Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xudu Məmmədov (14 dekabr 1927, Mərzili – 15 oktyabr 1988, Bakı) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957)
Xudu Məmmədov | |
---|---|
Xudu Surxay oğlu Məmmədov | |
Doğum tarixi | 14 dekabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 1988 (60 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Elmi rəhbəri | Con Bernal |
Tanınmış yetirməsi | Məmməd Çıraqov |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır[1].
Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər. 1955-ci ildə X. Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.
Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır.
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.
1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazır.
Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.
Xudu Məmmədov qısa müddət ərzində rentgen quruluş təhlili üsulunun I və II mərhələlərini yüksək səviyyədə mənimsəyir, hətta quruluşun təyini üçün çox vacib olan naməlum quruluşda simmetriya mərkəzinin olub-olmamasını bir adla Paterson elektron sıxlığından "üç pik" teoremi əsasında yüksək dəqiqliklə təyin edir. O, göstərir ki, Paterson elektron sıxlığında bir düz xətt üzərində biri-birindən bərabər məsafədə yerləşən üç pikdən mərkəzdə yerləşən pikin ağırlığı kənarlarda yerləşən piklərin ağırlığından iki dəfə çox olan halda quruluşda simmetriya mərkəzi olur. Xudu Məmmədov bu teoremin yüksək dəqiqliklə riyazi və həndəsi isbatını vermişdi. Quruluş təhlili sahəsində mövcud ədəbiyyatlara bu, "X. Məmmədovun üç pik teoremi" kimi daxil edilmişdir.
Xudu Məmmədov aldığı eksperimental məlumatlar əsasında hesablanmış Paterson elektron sıxlığının araşdırılmasından, statstik üsullardan, Xarker-Kasper bərabərsizliyindən və müxtəlif mərhələlərdə təkrar yaxınlaşma üsullarından məharətlə istifadə edərək, ksonotlit mineralının quruluşunu təyin edir. Bu quruluş silikat kimyasında – sement kimyasında dövrün ən böyük kəşfi idi. Həmin illərdə sovetlərin ən çox oxunan mətbuat orqanlarında Xudu Məmmədovun əldə etdiyi elmi nəticələr sovet elminin ən böyük nailiyyəti kimi dərc olunmuş və "Soyuz" jurnalında X. Məmmədovun böyük şəkli və elmi nəticələri barədə geniş məlumat verilmişdir.
1955-ci ildə X. Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun Elmi Şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonotlit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alır.
X. Məmmədovun görkəmli alim Con Bernalla ilk görüşü 1956-cı ildə olur. O vaxt Moskva şəhərində Beynəlxalq Sülh Konfransı keçirilir. Con Bernal laboratoriyasında uzun müddət problem quruluşlarından olan ksonotlit və vollastonit minerallarının quruluşunu yüksək dəqiqliklə təyin edən X. Məmmədovla görüşür. İnstitutda elmi diskussiyadan sonra X. Məmmədovla tanışlıq onu çox heyrətləndirir və onu Londona "Sement Silikatlarının Quruluşunun Tədqiqi" elmi mərkəzinə dəvət edir.
Bu tanışlıqdan sonra Xudu Məmmədov iki dəfə Con Bernalın qonağı olmuşdur. 1960-cı ildə 20 gün, 1966-cı ildə isə 10 ay. Con Bernal da öz növbəsində Bakıda Xudu müəllimin qonağı olmuş və özünün bağışladığı "Elm haqqında elm" kitabında belə avtoqraf yazmışdı: "Canlı və cansız təbiəti vəhdətlərindən böyük alim Xudu Məmmədova".
SSRİ EA Kristalloqrafiya İnstitutunun aspiranturasını bitirib, 1955-ci ilin oktyabrında elmlər namizədi kimi Bakıya qayıdan Xudu Məmmədov Azərbaycan EA-nın Kimya İnstitutuna baş elmi işçi kimi qəbul olunur, elə həmin ildə kristallokimya laboratoriyası yaranır və X. Məmmədov ona rəhbər təyin edilir.
X. Məmmədov bir neçə illik tədqiqatlarının yekunu olaraq 1960-cı ildə "Kalsium silikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazır. Sement silikatların quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, bu monoqrafiyanı X. Məmmədov azəri-türkcəsində yazdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi.
1960-cı ildə X. Məmmədov ilk dəfə "Qarışıq quruluşlar" anlayışı yaradır. 1980-ci illərin əvvəlində bu hadisə xarici elmi mətbuatda polisomatizm hadisəsi kimi səslənir. 1960-cı ildə çap olunan monoqrafiyada isə X. Məmmədov bu hadisəyə tam aydınlıq gətirmişdi.
1960–1970-ci illərdə artıq elm aləmində "Kristallokimyaçıların Bakı məktəbi" kimi tanınmış laboratoriyanın əməkdaşları X. Məmmədovun rəhbərliyi ilə dünya laboratoriyalarının problem axtarışlarından olan quruluşları açmağa qadir idilər. Bu illərdə X. Məmmədov artıq dünya səviyyəsində qəbul edilmiş, kristalloqrafların görkəmli liderləri səviyyəsinə ucalmışdır.
Diorto silikatlar və ortoboratların quruluşu arasında kristallokimyəvi analogiyaya aşkarlıq gətirməsi X. Məmmədovun kristallokimya sahəsində ən uğurlu elmi tədqiqatlarından biridir.
X. Məmmədovun elmdə əldə etdiyi ən uğurlu nailiyyətlərdən biri də qeyri-üzvi bağlayıcı xassəli maddələrin atom səviyyəsində öyrənmək, yəni bağlayıcılıq yaradan əlamətlərin kristallokimyəvi kriteriyalarını vermək olmuşdur. O qeyd edirdi ki, "praktiki istifadə olunan bütün qeyri-üzvi bağlayıcılar sement silikatlarının quruluş analoqudur". Bu ifadə bağlayıcılıq xassələri müşahidə olunan maddələrin quruluşlarının kristallokimyəvi araşdırılmasının nəticəsi idi. X. Məmmədov yüksəksəviyyəli kristallokimyəvi təhlili "silikatların və digər qeyri-üzvi bağlayıcıların ümumi xüsusiyyətlərinin olması, onlarda portlandit və ya onun analoqu olan quruluş bloklarının olmasıdır". Bu bağlayıcılar kimyasında (sement və s.) bağlayıcı xassələrin quruluş kriteriyası – X. Məmmədov kriteriyası adlanır. Beləliklə, bağlayıcıların ümumi quruluş xüsusiyyətlərinin aşkarlanması elementlərin individual xüsusiyyətlərinin bağlayıcı xassələri ilə əlaqələndirməyə imkan verir. Bu da ki, məlum xassəli-bağlayıcı maddələrin alınması istiqamətində düzgün və yeni mərhələ idi.
X. Məmmədov 1969-cu ildə Azərbaycan EA-nın Geologiya İnstitutunda "Kalsium silikatlarının və hidrosilikatlarının kristallokimyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edir və geokimya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alır. Akademik N. V. Belov və Moskva şəhərindən opponent kimi müdafiədə iştirak edən professorlar M. Dorfman və E. Makarov işi yüksək qiymətləndirirlər.
X. Məmmədov 1970-ci illərin çox sevdiyi ölməz sənətkar və görkəmli alim Üzeyir bəy Hacıbəyovun xatirəsinə həsr etdiyi "Qoşa qanad" əsərini yazır. Əsər elm və sənətin vəhdətinə həsr edilmiş fundamental elmi araşdırmaların nəticəsi idi. İlk dəfə bu əsər "Ədəbiyyat və incəsənət" qəzetində çap olunur. 1974-cü ildə isə "Gənclik" nəşriyyatı eyniadlı kitab kimi nəşr edir. Kitab, istedadlı filosof Ziyəddin Göyüşovun "Zirvəyə çağıran səslər" başlıqlı ön sözündən, dörd fəsildən və son sözdən ibarətdir.
Xudu müəllimin görkəmli kristalloqraf olması təbiətə atom səviyyəsində baxış etməsinə imkan yaradır. O qeyd edir ki, "İstər canlılar, istərsə də cansızlar kimyəvi elementlərin mümkün varlıq formalarıdır. Cansızlara nisbətən canlılarda mürəkkəbləşmə mərhələlərinin sayı müqayisəolunmaz dərəcədə çoxdur (cansızlar-atomlar, molekullar, maddələr, kristallar, materiyalar; canlılar – atomlar, molekullar, molekul qrupları, hüceyrələr, hüceyrə kolonyaları, orqanellər (toxumalar), orqanlar və s.). Hər bir səviyyənin fərdləri özündən sonrakı səviyyə üçün quruluş vahidi rolu oynayır". Görünür ki, X. Məmmədovun qeyri-üzvi kristallokimyada yaratdığı "irsilik prinsipi" onun təbiəti dərindən öyrənməsinin, təbiətə münasibətinin nəticəsidir.
X. Məmmədova görə, yaradıcılığın əsasında üç cəhətin ahəngdar birliyi lazımdır:
Xudu Məmmədov elm və sənətin mahiyyətcə eyni səbəblərdən asılılığını belə ifadə edir: "Elm və sənətin hər ikisində istedad uçuş qüvvəsi olduğu halda, dünyagörüşü uçuşa istiqamət verən, yolun doğruluğuna əminlik yaradan, gedilmiş yolu bir də getməyə qoymayan, bizi nöqtə ətrafında fırlanmağa qoymayan səbəbdir". İki anlayışın, iki qanadın oxşarlığı necə də konkret, aydın bir şəkildə ifadəsini tapır.
Dünyagörüşün genişləndirmə yollarından yazan X. Məmmədov göstərirdi ki, birinci amil təhsil sistemindən doğru istifadə etmək, vaxtsız ixtisaslaşmaların əhəmiyyətsizliyini, təbiət və emosiyalar yaradan fənlərin mənimsənilməsinin eyni dərəcədə vacibliyini göstərirdi.
X. Məmmədov məktəbinin əsas elmi istiqamətlərindən biri də "Boratların quruluşu, faza çevrilmələri və kristallokimyası" problemi idi.
Bu işlərin əsasında X. Məmmədovun tədqiatlarının özəyini təşkil edən kalsium silikatlarının kristallokimyasını zənginləşdirmək dururdu. Belə ki, Ln3+ B3+ Ca2+ Si4+ heterovalent izomorf əvəz olunma hadisəsi Ln boratların quruluşunun kalsium silikatlarının quruluşu ilə analoji olduğunu göstərirdi. Burada ən ciddi müxtəliflik bor ionunun ölçüsünün silisium ionuna nisbətən kiçik və silisium kationundan fərqli olaraq bor kationunun dəyişkən koordinasiyaya malik olması idi.
1980-ci illərdə X. Məmmədov nadir torpaq elementləri və sulfidlərinin və sulfoduzlarının quruluşu ilə mürəkkəb tərkibli oksidlərin – silikatların və boratların quruluşu arasında oxşarlıq olduğunu kristallokimyəvi faktorlar əsasında yüksək səviyyədə elmi dəlillərlə sübut edir.
1981-ci ildə X. Məmmədovun "Naxışların yaddaşı" kitabı çap olunur. O, qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən danışırdı. Eramızdan çox-çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasını kristalloqrafiya elmimizin, qədim türk tayfalarında, müxtəlif sənətkarların yaratdığı əşyalarda müşahidə olunması bu elmin yaradıcılarının özümüzə məxsusluğunu yüksək səviyyədə əsaslandırırdı. Qədim əşyaların üzərində ornamentlərin köçürülmə simmetriyasına tabe olması, XII əsr mağara memarlıq abidələrinin birində üçtərtibli simmetriya oxuna malik fraqmentin sıx yerləşmə prinsipi ilə müstəvi səthi doldurması və həmin prinsiplə Bərdə türbəsinin (1322-ci il) silindr formalı səthinin dördtərtibli simmetriya elementini saxlamaqla "Allah" kəlməsi ilə doldurulması və s. Qədim ornamentlərimizdə müəyyən kristallik maddələrin quruluşu ilə eynilik müşahidə edən X. Məmmədov əcdadlarımızın quruluş təsəvvürlərinə malik olmalarını fərəhlə söyləyirdi. Məsələn, İsfahan məscidində naxışların biri 5, 6, 10 həlqəli boşluqlara malik silisium-oksigen tetraedr layına uyğun gəldiyini göstərir. Silisium 4-oksidin (SiO2) modifikasiyalarının birinin quruluşu ilə XI əsr Bərdə türbəsində və Türkiyənin Mardin şəhərində (XIII əsr) memarlıq abidələrində müşahidə olunan naxışların eyniliyi və yaxud Sahib Ata məscidində istifadə olunan naxışlarla sajinit mineralının quruluşunda müşahidə olunan tetraedr torunun eyniliyi (hər iki halda 5 və 8-lik boşluqlar növbələşir). Kanasit mineralının quruluşunun proyeksiyasının qədim xalçalar və kilimlər üçün çox tipik olması. Bu oxşarlıqlardan başqa "Naxışların yaddaşı" kitabında X. Məmmədov simmetriya qanunlarından və sıx yerləşmə prinsiplərindən istifadə edərək müxtəlif tip fraqmentlər əsasında fonsuz tablolar toplusu yaratmışdır. Bu yüksək elmi nailiyyətlərin nəticəsi idi ki, 1981-ci ildə Vaşinqton beynəlxalq "Perqamon Pres" nəşriyyatının çapdan buraxdığı irihəcmli "Simmetriya" məcmuəsinin "Kristalloqrafik naxışlar" bölməsi X. Məmmədov tərəfindən yazılmışdır.
1980-ci illərin axırlarında Azərbaycanımızın ağrılı-acılı günləri başladı. Keçmiş SSRİ-nin rəhbərləri "yenidənqurma" adı altında erməni cəlladlarına yeni imkan yaratdı. Torpaqlarımız üzərində dövlət quran, tariximiz əsasında özünə tarix yaradan, mədəniyyətimizi özününküləşdirməkdə davam edən alçaq qonşularımız Azərbaycanın gözəl guşələrindən biri olan Dağlıq Qarabağı özününküləşdirmək fikrinə düşür. İlk erməni ayaqları bu torpaqlara dəyən gündən 170 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Dağlıq Qarabağı qədim erməni torpağı elan edirlər. Ağdam rayonundakı iki gənci ermənilər vəhşicəsinə qətlə yetirir. İlk qan tökülür, cinayətkar cəzasız qalır.
Bu hadisələr – milli iztirablar Xudu Məmmədovun qəlbini ağrıdır, o, heç nə edə bilmədiyinə görə əzab-əziyyətlər çəkir.
Azərbaycanın – Qarabağın dərdi Xudu Məmmədovun ölümünü tezləşdirir. 1988-ci ilin oktyabrın 15-də sənətinin vurğunu olduğu, Şərqin böyük dahisi Üzeyir bəy Hacıbəyovun ev muzeyində dünyasını dəyişir.
Xudu Məmmədov klassik ədəbiyyatı və şeiriyyatı çox sevirdi. Onun mütaliə etmək vərdişi çox güclü idi. Əslində, onun təmasda olduğu elitar mühit də bunu tələb edirdi. B. Vahabzadə, N. Rzayev, C. Heyət və s. kimi həmsöhbətlərlə xırda və lazımsız şeylərdən danışmaq mümkün deyildi. Bu, həm də onun daxili tələbatı idi. O öz şəxsiyyətinə çox ağır şərtlər qoymuşdu, həyat tərzini bu ağır şərtlərə uyğun qurmuşdu. Odur ki, Xudu Məmmədovun iç dünyası alilik zirvəsində idi. Bunun təsdiqi ola biləcək nümunələr onun çox dəyərli deyimləridir. Bu deyimlər Xudu Məmmədovun yaşam fəlsəfəsinin inikası olub, çox zəngin, "müxtəlif istiqamətli", xeyirxahlıqla dolu bir ömrün böyük mənasını əks etdirir. Yalnız böyük ürək sahibləri, "kişi sözünə" önəm verənlər, vicdan qarşısında hər an hesabatlı olanlar, əyilməzlər, vətən sevənlər, xalqı üçün şam kimi yananlar, təkəbbürdən uzaq olanlar, ali insanlıq zirvəsində duranlar bu deyimləri ifadə etmək qüdrətində olurlar.
Görkəmli alim Xudu Məmmədov 345 elmi əsərin müəllifi olmuşdur ki, onların da 11-i ixtira olub, keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri ilə müdafiə olunmuşdur. Onun rəhbərliyi altında 18 elmlər namizədi və iki elmlər doktoru hazırılanmışdır.
Xudu Məmmədovun bayatıları və şerləri də onun incə qəlbli, duyğulu bir insan olduğunu göstərir. Onları Siz də oxuyun və bu duyğulardan özünüzə pay götürün.
Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.
2017-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasında Xudu Məmmədovun 90 illik yubileyi qeyd olunmuşdur.[2]
Həyatı və elmi kəşflərindən bəhs edən Dünya vətəndaşı (2008) filmi işıq üzü görüb. Film Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub. Film Xudu Məmmədovun təzadlı həyatına və zəngin elmi yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifləri Eldar İsgəndərzadə və Rəhman Babaxanlı, rejissoru isə Şahəddin Mayıloğludur.[3]
Elmi fəaliyyəti ilə yanaşı bayatıları ilə də tanınır.
Çiy yumurta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.
Elm köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun
El arxadır, güvən, gəz,
Dağda bitər güvəngəz.
Nə dövlətə bel bağla,
Nə fələyə güvən gəz