Əhmədzadə Zülfüqar Rüfət oğlu (22 iyun 1958, Bakı – 9 noyabr 2024[1], London[1]) — Azərbaycan jurnalisti, ssenarist. Şirbalanın məhəbbəti filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi Qızıl qələm mükafatlı azərbaycanlı jurnalist, yazıçı. Uzun illər BBC Azərbaycanca xidmətində fəaliyyət göstərib.
Zülfüqar Rüfətoğlu | |
---|---|
Zülfüqar Rüfət oğlu Əhmədzadə | |
Doğum tarixi | 22 iyun 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2024[1] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Atası | Rüfət Əhmədzadə |
İxtisası | tərcümə-jurnalistika |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, ssenarist, müxbir |
Fəaliyyət illəri | 1985–2024 |
Mükafatları | Qızıl qələm mükafatı |
Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965–1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib.
Hərbi xidmətdən sonra 1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə isə "Sovet kəndi" qəzetində, 1987-ci ildən isə "Kommunist" qəzetində fəaliyyətə göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1990-cı ildə "Kommunist" qəzetinin ən gənc şöbə müdiri olub. 1990-cı ildə atası Rüfət Əhmədzadənin pyesi əsasında "Şirbalanın məhəbbəti filminin ssenarisini yazıb.
1985–1994-cü illər arasında bir çox mahnı sözləri bəstələyib. Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb.
1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb.
1980–1994-cü illər ərzində isə "Elm və həyat" jurnalında dilçiliklə bağlı yazdığı məqalələr dərc olunub.
1993-cü ildə Reuters agentliyinin kurslarında dəvət olunub və burada təhsil alıb. 1994-cü ilin dekabr ayından isə BBC Azərbaycan xidmətində işləməyə başlayıb.
1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndiyə səfər edən ilk azərbaycanlı jurnalistdir. Bu səfərindən sonra 10 hissədən ibarət "Atəşkəs kölgəsində" radiooçerklər silsiləsi yaranıb.
2000–2001-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. Daha sonra BBC Azərbaycanın əsas müxbirlərindən biri olub. Fəaliyyət göstərdiyi müddətdən burada "Çətin sual", "Sənin səsin" adlı həftəlik proqramları yaradıb. 2011-ci ildə BBC radio yayımından veb-səhifə yayımına keçərkən Zülfüqar Rüfətoğlu ixtisara düşüb[2]. Bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərib. 2014-cü ildə ağır xəstələnərək komaya düşüb.[3]
Z.Rüfətoğlu uşaqlıqdan şeir yazırdı və gənclik illərindən bədii tərcümə ilə də məşğul olurdu, onun "Gecəyarı qapıları döyməyin", "Hər gün Şuşaya gedirəm" və s. şeirləri mətbuatda çap olunub və sevilib. 2019-cu ildə "Mavi gözlü ögey ana" [4]şeir və bədii tərcümə kitabı işıq üzü görüb.
2024-cü il noyabrın 9-da İngiltərənin paytaxtı Londonda vəfat edib.[5][6]
Vəfatından sonra qələm dostlatı onun haqqında xatirə yazıları yazıblar[7][8].
Azərbaycanlı şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim Zülfüqar Əhməd oğlu Əhmədzadə Zülfüqar Rüfətoğlunun babasıdır. 1918-ci ildə "Hümmət" təşkilatının üzvü olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir çox vəzifələrdə işləmişdir. O, 1920–1922-ci illərdə Lerik rayonu Qosmalyon kəndində İcraiyyə Komitəsinin sədri, 1922–1923-cü illərdə Lənkəran qəzasında Torpaq şöbəsinin müdiri, 1923–1925-ci illərdə Lənkəran rayonu Maarif Şöbəsinin müdiri, 1925–1926-cı illərdə Laçın rayonunun, 1926–1928-ci illərdə Zaqatala rayonunun, 1928–1929-cu illərdə Ağdam rayonunun İcraiyyə Komitəsinin sədri seçilmişdir. Zülfüqar Əhmədzadə 1929–1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilmişdir. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılmiş və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilmişdir. 1937-ci ildə SSRİ cinayət məcəlləsinin 64-cü maddəsiylə: "Sovet hökumətinə qarşı silahlı mübarizə aparan təşkilatın üzvü kimi" ittiham olunuraq həbs edilib sürgün edilir. 1942-ci ildə sürgündə dünyasını dəyişib.[9]
Atası Rüfət Əhmədzadə məşhur azərbaycanlı yazıçı və satirik şairdir. SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olan Rüfət Əhmədzadə 11 kitab, 4 musiqili komediya, 3 televiziya tamaşasının müəllifidir. 15 dekabr 1988-ci ildə Bakıda dünyasını dəyişib.[10]
Qardaşı Rəşad Əhmədzadə Azərbaycan Dövlət Kukla Teatrının direktoru 2011-ci ildən isə "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.[11]