"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar.
1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı.
Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı [1].
Vulkan külünün yerin atmosferində yayılması üçün bir neçə ay keçməli idi, ona görə də, 1815-ci ildə bu püskürmənin nəticələri Avropada elə də hiss edilmirdi. 1816-cı ilin martında isə havanın temperaturu qış temperaturu olaraq qalmaqda idi. Aprel və may aylarında çoxlu yağış və dolu yağmışdı. İyun və iyulda Şimali Amerikada hər gecə şaxta düşürdü. Nyu-Yorkda və ABŞ-nin şimal-şərqində 1 metrədək qar yağırdı. Almaniyanı güclü fırtınalar ciddi narahat edirdi, bir çox çaylar, o cümlədən Reyn çayı daşmışdı. İsveçrədə hər ay qar yağırdı. Qeyri-adi soyuq kənd təsərrüfatı üçün böyük zərbə oldu və dəhşətli ərzaq qıtlığına səbəb olmuşdu. 1817-ci ilin yazında buğdanın qiyməti 10 dəfə qalxdı, əhali arasında aclıq baş qaldırdı. On minlərlə avropalı Amerikaya köçdü. Tarixçi Con D.Postun fikrincə, “yayı olmayan il qərb dünyasında insanların mövcudluğunu şübhə altına qoyan sonuncu böyük böhran idi” [2].
1816-cı ilin yazında ABŞ-nin şərqi qatı “quru duman”a bürünmüşdü. Bu duman gün işığına qırmızı və boz çalarlar verirdi və elə qatı idi ki, günəşdəki ləkələr adi gözlə görünürdü. Nə külək, nə də yağış bu dumanı dağıda bilməmişdi[3].
1816-cı ilin mayında Yeni İngiltərə və Nyu-Yorkun təpəli yerlərində əkinləri şaxta vurmuşdu. İyunun 4-də Konnektikut və Nyu-Cersi ştatlarında şaxta qeydə alınmışdı.
Nyu-Yorklu fermer Nikolas Benner yazırdı ki, 1816-cı ilin mayında “hər şey donmuşdu”. May ayında hər gün temperatur sıfırdan aşağı düşürdü. İyulda elə soyuq idi ki, bitkilər inkişaf etmirdi. Avqustun 23-də Berkşir Hills yenə donmuşdu [4].
Massaçusetsli tarixçi isə yazırdı ki, iyunun 7-si və 8-i qar yağmışdı və elə soyuq idi ki, əkinləri don vurmuşdu[5]. Bu iqlim anomaliyasından zərər çəkənlərdən biri də ABŞ-nin o zaman pensiyaya çıxaraq fermerliklə məşğul olan keçmiş prezidenti Tomas Cefferson idi. Soyuqlar onun Montiçellodakı (Virciniya ştatı) fermasındakı əkinləri məhv edərək Ceffersonu ciddi borca salmışdı [6].
Soyuq temperatur və durmadan yağan yağışlar Britaniya və İrlandiyada əkinlərin məhv olmasına səbəb oldu. Uelsdən olan ailələlər qaçqınlartək uzun məsafə qət edib ərzaq dilənməyə məcbur olurdular. Almaniyada ərzağın qiyməti dəfələrlə qalxmışdı. Avropanın bir çox şəhərlərini iğtişaşlar bürümüşdü[7].
Çində soyuq hava ağacları və düyü əkinlərini məhv etmişdi. Şimalda hətta camışlar da qırılmışdı. Tambora vulkanının püskürməsi musson mövsümünün dövriliyini pozdu və bu Yantszı çayının dərəsində daşqınlara səbəb oldu. Hindistanda yay mussonlarının gecikməsi daşqınlara və vəba epidemiyasına səbəb oldu.[8].
Atmosferə çökmüş vulkanik kül (tefra) qeyri-adi rəngli günəş qürublarına səbəb oldu. BBC tərəfindən çəkilmiş filmdə qeyd edilir ki, məşhur ingilis rəssamı Uilyam Törnerin akvarel və rəsmlərində, xüsusilə də 1828-ci ilə aid “Çiçester kanalı” rəsmində sarı çalarların üstünlük təşkil etməsinin əsas səbəbi də bu effekt olmuşdur.
1816-cı ilin yayını ingilis yazıçısı Meri Şelli Cenevrə gölü ətrafındakı villasında keçirirdi. Hava elə pis idi ki, istirahət edənlər evdən bayıra çıxa bilmirdilər. Buna görə də, onlar qərara gəldilər ki, hərəsi bir dəhşətli hekayə yazacaq və sonra bir-birlərinə oxuyacaqlar. Meri Şelli özünün məşhur əsərini - “Frankenşteyn və ya müasir Prometey” povestini[6], lord Bayronun həkimi Polidori isə vampirlər haqqında ilk əsər sayılan “Vampir” povestini yazmışdı.
Ellis Hoffmanın ABŞ-nin Massaçusets ştatında yerləşən Blekuell şəhərindən bəhs edən “Qırmızı bağ” romanının fəsillərindən biri “Yayı olmayan il 1816” adlanır[9].