Yorklu Ketrin (ing. Catherine of York; 14 avqust 1479 – 15 noyabr 1527) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı.
Yorklu Ketrin | |
---|---|
ing. Catherine of York | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1479 |
Vəfat tarixi | 15 noyabr 1527 (48 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | IV Eduard |
Anası | Elizabet Vudvil |
Həyat yoldaşları |
|
Ailəsi | York sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 4 yaşlı Ketrin mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları əmisinin himayəsində saraya göndərildi. Ketrin və bir yaş kiçik bacısı Brijit isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar.
III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Ketrinin ən böyük bacısı Elizabetlə evləndi. Ketrinin isə Kastiliya kraliçası İzabellanın oğlu Conla və ya Şotlandiya kralı III Ceymsin oğlu Ceyms Stüartla evləndirilməsi müzakirə edildi. Ancaq bu planlar baş tutmadı və Ketrin 1495-ci ildə VII Henrinin ən güclü tərəfdarı olan Devon qrafının oğlu və varisi Uilyam Kurtenayla evləndirildi. Ancaq 1502-ci ildə Ketrinin əri İngiltərə taxtının York iddiaçısı Edmond de la Polun dəstəkləməklə ittiham olunaraq həbs olundu və atasının bütün mülklərindən və ünvanlarından məhrum edildi. Ketrin isə İngiltərə kraliçası olan bacısı Elizabetin himayəsiylə canını xilas etdi.
1509-cu ilin aprelində VII Henrinin ölümü və oğlu VIII Henrinin taxta çıxmasıyla Ketrinin əri Uilyam Kurtenay bağışlandı və mülkləri ona geri verildi. Elə həmin il qaynatası da vəfat etdi və uzun mübarizənin ardından 1511-ci ilin mayında əri Uilyam Kurtenay Devon qrafı oldu. Buna baxmayaraq bir neçə ay sonra vəfat etdi və 32 yaşlı Ketrin dul qaldı. Ertəsi il isə VIII Henridən mərhum ərinin əmlaklarından istifadə hüququ aldı və 10 yaşlı oğlu Devon qrafı ünvanı aldı. Ərinin ölümündən sonra saraya az-az getdi. VIII Henrinin 1516-cı ildə doğulan qızı Mariyanın vəftiz anası oldu.