Versal Ali Şurası

Versal Ali ŞurasıParis Sülh Konfransına (1919–1920) rəhbərlik etmiş ali orqan. Şuranın tərkibinə beş böyük dövlətin (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya) nümayəndə heyətlərinin başçıları və xarici işlər nazirləri daxil idi.[1]

Rusiya məsələsi

[redaktə | mənbəni redaktə et]
Əlimərdan bəy Topçubaşov

1919-cu ilin mayından Ali şuranın iclaslarında "rus məsələsi" — Rusiyaya münasibət məsələsi daha fəal müzakirə edilməyə başladı. İyunun 12-də Antanta Ali şurası admiral Aleksandr Kolçakın başçılıq etdiyi Osmanlı hökumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi. Müttəfiqlərin Kolçak hökumətini Ümumrusiya hökuməti kimi tanımalarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq Azərbaycan nümayəndələri etiraz etdilər. Nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov hələ mayın 31-də verdiyi bəyanatda Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyünü Qafqaz Azərbaycanının həyati mənafeyinə qarşı zərərli hesab etmişdi. Azərbaycan nümayəndə heyəti iyunun 5-də bununla bağlı sülh konfransının sədrinə və Müttəfiq dövlətlərin baş nazirlərinin adına etiraz notası göndərdi. Azərbaycanın da daxil olduğu yeni yaranmış yeddi respublikanın nümayəndə heyətlərinin başçıları tərəfındən iyunun 17-də etiraz bəyannaməsi, habelə iyunun 23-də Azərbaycan, Gürcüstanşimali Qafqaz respublikaları adından 7 maddədən ibarət etiraz notası imzalandı. Notada Kolçakla bərabər, Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı da etiraz edilirdi. Azərbaycan, Gürcüstan və Dağlı Respublikası nümayəndələri Versal Ali şurasının üzvlərini inandırmağa çalışırdılar ki, Denikin Könüllü ordusunun Cənubi Qafqaza yolunu bağlamaq lazımdır. Ermənilər nə "yeddilərin" bəyanatına qoşuldular, nə də Qafqaz respublikalarının etiraz notasını imzaladılar.

Azərbaycan, GürcüstanErmənistan nümayəndə heyətləri sədrlərinin imzası ilə Antanta Ali şurasının sədri J.Klemansoya ünvanlanmış 28 avqust tarixli müraciətdə Qafqaz respublikalarının müstəqilliyi tanınana qədər müttəfiq qoşunlarının Qafqazdan çıxarılmasının dayandırılması xahiş edilirdi.

Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması məsələsi

[redaktə | mənbəni redaktə et]

AzərbaycanGürcüstan nümayəndələri Qafqaz məsələsinin həllini sürətləndirmək məqsədilə 1919-cu ilin payızında konfransın sədrinə, Ali şura üzvlərinə müxtəlif formalarda müraciətlər etmişdilər. Azərbaycan nümayəndələri tərəfindən hazırlanmış və daha 7 respublikanın qoşulduğu kollektiv nota oktyabrın 8-də sülh konfransına təqdim edildi. Notada yeni yaranmış respublikaların müstəqilliyinin tanınmasının, onların beynəlxalq maliyyə sisteminə və iqtisadi münasibətlərə cəlb edilməsinin zəruriliyi Ali şuranın nəzərinə çatdırılırdı.

1920-ci il yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Ali şuranın sessiyası çağırıldı. Sessiyada Cənubi Qafqaz respublikaları məsələsi ətraflı müzakirə edildi. Ali şuranın qəbul etdiyi qərara görə, hərbi ekspertlər Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərmək barədə təkliflər hazırlamalı idilər. Ali şuranın xarici işlər nazirləri səviyyəsində davam etdirilən iclasında Böyük Britaniyanın xarici işlər naziri lord Kerzon baş nazir Lloyd Corcun Azərbaycan və Gürcüstanın müstəqilliyini tanımaq məsələsini Ali şuranın iclasında qoymaq niyyətində olduğunu bildirdi. 1920-ci il yanvarın 11-də Antanta Ali şurası AzərbaycanGürcüstan hökumətlərini de-fakto tanımaq haqqında qərar qəbul etdi. Qerarda göstərilirdi ki, "müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar" (bax Müstəqilliyin de-fakto tanınması).[1]

Cənubi Qafqaz respublikaları məsələsi

[redaktə | mənbəni redaktə et]

1920-ci il yanvarın 19-da Ali şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasında Cənubi Qafqaz respublikaları məsələsi ətraflı müzakirə edildi. Ali şuranın 10 yanvar tarixli tapşırığına əsasən, iclasda ingilis nümayəndələri tərəfındən tərtib edilmiş memorandum elan olundu. Ali şura Qafqaz məsələsinə dair dörd bənddən ibarət qərar qəbul etdi. Qərarda müttəfiq hökumətlərin Cənubi Qafqaz respublikalarına ordu göndərmək imkanına malik olmadıqları, bu respublikalara silah, hərbi sursat və ərzaqla kömək ediləcəyi göstərilirdi.[1]

London konfransı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan nümayəndələri Antanta Ali şurasının 1920-ci ilin fevral-mart aylarında keçirilən London konfransında və San-Remo (aprel) konfransında iştirak etdilər. Ali şuranın London sessiyasında "rus məsələsi" müzakirə edilərək, "Rusiyada müttəfiqlərin siyasəti" adlı memorandum qəbul olundu. Konfransda müstəqilliyi müttəfiqlər tərəfindən tanınan yeni dövlətlərə Rusiya ilə dinc münasibətlər yaratmaq tövsiyə edilir və bildirilirdi ki, Rusiya yeni yaranmış dövlətlərə hücum edib, onların qanuni sərhədlərini pozarsa, Antanta həmin dövlətlərə bütün vasitələrlə yardım göstərəcəkdir. Lakin bütün bu vədlər yerinə yetirilmədi. Müstəqilliyi Versal Ali şurası tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Aprel işğalı (1920) ilə başa çatdı.[1]

  1. 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 428. ISBN 9952-417-44-4.
  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), B., 1993;
  • Nəsibzade N., Azərbaycanın xarici siyasəti (1918–1920), B., 1996;
  • Musayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr), B., 1996.