "PlayStation: The Official Magazine" olmuşdur.
"Official U. S. PlayStation Magazine" jurnalı 1997-ci ildə "Ziff Davis Media" tərəfindən ABŞ-də təsis edilmişdir. "OPM" o dövrdə "PlayStation" diskləri verən ilk jurnal idi. 1997-ci ilin oktyabr ayındakı ilk buraxılışından bəri jurnalın yanında "PlayStation" platforması üçün satışa çıxarılan videooyunların demo diskləri və reklam-xarakterli videoları verilirdi. Məsələn, jurnalın avqust 1999-cu il tarixli 23-cü buraxılışının yanında "Final Fantasy VIII", "3Xtreme", "Tiny Tank", "Jade Cocoon: Story of the Tamamayu", "Macross VF-2", "Centipede", "You Don't Know Jack" və "Ultimate 8-ball" kimi videooyunların demo diskləri verilirdi.[1] Jurnalın oktyabr 2001-ci il tarixli 49-cu buraxılışında "PlayStation 2" platforması üçün satışa çıxarılan videooyunların demo diskləri, videooyun sənayesindəki müsahibələr və tədbirlər barədə videolar verilməyə başlamışdır. Buna baxmayaraq, jurnalın növbəti 50-ci, 52-ci və 54-cü buraxılışlarının yanında orijinal "PlayStation" platforması üçün satışa çıxarılan videooyunların son demo diskləri verilmişdir. "OPM" "PlayStation Portable" platforması üçün satışa çıxarılan sadəcə bir videooyunun – "Killzone Liberation" videooyununun demo diskini buraxılışın yanında vermişdir.[2] Bu, abunəçilərə yox, sadəcə topdan satış müştərilərinə verilirdi. Jurnal "PlayStation 3" üçün satışa çıxarılan videooyunların demo disklərini ehtiva etməzdən əvvəl 2007-ci ilin yanvar ayında fəaliyyətini dayandırmışdır.[3] Demo disklərin hamısı "LifeLike Productions, Inc." şirkəti tərəfindən hazırlanırdı.[4]
Jurnalın oxşar beynəlxalq versiyaları da mövcuddur. Bunlar İsveç, Finlandiya, Böyük Britaniya, İrlandiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Belçika, Portuqaliya, Rusiya, Braziliya və Avstraliyada nəşr olunurdu. Jurnalın Belçika versiyası Niderlandda da nəşr olunurdu. Jurnalın Avstraliya versiyası ilk növbədə "Next Media" tərəfindən hər iki aydan bir nəşr edilirdi, ancaq sonra fəaliyyətinə aylıq nəşrlə davam etmişdir. 2018-ci ilin sentyabr ayında "Future Publishing" jurnalın hüquqları "Next Media" şirkətindən satın almışdır.[5]