Yusupovlar— Rusiya və türk millətləri tarixində tanınmış soylardan biri.
Yusupovlar | |
---|---|
Titul | Boyar |
Əcdadı | Yusup Musa oğlu |
Mənşəyi | Noğay knyazı |
Təbəəliyi | Qazan xanlığı, Rusiya imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
1549-cu ildə çar İvan Qroznı nüfuzuna və sözünə bərk güvəndiyi Pyotr Turgenevi (yazıçı İ. Turgenevin ulu babası) Astarxana noqay şahzadəsi Yusup Musa oğlunun yanına danışığa göndərdi ki, desin çar Kazan üzərinə böyük hücuma hazırlaşır, qoy Yusup Mirzə Kazan xanına kömək etməsin. Yusup elçini ağır sözlərlə təhqir edib geri göndərmişdi.
Noqaylar köçəri türk xalqıdır və Noqay Ordasına — feodal dövlət quruluşuna daxil idi. Qızıl Orda parçalandıqdan sonra Volqadan İrtışadək olan çöllərdə məskun idilər. Rus mədəni və ictimai mühitində məşhur olan varlı və nüfuzlu knyaz Yusupovlar noqay əsillidirlər.
…Sovet hakimiyyətinin ilk çağlarında (1918) Moskva və Peterburqda varlıların evlərində, malikanələrində, sarayların həyətlərində qazıntı aparmağa girişmişdilər. Tapılan dəfinələr dərhal xaricə satılmağa göndərilir, aclıq çəkən Rusiyaya ərzaq alınırdı. Çünki, qaçanlar özlərindən başqa bir şey aparmaq iqtidarında deyildilər. Təkcə Yusupovun sarayı qazılanda 200 kqdan artıq daş-qaş əldə etdilər. Qızılı aparmağa isə yük maşını lazım oldu. Bunların bəziləri çar sarayındakı qiymətli əşyalarla bir sifariş verilmişdi (Məsələn, çar ailəsinin pasxa yumurtaları və s. kimi) Yusupovların yaşadıqları hər yerdə – saraylar dəbdəbəsi hökm sürürdü.
Knyaz Yusupovların Moskva altında Arxangelskdəki sarayı əsil sənət abidəsidir. İndi muzey kimi fəaliyyət göstərən evindən Napoleon Moskvaya doğru irəliləyəndə knyaz qiymətli kolleksiyasını, daha doğrusu, qürurunu Həştərxana (köhnə payaxta, dədə-baba yurduna!) daşıtdırır.
Volqa və İrtış arasında böyük ərazilərdə yerləşən noqay ordasına sultan Termes hakimlik edirdi. Sultan Termes Baba Tüklesin üçüncü oğlu idi. Bu şərəfli ailənin kökü islamın ilk illərinə gedib dayanırdı. Belə ki, Məhəmməd peyğəmbər Əleyhis-səlamın qayınatası Əbubəkrin Baba Tüklesin 16-cı arxa dönəmi olduğu söylənilməkdədir.
Sultan Termesin oğlu Yedigey tarixin parlaq şəxsiyyətlərindəndir. O, Əmir Teymurun sərkərdəsi idi.
1339-cu ildə də məşhur Vorskla çayı üzərində Yedigey Litva knyazı Vitovtı məğlub etdi. Yedigeyin Rusa (dövlət və xalq mənasında) təsəvvürə gəlməz xidməti bunlardır. Sonra Yedigey Kırımın hakimi olmuşdur. Bu zamandan güclü Kırım (ordası) çiçəklənməyə başlayır. Yedigeyin nəvəsi Musa Mirzə idi.
Onun böyük oğlu Yusup gələcəkdə knyaz Yusupovlar nəslinin əsasını qoyacaqdı. Yusup mirzənin 4 qızı var idi, onlar 4 padşaha ərə getmişdi – Kazan, Kırım, Həştərxan və Sibir xanlarına, Sibir xanı cəsarətli və şücaətli Kuçum xanın da Xan Bikəsi Yusupun qızı idi. Kazanın sultanı, sonuncu hakimi Suyum Bikə 1520-ci ildə doğulmuşdu. 12 yaşı olanda Kazan xan Yenalaya ərə verilir, Yenalay döyüşdə öldürüldükdə Kazandan uzaqlaşdırılmış Səfa Gərayı taxt-taca dəvət edirlər, Suyum Bikə onunla evlənir. Onların yeganə oğlu Ötemiş Gəray bu nigahdan doğulur. Ġvan Qroznının Kazana hücumları güclənir, Səfa Gəray döyüşlərdə həlak olur. Ötəmiş Gəray xan seçilsə də, Suyum Bikə azyaşlı oğlunun yerinə hakimlik etməlidir. İndi Kazanın müdafiəsinə Xan Bikə özü başçılıq edir. O, müdafiəni elə aparır ki, moskvalılar şəhərin hücumla alınmasını qeyri-mümkün sanırlar. Sərkərdə knyaz Kurbski qala divarları altından lağım atmağı təklif edir. Bu fikir təqdir olunur. Qoşun yıxılan divarların üstündən şəhərə daxil olur. Deyirlər, Suyum Bikə özü hərbi libasda şəxsən döyüşlərdə iştirak edirmiş.
Rus knyazları nəsli olan Yusupovlar sülaləsinin banisi şahzadə Yusupun doğum tarixi bəlli olmasa da 1554-cü ildə öldüyü məlumdur. Yusupun hər iki oğlunu İbray (İbrahim) mirzəni və İl mirzəni əmiləri İsmayıl (atalarının qatili) 1565-ci ildə Moskvaya göndərdi. Onlar İvan Qroznı sarayına yaxınlaşsalar da din inanclarına müxalif heç bir addım atmadılar. Bu tarixdən başlayaraq bu nəsil ta Romanovlar xanədanının süqutuna qədər Rusiyada iri hərbi və diplomatik xidmətlərdə bulunaraq saray əyanları mövqeyinə sahib olmuşdular.
Yusupovlar nazirlik və kollegiyalara rəhbərlik etmiş, Senat və Dövlət Duması üzvləri seçilmişlər. İl mirzə şahzadə Fyodr İvanoviçin (çar İvan Qroznının oğlu) əmri ilə Volqa boyunda Romanov (Romanov – Borisqlebsk) və Tutayev şəhərlərini və qəzasını (Yaroslav vilayəti) onlara udel torpaqları olaraq (tam ixtiyarlı) verilib adlarına bağlanan mülkiyyətə sahib oldu. Romanov – Borisqlebsk adı ilə tanınan bu şəhər sonradan tikilmiş kilsələrlə dolu olsa da məscidlərin xarabalıqları indi də durmaqdadır.
Mənbələrdən göründüyü kimi, Yusupun oğlanları rus dövlətinin idarəsində iştirak edirlər; 1580-ci ildə İl Mirzə Yusupov Boris Qodunovla bərabər Moskva dövləti ordusunu idarə edirdi. Ailə hələ də öz dinlərinə sədaqətlə qalmaqda idi. İl Mirzənin oğlu Söyüş mirzə də (Sevinc mirzə) (…?-1656) dinindən əl çəkmədi, Yusupovlardan birinci olaraq Söyüş mirzənin oğlu Əbdül mirzə 1670-ci ildə xristianlığı qəbul edib, Dmitri adını götürdü. Bunun özünün həm ağlamalı, həm də gülməli tarixi vardır. Belə ki, Yusup mirzənin nəticəsi Əbdül Söyüş mirzə oğlu çar Fyodr Alekseyeviçin (çar 1 Pyotrun böyük qardaşı) vaxtında pəhriz günlərində qaz ətini yemiş, bu günlərdə qonağı olan patriarxı da yedirtmişdi. Bu ləzzətli qaz ətini balıq bilib yeyən ruhani ata həqiqəti bilib pərt olmuş, onların provaslavlığa sataşdıqlarını, nəhayət, bu dövlət adamlarının indiyədək niyə müsəlmançılıqda qaldığından qısqanaraq bunu çarın nəzərinə çatdırır. Hiddətlənən çar onların provaslavlığa hörmət etmədiklərini görüb var-dövlətini müsadirə etdirir. Üç gün, üç gecə Əbdül mirzə fikirləşir. Nəhayət, mal-mülk imandan şirin çıxır: o xaçlanmağı qərara alır. Lakin ulu babası Yusup mirzənin şərəfli adını heç nəylə əvəz etmək istəmir, özünə soyadı saxlayır. İndi artıq o belə adlanır: Dmitri Seyuşoviç Yusupov – Knyajevo (Lakin onun oğlu Qriqori Dmitriyeviç I Pyotrun yanında xidmət edərkən Pyotr onun familiyasının sadəcə Yusupov yazılmağına əmr verir).
Knyaz xaçlanma ərəfəsində yuxu görür: "sən ulularının dini inancına xəyanət etdin, etiqadını dəyişdin, sənin nəslin görsə-görsə bir oğul görəcək… Nəhayət, nəslin qız övladınla kəsiləcək". Bu röya ömrü boyu onun yadından çıxmadı. Ailədə bu qarğış nəsilbənəsil ötürülürdü.
Dmitri Seyuşoviç Yusupov özü kimi türk əsilli knyajna Tatyana Korkodinovaya evlənir. Moskvanm qubernatoru şöhrətli knyaz Yusupov Boris Qriqoryeviç onun nəvəsidir. Onun oğlu Nikolay Borisoviç Yusupov (1750–1831) Rusiyanın ən varlı əyanı idi. Rusiyada elə bir əyalət yox idi ki, orada onun mülkü olmasın. Puşkin onların paytaxtdakı və Moskva altındakı sarayında dəfələrlə olmuşdur. Onun Şərqsayağı saldırdığı qızılgül bağçası şairi necə riqqətə gətirmişdisə də bağçanı o sonra "Ruslan və Lüdmila" poemasının proloqunda vəsf etmişdir.