VII David Ulu (gürc. დავით VII ულუ; 1215 – 1270, Tiflis) — Baqrationilər sülaləsinə mənsub olan Gürcüstan çarı.[1] 1247–1270 illərdə hakimiyyətdə olmuşdur. Gürcüstan çarlığının ikiyə bölünməsindən sonra, Tiflis şəhərinin yerləşdiyi şərq hissəsində Monqol İmperiyasının tabeçiliyi altında hökm sürmüşdür. VII David "Ulu" ləqəbi ilə də tanınır.
VII David | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | დავით VII ულუ |
Doğum tarixi | 1215 |
Vəfat tarixi | 1270 |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşaqları | |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
VII David Gürcüstan çarı IV Georginin oğludur. Onun dövründə hakimiyyətdə olan çariça Rusudan öz oğlu VI David Narini hakimiyyətə gətirmək istəyirdi. Bu səbəbdən o, VII David Ulunu Rum sultanlığına əsir kimi göndərdi. VII David Ulu 7 il II Qiyasəddin Keyxosrovun sarayında əsir olaraq qaldı.[2] 1242-ci ildə Monqol imperiyasının Rum sultanlığını Kösədağ döyüşündə məğlub etməsindən sonra VII David Ulu sərbəst buraxıldı.
VII David Ulu 1246-cı ildə Gürcüstana qayıtdı. Həmin dövrdə çariça Rusudan vəfat etmiş və oğlu VI David Narin isə hökmdar olaraq təsdiq edilməsi üçün Monqol imperiyasına səfər etmişdi. VII David Ulu gürcü əyanları tərəfindən hökmdar elan edilsə də, o da hakimiyyətini təsdiqlətmək üçün monqol hökmdarı Güyük xanın hüzuruna getdi.[2] VII David Ulu Monqol imperiyasının paytaxtı Qaraqorumda VI David Narin ilə qarşılaşdı. Güyüm xan onların hər ikisinin də hökmdar kimi taxta çıxmasına qərar verdi. Onlar 1259-cu ilə qədər birlikdə hökm sürdülər.[3]
VII David Ulu 1256-cı ildə Monqol ordusu ilə birlikdə Ələmut qalasının ələ keçirilməsində iştirak etmişdir. Bundan əlavə, 1258-ci ildə Bağdad yürüşündə də iştirak etmişdir. 1259-cu ildə VI David Narin Monqol hökmranlığına qarşı üsyan qaldırsa da, məğlub edildi[3] və Kutaisiyə doğru geri çəkildi. VI David Narin Qərbi Gürcüstandaki coğrafi vəziyyətdən də istifadə edərək İmeretidə müstəqil hakimiyyət sürməyə başladı. 1260-cı ildə Hülakü xan VII David Uludan Məmlüklərə qarşı yürüşdə ona dəstək olmasını istədi,[2] lakin VII David Ulu bu təklifi rədd etdi. Bundan sonra Monqol-Elxani ordusu gürcü torpaqlarına hücuma keçdi və gürcüləri Samtsxedə məğlub etdi. Lakin VII David Ulu 1262-ci ildə Elxanilər ilə sülh bağladı və paytaxt Tiflisə geri qayıtdı.
VII David Ulu 1270-ci ildə 55 yaşında vəfat etdi və Msxetada dəfn edildi. Ondan sonra hakimiyyətə oğlu II Demetre keçdi.[4].